Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-796/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kömək məqsədi ilə verdiyi nağd borc pul 520 manat və "xxxx" ASC-dən götürdüyü 1900 kreditdən qalan qalıq 200 manat pulun və məhkəməyə dövlət rüsumu kimi ödədiyi 31 manat pulun, cəmi 751 manat məbləğində pulun birdəfəlik olaraq alınıb ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq 1410,25 manat borcun və nəğd olaraq üzərində olan puldan borc verdiyi 520 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəl çalışdığı Xətai rayonunda, yerləşən “Bazar stor’’ marketində iş yoldaşı olan, Cavabdeh kömək məqsədi ilə "xxxx" ASC-dən, öz adına götürdüyü 1900 manat kredit və əlavə olaraq da nağd 520 manat pul verərək ümumilikdə 2420 manat borc pul verdi. Belə ki, Cavabdeh "xxxx" ASC-dən, kredit götürdüyü 1900 manat puldan hissə-hissə ödəyərək 1700 manatı geri qaytarıb. Amma nağd olaraq verdiyi 520 manat pulunu və götürdüyü 1900 manat kreditdən 1700 manat ödəməsinə baxmayaraq qalıq 200 manat və 520 manat, toplam olaraq 720 manat pulunu ödəməkdən qəsdən boyun qaçırdır. Bununla bağlı özünə borcunu geri qaytarılması üçün dəfələrlə mobil telefonuna zəng etsə də, zənglərini açmayıb. Bir ildən artıqdır ki, Cavabdeh pulunu geri ala bilmir. 27 sentyabr 2024-cü ildə Nəsimi Rayon 21-ci Polis şöbəsinə gedib. Və orada şikayət ərizəsi və izahat verib. Nəsimi Rayon 21-ci Polis şöbəsində şikayət ərizəsinə sahə inspektoru polis mayoru Qurbanov Ərəstun baxıb. İşin gedişatına əsasən qərar qəbul edərək mülki məsələ olduğu üçün məhkəməyə müraciət etmələri bildirilib. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlə iş yoldaşı olmuşlar. Cavabdehə kömək məqsədi ilə "xxxx"dan öz adına götürdüyü 1900 manat kredit və əlavə olaraq 520 manat, cəmi 2420 manat pulu 2023-cü ilin sentyabr-oktyabr aylarında vermişdir. Ödənişlərin bir hissəsi onun şəxsiyyət vəsiqəsinin Fin kodu ilə banka edilirdi. Cavabdehin ödədiyi ödənişlər faizə çıxıb. O, özü bankdan 6000 manat kredit götürmüşdü. 4000 manat borcu qalmışdı, sonradan cavabdehə verdiyi pul da borcunun üzərinə gəldi. 1900 manatı kartdan çıxararaq bankın qarşısında vermişdir. Bankdan ayrıldıqdan sonra 520 manat da əlavə vermişdir. Götürdüyü kreditin aylıq ödənişi 188 manat idi. Faiz hesablandığı üçün həmin pulu öz vəsaiti hesabına bağlamışdır. Kartda 2000 manat pul var idi. 520 manatı isə iyul ayında Kapital banka məxsus kartından çıxarmışdı. Əvvəl cavabdehin dediyinə görə 1700 manat ödədiyini düşünürdü. Sonra bank çıxarışına nəzər yetirdikdə cəmi 724 manat ödədiyini görmüşdür. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, onlar iddiaçı ilə iş yoldaşı olmuşlar. O, kassir kimi, iddiaçı isə satıcı kimi işləyirdi. O, müdirin otağında idi, müdirdən “Bank of Baku”dan kredit götürmək üçün məsləhət alırdı. Müdir isə ona stajı az olduğundan bunun mümkün olmadığını bildirmişdir. Həmin vaxt iddiaçı da otaqda idi. İddiaçı otaqdan çıxdıqdan sonra ona yaxınlaşaraq bildirmişdir ki, onda "xxxx" kartı var, həmin kartda 1900 manat pul var, ona kömək məqsədilə hər ay ödəmək şərti ilə həmin pulu verə bilər. 1900 manatı iddiaçıdan alan zaman yanlarında Məhəmməd adlı işçi də var idi. Şəfa xanım 19 ədəd yüz manatı kartdan çıxardı, 5 ədəd 20 manatı isə çantasından çıxararaq ona verdi. O, qarşı tərəfdən cəmi 2000 manat pul almışdır. Həmin pulu alan zaman yəqin ki orada kameralar çəkirdi. Əlavə 500 manat almamışdır və iddianı həmin hissədə qəbul etmir. O, aylıq olaraq ödənişləri etmişdir. O, ilk ödənişi 2023-cü ilin oktyabr ayında etmişdir. İddiaçı ona təkcə bankın qarşısında pul verib. Ondan əlavə ona 500 manat pul verməyib. Faizlər ödəməli deyildi. Bu barədə danışıqları olmamışdı. Daha sonra o, hər ay ödənişin nə qədər olduğunu soruşanda, ona bildirmişdilər ki, aylıq 150 manatdır. O da 150 manat ödəyəndə deyildi ki, ödəniş 188 manatdır. O ödənişləri vaxtlı-vaxtında ödəyirdi. Sadəcə onda noyabr ayında gecikmə olmuşdu. Ona səbəb isə Zəfər bayramı ilə əlaqədar banklarda gecikmələr olması idi. Bir müddət keçdikdən sonra iddiaçı dedi ki, onun pulunun yarısını göndər. 6 ayın pulunu istəmişdir, o da imkanı çatmayacağını demişdir. Ödənişlərlə bağlı qəbzləri var. Sadəcə son iki ayı ödəməmişdir. Ona başqa nömrədən zəng edilərək hədə-qorxu edilirdi. 2000 manatdan cəmi 257 manat borcu qalmışdır. İddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ödəniş qəbzlərindən görünür ki, M*** Ş*** C*** qızı adlı, 416973******5430 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 188 manat, xx.xx.2024-cü il tarixdə 188 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 160 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pul ödənilmişdir; - Ödəniş qəbzlərindən görünür ki, 3154sNARb/23 nömrəli kredit müqaviləsi üzrə xxxxxxx PİN kodlu şəxsin hesabına xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 8 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 53 manat, xx.xx.2023-cü il tarixdə 188 manat pul ödənilmişdir; - xx.xx.2023-xx.xx.2024-cü illər arasındakı dövr üçün hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 1900 manat pul köçürülmüşdür; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində bildirmişdir ki, cavabdeh onun yaxın dostudur, iddiaçı ilə iş yoldaşı olmuşdur. İddiaçı ilə cavabdeh arasında borc məsələsi olub. Cavabdeh iddiaçıdan 2000 manat pul götürmüşdü. O qədər də pul iddiaçıya qaytarılmalı idi və faiz söhbəti olmamışdı. 150 manat civarı cavabdehin borcu qalmışdı. Bir nəfər cavabdehə zəng edərək borcu ödəməsini hədə-qorxu ilə tələb edirdi. Bununla bağlı onlar polis şöbəsinə yazılı formada müraciət etmişlər. Lakin həmin şəxs tapılmayıb. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı iş yoldaşı olmuş cavabdehə özünə məxsus kredit kartından borc pul vermişdir. İddiaçı cəmi 2420 manat pul verdiyini, həmin puldan cavabdehin 724 manat qaytardığını bildirərək qalan pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddaçının ona cəmi 2000 manat pul verdiyini, həmin pulun çox hissəsini qaytardığını, 257 manat borcunun qaldığını bildirərək iddiaya qismən etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə tərəflər arasında borc münasibətlərinin yaranması işin mübahisələndirilməyən halıdır. Tərəflər arasındakı mübahisə, cavabdehə borc olaraq verilən pulun və qalıq borcun məbləği ilə bağlıdır. İddiaçı cavabdehə 1900 və 520 manat omaqla, cəmi 2420 manat borc pul verdiyini iddia edir. Cavabdeh isə ona 1900 və 100 manat olmaqla, cəmi 2000 manat pul verildiyini qəbul edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin qənaətinə görə, cavabdehin 2000 manat borc aldığı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh audio-video yazının aparıldığı məhkəmə iclasında bu faktı təsdiq etdiyindən iddiaçı həmin məbləğin ona verilməsini sübut etmək vəzifəsindən azaddır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. İddiaçı qalan 420 manat pulun verildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qaytarılan məbləğə gəlincə qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında cavabdehin 1700 manat pul qaytardığını bildirsə də, sonradan iddia tələbinin həcmini artırmaqla cavabdehin sözlərinə inanaraq 1700 manat qaytarıldığını qeyd etdiyini, əslində 724 manat qaytardığını, həmin puldan da 234 manatın faizə çıxıldığını, qalan 490 manatın əsas borcdan çıxıldığını bildirmişdir. Cavabdeh isə 2000 manat puldan cəmi 257 manat borcunun qaldığını bildirmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçıya məxsus kart hesabına xx.xx.2024-cü il tarixdə 188 manat; xx.xx.2024-cü il tarixdə 188; xx.xx.2024-cü il tarixdə 150; xx.xx.2024-cü il tarixdə 150 manat; xx.xx.2024-cü il tarixdə 160; xx.xx.2024-cü il tarixdə 200; iddiaçının adına olan kredit ödənişi üzrə (iddiaçıya məxsus fin kod üzrə) 2.10.2023-cü il tarixdə 180; 9.10.2023-cü il tarixdə 8 manat; xx.xx.2023-cü il tarixdə 200 manat; 3.12.2023-cü il tarixdə 53 manat; 9.12.2023-cü il tarixdə 188 manat olmaqla, cəmi 1665 manat ödəniş etmişdir. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, borc müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh isə öz üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini tam şəkildə ona geri qaytarmamışdır. Belə ki, pulun verilməsini sübut etmək yükü iddiaçının üzərinə, pulun qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür. Cavabdehin izahatı ilə yalnız 2000 manat pulun verilməsi təsdiq olunmuş, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar əsasında isə 1665 manat pulun iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 335 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının bankdan götürdüyü kreditə gəlincə qeyd olunmalıdır ki, iddiaçı, həmin kredit üzrə faizlərin cavabdeh tərəfindən ödənilməli olması barədə razılığa gəldiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının izahatından göründüyü kimi, onun özünün də həmin kredit üzrə istifadə etdiyi məbləğlər olmuş, cavabdehə pulu sentyabr-oktyabr ayında vermiş, 2024-cü ilin fevral ayında isə həmin krediti bağlamışdır. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan da görünür ki, kredit xx.xx.2023-cü il tarixdə köçürülmüş, həmin tarixdən də kreditdən istifadə edilmişdir. Göründüyü kimi, kredit üzrə faizlərin cavabdeh tərəfindən ödənilməli olduğu iş materialları ilə sübut olunmur. Həmçinin cavabdeh də bu halı qəbul etməmiş, 2000 manat borc götürdüyünü, həmin pulun da geri qaytarılmasını razılaşdırdıqlarını bildirmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 335 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 335 (üç yüz otuz beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-796/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-796/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver