Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-80/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh real zərər olaraq 30000 ABŞ dolları və əldən çıxmış fayda kimi 90.000 manat məbləğində pulun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 431 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Cəlilabad rayonunda fermer təsərrüfatı formalaşdırmaq barədə razılığa gəlmiş, razılaşmaya əsasən o, təsərrüfatın yaradılması üçün tələb olunan bütün xərcləri çəkir, Cavabdeh sənədləşdirmə və mühasibatlıq işlərini aparır, onun qohumu X7 isə fermer təsərrüfatını idarə edir və təsərrüfatın böyüməsi, gəlir gətirməsi üçün bütün işləri görür. Sənədləşdirmə işlərinin aparılması zamanı torpaq sahəsi Cavabdeh rəhbərlik etdiyi “İlkin-90" kiçik müəssisəsinin adına alınmışdır, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 44 saylı Sərəncamına əsasən "İLKİN-90" kiçik müəssisəsinə rayonun dövlət ehtiyat torpaq fondundan 50 ha otlaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış xx.xx.2003-cü il tarixli 7 saylı icarə müqaviləsində nəzərdə tutulan icarə haqqı iddiaçı tərəfindən ödənilmiş, daha sonra 50 ha otlaq sahəsi ilə yanaşı, 15 ha əkin sahəsi, eləcə də damazlıq üçün 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi və 3200 ABŞ dolları dəyərində 1 ədəd yük maşını fermer təsərrüfatı üçün iddiaçı tərəfindən alınmışdır. Beləliklə ümumilikdə o, fermer təsərrüfatının yaradılması üçün 30000 ABŞ dolları məbləğində pul xərcləmişdir. İddiaçı bütün bu müddət ərzində yalnız bayramlarda və bəzi vaxtlarda fermadan hər dəfə 1 kiçik-buynuzlu heyvan götürmüş, daha sonra 2012-ci ildə fermadan kifayət qədər gəlir götürülməməsini gördükdə təsərrüfat üçün qoyduğu pulun qaytarmasını cavabdehə bildirmiş və mübahisələr olması səbəbindən münasibətləri pozulmuşdur. Cavabdeh onun təsərrüfatın yaradılması üçün qoyduğu 30000 ABŞ dolları məbləğində pulunu qaytarmamaqla ona real zərər vurmuşdur. Həmçinin fermer təsərrüfatını işlətdikləri 14 ilin bir neçə ilini təsərrüfatın böyüməsinə, heyvanların sayının artırılmasına və buna görə də mütənasib artan xərcləri nəzərə alıb, gəlirin xərclərlə mütənasib olmasını düşünmək olar. Lakin, bu fermer təsərrüfatının 14 il ərzində heç bir gəlir gətirməməsini düşünmək qəbul edilməzdir. Həmçinin onlar 2012-ci ildən etibarən 6 il ərzində ordan götürdükləri gəliri razılığa əsasən 3 bərabər hissəyə bölərək ona da verməli olduqları halda onu bu puldan məhrum etməklə ona əldən çıxmış fayda kimi də zərər vurmuşdurlar. İddiaçıya əldən çıxmış fayda kimi vurulan zərəri dəqiq hesablamaq imkanı olmasa da təsərrüfatın tutumunu və şahid kimi orada çoban işləyən şəxslərin məlumatlarını və ümumi bazar qiymətlərini nəzərə alaraq, itirdiyi qazanc 90.000 manat təşkil edir. Belə ki, fermer təsərrüfatı 600 xırdabuynuzlu və 50 iribuynuzlu heyvan tutumuna malikdir. Yəni 2012-ci ildə artıq ferma tam tutumu ilə fəaliyyət göstərir. Məhkəmə iclaslarına dəvət edəcəyi şahidlərin də təsdiqlədiyi kimi hər il minimum 350 quzu və 10 inək (dana) gəlir əldə etmək məqsədi ilə artım kimi satılıb. Bir quzunun minimal bazar dəyərini 130 manata, inəyin isə 700 manata satıldığını nəzərə aldıqda, gəlir 56.000 manat təşkil edir. Həmçinin il ərzində 6000 manat ot biçininə, ümumillikdə 5000 manat isə işçilərə verilmişdir. Bu xərcləri gəlirdən çıxdıqdan ümumilikdə 45.000 manat xalis gəlir əldə olunur. Bu gəlir 3 yerə bölündükdə hər birinə çatacaq illik gəlir 15.000 manat təşkil edir. Xalis gəlirin götürüldüyü kimi 2012-ci ildən etibarən 6 il ərzində hər il ona çatmalı olan 15000 manat ümumilikdə 90.000 manat cavabdeh tərəfindən mənimsənilmişdir. Məhkəmənin əvvəlki iclaslarında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərərək məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Hafiz oğlu iddia ərizəsini əsassız hesab etdiklərini bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 ifadəsində bildirdi ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. Zootexnik işi ilə məşğul olur. Cavabdeh ferma açmaq üçün sərmayəyə görə İddiaçı müraciət etmiş, fermanı İddiaçı, Cavabdeh və X7 birgə şəriklər olaraq işlətmişlər. İddiaçı fermanı açmaq üçün sermaye verdiyini eşirmişdir, lakin onun yanında hansısa pul məbləği verilməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 ifadəsində bildirdi ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. 2019-cu ilin may ayından İddiaçı heyvanlarının çobanı olaraq işləyir. Maaşını İddiaçı almışdır. Cavabdeh görməmişdir. Fermaya nə qədər xərc qoyulduğunu bilmir. Fermaya çoban olaraq işləməyə gələndə fermada 442 baş xırdabuynuzlu qoyun, 5 baş camış, 10 baş inək, və 2 at var idi. Fermanın normal fəaliyyət göstərməsi üçün bütün şərait yaradılmışdı. Fermanın QAZ53 markalı maşını da olmuşdur. İndi isə fermada 200 baş qoyun qalmışdır. İl ərzində heyvanlara təxminən 6000-7000 manat yem xərci çəkilirdi. Məhkəmə iclasına şahid qismində çağırılmış X9 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Qeyd edilən təsərrüfatı 1988-ci ildən 2018-ci ilədək X9 və mərhum əri ailə təsərrüfatı olaraq işlətmişlər. Daha sonra İddiaçı və Cavabdeh X2 şərik oldular. Təsərrüfata qoyulmuş xərc barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cəlilabad Rayon Prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş İddiaçı ünvanlanmış məktubda qeyd olunur ki, araşdırma materialında olan “İlkin-90” müstəqil kiçik müəssisəsinin Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən gorunur kı həmin müəssisə 12 sentyabr 1994-cu ildə qeydiyyata alınmışdır. Araşdırma materialında olan “İlkin-90” müstəqil kiçik müəssisəsinin nizamnaməsinin surətindən görünür ki. həmin müəssisəsinin təsisçiləri Cəlilabad rayonu Qasımbəyli kənd sakinləri Cavabdeh X5. X10 və X13r. “İlkin-90” müstəqil kiçik müəssisəsinin təsisçisi Cavabdeh ilə birlikdə Cəlilabad rayonu Bayxanlı kəndi ərazisində fermer təsərrüfatı qurmaları, lakin İddiaçı çatacaq gəlirlərin sonuncu tərəfindən etibardan sui-istifadə edilərək ələ keçirilməsi ilə bağlı müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı cinayət hadisəsi aşkar edilmədiyindən toplanmış 194C-21 nömrəli material üzrə 30 noyabr 2021-cı il tarixli qərarla Azərbaycan Respublikası CPM-nın 39.1 1-cı maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunur ki, aparılmış araşdırma zamanı "llkin-90 müstəqil kiçik müəssisəsinin təsisçisi Qənbərov X3 Yaqub Murtuz oğlunun birlikdə qurduqları fermer təsərrüfatından gələn gəlirlərin bölünməsi ilə bağlı yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən, toplanmış materialda hər hansı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən araşdırma materialı üzrə cinayət işi başlanması rədd edilməli tərəfləri yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Cavabdeh 194C-21 nömrəli araşdırma materiallarında olan izahatında qeyd etmişdir ki, İddiaçı 1998-ci ildən tanıyır, onunla həm iş yoldaşı həm də dost kimi münasibətləri olmuşdur. Bacısının əri X7 da onunla həmin vaxtlarda birgə işləmişdir. Möhübbət 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Möhübbətin də Yaqubla münasibətləri yaxşı olmuşdur. 2003-cü ildə Möhübbətlə Yaqub birlikdə onun yanına gələrək Cəlilabad rayonu ərazisində torpaq almağı və ferma qurmağı təklif etmişlər, o da onlarla razılaşmışdır. Onların şifahi razılaşmasına görə fermanın alınması ilə bağlı bütün xərclər İddiaçı tərəfindən ödəniləcək, qazanc əldə edildikdən sonra həmin fermaya xərclənmiş pulu İddiaçı götürəcək və qalan hər il olan gəlirlər bərabər qaydada o, Möhübbət və Yaqub arasında bölünəcəkdir. O, da onlara maddi vəziyyəti yaxşı olduğu halda özü də fermaya əlavə xərclər qoyacağını bildirmişdir. Onların şifahi razılaşmasına əsasən 50 hektar torpaq sahəsi alınmış və həmin torpaq sahəsi rəhbəri olduğu “İlkin-90” kiçik müəssisəsinin adına rəsmiləşdirilmiş və 2023-cü ilədək icarə müqaviləsi bağlanılmışdır. Həmin aldıqları torpaq sahəsində əvvəllər ferma olmuş lakin, dağılmış vəziyyətdə olmuşdur. İddiaçı ilkin olaraq 3800 manat pul vəsaiti vermiş və həmin pul fermanın qurulmasına xərclənmişdir. Həmin fermaya 11 baş qoyunu ilk dəfə o, almışdır. Möhübbət öz iribuynuzlu heyvanlarını da oraya aparmışdır. Belə ki, həmin fermanı Möhübbət işlətmişdir. Tam xatırlaya bilməsə də, 2010-cu ildə artıq həmin fermada təxminən 100 baş qoyun, 10 baş iribuynuzlu heyvan olmuşdur. 2010-cu ildən 2015-2016-cı ilədək o, həmin fermaya 30 min manat məbləğində vəsait xərcləmiş və həmin vaxtadək həmin fermadan heç bir qazanc əldə etməmişdir. İddiaçı da həmin fermaya 30 min manat məbləğində vəsait xərcləmişdir. 2016-cı ildə İddiaçı ondan 2000 manat borc pul almış və sonra həmin pulu qaytara bilmədiyi üçün fermada onun vəsaitindən 2000 manat azaltmasını bildirmişdir. Belə ki, həmin vəsaiti azaltdıqdan sonra onun fermaya qoyduğu pul 32000 manat etmiş, Yaqubun isə 28000 manat olmuşdur. 2017-ci ildə Möhübbət, Yaqub və o, fermanın paylarını aralarında bölmək qərarına gəlmişlər, belə ki, razılığa əsasən öz aralarında qiymətləndirmə əsasında ferma heyvanlarla birlikdə 180000 manat dəyərində olmuşdur. Həmin fermadan 60000 manat məbləğində xərci çıxmışlar, fermanı satmaq qərarına gəlmişlər, lakin az məbləğ təklif olunduğu üçün onlar fermanı sata bilməmişlər. O və Möhübbət Yaquba fermanın dəyərinin onlara aid olan hissəsini ödəmək şərti ilə fermanı öz adına keçirtməsini təklif etmişlər. Lakin, İddiaçı fermanı almaq üçün pulu olmadığını bildirmişdir. Razılaşmalarına əsasən onlar fermada olan 580 baş xırdabuynuzlu heyvanı Yaquba vermişlər, həmin 580 baş xırdabuynuzlu heyvan, 37 baş iribuynuzlu heyvan, 2 baş at, 1 ədəd traktor və 1 ədəd yük maşını fermada qalmışdır. Yaqub onlara bildirmişdir ki, 3 ay həmin fermada qalacaq və qoyunları yaz aylarında satdıqdan sonra pulunu götürüb gedəcəkdir. Lakin, həmin vaxtdan bu günədək İddiaçı həmin fermanı idarə etmişdir. Ondan sonra fermada nə baş verməsi barədə məlumatı yoxdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan şəxsin gəlir məlumatlarından görünür ki, Cavabdeh “İlkin-90” kiçik müəssisəsinin direktoru vəzifəsini daşıyır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki, damazlıq üçün 75 baş qoyun, 2 baş inək, 1 baş camış, 4 baş qoç, 6 baş keçi, həmçinin 200 baş xırda buynuzu heyvan və 10 baş iri buynuzlu heyvanın hazırkı bazar dəyəri cəmi 66420 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, 75 baş qoyun, 2 baş inək 1 baş camış, 4 baş qoç, 6 baş keçi olmaqla damazlıq heyvanların fermanın fəaliyyət göstərdiyi 14 il (2004-2018-ci illər) ərzində ümumi artımı xəstəlik, təbii itkilər və heyvanların saxlanılmasında ehtiyacları ödəmək üçün satış halları nəzərə alınmaq qoyuna münasibətdə 160 baş, inəyə münasibətdə 9 baş, camışa münasibətdə 3 baş müəyyən edilmişdir. 14 il ərzində bioloji olaraq və hər il heyvan sayının bir ölüm faizi və artımın müəyyən (65%) hissəsinin gəlir əldə etmək və saxlama xərclərini (yem, dərmanlama, daşıma, ferma xərcləri) təmin etmək məqsədi ilə istehlakını nəzərə alaraq ümumi say artımı üzrə ehtiyacları ödəmək üçün satışlar həyata keçirildikdən sonra qalan gəlirin 97157,94 manat təşkil etdiyi müəyyən edilmişdir. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, İddiaçı, X7 və Cavabdeh ferma təsərrüfatının yaradılması üçün qarşılıqlı razılığa gəlmişlər. Tərəflər bu təsərrüfatın yaradılması üçün xərc çəkmiş, həmçinin İddiaçı da öz növbəsində 30000 pul xərcləmişdir. Yaradılmış təsərrüfat Cavabdeh təsisçisi olduğu “İlkin-90” müstəqil kiçik müəssisəsinin mülkiyyəti kimi qeydə alınmışdır. Tərəflərin izahatlarından aydın olur ki bu təsərrüfatdan heç bir gəlir götürülməmişdir. Bununla belə 2017ci il tarixdə fermanın heyvanlarla birlikdə dəyərinin təxminən 180000 manat ətrafında olmasını cavabdeh öz ifadəsində bildirmişdir. Hazırda İddiaçı məhkəmədən ferma təsərrüfatına çəkdiyi 30000 ABŞ dolları və əldən çıxmış faydaya görə 90000 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının əldən çıxmış faydanı tələb etmək hüququ cavabdeh tərəfindən iddiaçıya qarşı hüquq pozuntusuna yol verilməsi və nəticədə iddiaçıya zərər vurulması halında yaranır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun mənasından aydın olur ki, şəxsin əldən çıxmış faydanı tələb etməsi üçün mühüm amil hüquq pozuntusunun mövcud olmasıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, əldən çıxmış fayda tələbinə münasibət bildirilməsi üçün ilk növbədə cavabdeh tərəfindən hüquq pozuntusuna yol verilib-verilməməsi və hüquqi məsuliyyət məsələləri araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, mülki-hüquqi məsuliyyət hüquq pozuntusuna qarşı reaksiya olaraq yaranır. Mülki hüquqi məsuliyyətin yaranma əsası kimi hüquq pozuntusu çıxış edir. Hüquq pozuntusularını hansı hüquqların və maraqların pozulmasından asılı olaraq hüquqdan sui-istifadə, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, müqavilədənkənar zərərin vurulması, əsassız varlanma və s. növlərə bölmək olar. Mülki hüquq pozuntusu aşağıdakı əlamətlərə malikdir: Hüquq pozuntusu həmişə insanın iradi, şüurlu əməlində - hərəkət və ya hərəkətsizliyində ifadə olunur; hər cür əməl deyil, məhz hüququn göstərişlərinə zidd əməl hüquq pozuntusu hesab oluna bilər; Hüquq pozuntusu hüquqi faktların bir növü kimi hüquq və fəaliyyət qabiliyyətli şəxsin hüququn tələblərinə zidd olan elə davranışıdır ki, bu zaman digər şəxsə zərər vurulur və törədilmiş hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə olur; hüquq pozuntusu təqsirli əməldir. Beləliklə hazırki halda cavabdehin əməlində hüquq pozuntusunun olub-olmamasını müəyyən etmək üçün bu əməldə yuxarıda qeyd edilən mülki hüquq pozuntusunun tərkib əlamətlərinin mövcuduğu araşdırılmalıdır. İş materiallarından aydın olur ki, iddiaçı ferma təsərrüfatının yaradılması üçün çəkdiyi 30000 ABŞ dolları xərcin ona qaytarılmasını tələb etmiş, cavabdeh isə iddiaçı tərəfindən xərcin çəkildiyini bildirmiş, iddiaçının ona olan borcu çıxıldıqdan sonra 28 000 manat pulun iddiaçıya qaytarılmalı olduğunu etiraf etmişdir. Aydındır ki, cavabdeh iddiaçının həmin pul məbləğini ondan tələb etməsini bildiyi halda iradi-şüurlu surətdə hərəkətsizlik göstərmiş, tələb olunan puldan hər hansı məbləği hazırki anadək ona qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə iddiaçını əmlakından məhrum etmiş, ona zərər vurmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş əməl hüquq pozuntusu olaraq - əsassız varlanmadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, əsassız varlanma mülki dövriyyənin istənilən əşyaları ilə əlaqədar yarana bilsə də əsassız varlanma predmetini adətən pul təşkil edir. Əsassız varlanma pul vəsaitlərinin hüquqi əsas olmadan əldə edilməsində və ya saxlanılmasında ifadə olunduqda onlar əsassız varlanan şəxsin əmlakına qarışmaqla onların arasında itir. Bu zaman pul vəsaitləri varlanmış şəxsdən əşya hüquqi və ya öhdəlik hüquqi tələblər vasitəsi ilə deyil, əsassız varlanma qaydalarına uyğun əmlakdan məhrum olanın tələbi ilə ona qaytarılır. Əsassız varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir. Məhkəmə qeyd edir ki əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tərkib elementi olan təqsir bu halda məhz mülkiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Məhkəmə qeyd edir ki hazırda baxılan iş üzrə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Belə ki iddiaçı ferma təsərrüfatının təşkil olunması üçün pul məbləğini yatırım edir və nəticədə müvafiq hüquq və vəzifələri yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ferma təsərrüfatının yaradılması üçün pulun verilməsi cavabdehin izahatları ilə etiraf olunmuş, iddiaçı tərəfi bu halı sübut etmək vəzifəsindən azad etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edildiyi kimi həyata keçirilməmiş əsasla, yəni ferma təsərrüfatından gəlir əldə edilməsi məqsədi ilə iddiaçı tərəfindən xərc çəkilmişdir. Cavabdeh isə iddiaçıya məxsus olduğunu etiraf etdiyi 28000 manat pulu iddiaçıya qaytarmamışdır. Beləliklə, həmin pul məbləği cavabdehə məxsus hüquqi şəxsin mülkiyyəti olan əmlaka qarışaraq itmişdir. Belə olan halda iddiaçıya məxsus 28000 manat pulu qaytarmayan cavabdeh əsassız varlanmış şəxs olur. Bu səbəbdən də cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə real zərərin cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıya real zərərin vurulması sübut olunduğundan məhkəmə hesab edir ki 30000 ABŞ dolları pulun real zərər olaraq cavabdehdən tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən real zərərin əvəzi olaraq 28000 pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin əməlində əsassız varlanma faktı aşkar edildiyindən onun əməli hüquq pozuntusu hesab edilməlidir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin əməlində hüquq pozuntusu olduğu halda hüquqları pozulmuş şəxsin real zərərlə yanaşı əldən çıxmış fayda qismində zərərin əvəzinin də ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən də məhkəmə əldə çıxmış faydanın ödənilməsi hissəsində də iddia tələbini əsaslı hesab edir. Tələb olunan əldən çıxmış fayda məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəf özü də fermanın alınması ilə bağlı bütün xərclərin İddiaçı tərəfindən çəkildiyini, heyvanların da fermaya İddiaçı tərəfindən gətirildiyini təsdiq etmişdir. Məhkəmə İddiaçı ferma üçün alınmış 75 baş qoyun, 2 baş inək 1 baş camış, 4 baş qoç, 6 baş keçi olmaqla damazlıq heyvanların fermanın fəaliyyət göstərdiyi 14 il (2004-2018-ci illər) ərzində ümumi artımı xəstəlik, təbii itkilər və heyvanların saxlanılmasında ehtiyacları ödəmək üçün satış halları nəzərə alınmaqla verəcəyi gəlirin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, əldə edilmiş ekspert rəyinə əsasən bu artım və gəlir qoyuna münasibətdə 160 baş, inəyə münasibətdə 9 baş, camışa münasibətdə 3 baş müəyyən edilmişdir. 14 il ərzində bioloji olaraq və hər il heyvan sayının bir ölüm faizi və artımın müəyyən (65%) hissəsinin gəlir əldə etmək və saxlama xərclərini (yem, dərmanlama, daşıma, ferma xərcləri) təmin etmək məqsədi ilə istehlakını nəzərə alaraq ümumi say artımı üzrə ehtiyacları ödəmək üçün satışlar həyata keçirildikdən sonra qalan gəlirin 97157,94 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən əldən çıxmış fayda olaraq 90000 manat pulun cavabdehdən tutulmasını xahiş etdiyindən məhkəmə əldən çıxmış fayda olaraq tutulacaq 90000 manat pulun cavabdehdən tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 431 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin aparılmış ekspertizanın dəyəri olaraq 500 manat pul Cavabdeh "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh real zərərə görə 28000 (iyirmi səkkiz min) manat, əldə çıxmış faydaya görə 90000 (doxsan min) manat məbləğində pul, həmçinin 431 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertizanın dəyəri olaraq 500 manat pul Cavabdeh "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-80/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-80/2023
01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver