Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-889/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, “X4 Ticaret Limited Şirketi” MMC mübahisə predmeti barədə müstəqil təlb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 800 (səkkiz yüz) manat pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mən “İnstagram" sosial şəbəkəsində tanış olduğu Cavabdeh xx.xx.2022-ci il tarixdə kosmetologiya kursu keçmək müqabilində "Mayomed" klinikasında 800 manat pul verib, özünü kosmetoloq-həkim kimi təqdim edən həmin xanım onu əmin edib ki, kosmetologiya kursu bütün kosmetoloji prosedurları nəzəri və praktik olaraq əhatə edəcək. Lakin kosmetoloq pulu alandan sonra bildirdi ki, kursa gəlməzdən öncə ona zəng etsin və hər ikisi üçün uyğun olan vaxtı təyin edək. İddiaçı isə buna etiraz edib va bildirib ki, onun üçün dəqiq dərs saatları təyin olunsun. Çünki iddiaçı səhhəti ilə əlaqəli olaraq tez-tez həkimə gedir və üst-üstə düşməyini istəmir. Bu söhbətdən sonra dərs üçün gün və saat təyin olunsa da həmin kosmetoloq tərəfindən dərs saatları müxtəlif bəhanələrlə pozulurdu. Hətta dərs müddətinin çox hissəsini telefonla məşğul olmaqla və öz şəxsi işləri ilə məşğul olmaqla keçirirdi. Dərs vaxtları iddiaçıya heç bir məlumat yazdırmamış və heç bir əyani vəsaitlə təmin etməmişdir. Bir neçə dəfə ona xahişindən sonra iddiaçıya öz üzündə yanaq dolğusu haqqında qısa məlumat vermişdir. Həmin kosmetoloqun yanında heç bir prosedurun praktikası ilə məşğul olmamışdır. Səbəb kosmetoloji prosedura model kimi heç kimi dəvət etməməsi, iddiaçının tanışlarım ilə model kimi təyin olunan vaxtın kosmetoloq tərəfindən bir neçə dəfə dəyişdirilməsi olub. Hər dəfə də onu arxayın edirdi ki, narahat olmasın hər şeyi tam şəkildə öyrədəcək. Bu vəziyyətlə əlaqədar artıq o cavabdehdən şübhələnməyə başladı. Bir gün də kurs saatında otağa bir yaşlı Tusya adlandırdığı xanım gəldi və cavabdeh iddiaçıdan xahiş etdi ki, dəhlizdə otursun. Təxminən bir saat keçdikdən sonra dəhlizdə cavabdeh iddiaçıya yaxınlaşaraq ondan 150 manat pul istədi. İddiaçı da ona pul qabından 150 manat verəndə pul qabında olan bütün pulları gördü. İddiaçıdan aldığı 150 manat pulu Tusya xanıma verib, onu yola saldı. İdiaçıya da həmin pulu sabah qaytaracağını bildirdi. Səhərisi gün ağlayaraq ona zəng etdi və təcili pula ehtiyacı olduğunu bildirdi. Xalasının xəstəxanada müalicə olunduğunu və həmin mülicə üçün on 200 manat pul lazım olduğunu qeyd etdi. Plastik kartını göndərdikdə iddiaçı ona 200 manat pul göndərdi. Həmin gün pulu dərsdə verəcəyini desə də 1 saat sonra dərsi təxirə saldı. Sonrakı gün iddiaçı kursa getdikdən saat yarım keçəndən sonra cavabdeh ora gəldi və heç bir söz demədən telefonla danışaraq otağı səliqəyə salmağa başladı. Onun bu hərəkətləri və üzünü asmağı iddiaçının xoşuna gəlmədi və o başa düşdü ki, ondan aldığı pulları qaytarnamaması üçün belə edir. Sonra isə kartına gəlməli olub lakin gəlməyən pullardan danışaraq müxtəlif bəhanələr gətirdi. İddiaçı onun pulu qaytarmaq istəmədiyini başa düşdüyü üçün həmin borcun bir qismi müqabilində üzünə dolğu etməsini xahiş etdi. O, isə bir neçə kosmetoloji firmalara zəng etdikdən sonra həmin proseduru o gün edə bilməyəcəyini bildirdi. İddiaçı isə mütləq həmin gün etdirmək istədiyini bildirdi. Başı ağrıdığı üçün aptekə gedib qayıtdıqda həmin dərs otağında bir oğlanla oturduğunu gördü, ona da oturmağı təklif etdi. İddiaçı etiraz edərək dəhlizdə gözlədi, lakin dərs saatının sonuna qədər cavabdeh dərs otağında həmin oğlanla oturdu.Günün sonunda iddiaçını digər otağa aparıb dolğunu orda etdi. Dolğunu edəndən sonra ona dedi ki, borcun 130 manatını etdiyi dolğunun pulunun əvəzinə çıxsın, yerdə qalan 170 manat pulu kartına göndərsin. İddiaçı artıq onun barəsində mənfi rəyə gəlmişdi. Evə gəlib kartına pulu geri göndərəcəyini gözlədi, bir neçə saat sonra yenidən kartın şəklinin ona göndərərək pulu qaytarmağını xahiş etdi. Lakin cavabdeh bundan sonra pul qaytarmadı və hətta iddiaçıya kobud sözlər yazmağa başladı. Bundan sonra iddiaçı ümumiyyətlə dərsə gəlməyəcəyimi bilidirirək ona kurs üçün verdiyi 800 manat pulu və aldığı borcun qalan 170 manatını geri tələb etdim. Əvvəlcə qaytarcağını bildirsə də sonradan imtina etdi. Yoldaşı bu barədə ona zəng edib danışmaq istəyəndə isə o, bir neçə zəngi açmadı,sonra isə telefonu açıb yoldaşının özünü təqdim edib bu məsələ barəsində canışmaq istədiyini bildirdikdə həmin xanım ağlamağa başladı.Sonra yoldaşı onu sakitləşdirdi və bildirdi ki, ağlamağa ehtiyac yoxdur. Sadəcə danışıb bu məsələni aydınlaşdırmaq üçün ona zəng etdiyini bildirdi. O isə söz-söhbət yaratmaq üçün iddiaçının yoldaşına onun barəsində yalan-yanlış məlumatlar verdi bu məlumatlarla ailəyə nifaq salıb öz məsələsini unutdurmağa çalışırdı. İddiaçının yoldaşı ondan pulu göndərməsini xahiş etdi və telefonu söndürdü. Bir neçə gün sonra iddiaçının təkidi ilə mesaj yazıb pulu istədiyini görüb öncə kiməsə yazıb karta 100 manat göndərtdirdi, sonra isə başqa bir adama xahiş edib başqa bir kartla 70 manatı göndərtdirdi. Amma kurs üçün aldığı 800 manat pulu göndərməyəcəyini bildirdi. İddiaçı da Səhiyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdi. Bundan sonra cavabdehin ümumiyyətlə həmin klinikanın əməkdaşı olamadığı aşkar olundu. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini əsassız hesab etdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmir. Mübahisə predmeti barədə müsəqil tələb irəli sürməyən üçüncü şəxs , “X4 Ticaret Limited Şirketi” MMC iddia ərizəsinə yazılı münasibət təqdim edərək, bildirmişdir ki, Cavabdeh ilə MMC-nin heç bir əlaqəsi yoxdur. Belə ki, cavabdeh Filialın fəaliyyət göstərdiyi ünvanda yerləşən binada xx.xx.2023-cü il tarixdə qeyri-yaşayış sahəsinin sahibi fiziki şəxs X1 etibarnamə üzrə təmsilçisi X2 arasında həmin binanın 9,5 kv.m. sahəsinə dair icarə müqaviləsi bağlanmış və orada özünə məxsus fəaliyyətlə məşğul olmuşdur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs eyni zamanda məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin 29 avqsut 2022-ci il tarixli, 080-12411 A-3222 saylı məktubundan görünür ki, İddiaçı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilir. Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi “X3” X7 19 avqust 2022-ci il tarixli məktubundan görünür ki, “X4 Ticaret Limited Şirketi” MMC-yə məxsus klinikada “plandankənar yoxlama” aparılmışdır. Yoxlama zamanı aşkar edilmiş inzibai xəta əlamətləri ilə bağlı MMC-nin direktoru barəsində AR İXM-nin müvafiq maddələri ilə icraata başlanılmış və aidiyyəti üzrə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 3(005)- 2585/2022 saylı Qərarından görünür ki, “X4 Ticaret Limited Şirketi” MMC AR İXM-ni 215.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilmişdir. “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 03/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli müqavilədən görünür ki, qeyri-yaşayış sahəsinin sahibi fiziki şəxs X1 etibarnamə üzrə təmsilçisi X2 ilə Cavabdeh arasında həmin binanın 9,5 kv.m. sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “skrinşot” lardan görünür ki, iddiaçı cavabdehin instagram sosial şəhəkəsində “dr.muradova.s” şəxsi səhifəsindən yazaraq kursun qiyməti lə maraqlanmış, cavabdeh 12 dərsin 800 manat dəyərində qiymətləndirildiyini bildirmiş, ünvanı qeyd etmiş, daha sonrakı danışıqlar “whatsapp” şəbəkəsi üzərindən baş tutumuşdur. Müxtəlif vaxtlarda iddiaçı və cavabdeh müəyən işlərinin olması ilə əlaqədar dərsin baş tutmadığını görünür. Belə ki, müxtəlif tarixlərdə iddiaçının dayısının vəziyyəti ağırlaşdırı, rayona stirahə getməsi səbəbi ilə, cavabeh isə tanışının əməliyyat edilməsi, anasının vəziyyətinin ağırlaşması səbəbi il’ dərslər təxirə salınmışdır. Skrinşotlardan həmçinin iddia ərizəsində göstərilən cavabdehin iddiaçıdan borc pul aldığı və sonra qaytarması faktı da öz təsdiqini tapır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi xidmət müqaviləsi mübasibətləri yaranmışdır. Bu müqavilənin əsasında, cavabdeh iddiaçıya müəyyən bilikləri, bacarıqları tədris etmək; iddiaçı isə xidmətlərin qarşılığında 800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. AR MM-də xidmət müqaviləsi ayrıca bir müqavilə kimi nəzərdə tutulmasa da, Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin təqsiri ucbatından dərslərin keçirilməməsi, iddiaçının razılaşdırılmış bilik və bacarıqlara yiyələnməməsi faktı öz təsdiqini tapmır. İddiaçı özü də izahatında 12 sayda dərslərdə iştirak etməsini, lakin müxtəlif səbəblərdən cavabdehin keyfiyyətli dərs keçməməsini bildirir. Lakin dediklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, dərslərin keyfiyyətli keçirilməməsinə baxmayaraq, müqavilə münasibətlərinin davam etdirildiyini, hər dəfə dərs almaq üçün cavabdehin işlədiyi kosmetoloji kabinetə getdiyini bildirir. Məhkəmə hesab edir ki, belə olan təqdirdə iddianın təmin ediməsi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X4 Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-889/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-889/2023
31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver