Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-829/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BOKT "xxxx" MMC-dən götürdüyü 230 manat əsas borc məbləğin dondurulması və 253 manat cərimə hesablanmış məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh BOKT "xxxx" MMC-dən 70 manatdan başlayaraq onlayn kredit götürməyə başlamışdır. Bir neçə dəfə götürmüş, vaxtıvaxtında krediti ödəmişdir. Sonuncu dəfə 236 manat götürmüşdür. xx.xx.2024-cü il tarixdə ödəməli olsa da, həmin vaxtdan bu günə qədər, xx.xx.2024-cü il tarixə kimi ödəyə bilməmişdir. İndi isə həbs olunmuş, 85 gün gecikməsi vardır. BOKT "xxxx" MMC faiz kimi 253 manat cərimə hesablamışdır. Cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının gecikdirilmiş faiz borcuna nisbətdə 100 manat məbləğində güzəşt edə bilirlər. Məhkəmə sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə cəmiyyət arasında bağlanmış kredit müqaviləsi üzrə 100 manat məbləğində yaranan borcun silinməsi və faizlərin hesablanmasının dayandırılması əmr edilmişdir; BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli kredit hesabından çıxarışdan görünür ki, İddiaçı əsas borcu 230 manat əsas, 67,62 manat faiz, 185,38 manat cərimə borcu vardır; xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı götürdüyü kreditin məbləği 230 manat, faiz məbləği 67, 62 manat təşkil edir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə 230 manat məbləğində kredit götürmüşdür. İddiaçı həmin borcdan heç bir ödəniş etməmişdir. Cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli kredit hesabından çıxarışa əsasən iddiaçının 230 manat əsas, 67,62 manat faiz, 185,38 manat cərimə borcu vardır. Hazırda iddiaçı 230 manat məbləğində əsas borcunun dondurulmasını və ona hesablanmış 253 manat cərimə məbləğinin silinməsini məhkəmədən xahiş edir. Cavabdeh BOKT "xxxx" MMC İddiaçı müharibə veteranı və məcburi köçkün olduğunu nəzərə alaraq, xx.xx.2025-ci il tarixli əmri ilə onun 100 manat məbləğində borcunun silinməsini və faizlər hesablanmasının dayandırılmasını əmr etmişdir. Əmrdən görünür ki, iddiaçının tələblərindən biri olan əsas borcuna faizlərin hesablanmasının dayandırılması həyata keçirilmişdir. Lakin cərimə borcundan 100 manat məbləğində silinmişdir. Beləliklə, işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, iddianın qismən etiraf edilməsi ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh BOKT "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə və nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahata əsasən iddianı qismən qəbul etdiyini etiraf etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Məhkəmə qalan faiz və cərimə borcunun silinməsi hissəsində qeyd edir ki, qeyd edilən borcun silinməsinə dair hər hansı hüquqi əsas yoxdur. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqaviləni imzalayaraq, üzərinə öhdəliklər götürmüşdür. Kredit borcunun, ona hesablanmış faiz və cərimə məbləğinin qaytarılması müqavilə üzrə iddiaçının üzərinə düşən öhdəliklərin sırasındadır. Hazırda iddiaçı tərəfindən qeyd edilən qalıq borc məbləğinin silinməsi üçün hər hansı sübut və ya əsas təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-dən götürdüyü 230 manat əsas borc məbləğinə faizlər hesablanması dayandırılmalı və 253 manat cərimə hesablanmış məbləğin 100 manatı silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh BOKT "xxxx" MMC-dən götürdüyü 230 manat əsas borc məbləğinə faizlər hesablanması dayandırılsın və 253 manat cərimə hesablanmış məbləğin 100 manatı silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-829/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-829/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver