Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-785/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2009-cu ildən 2024-cü ilə qədər 15 il ərzində ona dəymiş maddi zərərin əvəzi olan 22411,29 manat və 2009-cu ildən 2024-cü ilə qədər dövlət tərəfindən verilən əkin subsidiyalarının məbləği 1960,20 manat pulun və eyni zamanda 178 manat məhkəmə rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon 2-ci Dövlət Notariat Kontorunda təsdiq edilmiş 24 may 2002-ci il tarixli, 4Ə-133 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Quba rayonu. Alpan kənd sakinləri X13, X5, X14, X28 və X6 JN- 932 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan 27019,97 kv. metr torpaq sahəsini, 17 iyun 2002-ci il tarixli, 4Ə-156 nömrəli alqı-satqı müqaviləsi ilə X22, X7, X23 və X15 JN- 933 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara məxsus olan 21616,0 kv. metr torpaq sahəsini almışdır. Cavabdehin atası X19 notarial qaydasında aldığı torpaq sahələrini 2009-cu ildə məhkəmə qaydasında öz adma sənədləşdirmişdir. X20 yuxarıda adları qeyd olunan şəxslərə qarşı “torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpağın mülkiyyətinə verilməklə adına dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsi” tələbinə dair iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edib. Həmin şəxslər məhkəmə iclasında izahat verərək onlara məxsus torpaq sahəsini X1 etiraf ediblər. Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 saylı qətnaməsi ilə iddiaçı X8 iddiası təmin edilmiş, cavabdehlərin iddianı etiraf etməsi təsdiq olunmuş, o cümlədən X16, X12ma, X17 və X24 JN- 933 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus 2,16 ha torpaq sahəsindən 10400 kv. metr əkin sahəsinin, X9,X3, X10, X21 və X18 JN- 932 KOD 30306018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv.metr əkin sahəsinin X11 14 aprel 2005-ci il tarixli alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi və torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir. Beləliklə məhkəmə 7 il əvvəl mənə satılmış torpaq sahələrinin yenidən X2 barədə müqaviləni təsdiq edib. Həmin məhkəmə qətnaməsindən tərəfindən və digər şəxslər tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(105)-2243/2019 saylı qətnaməsi ilə Quba rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının hüquqi varisi, Cavabdeh tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(105)-2243/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi düzgün olmayaraq Quba rayon Məhkəməsinin qətnaməsini apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə də bütövlükdə ləğv etmişdir. İkinci dəfə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2( 105)-1911 /2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Quba rayon Məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçının hüquqi varisi Cavabdeh tərəfindən yenidən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2( 105)-1911 /2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, işə yenidən baxılarkən əlavə apellyasiya şikayətləri daxil olsa da, bir sıra cavabdeh şikayət verməmişdir,lakin məhkəmə rayon məhkəməsinin qətnaməsini onlara aid hissədə də yoxlamışdır, həmçinin cavabdehlərdən bir neçəsi həmin iş üzrə iddia əriazəsi məhkəməyə verilməmişdən əvvəl vəfat etmişdir ki, bu hal həmin şəxslərə münasibətdə işə mahiyyəti üzrə baxılması üçün deyil, iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Beləliklə üçüncü dəfə apellyasiya şikayətinə baxılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə, Quba rayon Məhkəməsinin qətnaməsindən maraqlarına toxunulan şəxs qismində verdiyim apellyasiya şikayəti təmin edilmiş, Quba rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 nömrəli qətnaməsi qismən - X13, X5, X14, X28, X18, X16, X4, X17 və X25 münasibətdə iddia rədd edilmişdir. Sumqayıt apellyaisya Məhkəməsinin sonuncu qətnaməsindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli, 3 iyun 2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş mülki işin aidiyyəti üzrə göndərilməsinə dair yazılı vəsatətin təmin edilməməsi qərara alınmışdır. AR Ali Məhkəməsinin 2(102)-2702/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli iş üzrə 3 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin və məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə tərkibi işin mahiyətinə qiymət vermədən qeyd edir ki, mövcud mübahisə iddiaçı ilə cavabdehin mərhum atası arasında yaranmışdır. Cavabdehin mərhum atasının isə müvafiq eyniləşdirmə nişanına malik olması baxılan iş üzrə müəyyən edilməmiş qalmışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi müəyyən etməmişdir ki, iddiaçının tələbini yönəldiyi şəxs özlüyündə onun tələbinə cavab verməli olan şəxsdir və ya o, vəfat etmiş atasının hüquqi varisi kimi cavabdeh qismində cəlb olunmuşdur. Bu hallar müəyyən edilməmiş qaldığından yaranmış halda işin aidiyyətinin dəqiq müəyyən etmək mümkünsüzdür. Eyni zamanda iddiaçı göstərir ki, torpaq sahəsi kənd təsərrüfat təyinatlı olmaqla cavabdeh tərəf ona məxsus torpaqda taxıl əkməklə oradan gəlir əldə etmişdir. Kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün həm mübahisənin subyekt tərkibi, predmeti, həm də xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Bu zaman mübahisənin hər iki tərəfinin sahibkarlıq fəaliyyəti subyekti olması və mübahisənin predmetini təşkil edən tələbin onların birlikdə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur. Məhkəmə tərkibi qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yaranmış mübahisənin fiziki şəxs olan iddiaçının, o cümlədən cavabdehin həyata keçirdikləri fəaliyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranıb-yaranmamasını yoxlamadan yalnız iddia ərizəsinin məzmununda qeyd olunanları əsas götürərək, digər tərəfin mübahisənin xarakteri ilə bağlı dəlillərini tam araşdırmadan işin ümumi məhkəməyə aid olması barədə gəldiyi qənaət əsaslı sayıla bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı öz izahatında bildirmişdir ki, torpağından məhrum olduğu vaxtdan əvvəl cavabdehin mərhum atası, sonra da onun hüquqi varisi olan oğlu həmin torpaq sahəsində taxıl becərmiş, onu sataraq gəlir əldə etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi vəsatəti müdafiə etmiş, cavabdehin atasının VÖEN-i olmasa da, cavabdehin VÖEN-i olduğunu, iddia tələbinin məhz torpaqdan sahibkarlıq fəaliyyəti sahəsində istifadə nəticəsində əldən çıxmış fayda olduğunu bildirmiş, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materialları ilə birlikdə nəzərdən keçirib mülki işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi qənaətinə gəlir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həm İddiaçı, həm də Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) mövcuddur. Belə ki, münasibətlər cavabdehin atası ilə yaransa da, daha sonra cavabdehin atası vəfat etmiş və cavabdeh həmin torpaq sahəsindən istifadə etmişdir. Hüquq münasibətləri iddiaçı ilə cavabdeh arasında davam etmişdir. Hazırda həm iddiaçının, həm də cavabdehin VÖEN-i olduğu müəyyən edilir. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdir. Beləliklə, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətləri məhkəmə nəzərdən keçirdib müəyyən etmişdir ki, bu münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, tərəflərin arasında digər kommersiya mübahisəsi üzrə iş Bakı Kommersiya məhkəməsinin icraatındadır və işlərə eyni məhkəmədə baxılması mübahisənin daha tez və obyektiv həllinə şərait yaradacaqdır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. 16-cı bəndinə əsasən, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olması, üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-785/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-785/2024
28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver