Məhkəmə qərarları › İş №2(005)-865/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-865/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-865/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı qanunsuz tətbiq edilmiş 216 manat aktın silinməsini bağlanmış qaz xəttinin açılmasına və ailə büdcəsinə dəymiş ziyanın həmçinin məhkəmə rüsumu olan 20 manatı cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-865/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, istifadəsində olan Smart itron tipli G-4 markalı qaz sayğacı xx.xx.2020-ci il tarixdə X2 əməkdaşları tərəfindən yeni mexaniki qaz saşgacı ilə əvəz olunmuşdur. Beləcə istifadə etdiyi qazın aylıq ödənişini vaxtlı vaxtında aparmasına baxmayaraq qaz sayğacının dəyişilməsindən bir neçə ay keçəndən sonra xx.xx.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdə ola-ola xəbərdarlıq edilmədən Azəriqazın əməkdaşları istifadə eldiyi qaz sayğacına plomp vuraraq qazın verilişini bu soyuq qış günündə qanunsuz olaraq dayandırıb və ona 216 manatlıq cərimə akt tərtib edərək, mənzil qapısının arasına sakit formada qoyub getmişlər. Özlərinin əvəz etdiyi smartkart tipli sayğac da yoxlama aparılarkən hansısa bir zədə aşkar olunmuşdur.Adı çəkilən qaz sayğacları mənzillərin çölündə quraşdırılıb ancaq zərurət yarandıqda Azəriqazın təhkim etdiyi məsul şəxsləri tərəfindən nəzarət olunur. Belə olan təqdirdə necə olub ki, bu vaxtda qədər aktda göstərilən zədələr aşkarlanmayıb və onlar qanun pozuntusuna yol verib qeyri-qanuni mənzilinə qazın verilişini dayandırıblar. İddiaçı bildirmişdir ki, mənzilində qazın olmaması ilə bağlı mənzilin qızdırılması gündəlik hazırlanan yeməklərin, içməli çayın elektrik enerjisindən istifadə olunması eləcə də, və digər tələbatlarla bağlı ümumilikdə ona dəyən maddi ziyanın miqdarı 230 (iki yüz otuz) manat təşkil edir. İddiaçı məhkəmə iclasında məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın RX seriyalı, ******* saylı Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 76.2 kv.m olan (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 21, M7, mənzil 1) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən 3 saylı evin 151 saylı mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********01510 olan İddiaçı qeydiyyata alınmışdır və ailə tərkibi 5 nəfərdən ibarətdir. Həmin ünvanda Qənaətli su qızdırıcısı (1/1) “PQ-4“ (isti su ilə təmin olunan evlərdə) xx.xx.2020-ci il tarixdən isə “ZENNER G4T” Mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. (sayğac nömrəsi **********5) İşin materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, iddiaçıya aid qaz sayğacı istismar müddəti bitdiyinə görə yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilən “Azəriqaz” İB-nin ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli aktı ilə müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus məişət qaz sayğaclarının yoxlanılması laboratoriyasına aparılmış G4 markalı itron tipli (Smart payment) qaz sayğacına baxış keçirilmiş və «xx.xx.2020-ci il tarixli 29/1710-02826-1 saylı akta əsasən 1202AQ**********6 №-li sayğacın qaya plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır və sayğacın çıxış plastmas borusu deşilib. Dəymiş ziyan hesablansın və ödənilsin» göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixli aktı ilə dəymiş ziyanın həcmi 2160 m3 hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Həmin vaxt, yəni qaz sayğacı dəyişdirildikdən 1 ay sonra isə sayğacda qüsur olması aşkar edilmiş və akt tərtib olunmaqla 2160 m3 qaz itkisi olması qeyd olunmaqla iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli, 7 №-li Aktına əsasən İddiaçı məxsus sayğaca (**********01510 №-li) 181,80 AZn debitor borcu olduğu üçün qaz təchizatı plombla dayandırılmışdır; Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə cavabdeh “Azəriqaz” İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan borc hesablandığından, sayğacın yararsız vəziyyətə düşməsində iddiaçının təqsirinin olması sübut olunmadığından cavabdeh tərəfindən akt tərtib edilməklə 2160 m3 qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bunа görə də, məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq borc hesablandığından ünvan 1 ünvanında yerləşən mənzilə (sayğac nömrəsi **********5) əsassız olaraq hesablanmış 216 manat cərimə borcu silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında sayğacdan qaz sərfinə görə (abonent kodu: **********51000, yeni sayğac nömrəsi **********5) hesablanmış 216 manat cərimə borcu silinsin. 20 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar