Məhkəmə qərarları › İş №2(005)-885/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-885/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-885/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yelo Bank ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə 7296.7 AZN əsas borc, 334.28 AZN faiz borcu və 3.03 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7634.01 AZN borcun və xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 386.06 AZN əsas borc, 24.06 AZN faiz borcu və 0.52 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 410.64 AZN borcunun və 100.45 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 yanvar 2024-cü il tarixli № 20-TK-4-0-132-24 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 48 ay müddətinə 25 faizlə 400 AZN məbləğində, 18 yanvar 2024-cü il tarixli 20-Y-3-0-129-24 saylı kredit müqaviləsinə əsasən 16.9 faizlə 36 ay müddətinə 8000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il oktyabrın 09-dək Cavabdeh banka 18 yanvar 2024-cü il tarixli 20- TK-4-0-132 24 saylı kredit müqaviləsi üzrə 386.06 AZN əsas borc, 24.06 AZN faiz borcu və 0.52 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 410.64 AZN borcu vardır. 2024-cü il oktyabrın 09-dək X1 banka 18 yanvar 2024-cü il tarixli № 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə 7296.7 AZN əsas borc, 334.28 AZN faiz borcu və 6.05 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7637.03 AZN borcu vardır. Cavabdeh 18 yanvar 2024-cü il tarixli № 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 6.05 manat təşkil etməsinə baxmayaraq 3.03 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbində qeyd olunan borcu qəbul edir. Müəyyən sıxıntılarının olması səbəbindən borcu ödəyə bilməmişdir, lakin hazırda işləyir. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2025cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 18 yanvar 2024-cü il tarixli № 20- TK-4-0-132-24 saylı kredit xəttinin ayrılmasına dair müqaviləsinə əsasən İddiaçı ASC-dən 48 ay müddətinə 25 faizlə 400 AZN məbləğində kredit xətti açılmışdır. - Cavabdeh hesabdan çıxarış məlumatları ilə müəyyən olunur ki, hesaba xx.xx.2024cü il tarixdə 400 manat daxil edilmişdir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 18 yanvar 2024-cü il tarixli 20-Y-3-0- 129-24 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya Bank tərəfindən 16.9 faizlə 36 ay müddətinə 8000 AZN məbləğində kredit verilmişdir. - 20-Y-3-0-129-24 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, məbləğ 8000 manat, müddət 36 ay, aylıq annuitet 284,82 manat, illik faiz dərəcəsi 16,9 %-dir. - 20-Y-3-0-129-24 saylı kredit müqaviləsinə xx.xx.2024-cü il tarixli əlavə sazişlə müəyyən olunur ki, kreditin müddəti xx.xx.2027-ci il tarixədək uzadılır, kredit öhdəliyinin cəmi qalığı 7703,57 manat təşkil edir. İllik faiz dərəcəsi 16.9 %-dir. - 20-Y-3-0-129-24 saylı kredit müqaviləsinə xx.xx.2024-cü il tarixli 1 saylı əlavədən görünür ki, məbləğ 7653,27 manat, müddət 34 ay, illik faiz dərəcəsi 16,9 %-dir. - xx.xx.2024-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh 7800 manat məbləği təhvil almışdır. - xx.xx.2024-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh 200 manat məbləği təhvil almışdır. - 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə qalıq məbləği 386,06 manat, faiz borcu üzrə qalıq məbləğ 24,06 manat, cərimə borcu üzrə 0,52 manat, banka cəmi borc 410,64 manatdır. - 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə qalıq məbləği 7296,7 manat, faiz borcu üzrə qalıq məbləğ 334,28 manat, cərimə borcu üzrə 6,05 manat, banka cəmi borc 7637,03 manatdır. - İddiaçı ASC Bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, ona banka olan borcunu 5 gün müddətinə banka ödəməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 18 yanvar 2024-cü il tarixli № 20-TK-4-0-132-24 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 48 ay müddətinə 25 faizlə 400 AZN məbləğində, 18 yanvar 2024-cü il tarixli 20-Y-3-0-129-24 saylı kredit müqaviləsinə əsasən 16.9 faizlə 36 ay müddətinə 8000 AZN məbləğində kredit götürmüşdür. Kredit müqavilələri üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir (cavabdeh 400 manat və 8000 manat olan kredit məbləğləri ilə təmin edilmişdir.). Lakin Cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödənişlər edilməməklə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq xx.xx.2024-cü il tarixli, 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə 7296.7 AZN əsas və xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 386.06 AZN əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş xx.xx.2024-cü il tarixli, 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə illik 16.9 % faiz dərəcəsinə görə hesablanan 334,28 manat və xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 25 % dərəcəsində görə 24,06 manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə kreditin illik faiz dərəcəsi 16.9 %, xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 25 % müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilələr üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda Cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 334,28 manat və 24,06 manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli, 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə 3,03 manat və xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 0,52 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, əsas borcun məbləğini, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini, müqavilələr üzrə əsas borc məbləğlərini, habelə tərəflərin hər ikisinin mənafeyini nəzərə alaraq, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 20-Y-3-0- 129-24 saylı kredit müqaviləsi üzrə 3,03 manat və xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 0,52 manat cəriməənin müqavilə üzrə yaranmış əsas borc və faiz borcu məbləğinə mütənasib olduğunu hesab edir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan borcu ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsinin qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100,45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə 7296.7 (yeddi min iki yüz doxsan altı manat yetmiş qəpik) manat əsas borc, 334.28 (üç yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 3.03 (üç manat üç qəpik) manat cərimə borcu olmaqla, xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 386.06 (üç yüz səksən altı manat altı qəpik) manat əsas borc, 24.06 (iyirmi dörd manat altı qəpik) manat faiz borcu və 0.52 (əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8044,65 (səkkiz min qırx dörd manat altmış beş) manat borc və 100.45 (yüz manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 358-360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 20-Y-3-0-129-24 saylı kredit müqaviləsi üzrə 7296.7 (yeddi min iki yüz doxsan altı manat yetmiş qəpik) manat əsas borc, 334.28 (üç yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 3.03 (üç manat üç qəpik) manat cərimə borcu olmaqla, xx.xx.2024-cü il tarixli 20-TK-4-0-132-24 saylı kredit müqaviləsi üzrə 386.06 (üç yüz səksən altı manat altı qəpik) manat əsas borc, 24.06 (iyirmi dörd manat altı qəpik) manat faiz borcu və 0.52 (əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8044,65 (səkkiz min qırx dörd manat altmış beş qəpik) manat borc və 100.45 (yüz manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar