Məhkəmə qərarları › İş №2(005)-886/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-886/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-886/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 35 nömrəli notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və ödəniləcək məbləğin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 35 nömrəli notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və ödəniləcək məbləğin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 nömrəli notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi və ödəniləcək məbləğin dəqiqləşdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2018-ci ilin dekabr ayında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə DK/14863/66/14 nömrəli kredit müqaviləsi bağlayaraq, “Dostlar Klubu” kredit karti ilə 400 (dörd yüz) manat məbləğində pul borc götürmüşdür. Kredit müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulmuşdur. O, 2019-cu ilin yanvar ayından dekabr ayınadək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə hər ay 20 (iyirmi) manat məbləğində ödənişlər etmişdir. Lakin, sonradan dünyada baş verən siyasi və iqtisadi hadisələr ilə əlaqədar (pandemiya, iqtisadi böhran və s.) maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişləri edə bilməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri 35 nömrəli notariat ofisinə müraciəti əsasında xx xxxxxx 2020-ci il tarixdə müvafiq ofisin xüsusi notariusu X4 qeyd edilən kredit müqaviləsi əsasında icra qeydi aparmış və icraya yönəltmişdir. İcra məmurunun ona müraciətindən dərhal sonra o icra məmuruna öz etiraz ərizəsini təqdim etmişdir. Qeyd edilməlidir ki, o bir il ərzində hər ay 10 (on) -20 (iyirmi) manat olmaqla ödənişlər etmişdir. Müvafiq ödənişlər nəzərə alınsa onun qalıq borcu 522 (beş yuz iyirmi iki) manat məbləğində qala bilməz. Bundan əlavə müqavilənin müddəti hələ bitməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bu müqavilə üzrə qalıq borcun dəqiqləşdirilməsinə ehdiyac vardır. Ödənişlər etməyinə baxmayaraq, ondan yenidən 522 (beş yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin tutulması onun hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını və yekun qərar çıxarılmasını, eyni zamanda verdiyi izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Bakı şəhəri 35 nömrəli notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxs Bakı şəhəri 35 nömrəli notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı adına olan müvafiq hesabdan xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövr üçün çıxarışın məzmunundan görünür ki, DK/14863/66/14 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş borc məbləği 457 (dörd yüz əlli yeddi) manat məbləğindədir; Bakı şəhəri 35 nömrəli notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli icra qeydinin surətindən və məzmunundan görünür ki, DK/14863/66/14 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 522,50 (beş yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində borc vəsaiti və müvafiq qeydin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 542,50 (beş yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin borclu İddiaçı tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir; xx xxxxxx 2020-ci il tarixli 101942 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2018-ci ilin dekabr ayında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında DK/14863/66/14 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu “Dostlar Klubu” kredit karti ilə 400 (dörd yüz) manat məbləğində pul borc götürmüşdür. Kredit müqaviləsinin müddəti 2022-ci ilədək müəyyən edilmişdir. İddiaçı adına olan müvafiq hesabdan xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövr üçün çıxarışla müəyyən edilmişdir ki, DK/14863/66/14 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş borc məbləği 457 (dörd yüz əlli yeddi) manat məbləğindədir. Bakı şəhəri 35 nömrəli notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli icra qeydinə əsasən, DK/14863/66/14 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 522,50 (beş yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində borc vəsaiti və müvafiq qeydin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 542,50 (beş yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin borclu İddiaçı tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 35 nömrəli notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və ödəniləcək məbləğin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 nömrəli notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi və ödəniləcək məbləğin dəqiqləşdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli 101942 nömrəli qəbzdən də görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən: -borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; -icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; -barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; -icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; -fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; -tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; -icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; -borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Araşdırma zamanı iddiaçı şəxs İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı DK/14863/66/14 nömrəli kredit müqaviləsi əsasında tələbkar bank tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 35 nömrəli notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı xx xxxxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin icra qeydi bağlanarkən mülki qanunvericiliyin müəyyənləşdirilmiş şərtləri pozulmamış və həmin icra qeydinin ləğv edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 35 nömrəli notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və ödəniləcək məbləğin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar