Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-88/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: su sızma; maddi ziyanın əvəzinin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın tam həcmdə xeyrinə ödənilməsi, 100 manat dövlət rüsumunun cavabdeh X2 tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, mənzilin mülkiyyətçisi özüdür, 2 nəfər yaşayırlar, mənzil 3 otaqlıdır. Üst mərtəbədə cavabdeh 1 otaqlı mənzildə qeydiyyatdadır. Hazırda onun mənzilində kirayinşinlər yaşayır. Bu ilin sentyabr ayının 13dən 23-nə qədər xəstəliyi ilə əlaqədar oğlugildə olmuşdur. Evə gələndə mənzilinin tam yararsız olduğunu görmüşdür, yəni ev suyun içində idi. Ev sahibini axtarıb tapmışlar, o dedi ki, mənzildə kirayənşinlər yaşayır. Sonradan məlum oldu ki, cavabdehin mənzilində qoyduğu su çənindən mənzili su basıb. Mənzilinin bir qonaq otağının divar kağızları, otağın tavanı, döşmənin parketi, otaqda olan mebel dəstləri, həmçinin mənzilin dəhlizin döşməsinin parketi tam yararsız hala düşmüşdür. Bu barədə cavabdehə iradını bildirmiş, şəkər xəstəsi olduğunu, maddi durumunun mənzilini təmir etməyə imkan vermədiyini demişdir. Əvvəlcə o, onunla razılaşmış, lakin sonradan heç bir səbəb olmadan boyun qaçırmışdır. Sonradan Nərimanov rayonu, 154 saylı MKİS-nin işçiləri hadisə ilə əlaqədar mənzildə baxış keçirib, akt tərtib etdilər. Hesab edir ki, cavabdehin mənzilindən sularının axıdılması nəticəsində vurmuş olduğu zərəri tam həcmdə ödəməli, mülkiyyətinə qəsd edən hərəkətlərin qarşısı alınmalıdır. Bundan sonra cavabdeh öz qanunsuz hərəkətləri davam etdirir, mənzilində heç bir təmir-bərpa işləri aparmamış, nəticədə mənzilində dözülməz antisanitar şəraiti yaranmışdır, üst mərtəbədən çirkab sularının axıdılması davam edir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 5000 manat vurulmuş zərərin və 100 manat dövlət rüsumunun tutulub verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair yazılı ərizə təqdim edərək cavabdehdən 2512 manat zərərin və 100 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2025-ci il tarixdə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-88/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi b.11, m 1 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 49, M1, m 1) ünvanında yerləşən mənzilin mülkiyyətçisi xx.xx.2019-cu il tarixdən İddiaçıdur. - 154 saylı MKİS-in mühəndisi M.Həsənov, sahə nəzarətçisi A.Cəfərov və santexnik çilingər N.Bayramov tərəfindən tərtib olunmuş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nərmanov rayonu, X14 küçəsi ev 11 mənzil 1 də yaşayan X6 xx.xx.2023 cü il tarixində 154 saylı MKİS-nin rəhbərliyinə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, Sözügedən ünvanda 5 saylı mənzilin mülkiyyətçisi X8 tərəfindən yaşadıqları mənzildən onun mənzilinə su axıdılmışdı. Yuxarda qeyd olunanları nəzərə alaraq komissiya üzvləri xx.xx.2023-cü il tarixinə Nərmanov rayonu, X14 küçəsi ev 11 mənzil 1-ə baxış keçirmiş və müəyyən etmişlər ki, həqiqətən də X3 yaşadığı mənzilə su axıdılmşdır. Nəticədə mənzilin qonaq otağının divar kağızları islanmış, qonaq otağının tavanı və koridorun tavanı nəm çəkmiş. Koridorun döşəməsi islanaraq mülkiyyətçiyə maddi ziyan dəymişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli 10/482 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 1 saylı mənzilin dəhliz və yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 1 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 5 saylı mənzildən su axıdıldığı, nəticədə 1 saylı mənzilin dəhliz və yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 5 saylı mənzilin qapısı bağlı olduğundan, 1 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən, etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq 1 saylı mənzilə su sızması 5 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2512,0 manat məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 11, 5 saylı mənzil X1 adına xx.xx.1994-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.1994-cü il tarixli 3M-1-375 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.1994-cü il tarixli 3M-1-430 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir. Nərimanov rayon Xalq Məhkəməsinin 2-800 nömrəli, xx.xx.1995-ci il tarixli qərarına əsasən sözügedən mənzilə dair X7 hüquqları ləğv edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/8551 №-li rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 1 saylı mənzilinə su sızmasının, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 5 saylı mənzilinin dəhliz tikilisində yerləşən qarderobda quraşdırılmış su çənindən nəzarətsiz istifadə edilməsi səbəbindən baş verdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 11, mənzil 5 ünvanına dair Nərimanov rayon Məhkəməsinin 2-800 nömrəli xx.xx.1995-ci il tarixli qərarına əsasən X9 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi və reyestr kitabında D.V.Şükürovanın adına aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. D.V.Şükürovanın hüquqları ləğv edildikdən sonra reyestr kitabında hər hansı əməliyyat aparılmamışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 1 saylı mənzili İddiaçı məxsusdur. Həmin ünvanda – iddiaçının mənzilində yuxarıda yerləşən 5 saylı mənzil isə Cavabdeh mülkiyyətindədir. İddiaçıya məxsus mənzilə 5 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. Həmin ziyanın aradan qaldırılması üçün cavabdehə edilən müraciətlər cavabsız qaldığından iddiaçı vurulmuş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri ilə Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 1 saylı mənzilin dəhliz və yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 1 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 5 saylı mənzildən su axıdıldığı, nəticədə 1 saylı mənzilin dəhliz və yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bunun Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 5 saylı mənzilinin dəhliz tikilisində yerləşən qarderobda quraşdırılmış su çənindən nəzarətsiz istifadə edilməsi səbəbindən baş verdiyi müəyyən edilmişdir. Ekspert rəylərinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 11 saylı evin 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2512 (iki min beş yüz on iki) manat məbləğində məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə İddiaçı məxsus mənzilə dəymiş maddi ziyanın həddini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli 10/482 №-li ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, susızma hadisəsi nəticəsində vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 2512 (iki min beş yüz on iki) manat həddində müəyyən edilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi tam təmin edildiyindən və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 100 manat cavabdehdən alınaraq İddiaçı ödənilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat cavabdehdən, alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi kimi 2512 (iki min beş yüz on iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi kimi 2512 (iki min beş yüz on iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-88/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-88/2025
24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver