Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-827/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10043,94 manat-bundan 2684,25 manat əsas, 4570,04 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 1114,44 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO “Bank of Azerbaijan" ASC ilə Cavabdeh1 arasında bağlanmış C72/10 №-li 27.07.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. C72/10 №-li 27.07.2010-cu il tarixli kredit müqaviləsinə 01.07.2011-ci il tarixli 2 saylı əlavəyə əsasən kredit xəttinin son ödəmə tarixi 04.08.2012-ci il tarixinə təyin edilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 27.07.2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 3-cü maddəsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********503 saylı 05.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 02.11.2021 -ci il tarixə kredit üzrə cəmi borcu 10043,94 manat-bundan 2684,25 manat əsas, 4570,04 manat faiz, 1675,21 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 1114,44 manat faiz borcu təşkil edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə iddiaçının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 30.07.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəyə uyğun və göstərilənlərə uyğun izahat verərək cavabdehin iştirakı olmadan işə baxılaraq yekun məhkəmə aktının qəbul edilməsini və iddia müddəti keçdiyindən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 15.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2010-cu il tarixli, C72/10 nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsinə 01.07.2011-ci il tarixli 2 saylı əlavədən görünür ki, tərəflər arasında kredit müqaviləs bağlanmışdır. Bu müqavilənin 2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti “04” avqust 2012-ci il tarixində bitir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.07.2010-cu il tarixli, C72/10 nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlik barədə müqavilə bağlanmışdır. Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2010-cu il tarixli 1-4237-4 saylı kredit müqaviləsi üzrə 26.11.2021-ci il tarixinə yaranmış tələbdən görünür ki, müqavilə üzrə əsas borc 2684,25 manat, müqavilənin müddəti 04.08.2010-cu il – 04.08.2012-ci illəri əhatə edir, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 4570,04, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1675,21 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), həmin faizin hesablanması düsturu (əsas borc/100.5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0 (sıfır) manat 37 qəpik 3012 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1114,44 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 10043,94 manat müəyyən edilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Ləğv prosesində "xxxx" ASC tərəfindən borc alan Cavabdeh1 və zamin Cavabdeh2 ünvanlanmış 05.11.2020-ci il tarixli **********503 nömrəli xəbərdarlıq (pretenzya) məktubunun surətindən görünür ki, 02.11.2020-ci il tarixə kredit müqaviləsi üzrə banka ödənilməmiş 2684,25 manat əsas, 4570,04 manat faiz, 1675,21 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konsitutsiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 1114,44 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə gəldiyi nəticənin aşağıda qeyd olunanlara görə əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə görə Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 399.3--ci maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 iyul 2010-cu il tarixli C72/10 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş 2 saylı əlavənin 2-ci bəndinin şərtləri nəzərə alınmaqla kredit vəsaitindən istifadə müddəti 04 avqust 2012-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, tərəflər arasında 27.07.2011-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin bağlanmasından və müqavilə müddətinin “04” avqust 2012-ci il tarixində bitməsindən iddiaçının da tam olaraq xəbəri olmuşdur. Buna baxmayaraq, iddia ərizəsi 30 noyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, poçtla göndərilmənin daha əvvələ aid olduğunu təsdiqələyən sübutlar təqdim edilməmiş, ötürülən müddət ərzində həmin müqavilə üzrə kredit borcunun qaytarılmasını məhkəmədə mübahisələndirməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İddia rədd edildiyindən 07 iyul 2021-ci il tarixli 9/3080 nömrəli ekspert rəyinin verilməsinə görə tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3,) tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-827/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-827/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver