Məhkəmə qərarları › İş №2(005)-879/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-879/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-879/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 7.1 bəndinə əsasən bir tərəfdən kredit verən “Cavabdeh'’ və digər tərəfdən kredit alan vətəndaş kimi onunla yeni müqavilənin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci il mart ayının 17-də Cavabdeh ASC-nin Qərb filialından 48 ay müddətinə illik 28%-lə 2573 ABŞ dolları (iki min beş yüz yetmiş üç) məbləğində kredit götürmüş, həmin kreditin müəyyən hissəsini ödəmişdir. Dolların məzənnəsi dəfələrlə qalxdığına görə ödəmədə müəyyən problemli kreditlərin genişləndiyi bir vaxtda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il fevral ayının 28-də fərman imzaladı. Həmin Fərmanın 6-cı bəndində göstərilir ki, Banklara tövsiyə edilsin ki, 6.1-ci bəndinə əsasən, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər Bununla bağlı dəfələrlə Cavabdeha müraciət etsə də, onların konkret olaraq onunla yeni müqavilə bağlamaqdan imtina edirlər. Ona heç bir rəsmi rəqəm olmayan ağ müqavilə blankına qol çəkib imzalamağı təklif edirlər ki, sonra özləri istədikləri məbləği müqaviləyə əlavə etsinlər”. O isə bu təkliflə razılaşmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməmiş və iddia ərizəsinə yazılı ərizə təqdim edərək, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır, iddiaçı öz iddiasında qeyd etdiyi kimi onunla "Cavabdeh" ASC arasında xx.xx.2015-ci il tarixdə 11-xx-xx-011224 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Məlum Fərmanının tələblərinə əsasən restrukturizasiya müqaviləsi təklif olunmamışdır. İddia tələbindən görünür ki, iddianın əsas mahiyyəti həmin kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restrukturizasiya olunmasıdır. Həmim Fərmana görə isə vətəndaşların sərəncamına veriləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi, vətəndaşlarla yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X3 (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən müəyyən edilir. Buna sübut edən xüsusat Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilən "Problemli kreditlərin kompensasiyasına" dair çıxarışdır. Göründüyü kimi kreditor olaraq "Cavabdeh" ASC-nin və ya digər bank və kredit təşkilatlarının sərbəst şəkildə vətəndaşların sərəncamına veriləcək miqdarını müəyyən etməsi, yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən etməsi səlahiyyətləri yoxdur. İddiaçı cavabdeh "Cavabdeh" ASC-nə qarşı "yeni kredit müqaviləsinin bağlanması" iddia tələbi inzibati səciyyəli olduğundan əsassız və qanunsuzdur. Belə ki, iddia tələbi inzibati orqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankının və s.) məcburetmə öhdəliyinin icrası, öhdəliyin ləğvi haqqında birləşdirilmiş tələb olduğundan iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankını cavabdeh qismində, "Cavabdeh" ASC-ni isə üçüncü şəxs qismində qoymaqla inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməli idi. Hesab edir ki, iddia tələbindən irəli gələn vəzifələr Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə tənzimlənir ki, bu səlahiyyət də "Cavabdeh" ASC-nə aid deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alınaraq, X4 Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbi iddiası əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maliyyə X3nın internet saytından çıxarılan məlumatın surətinə əsasən İddiaçı xx xxxxxx 2015-ci il tarixinə 1376,02 manat kompensasiya, 2293,37 manat əsas kredit borcu və 3898,73 manat xx.xx.2019-cu il tarixinə əsas kredit borcu və 2522,71 manat qalıq borcu müəyyən olunmuşdur; "Cavabdeh" ASC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən "Cavabdeh" ASC-nin "Qərb" filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11-xx-xx-011224 saylı Kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi ilə, 48 (qırx səkkiz) ay müddətinə 2573,00, (iki min beş yüz yetmiş üç ABŞ dolları) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş 2573,00 (iki min beş yüz yetmiş üç ABŞ dolları)ABŞ dolları məbləğində krediti üzrə aşağıdakı ödənişlər aparılmışdır. xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi əsas borc məbləği 1089,05 AZN, ödənilmiş məbləğ 2611,69 AZN və 1522,64 AZN faiz borcu təşkil edir; Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ərizəsinə cavab məktubuna əsasən xx xxxx 2019-cu il tarixə ərizəçinin banklar və digər kredit təşkilatlarına 360 gündən çox gecikdirilmiş ümumi qalıq borcu 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) çox olmadığı üçün həmin borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Bununla bağlı aidiyyatı bank (banklar) tərəfindən qısa müddət ərzində ərizəçiyə güzəşt şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması təklif ediləcəkdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11-xx-xx-011224 saylı kredit müqaviləsi bağlanmışdır. "Cavabdeh" ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən "Cavabdeh" ASC-nin "Qərb" filialı ilə İddiaçı arasında bağlanmış sözügedən Kredit müqaviləsinə əsasən verilmiş 2573,00 (iki min beş yüz yetmiş üç ABŞ dolları)ABŞ dolları məbləğində krediti üzrə aşağıdakı ödənişlər aparılmış, xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi əsas borc məbləği 1089,05 AZN, ödənilmiş məbləğ 2611,69 AZN və 1522,64 AZN faiz borcu təşkil edir; İddiaçı iddia tələbində cavabdeh "Cavabdeh" ASC-nin üzərinə onunla yeni müqavilənin bağlanması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı cavabdeh "Cavabdeh" ASC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxx 2015-ci il tarixli Plenumunun Qərarında qeyd olunur ki, müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” xx xxxx 2012-ci il tarixli Qərarı). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ASC-yə qarşı “yeni müqavilənin bağlanması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “yeni müqavilənin bağlanması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar