Məhkəmə qərarları › İş №2(005)-80/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-80/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-80/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbi dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan «VOLVO S 90» markalı, Az **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədi ilə tələb olunan 8.958,82 manat, keçmiş müddət ərzində avtomobilin ödənilməmiş 4 aylıq icarə haqqına görə 6.976,76 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 200 manat və dövlət rüsumu olaraq ödədiyi 140 manat ümumilikdə isə toplam olaraq 16.275,58 (on altı min iki yüz yetmiş beş manat əlli səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində mülkiyyətçisi olduğu avtomobili ünvan 1 ünvanında olan «AZİNKO» yaşayış kompleksinin həyətində X5 etibarnamə əsasında idarə edərkən qarşıdan gələn “Haval- H9” markalı **-KY-*** nömrəli vuraraq zədələməklə maddi ziyan vurmuşdur. Hadisə yerinə X9 şöbəsinin əməkdaşı dəvət olunmuş və hadisə araşdırılarkən qəzanın baş verməsinə səbəbin “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobilin sürücünün idarəetmənin itirməsi məlum olmuşdur. Həmçinin məlum olmuşdur ki, “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobil Cavabdeh məxsus olmaqla hadisə baş verən zaman yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci ildə anadan olmuş, sürücülük hüququ və adına etibarnamə olmayan oğlu X4 tərəfindən idarə edilmişdir. Eyni zamanda hadisə ilə əlaqədar tərəflərin izahatları alınan zamanı Cavabdeh bildirmişdir ki, evə gələrkən “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobilini binanın həyətində saxlamış, lakin bir qədər sonra məlum olmuşdur ki, avtomobili digər avtomobillərin hərəkətinə manne olur, bu səbəbdən də yetkinlik yaşına çatmayan oğluna bildirmişdir ki, gedib yerini dəyişsin. Göründüyü kimi “Haval-H9” markalı **-KY-*** nömrəli avtomobilin mülkiyyətçisi Cavabdeh avtomobilini idarə etmək üçün sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan şəxsə vermiş, bu səbəbdən qəza baş vermişdir. Bu hal DYPŞ-nin əməkdaşı tərfindən Cavabdeh əməllərində İXM-nin 335.3-cü maddəsinin tərkibi olduğundan 180 manat cərimə edilməsi halı ilə öz təsdiqini tapır. Eyni zamanda qəzanı törətmiş X4 yetkinlik yaşına çatmayan şəxs olduğundan mülki iş üzrə cavabdeh qismində onun qanuni nümayəndəsi tanınır. Belə olan halda həmçinin qəzaın baş verməsinin digər səbəbkarı kimi də hazırki iş üzrə cavabdeh qismində Cavabdeh tanınmalıdır. Baş vermiş hadisə zamanı ona məxsus “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 13958,82 manat zərər dəymişdir. X10 MMC-nin «Volvo Servis» tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı də təsdiq edir. zərərin 5000 manat hissəsi icbari sığorta şirkəti tərəfindən ödənilmiş, qalın 8958,82 manat hissəsinin ödənilməsi cavabdeh tərəfindən dəfələrlə tələb olunsa da bir nəticə olmamışdır. Həmçinin “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2022-ci il tarixli 12 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi əsasında "xxxx" MMC-nə hər ayı 1.744,19 manat olmaqla 2 il müddətinə icarəyə vermişdir. Qəza baş verəndən sonra cavabdeh tərəfindən ödəniş vaxtında həyata keçirilmədiyindən avtomobil təmir edilmədi və ona ödənilən icarə haqqı dayandırıldı. Artıq 4 aydın bir müddədir ki, avtomobilə görə icarə haqqı ödənilmiş, yəni ona 6.976,76 manatdan artıq zərər də icarə haqqına görə vurulub Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1097.1, 1115-ci maddələrinə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdehin etiraz ərizəsi və onun dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə iddia ərizəsinə etirazını təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tələbə daxil olan ziyan hissəsindən biri kimi iddiaçı avtomaşını "Azəriş” LTD” MMC-yə icarəyə verməsini, hər ay icarə haqqı olaraq 1744.19 manat icarə haqqı olmaqla 4 aylıq təmir müddətində ona əldən çıxmış fayda qismində 6976.76 manat ziyan dəydiyini göstərmişdir. Bildirmək istəyir ki, iddia həmin hissədə tamamilə əsassızdır. Belə ki, açıq internet mənbələrindən əldə edilmiş məlumatlara əsasən pivə importu və satışı ilə məşğul olan həmin cəmiyyət iddiaçının özü tərəfindən təsis edilmişdir. İddiaçı “Yaban” adlı restoran - pivə satış şəbəkəsinin rəhbəridir və həmin şəbəkə "xxxx" MMC adından idarə olunur. Bu barədə "xxxx" MMCnin rəhbəri olaraq özünü təqdim etməsi barədə açıq internet şəbəkəsindən yüklənmiş video-disk vəsatətə əlavə eilir. AR MM-in 68.1-ci madəsinə əsasən təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur. AR Vergi Məcəlləsinin 14.3.2. maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə əqd nəzərə alınmayaraq müqaviləyə bazar qiymətləri tətbiq edilir. Həmin məcəllənin 18-ci maddəsində deyilir: 18.1. Vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Bundan başqa əgər iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə “Volvo S90” markalı **-GY- *** dövlət qeydiyyat nişanlı avtomaşının icarəyə verilməsi barədə müqavilə bağlanmışdırsa, həmin avtomaşının idarə olunması üçün xx.xx.2023-cü il tarixli etibarnaməni X3 iddiaçı deyil, hüquqi şəxs qismində "xxxx" MMC verməli idi. X5 isə azı xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin rəsmi əmək müqaviləsi ilə işçisi olmalıdır. Hesab edir ki, qeyd olunan icarə müqaviləsi formal olaraq bağlansa da heç bir hüquqi nəticə doğurmamaqla iddiaçının iddia tələblərini süni artırmaqla əsassız varlanma istəklərinə xidmət edən uydurma əqddir. AR MM-in 340.1. maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Hesab edir ki, "xxxx" MMC asılı olduğu iddiaçı tərəfindən formal olaraq sözügedən uydurma əqdi imzalamağa məcbur edilmişdir. AR MM-in 49-cu maddəsində sadalanan demək olar bütün parametrlərə əsasən "xxxx" MMC iddiaçıdan asılı şəxsdir. Bundan başqa iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşının icarəyə verilməsi barədə müqavilənin 4-cü bəndinə əsasən icarəyə verən öz hesabına avtomaşının icbari və könüllü CASCO sığortasını təqdim etməlidir. İddianın əsaslandırılması baxımından mühüm əhəmiyyət daşımasına baxmayaraq İddiaçı tərəf həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Sözügedən müqavilənin 4-cü bəndinə əsasən “İcarəçi” adlanan "xxxx" MMC icarə müddətində avtomobili təbii aşınma səviyyəsi nəzərə alınmaqla, icarərə verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu səbəbdən həmin avtomobilin icarədə olduğu müddətdə avtomobilə 3-cü şəxslər tərəfindən dəyən ziyanın aradan qaldırılması üçün bütün öhdəliklərini yerinə yetirməli, sığorta şirkətlərini həmin ziyanın aradan qaldırılmasına cəlb etməli, ziyanı öz vəsaiti hesabına aradan qaldırıbsa, təqsirkar şəxlərə qarşı iddianı özü irəli sürməlidir. İddianın digər hissəsinə, "xxxx" MMC-yə avtomobilin təmiri üçün 13958,82 manat qüsur aktı təqdim etməsi barədə aşağıdakıları göstərməyi zəruri hesab edir: Əvvəla həmin qüsur aktı üzrə gösərilən məbləğin iddiaçı tərəfindən tam şəkildə ödənilməsini təsdiq edən qəbzlər iddiaya əlavə edilməmişdir. Qüsur aktı tərtib oluna bilər, lakin həmin akt üzrə göstərilən məbləğin ödənişini təsdiq edən sənəd təqdim edilmədən iddia həmin hissədə etibarsız hesab edilməlidir. Bununla yanaşı, həmçinin qeyd etməyi zəruri hesab edir ki, yüngül xəsarətlə nəticələnən qəza nəticəsində dəymiş zərərin aradan qaldırılması daha yüngül xərclə (kapotu, ön sağ sapfa, stupitsa, üst çaşka, amortizator və altlığı, alt çaşka, qranat, rulevoy nakoneçnik dəyişilməsi həyata keçirilmədən) mümkündürsə, iddiaçı öz istəyi ilə avtomaşının mexaniki hərəkət hissələrini dəyişdirirsə, buna heç bir halda müvəkkili cavabdeh ola bilməz. Vəsatətə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, dayanacaqda müvəkkilimn məxsus avtomaşını ən aşağı surətdə arxaya verərkən iddiaçının avtomaşınının yalnız sol qanadının və kapot küncünün əzilməsi baş vermişdir. Belə qəza nəticəsində heç bir halda avtomaşının mexaniki hərəkət hissələri – ön sağ sapfa, stupitsa, üst çaşka, amortizator və altlığı, alt çaşka, qranat, rulevoy nakoneçnik kimi hissələri xəsarət ala bilməzdi. Göstərilən səbəbdən həmin avtomaşının qəzanın mexanizminin müəyyən olunması, qəza nəticəsində hansı hissələrin ziyan çəkməsinin və qiymətinin müəyyən edilməsi məqsədilə kompleks məhkəmə avto-texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi zəruridir. Deliktlə əlaqədar formalaşmış məhkəmə təcrübəsinə və AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən bu hallarda aşağıdakılar sübut olunmalıdır: Zərərin mövcud olması; Təqsirli hərəkət; Zərərlə təqsirli hərəkət arasında səbəbli əlaqə. İddiaçının ərizəsinə əsasən vurulmuş ziyanla əlaqədar “Volvo S90” markalı 10-GY007 dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortaçısından 5000.00 manat (maksimal həcmdə) sığorta pulu almışdır. Həmin prosedur daxilində sığorta şirkəti öz qüsur aktını tərtib etmiş və onu iddiaçı ilə razıılaşdırmışdır. Hazırkı iddiası üzrə həmin qüsur aktında əhatə olunmayan hansı ehtiyat hissələri üzrə tələb irəli sürüldüyü aydın deyildir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 dəymiş ziyanın məbləğinin daha az olması əsası ilə iddianı qəbul etməsini bildirmiş və əlavə olaraq göstərmişdir ki, hadisə yaşayış binasının həyətindəki avtomobil dayanacağında baş vermiş, təqsirkar şəxsin idarə etdiyi “Haval-H9” markalı **-KY-*** nömrəli avtomaşın arxaya verilərkən arxa sol hissəsi “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanadına toxunmuşdur. DYP əməkdaşları tərəfindən tərtib olunmuş sxemə əsasən “Haval-H9” markalı **-KY-*** nömrəli avtomaşın avtomobil dayanacağında arxaya hərəkət zamanı elə böyük sürət yığa bilməzdi ki, digər maşının hərəkət hissələrinə zərər yetirilsin. Hadisənin sığorta əməkdaşları tərəfindən çəkilən fotoşəkillərinə və cavabdeh tərəfindən çəkilmiş videogörüntülərinə əsasən avtomaşının hətta ön buferi və işıq faraları belə zədə almamıış, kapotu 5 santimetr diametrdə deformasiyaya uğramışdır. Bundan başqa iddiaçının təqdim etdiyi 4 gün sonra tərtib edilmiş qüsur aktında aşkar edilən qüsurların məhz yol nəqliyyat hadisəsi zamanı yaranması qeyd edilməmiş, ümumiyyətlə avtomaşının saz vəziyyətə gətirilməsi üçün bütün görüləsi işlər qeyd edilmişdir. İddiaçı tərəfindən avtomaşının harada təmir olunması barədə məlumatlar və təmirə çəkilən xərclər barədə qəbzlər təqdim edilməmişdir Aral Auto MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktı heç bir halda iddianı təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, qüsur aktında avtomaşının sağ ön qanadının yenisinin qiyməti qeyd edilmişdir. hadisə baş verən zaman sığorta əməkdaşlarının çəkdiyi şəklə detallı baxsaq həmin qanadın əvvəllər təmir edilməsi, rəngin altında astar şpatlevka işləri aparılması açıq gözlə görünür. Başqa sözlə həmin qanad əvvəllər zədə almayan yeni detal olmamışdır. İş materiallarında real və təkzibedilməz olan hallar avtomobilin qəza anında olan sığorta əməkdaşları və cavabdeh tərəfindən çəkilmiş foto və video görüntüləridir. Qiymətləndirici isə bunlara əsasən zərəri müəyyən etməlidir. Avtomobilin mexaniki hərəkət hissələrinin həmin toxunma nəticəsində guya zədə alması barədə absurd iddiaları iddiaçı tərəfindən sübut oluna bilmir. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi icarə müqaviləsinin əslində mövcud olmadığı əsası ilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki işin materialları: - xx.xx.2022-ci il tarixli 12 №li «Nəqliyyat vasitəsinin icarə müqaviləsi»ndən görünür ki, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı tərəfindən "xxxx" LTD MMC-yə aylıq icarə haqqı 1744,19 AZN olmaqla 2 il müddətinə icarəyə verilir. - Nərimanov rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixdə tərtib etdiyi İXP ******* saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Nərimanov rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli «Yol hərəkət qaydaları, Yol Hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalaoına əleyhin olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermək haqqında TP ******* saylı Qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Nərimanov rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixdə tərtib etdiyi İXP ******* saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Nərimanov rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli «Yol hərəkət qaydaları, Yol Hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalaoına əleyhin olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermək haqqında TP ******* saylı Qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cğ il tarixli qüsur aktından görünür ki “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinə dəymiş zərər üzrə cəmi ödənilməli olan məbləğ 13958,82 manat təşkil edir. - "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vaiətsinin qüsuarları nəzərə alınaraq bərpa-təmiri üçün lazım olan ehtiyat hissələri və işçilik xərcinin ümumi dəyəri 3220 manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" LTD MMC-i tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən İddiaçı Məhəmməd oğlundan ödəmə mənbəyindən tutulan vergiləri özündə əks etdirən bəyənnamələri təqdim edilrək bildirirlir ki, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşını üzrə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi vergi orqanında mövcud deyil və vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamə formasında göstərilən vergilərin yuxarıda qeyd edilən müqavilə və avtomaşın icarəsi üzrə ödənilməsi öz əksini tapmır. - AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, (nəticə hissəsi) İ sual üzrə nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur akıtndakı məlümatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volvo S90” markalı **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12615 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 11435,00 manat, təmir bərpa işlərinin qiyməti 1180 manat. İİ sual üzrə nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur akıtndakı məlümatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1320 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 500 manat, təmir bərpa işlərinin qiyməti 820 manat. Qüsur aktında göstərilən ötürücü mexanizmlərin (xodovoyun) diaqnostikası və usta işləri üzrə kifayət qədər məlumat olmadığından həmin təmir-bərpa işləri üzrə qiymətləndirməsi aparılmadı. İİİ və İV suallar üzrə: “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra təmir olunduğu na görə məşkəmə yol nəqliyyat hadisələri ekspertizası aparılmır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi zərər yuvarlaq hesabla 14706 manat müəyyən edilmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən ediən hallar Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh təqsiri (“Haval-H9” markalı **-KY-*** nömrəli avtomaşını park etmək üçün sürücülük vəsiqəsi olmayan azyaşlı oğluna etibar etməsi və bu zaman avtomaşın arxaya verilərkən iddiaçının maşınına dəyib onu əzməsi) ucbatından xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində baş vermiş inzibati xəta nəticəsində 16275.58 manat zərərin ödənilməsini tələb etmişdir. İşin qeyd edilən, yəni, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan vurulması hissəsi mübahisəsizdir. Hazırda iddiaçı avtomobilinə dəymiş zərərin aradan qaldırılması məqsədi ilə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən 8.958,82 manat (sığorta ödənişi ilə nəzərə alınmış məbləğ) və keçmiş müddət ərzində avtomobilin ödənilməmiş 4 aylıq icarə haqqına görə 6.976,76 manatın cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəf ehtiyatsızlıqla əhatə olunan təqsirli hərəkət olmasını qəbul edir və real olaraq vurulmuş ziyanı ödəməyə hazır olmalarını, lakin bunun üçün dəymiş zərərin düzgün müəyyən olunmalı olmasını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: - törədilmiş əməlin hüquqa zidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəi və ya hərəkətsizliyi anlaşılır. - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. - hüquqpozan şəxsin təqsirinin olması. Beləliklə, yalnız yuxarıda göstrərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalrını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır. İşin materiallarından görünür ki, yol qəza hadisəsindən 4 gün sonra "xxxx" MMC-i tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktı tərtib edilmiş və bu aktda avtomobilə 13958,82 manat zərər dəyməsi qeyd edilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinin qüsurları nəzərə alınaraq bərpa-təmiri üçün laxım olan ehtiyat hissələri və işçilik xərcinin ümumi dəyəri 3220 manat təşkil edir. Cavabdeh tərəf qeyd edilən qüsur aktf ilə razılaşmadığından və dəymiş zərərin idida olunan məbləğdən daha az olmasına dair müvafiq rəy təqdim etdiyidən məhkəmə tərəfindən yaranmış ziddiyəti aradan qaldırılması məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir. Belə ki, məhkəmə tərəfindən 06 mart 2024-cü il tarixli qərardadla “Volvo S 90” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin və onu aradan qaldırmaq üçün çəkiləcək xərcin həcmini iş materiallarında olan sənədlərlə müəyyən etmək üçün məhkəmə-avtotexniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsinin baş verdiyi tarixə detallar nəzərə alınmaqla “Volvo S 90” markalf, **-GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin təqribi məbləği nə qədər təşkil etməsi, "xxxx" MMCnin xx.xx.2023-xx.xx.2023 ci il tarixli qiymətləndirmə rəyi və "xxxx" MMC-nin xx.xx.2023cğ il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və onların dəyişdirilməsi üçün xidmət haqlarının həmin tarixdə mövcud olmuş bazar qiymətlərinə uyğunluğu, əgər uyğun deyilsə, qeyd olunan tarixdə mövcud olmuş bazar qiymətləri əsasında qiymətlər və xidmət haqlarının müəyyən edilməsi, törədilən qəza nəticəsində “Volvo S 90” markalı, **-GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin "xxxx" MMC-nin xx.xx.2023xx.xx.2023 cü il tarixli qiymətləndirmə rəyi və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin zədələnə bilməsi, “Volvo S 90” markalı, **- GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin "xxxx" MMC-nin xx.xx.2023xx.xx.2023 cü il tarixli qiymətləndirmə rəyi və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin həqiqətən dəyişdirilməsi kimi suallar qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən dəysmiş ziyan ümumilikdə təxminən 12615 manat, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən təxminən 1320 manat təşkil etmişdir. Məhkəmə hazırlıq iclasında dindirilmiş ekspert Fərəhnaz Hüseynova-Kamalzadə ekspert rəyini müdafiə etdi və qüsur aktlarının arasında fərq olduğundan hər bir qüsur aktı üzrə ayrı-ayrı sullara cavab verildiyini bildirdi, ikinci qüsur aktında ehtiyyat hissələrinin işlənmiş hissələrə uyğun birinci qüsur aktında isə satış qiymətlərin uyğun qeyd edildiyini bildirdi. Qüsur aktları üzrə rəy verildiyini, qüsur aktlarında qeyd edilən ayrı-ayrı detalların qiymətinin real bazar qiymətlərinə uyğun olub-olmadığının yoxlandığnı, avtomobilə baxış keçirilmədiyini, həmin məsələnin onun səlahiyyətlərindən kənar olduğunu vurğuladı. Avtomobil baxış üçün təqdim edilmədiyindən və İddiaçı iddiasının əsası kimi istinad etdiyi **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurulması nəticəsində ona ziyan vurulmasına dair dəlillərinin və ziyanın vurulduğu halda vurulmuş zərərin həcminin müəyyən edilməsinin zərurəti yarandığından məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə avtomobil ekspertiza tədqiqatına təqdim edilməklə mülki iş üzrə məhkəməavtotexniki - əmtəəşünaslıq ekspertizası təyin edərək «VOLVO S 90» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 02 iyun 2023-cü il tarixdə qəzaya uğraması səbəbindən hansı ehtiyat hissələri zədələnməsi və zədələnmiş ehtiyat hissələrinin ayrıayrılıqda qiymətləri nə qədər olması, 02 iyun 2023-cü il tarixdə qəzaya uğraması səbəbindən avtomobilə ümumilikdə dəymiş ziyan nə qədər olması, avtomobilin 02 iyun 2023-cü il tarixdə qəzaya uğraması səbəbindən daha sonra tam təmir olunması, təmir olunmuşdursa, buna baxmayaraq onun bazar dəyərinin nə dərəcədə (hansı məbləğdə ucuzlaşması) dəyişməsinə səbəb olması kimi suallar qoyulmuşdur və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli hesabatında “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi zərər yuvarlaq hesabla 14706 manat müəyyən edilmişdir. Hesabatdan görünür ki, qiymətləndirilməsi tələb olunan nəqliyyat vasitəsi mövcud olmadığından, yəni satıldığı üçün nəqliyyat vasitəsinə dəymiş zərərin tam və ya qismən aradan qaldırıldıgını müəyyən etmək mümkün olmamışdır. İşin materiallarından görünür ki, hər iki halda avtomaşın ekspertizalar zamanı müayinəyə təqdim edilməmiş, hətta təmir edilərək satılması müəyyən edilmişdir. Başqa sözlə, tərəflərin təqdim etdikləri rəylərdə avtomaşına baxış keçirilməsi görünsə də, ekspertizalar zamanı avtomaşın fiziki olaraq təqdim edilmədiyindən ilkin ekspertiza üzrə rəy məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən, sonrakı ekspertiza zamanı isə qiymətləndirici sifarişçinin verdiyi məlumatlar, internet resurslarından, bu sahədə nəşr olunan qəzet, jurnal və s. daşınar əmlak bazarındakı açıq mənbələrdən alınmanın məlumatlardan istifadə etmişlər. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, bu qəbildən olan mübahisələrin düzgün həlli üçün maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə iddiaçı tərəfin və cavabdeh tərəfin iddiaya olan dəlillərinə qiymət verərək hesab edir ki, hər bir halda cavabdeh tərəfin məhz hüquq pozuntusu nəticəsində (yolqəza hadisəsi) iddiaçının avtomobilinə zərər vurulması faktı mövcuddur və cavabdeh tərəf bu zərərin sığorta tərəfindən tamamilə aradan qaldırılmasını bildirməsi ilə yanaşı həmçinin də bu qəzanın ehtiyatsızlıqla əhatə olunan təqsirli hərəkət olmaqla real olaraq vurulmuş ziyanı ödəməyə hazır olmalarını da qeyd etmişdir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin təqdim etdiyi qüsur aktının və buna dair verilmiş ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan mötəbər sübutlar təqdim etmədiyindən, cavabdehin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillərinin ehtimal xarakterli olmasını nəzərə alaraq hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyi obyektiv olmayaraq vurulmuş ziyanla bağlı göstərilənlər inandırıcı olmamaqla yanaşı dəymiş ziyanın real vəziyyətini (məbləği) əks etdirmir. Məhkəmə qeyd etməyi də zəruri sayır ki, avtomaşına fiziki olaraq baxış keçirmədən qoyulmuş suallar əsasında qiymətləndirmə aparmış «Meyar Ekspertiza” MMC-i də sözügedən avtomobilə dəymiş maddi zərərin 14706 manat civarında olmasını müəyyən etmişdir. Lakin sözügedən MMC-nin müəyyən etdiyi məbləğ iddia tələbində göstərilən məbləğdən artıq olduğu üçün məhkəmə iddiada göstərilən tələblər üzrə nəticəyə gəlinməsini mümkün sayır. Beləliklə də, məhkəmə 2019-cu il buraxılışlı “Volvo S90” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12615 manat olmasını və sığorta şirkəti tərəfindən ziyanın 5000 manat hissəsinin ödənilməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 7615 manat tutulmalıdır. Məhkəmə iddianın digər, yəni, keçmiş müddət ərzində avtomobilin ödənilməmiş 4 aylıq icarə haqqına görə 6.976,76 manat məbləğin də cavabdehdən tutulması hissəsinin əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəlir. Belə ki, işin materiallarından göründüyü kimi, icarə müqaviləsi vergi orqanlarında müvafiq qeydiyyatdan keçmədiyi üçün sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı tərəfindən həmin halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin xüsusi qərardad çıxarılması barədə vəsatəti də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən «VOLVO S 90» markalı, Az **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin aradan qaldırılması məqsədi ilə tələb olunan 7615 manat tutularaq ididaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 48 manatı cavabdeh X2, 52 manatı isə İddiaçı müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Mülki iş üzrə ödənilmiş 140 manat dövlət rüsumunun 67 manatı Cavabdeh tutularaq idddiaçı İddiaçı ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7615 (yeddi min altı yüz on beş) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 140 manat dövlət rüsumunun 67 manatı Cavabdeh tutularaq idddiaçı İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 48 manatı cavabdeh X2, 52 manatı isə İddiaçı müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar