Məhkəmə qərarları › İş №2(005)-825/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-825/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-825/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən onun yaşayış evinə dəymiş zərərə görə 30.000 (otuz min) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 dekabr 2017-ci il tarixdə onunla satıcı X2 və ipoteka saxlayan “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış RB/İK-074 nömrəli Alqısatqı və ipoteka maqaviləsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 149 nömrəli evin 64 nömrəli mənzili almışdır. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekyi, 149 nömrəli evin 64 nömrəli mənzil sahəsini almaq üçün həmin mənzilin dəyərinin 37.000 (otuz yeddi min) manat hissəsini onun özü, 86.000 (səksən altı min) manat hissəsini isə kreditot-ipoteka saxlayan tərəfindən 25 dekabr 2017-ci il tarixli RB/İK-074 nömrəli kredit müqaviləsinə əsasən ödənildiyindən ipoteka saxlayan bankın tələbi əsasında 12 yanvar 2018-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “ipoteka predmeti olan əmlakın sığortası şəhadətnaməsı”nə əsasən mənzil sığortalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən mənzil sahəsi 13 yanvar 2018-ci il tarixdən 12 yanvar 2021-ci il tarixinədək 86.000 (səksən altı min) manat məbləğində sığortalanmışdır. Bu barədə PİM1800003 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsinə əlavə edilmiş Qoşma 1-də göstərilən aylıq sığorta haqqı son ödəmə tarixindən gec olmayaraq onun tərəfindən ödənilməsi müəyyənləşdirilmişdir. Sığorta şəhadətnaməsi ilə müəyyən edilmişdir ki, sığortalanmış əmlak qismən sığortalanmışdır, yəni sığorta hadisəsi zamanı dəymiş zərərəin əvəzi sığorta şəhadətnaməsində müəyyən edilmiş sığorta məbləğinin sığorta dəyərinə olan nisbətdə ödəniləcəkdir. 2018-ci ilin oktyabr ayının 20-25 tarixlərində Bakı şəhərində leysan xarakterli, güclü tufanla müşayiət olunan yağışlar yağmışdır. Ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekyi, 149 nömrəli evin 64 nömrəli mənzili binanın 9-cu mərtəbəsində, yəni sonuncu mərtəbəsində yerləşdiyindən evinə ziyan vurmuş, tam təmirli olan evinə maddi zərər dəymişdir. Güclü leysan yağışları nəticəsində evinin elektrik xətləri, divar kağızları, tavan, döşəmə, otaq qapıları, mətbəxt mebeli, soyuducu, televizor yararsız vəziyyətə düşmüşdür. Yaşayış sahəyə dəymiş zərərlə əlaqədar 115 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən akt tərtib edilmişdir. Yaşayış evinə yağış nəticəsində dəymiş maddi zərərə görə sığorta hadisəsi baş verdiyindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə baş vermiş sığorta hadisəsi barədə məlumat vermişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi gəlib mənzil sahəsinə baxmış, evin fotoşəkillərini çəkmişdir. Evinə baxış keçirən və fotoşəkillərini çəkən sığorta işçisi dəymiş zərəri hesablayıb ona dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirmişdir. Bir neçə gündən sonra o “xxxx” Açıq Səhmdar Cəmiyyətinə gedərək dəymiş zərərin nə zaman ödəniləcəyini öyrənmək istəyərkən bildirilmişdir ki, heç bir zərər ödənilməyəcək. Səbəbini isə evə dəymiş maddi zərərin təbii fəlakətlə bağlı olduğunu, bunun isə müqavilə ilə müəyyənləşmədiyini bildrmişlər. Ondan sonra ərizə ilə müraciət etmişdir. Müraciətinə 10 yanvar 2020-ci il tarixli, 31-01-20 İTŞ nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, “Qaydaların 5.1-ci bəndində sığorta təminatının yalnız sığorta şəhadətnaməsində göstərilən risklərə dair qüvvədə olduğu vurğulanır. Tərəflər arasında bağlanmış PİM1800003 nömrəli sığorta şəhadətnaməsinə əsasən yağış təminat verilən sığorta risklərinin siyahısında göstərilməmişdir”. Qeyd olunanlara və sığorta şəhadətnaməsində göstərilənlərə əsasən sığorta ödənilməsindən imtina edilməsi bildirilmişdir. 2018-ci ilin oktyabr ayının 20-25 tarixlərində Bakı şəhərində güclü tufanla leysan yağışlar yağması nəticəsində onun mənzilinə dəymiş maddi zərərin məbləği 30.000 (otuz min) manat məbləğindədir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2019-cu ilin noyabr ayının 20-25 tarixlərində Bakı şəhərində leysan xarakterli yagışlar nəticəsində onun evinə zərər dəymişdr. Lakin sıgorta şirkəti zərəri ödəməkdən imtina edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 115 saylı MKİS-in rəisi Cəfərov.A, 115 saylı MKİS-in mühəndisi Əliyev.N, fəhlə Əliyev.M akt tərtib edərək, Bakı şəhəri Azadlıq prospekti 149, mənzil 64-də baxış keçirilən zaman aşkar olunmuşdur ki, binanın damı təmir olunan zaman güclü yağışlar nəticəsində mənzilə aşağıdakı ziyan dəymişdir: elektrik xətti, divar kağızı, tavan, döşəmə, otaq qapıları, mətbəx ebeli, soyuducu, televizor yararsız vəziyyətə düşmüşdür. Aktın doğruluğu imzalar ilə təsdiqlənmişdir. İpoteka predmeti olan əmlakın sığortalanması şəhadətnaməsindən görünür ki, sığortaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalı İddiaçı dəyəri 123000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekyi, 149 nömrəli evin 64 nömrəli mənzilinə dair daşqın, sel; partlayış; sığorta olunmuş binaların içində və ya qonşu binalarda yerləşən rezervuar və borulardan sızma və ya onların partlaması nəticəsində su basma; sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri, təyyarə və digər hava aparatlarının və ya onlarınhissələrinin düşməsi; tufan və qasırğa; yanğın və ya ildırım vurması; yer sürüşməsi, torpaq çökməsi və ya qalxması; yerüstü nəqliyyat vasitələrinin dəyməsi; zəlzələyə qarşı sığorta riskləri göstərilməklə sıgorta təminatı verilmişdir. satıcı X2 ilə alıcı İddiaçı arasında bağlanmış 26.12.2017-ci il tarixli RB/İK-074 №-li alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekyi, 149 nömrəli evin 64 nömrəli mənzili satıcı İddiaçı 123.000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekyi, 149 nömrəli evin 64 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi 17.01.2018-ci il tarixdə qeydiyyatdan keçirilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 10.01.20210-ci il tarixli, 31-01-20 İTŞ saylı İddiaçı ünvanlanmış məktubdan görünür ki, məlumat üçün bildirilir ki, 25.11.2019-cu il tarixdə yağan güclü yağış nəticəsində sahibi olduğu ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə maddi zərər dəyməsi ilə bağlı Cəmiyyətimizə ünvanladığı 06.12.2019-cu il tarixli sığorta tələbinə təfsilatı ilə baxılmışdır. Nəzərinə çatdırır ki, qeyd edilən mənzil PİM ******* saylı sığorta şəhadətnaməsinə əsasən 13.01.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək "İpoteka predmeti olan əmlakın sığortası" növü üzrə Cəmiyyətimizdə sığortalanmışdır. PİM ******* saylı sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi sayılan "İpoteka predmeti olan əmlakın sığortası" qaydalarına (Bundan sonra "Q3ydalar") əsasən 'Sığorta riski - ehtimal olunan və onun baş verməsinə qarşı sığorta aparılan hadisədir". Həmin qaydaların 4.1,-ci maddəsində isə Sığorta şəhadətnaməsində göstərilmiş əmlakın sığorta müddəti ərzində və şəhadətnamədə göstərilmiş risklər nəticəsində itirildiyi, məhv olduğu və ya zədələndiyi təqdirdə Sığortaçı tərəfindən Sığortalıya həmin əmlakın zədələnməsi, itirilməsi və ya məhv olması anına olan bazar dəyərinin və ya dəyən zərər məbləğinin ödəniləcəyi və ya Sığortaçı tərəfindən bu əmlakın və ya onun bir hissəsinin bərpa və ya eyni tipli əmlak ilə əvəz ediləcəyi qeyd olunur. Qaydaların 5.1-ci bəndində isə, həmçinin, sığorta təminatının yalnız sığorta şəhadətnaməsində göstərilən risklərə dair qüvvədə olduğu vurğulanır. Aramızda bağlanılmış PİM ******* saylı sığorta şəhadətnaməsinə əsasən yağış təminat verilən sığorta risklərinin siyahısında göstərilməmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, 25.11.2019-cu il tarixdə baş vermiş hadisə ipoteka predmeti olan əmlakın sığortası üzrə qanunvericiliyə əsasən sığorta hadisəsi hesab olunmur. AR MM-nin 935.1.8-ci maddəsinə əsasən isə baş vermş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişinin verilməsindən imtina edilir. Bütün yuxarıda qeyd edilən müddəaları nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq Cəmiyyətimiz AR MM-nin 935.1.8-ci maddələrinə əsasən qeyd edilən hadisəyə görə PİM ******* saylı sığorta şəhadətnaməsi üzrə sığorta ödənişinin verilməsindən imtina edir. "xxxx" ASC belə hadisələrjn təkrar olunmamasını arzu edir və gələcəkdə baş verə biləcək sığorta hadisələri ilə əlaqədar yaranacad zərərlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə təminat verir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin 14.04.2021-ci il tarixli 20/413 nömrəli məlumatdan görünür ki, 2019-cu ilin noyabr ayının 20-si 1,9 mm leysan yağış; 21-i 6,2 mm leysan yağış; 22-si 7,1 mm leysan yağış; 24-ü 20,8 mm leysan yağış; 25-i 7,0 mm leysan yağış; 26-sı 3,1 mm leysan yağış yağmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli 10/1270 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilərləri, Bakı şəhəri, N.Nərimanov rayonu, Azadlıq prospektindəki 149 nömrəli evin damında aparılmış təmir işləri səbəbindən su axmasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır, lakin mülki iş materiallarında olan məlumatları nəzərə alaraq tədqiq olunan mənzilə suyun sızması N. Nərimanov rayonu, Azadlıq prospektindəki 149 evin damının təmiri zamanı 64 saylı mənzilin dam örtüyünün açıq qalması və təmir işləri aparılan zaman güclü yağışlar yağması zamanı ola bilər. Mülki iş materiallarına əlavə edilmiş flash kartda olan şəkil və videolardan da aydın görünür ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Azadlıq prospekti 149 nömrəli evin, 64 saylı mənzilin yaşayış otaqları, dəhliz, mətbəx, hamam və ayaqyolu kimi is ifadə olunan tikililərinin divar, tavan və döşəməsində yağış sularının mənzilə tökülməs nəticəsində zədələr əmələ gəlmişdir və həmin zədələrin aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 29.346 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ipoteka müqaviləsi əsasında İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 149 nömrəli evin 64 nömrəli mənzili almışdır və mənzil onun mülkiyyətindədir. İpoteka saxlayan bankın tələbi əsasında 12 yanvar 2018-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “ipoteka predmeti olan əmlakın sığortası şəhadətnaməsi”nə əsasən mənzil sığortalanmışdır. Bu barədə PİM1800003 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. 2019cu ilin noyabr ayının 20-25-si arasında yağan yağışlar nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekyi, 149 nömrəli evin 64 nömrəli mənzilə zərər dəymişdir. İddiaçı dəymiş zərərin “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindın ödənilməsini tələb etsə də dəymiş zərər ödənilməmişdir. Bu səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırki mülki işdə iddiaçının mənzilinə suyun sızması N.Nərimanov rayonu, Azadlıq prospektindəki 149 evin damının təmiri zamanı 64 saylı mənzilin dam örtüyünün açıq qalması və təmir işləri aparılan zaman güclü yağışlar yağması zamanı ola biləcəyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. 896.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. 896.3-cü maddəsinə əsasən bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta hadisəsinin baş verdiyi zaman, sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz. 901.1-ci maddəsinə əsasən “icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 35.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1 -ci maddəsinə görə daşınmaz əmlakın asaüıdakı hallar nəticəsində zədələnməsi. məhv olması, yaxud hər hansı digər formada itkisi sı&orta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3.elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4.buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sek daşqın, leysan, ver sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi tələb olunan sığorta ödənişi hissəsində qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekyi, 149 nömrəli evin 64 nömrəli mənzilə dəymiş ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş 29.346 manat əsas götürülməli və tələb həmin məbləğində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki eskpert rəyində mənzilə suyun sızması N. Nərimanov rayonu, Azadlıq prospektindəki 149 evin damının təmiri zamanı 64 saylı mənzilin dam örtüyünün açıq qalması və təmir işləri aparılan zaman güclü yağışlar yağması zamanı ola biləcəyi göstərilmiş həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin məktubu ilə iddiaaçının göstərdiyi tarixdə, yəni 2019-cu ilin noyabr ayının 20-25 aralığında leysan yağışlar yağması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 29.346 (iyirmi doqquz min üç yüz qırx altı) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar