Məhkəmə qərarları › İş №2(005)-849/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-849/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-849/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 41750 manat məbləğində pulun və 244 manat 50 qəpik ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ-nə ərizə ilə müraciət edərək Cavabdeh1 və onun arvadı Cavabdeh2 tərəfindən aldadılaraq 40000 manatının ələ keçirilməsi barədə məlumat vermiş, cinayət barədə məlumat ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə göndərilmiş və araşdırma aparılmışdır. Ərizə və izahatında göstərmişdir ki, satıcı işlədiyi dükanda Cavabdeh1 və Cavabdeh2 ilə tanış olub və münasibətləri yaranmağa başladı. Bundan istifadə edən Cavabdeh1 ona Ədliyyə Nazirliyinin istintaq şöbəsində işlədiyini iş yerini dəyişmək üçün 17000 manat lazım olduğunu bildirərək borc verməsini xahiş etmişdir. Ona inanaraq işlədiyi AK.H.Əliyev küçəsi 69 ünvanda yerləşən mağazada 17000 manatı Cavabdeh1 vermişdir. Bir müddətdən sonra Cavabdeh1 yenidən işlədiyi mağazaya gəlmiş və ona verdiyi 17000 manatın kifayət etməməsini bildirib əlavə 9000 manat borc istəmişdir. 15 gün sonra dükanda ona əlavə olaraq 9000 manat da pul vermişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh1 arvadı Cavabdeh2 dükana gələrək özünün Təhsil Nazirliyinə, oğlunun isə DTX-nın akademiyasına qəbul olunması üçün pul lazım olduğunu bildirərək 20500 manat borc istəmişdir. Onlara inanaraq həmin məbləğdə pulu işlədiyi dükanda ona vermişdir. Bir müddət keçmiş təsadüfən Aynurun anası ilə görüşüb Aynurun Təhsil Nazirliyinə işə qəbul olub-olmaması ilə maraqlananda anası Aynurun işə düzəlməsinin yalan məlumat olduğunu demişdir. Ona görə də Şahmurad və Aynurun yalan danışmamaları səbəbindən verdiyi pulların onlardan geri alınmasını tələb etməyə başlayıb. Cavabdeh2 iki dəfəyə ona 8350 manat qaytarsa da, qalan 42500 manatı isə qaytarmaqdan imtina etdi. Barələrində şikayət olunan şəxslər ondan borc almalarını etiraf etsələr də, pulun miqdarını təsdiq etməmişlər. Cavabdeh1 göstərmişdir ki, işlərinə görə ondan aylıq 10 faiz ödəmək şərti ilə cəmi 9100 manat borc almış və hər ay 910 manat olmaqla cəmi 13 ay müddətinə borcun 10 faizini 910 manatını ödəmiş, əsas borcu isə ödənilməmiş qalmışdır. Arvadı Cavabdeh2 isə əlavə 4000 manat artıq qaytarmaq şərti ilə ondan 2 ay müddətinə 13500 manat borc almış və 8500 manatı hissə-hissə qaytarmışdır. Hazırda özünün 9100 manat, arvadı Aynurun isə 5500 manat borcu qalmışdır. Özünün borc aldığı 9100 manatın faizlərini ödəyə bilmədiyi üçün əlavə 8500 manat faiz borcu da yaranmışdır. Borcu qaytarmaq imkanı olmamasını görən şikayətçi, ona başqa şəxsdən kreditlə pul götürəcəyini və 8500 manatı bağlayacağını Şahmuradın hər ay həmin şəxsə 572 manat ödəməyi təklif etmişdir. Şahmurad Sultanov razılaşmış və 17 ay ərzində ona 9724 manat ödəmişdir. 2022-ci ilin iyun ayında övladının tibbi əməliyyat olunması ilə bağlı 5000 manat tələb olunduğundan yenidən borca pul istəmişdir. 10000 manat alıb Şahmurad Sultanovun 9100 manatdan yaranan 4550 manat faiz borcunu bağlayacağını və qalan 5000 manatı isə ona verəcəyini bildirmişdi. Bu səbəbdən borc artmış və razılaşmalara görə hər ay 1072 manat faiz borcu ödəməyə başlamışdır. 2022-ci ilin noyabr ayında Aynur iş qurmaq məqsədi ilə ondan 13500 manat 2 ay müddətinə 4000 manat əlavə qaytarmaq şərti ilə borc almış və dekabr ayında ona həmin məbləğdən 8350 manat qaytarmışlar. Bununla da aparılmış araşdırma zamanı cavabdehlərin ona müştərək qaydada 41750 manat borclu olmaları təsdiq edilmişdir. Ona görə də Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 10 may 2023-cü il tarixli qərarı ilə əmlakının aldatma yolu ilə ələ keçirilmə şikayəti ilə bağlı aparılmış araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli öz xətti ilə ona yazdığı borc müqaviləsində qeyd etmişdir: "Mən Cavabdeh1 X1 13728 manat borc aldım və 572 manat hər ay olmaqla 24 ay ərzində qaytarmaq şərti ilə". xx.xx.2022-ci il tarixli öz xətti ilə yazdığı müqaviləsində qeyd etmişdir: "Mən Cavabdeh1 X1 17000 manat borc aldım, hissə-hissə qaytarmaq şərt ilə 24 aya borc bağlanmalıdır. 14 ay 500 manat hər ay. 10 ay 1000 manat ayda". Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı xəstə olduğundan onun məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İddia ərizəsində qeyd edilənlər və cinayət işi üzrə toplanmış materiallar iddiaçının haqlı olduğunu təsdiq edir. İddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X5 bildirmişdir ki, cavabdeh tərəfindən 5500 manat məbləğində pul qaytarılıb, 14500 manat məbləğində borc qalmışdır. Onlarda qalan ödəniş qəbzlərini təqdim edir. Qalan hissə ödənilsə də bunu təsdiq edən sübutları yoxdur. Tərəflər arasında mübahisə borcun qaytarılma vaxtı ilə bağlı yaranıb. İddiaçı borcun tez ödənilməsini tələb etdiyi üçün məhkəməyə müraciət edib. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraaq məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı Şahmurad və Aynur Soltanovların onu aldadaraq 40000 manat pulunu ələ keçirmələrinə dair şikayəti Bakı şəhəri Nərimanov RPİ-də araşdırılmış, bununla belə mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinərək cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Həmin araşdırma zamanı izahatı alınan İddiaçı (hazırkı iş üzrə iddiaçı) bildirmişdir ki, Cavabdeh1 və onun arvadı Cavabdeh2 ilə satıcı işlədiyi mağazada tanış olmuşdur, həmçinin onlarla qonşudur. 2022-ci ilin yay aylarında aralarında yaranan münasibət zamanı Şahmurad Ədliyyə Nazirliyinin istintaq şöbəsində işlədiyini demiş, iş yerini dəyişmək üçün ondan 17.000 manat pul istəmişdir. İş yerini dəyişdikdən sonra pulunu qaytaracağını bildirmişdir. İnanaraq işlədiyi mağazada 17.000 manat pulu ona vermişdir. Bir müddət sonra Şahmurad mağazaya gələrək həmin pulun kifayət etmədiyini, əlavə olaraq 9.000 manat pul lazım olduğunu bildirmiş, yenə də ona inanaraq 9.000 manat pulu təxminən 15 gün sonra həmin mağazada Şahmurada vermişdir. 2022-ci ilin dekabr ayında Şahmuradın arvadı Cavabdeh2 mağazaya gələrək təhsil nazirliyinə işə düzəlmək istədiyini, oğlunun isə Daxili Təhlükəsizlik Xidməti akademiyasına sənəd vermək istədiyini və buna görə 20.500 manat pul lazım olduğunu bildirmiş, inanıb həmin pulu yenə mağazada Cavabdeh2 vermişdir. Həmin vaxt Aynur xahiş etmişdir ki, bu söhbətin əri Şahmurada heç bir aidiyyəti yoxdur, həmin pulu özü qaytaracaqdır. Lakin bir müddət sonra Aynurun anası ilə təsadüfən rastlaşdıqda qızı Aynurun təhsil nazirliyinə işə düzəlibdüzəlməməsi barədə soruşduqda, anası bildirmişdir ki, qızı heç bir yerə işlə düzəlmir, deyilənlər yalandır. Bundan sonra Şahmurad və arvadı Aynur tərəfindən dələduzluq yolu ilə aldadıldığını bilmişdir. Dəfələrlə onlarla görüşüb verdiyi pulları geri tələb etsə də, Aynur iki dəfə olmaqla 3500 manat və bir dəfə də 4850 manat, ümumilikdə isə 8.350 manat pulu qaytarmışdır. Lakin digər hissəni, yəni 42.500 manat pulu müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırırlar. Həmin pulların bir hissəsini lombarda qızıl qoyub götürmüş, Aynur isə həmin qızıla görə üzərinə gələn faizi hər ay ödəməyi söz vermişdir. Həmin araşdırma zamanı izahatı alınan Cavabdeh1 (hazırkı iş üzrə cavabdeh) bildirmişdir ki, İddiaçı təxminən 13 ilə yaxındır ki, tanıyır. Yaşadığı mənzilin yaxınlığında dükan işlədir. 2019-cu ilin yay aylarında 9000 min manat pula ehtiyacı yarandığından faizlə borc götürmək qərarına gəlmiş, İddiaçı faizə pul verdiyini bildiyindən ona müraciət etmiş, İddiaçı həmin pulu ayı 10 faizlə verə biləcəyini bildirmişdir. Razılaşaraq 9.000 manat pulu almış, lakin dükana olan 100 manat borcu da nəzərə alınmaqla borc məbləği kimi 9.100 manat nəzərə alınmışdır. Həmin borca görə, aylıq 910 manat faiz ödəməli olmuş, təxminən 13-14 ay 910 manat faiz pul ödəmiş, lakin ana məbləğ kimi 9100 manat yerində qalmışdır. Sonrakı aylarda həmin məbləğin faizini, yəni 910 manatı tam ödəyə bilməmişdir. Faizdən kəsir qaldığı üçün əlavə olaraq 8500 manat pul yığılmışdır. Bundan sonra Solmaz təklif etmişdir ki, həmin faizə görə yığılan 8.500 manat pulu tam ödəmək üçün bir tanışından 24 aylığına kredit kimi götürəcəkdir, o isə, hər ay 572 manat ödəməklə 8.500 manatı bağlamalıdır. O bildirmişdir ki, 9.100 manatı tam ödəyəcəkdir. Yəni həmin 9.100 manat pulun faizi 5 ay sonra dondurulmuşdur. Həmin 5 ay ərzində 4550 manat faiz borcu yaranmışdı. 8500 manat pula görə Solmaza hər ay 572 manat ödəməli olmuşdur. Həmin anlaşma 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilik noyabr ayına kimi davam etmişdir. Ümumilikdə 13728 manat pul ödəməli idi. 17 ay 572 manatdan cəmi, 9724 manat pul ödəmişdir. 2022-ci ilin iyun ayında uşağının əməliyyatı üçün pul lazım olduğundan Solmazdan 5000 manat pul istəmiş, Solmaz isə bir nəfərdən 10.000 manat pul götürəcəyini, bununla 9.100 manatdan yığılan 4550 faiz borcunu bağlayacağını, ona isə 5000 manat verəcəyini demişdir. Həmin 10.000 manata əlavə olaraq 7.000 min manat pul gəlmiş, həmin borca görə ayda 500 manat olmaqla ödəməli olmuşdur. Beləliklə Solmaza hər ay 1072 manat pul ödəməyə başlamışdır. 7 ay 1072 manat pul ödəmişdir. 2022-ci ilin noyabr ayında arvadı Aynura işqurmaq məqsədi ilə 13500 manat pul lazım olduğu üçün Solmazdan 2 aylıq əlavə üzərində 4.000 manat qaytarmaq şərti ilə pul götürmüşlər. 2022ci ilin dekabr ayında Solmaza həmin puldan 8350 manat pul qaytarmışlar. Qalıq olaraq 13550 manata görə əlavə 5150 manat və əlavə 4000 manat olmaqla 9150 manat qalmışdır. Solmaz bildirmişdir ki, yerdə qalan 9150 manata ayda 750 manat ödənilməlidir. O isə bildirmişdir ki, artıq faizləri hesablamaqla onun 9100 manat ana məbləğdən borcu və arvadının isə 13500 manatdan qalıq qalan 5150 manat ana borcu olmaqla ümumilikdə 14250 manat borcları vardır və ayda 500 manat ödəməklə həmin borcu qurtara bilər. Lakin Solmaz bununla razılaşmamış, 9100, 9150, 4000, 13500 və əlavə olaraq 6000 manat olmaqla ümumilikdə 41750 manat pul istəmişdir. Həmin araşdırma üzrə Cavabdeh2 yazılı izahatından görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayında 13500 manat borc istəmişdir. Solmaz həmin məbləği 4000 manat əlavə qaytarmaq şərti ilə 2 ay müddətinə verməyə razılaşmışdır. Həmin pulu Təhsil Nazirliyinə işə girmək və oğlunu DTX-nin Akademiyasına düzəltmək adı ilə almamışdır. Repititorluqla məşğul olduğundan kurs açmaq istəmiş və pulu bu məqsədlə almışdır. Aldığı 13500 manatdan 4850 manat və 3500 manatı qaytarmış, əsas borcdan 5150 manat və faiz borcundan 4000 manatı qalmışdır. Həmin məbləği qaytara bilməyəndə Solmaz Verdiyevə əsas borcu, yəni 5150 manatı ayda 350 manat olmaqla qaytarmağı təklif etmiş, eyni zamanda bildirmişdir ki, tanışlarından kimsə 6000 manat verib faizi bağladığından onun faiz borcu 6000 manat təşkil edir və həmin faiz borcunu bağlamaq üçün hər ay 400 manat verməlidir. Bununla razılaşmadığından aralarında narazılıq yaranmışdır. Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanıldığı göstərilən və borc müqaviləsi adlandırılan əl yazısında qeyd edilmişdir ki, o, İddiaçı Hüseynəli qızından 572 manat hər ay olmaqla, 24 ay ərzində qaytarmaq şərti ilə 13728 manat borc almışdır. Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanıldığı göstərilən və müqavilə adlandırılan əl yazısında qeyd edilmişdir ki, o, İddiaçı Hüseynəli qızından 24 ay ərzində hissə-hissə qaytararaq bağlamaq şərti ilə (14 ay hər ay 500 manat, 10 ay hər ay 1000 manat) 17000 manat borc almışdır. İş materiallarından aydın olur ki, iddiaçı müxtəlif kredit təşkilatlarından müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə kreditlər götürmüşdür. 13389 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 110 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür. 29108 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 50 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür. 29666 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 100 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür. 27884 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 100 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür. 19067 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür. 5801 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul e-manat ödəniş sistemi vasitəsilə V*** S*** H*** adlı müştərinin kart hesabına köçürülmüşdür. 31341 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 113 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 4439 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 1998 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 29435 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 3259 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 29647 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 10034 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 2481 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. 19727 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Solmaz V.H. adlı müştərinin ABB-na olan kredit borcuna görə e-manat ödəniş sistemi vasitəsilə 130 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bu mənada məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn gələn münasibətlərin yaranmış olduğunun sübut edilməsinə ehtiyac yoxdur; tərəflər işin qeyd edilən halını mübahisələndirməmişlər, o cümlədən işin bu halı iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əl yazıları və Bakı şəhəri Nərimanov RPİnin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının aid olduğu araşdırma zamanı verilmiş izahatlarla da təsdiq olunur. Tərəflər arasındakı mübahisə, cavabdehlərə borc olaraq verilən pulun və qalıq borcun məbləği ilə bağlıdır. İddiaçı özünün iddiasında əvvəlcə 17000 manat, sonradan 9000 manat pulu Cavabdeh1, Cavabdeh2 isə 20500 manat pul verdiyini, bundan 8350 manat qaytarıldığını, qalan 41750 manat məbləğində pulun isə ona ödənilmədiyini iddia etmiş, onun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) isə izahatında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əl yazmalarına istinadən borc kimi verilən məbləğlərin məhz 13728 manat və 17000 manat göstərmişdir. Cavabdehlərin mövqeyinə görə isə, Cavabdeh1 iddiaçıdan aldığı 9.000 manata görə faiz də nəzərə alınmaqla 13728 manat, 5000 manata görə faizlə birlikdə 17000 manat borcları yaranmış, o cümlədən Cavabdeh2 iş qurmaq məqsədilə iddiaçıdan 13500 manat götürmüşlər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin qənaətinə görə, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əl yazıları ilə Cavabdeh1 iddiaçıdan müvafiq olaraq 13728 manat və 17000 manat borc aldığı müəyyən olunmuş, Cavabdeh1 alınan borcun 9000 manat və 5000 manat olduğunu, 13728 manat və 17000 manat borc məbləğlərinin isə faizlər nəzərə alınmaqla hesablandığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı cavabdehlər, Cavabdeh2 iş qurmaq məqsədilə iddiaçıdan 13500 manat alındığını da etiraf etməkdədirlər. Göstərilənlərə əsasən, iddiaçının cavabdehlərə vermiş olduğu borcun 44228 (13728 + 17000 + 13500) manat məbləğində olduğu qəbul edilməlidir. Qalıq borcun məbləğinə gəldikdə isə, iddiaçı cavabdehlərə vermiş olduğu borcdan Cavabdeh2 tərəfindən ümumilikdə 8.350 manat qaytarıldığını etiraf etmiş, cavabdehlər isə, iddiaçının kart hesabına və onun kredit borcuna ödənişlər etdiklərinə dair qəbzlər təqdim etmişlər. İddiaçının nümayəndəsi (vəkili) sözügedən qəbzlərdə göstərilən ödənişlərin cavabdehlər tərəfindən həyata keçirildiyini mübahisələndirməmişdir. Həmin qəbzlər üzrə ödənişlərin ümumi məbləği 2060 manat təşkil edir. Həmin məbləğlər nəzərə alındıqda, qalıq borcun 33818 manat məbləğində olduğu qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşlar. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər və öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Bu mənada məhkəmənin fikrincə, iddia qismən əsaslıdır və cavabdehlərdən 33818 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, cavabdehlər rəsmi nikahdadırlar və cinayət işində iddiaçıdan götürülən pul məbləğinin onların birgə təssüfatlarının idarə olunmasına (övladlarının müalicəsinə, iş qurulmasına və s.) xərclənmiş olduğunu etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 33818 manat və dövlət rüsumu olaraq ödənilmiş 191 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 33818 (otuz üç min səkkiz yüz on səkkiz) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 191 (yüz doxsan bir) manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar