Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-897/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı 80 nömrəli mənzilə 82 nömrəli mənzildən axan su nəticəsində dəymiş zərərə görə 5000 manat məbləğində pulun onun xeyrinə tutulması, həmçinin cavabdehin qızı X3 etdiyi təhqirlərə görə cəzalandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Onun yaşadığı ünvandan bir mərtəbə yuxarıda, yəni, Baki şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 4, mənzil 82-də yaşayan Cavabdeh ailəsi tərəfindən mənzilindən onun mənzilinə artıq müəyyən bir müddətdir ki, su axıdılır. O, 1980-ci il tarixindən bu ünvanda yaşayır və 1980ci ildən indiyə qədər də bu xoşagəlməz hadisə davam edir. Dəfələrlə bu məsələ ilə bağlı Cavabdeh ailəsinə xəbərdarlıq etsə də, o hər hansı bir tədbir görməyə heç bir cəhd göstərməyib. Əksinə cavabdehin qızı Abdullayeva Nailə təhqiredici sözlərdən istifadə edib və xx.xx.2022-ci il tarixində mənzilinə bir daha su axıdılıb. Qonşusu olan Cavabdeh öz mənzilində onların mənzilinə axıdılan su ilə bağlı hər hansı bir təmir işi etməkdən və hər hansı bir tədbir görməkdən imtina edib və o özü təmir etdirmək məcburiyyətində qalmışdır. Onun yaşadığı mənzilə cavabdehin mənzilindən axıdılan su nəticəsində xeyli ziyan dəymişdir. MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə onun yaşadığı mənzilə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Baxış zamanı məlum olub ki, həqiqətən də otaqların birinin tavanından üst mərtəbədən su sızması baş verib. Mənzilinə xeyli ziyan dəymişdir: mənzilin giriş hissəsində divar kağızları qopmuş, sanuzelin bəzək işləri zədələnmiş, sanitar qovşağın elektrik xəttləri zədələnmiş, və həmçinin döşəmə zədələnmişdir.Baxış keçirilən zaman yaşadığı mənzil 80-ə dəymiş ziyanın ümümi məbləği 5000 manat olduğu təyin edilmişdir. Baxış keçirildikdən sonra belə Cavabdeh heç bir tədbir görmədi və onun yaşadığı mənzilə hələ də zərər dəyməyə davam edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 bildirmişdir ki, mənzilə su axıdılan gün qızdırıcı sistemlərində nasazlıq yaranmış, onların evinə və alt qonşunun evinə su axıdılmışdır. Həmin evdə atasıgil yaşayır. O, həmin gün usta gətirib nasazlığı təmir etdirmişdir. O, hesab edir ki, bu məsələni öz aralarında həll edə bilərdilər. Bu məsələnin məhkəməyə qədər gəlməsinə ehtiyac yox idi. İddiaçının mənzilinə qeyd edilən məbləğdə zərər vurulması mümkün deyildir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, cavabdehin işə baxılmasının davam etdirilməsi barədə xahişini nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 80 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi xx.xx.1994-cü il tarixdə qeydiyyatdan keçirilmişdir; - 38 saylı MKİS-in mühəndisi A.Şərifov, texnik Z.İbrahimov, mühasib E,Quliyevanın imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Çaykovski küçəsi, ev 4, mənzil 80-də yaşayan İddiaçı şikayətinə əsasən ünvana baxış keçirmişlər. Məlum olmuşdur ki, həqiqətən də İddiaçı mənzilindəki otaqlardan birinin tavanından üst mərtəbədən su sızması baş vermişdir. Su sızmasının nə səbədən baş verməsi tərəflərin aşkar olunmamışdır. Üst mərtəbədə yerləşən mənzilin sahibi X5r; - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1046 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 80 saylı mənzilin yaşayış otaqlarının kostruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmş məlumatları nəərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, ÇAykovski küşəsində yerləşən 4 saylı evin, 80 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 82 saylı mənzildən su axıdıldığı və nəticədə 48 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 82 saylı mənzilə baxış keçirilən zaman, sözügedən mənzilin istilik xətlərinin və su-kanalizasiya xətlərinin təmirli olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də 80 saylı mənzilə su sızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 80 saylı mənzilə su sızması 82 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi və ya istilik boru xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində yerləşən 4 saylı evin, 80 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 551 manat məbləğində müəyyən olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh məxsus mənzildən onun yaşadığı mənzilə su sızdığını, bu halın bir neçə dəfə təkrarlandığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(005)-897/2023 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsində yerləşən 4 saylı evin, 80 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 551 manat məbləğində müəyyən olunmuşdur. Hazırda iddiaçı ona dəymiş 5000 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş akta və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evindən olduğu müəyyən edilir və bu zaman konkret texniki səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 551 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 551 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehin qızının cəzalandırılması tələbi ilə əlaqədar qeyd edir ki, iddia ərizəsində iddiaçı şəxsin cəzalandırılmasını xahiş etsə də, iddiaçının əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlardan və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı əslində xüsusi qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 50 manat təşkil edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 551 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 70 manatın 10 manatı, cəmi 561 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 551 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 70 manatın 10 manatı, cəmi 561 (beş yüz altmış bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-897/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-897/2023
16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver