Məhkəmə qərarları › İş №2(005)-867/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-867/2023

16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-867/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 (yeddi yüz əlli) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığları ünvanda otaqların kosmetik təmiri ilə əlaqədar Xəyyam adlı şəxslə əlaqə saxlamışdır. Avqust ayının 20-21 tarixlərində cavabdeh onların evinə gəlmiş Otaqlara nəzər yetirərək, təmir işlərini öz üzərinə götürmüşdür. Təmirlə əlaqədar xərclərin 2500 manat təşkil edəcəyini bildirmişdir. Müvafiq olaraq cavabdehə əvvəlcə 1000, sonra isə 500 manat ödəniş etmişlər. Səhhətlərində yaranan problemlərlə əlaqədar təmirə ümumi nəzarəti də cavabdehə həvalə etmişlər. Cavabdeh də öz növbəsində pərakəndə təmir üçün materialların alınmasını iddiaçıya izafi xərcə səbəb olacağını bu səbəbdən materiallarıda şəxsən alıb, təhvil verəcəyini bildirmişdir. Təmir işi yekunlaşdıqdan sonra cavabdehlə bir müddət əlaqə saxlamaq mümkün olmamış, təmir işidə keyfiyyətsiz yerinə yetirilmişdir. Cavabdehi 750 manat məbləğində pulu qaytarması tələb edilmiş, buna əməl edilmədikdə isə Hüquq-Mühafizə orqanlarına müraciət etmişdir. Lakin cavabdeh müvafiq qurumlarda yaranmış zərəri aradan qaldıracağını öhdəlik götürsə də, bugünədək yerinə yetirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz etməmiş, polis şöbəsində verdiyi ifadəsini təsdiq etmişdir. Tərəflərə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ-nin arayışının məzmunundan görünür ki, İddiaçı müvafiq şikayətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı tələbi mülki xarakterli olduğu üçün işə məhkəmə qaydasında mübahisələndirilməsi tövsiyə edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdr. Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə 2500 manat məbləğində təmir işini həyata keçirilməsi üzrə razılaşdığını, bu puldan 1000 manat ilkin ödəniş, sonradan isə 500 manat Cavabdeh ödəniş etdiyini və cavabdehlərin isə bunun müqabilində təmir işləri həyata keçirməli olduğunu bildirir. Aralarında olan razılıq əsasında ödəniş edilməsinə baxmayaraq təmir işləri razılaşmaya uyğun aparılmamış və nəticədə İddiaçı cavabdehin qanunsuz hərəkətlərinə görə özünə məxsus pul vəsaitindən məhrum olunmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş 25-ci PŞ-nə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, cavabdeh 750 manat məbləğində pulu ödəyəcəyini bildirmiş, lakin bugünədək həyata keçirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddəsinin tələblərinə istinadən İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddia tələbinə uyğun olaraq ilk növbədə cavabdehdən tutulmasını iddia etdiyi 750 manat məbləğin verməsi halını sübut etməli idi. Cavabdeh 25ci PŞ-də verdiyi izahatı ilə iddiaçıdan 750 manat aldığını qəbul edərək, etiraf etmişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdeh 750 manat məbləğində pulun verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, 750 manat pulunun Cavabdeh tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı tərəf Cavabdeh 750 manat verməsini qeyd edir, Cavabdeh 750 manat məbləğində pulun iddiaçıdan alınmasını qəbul etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 750 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumu isə iddiaçı tərəfindən tələb olunmadığından özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar