Məhkəmə qərarları › İş №2(005)-900/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-900/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-900/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Expressbank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 iyun 2019-cu il tarixli, 101804-722867/1 nömrəli kredit müqaviləsi üzrə 5689.70 manat məbləğində əsas borc, 2436.85 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8126.55 (səkkiz min bir yüz iyirmi altı manat, əlli beş qəpik) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 iyun 2019-cu il tarixli, 101804-722867/1 nömrəli kredit müqaviləsi üzrə 5689.70 manat məbləğində əsas borc, 2436.85 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8126.55 (səkkiz min bir yüz iyirmi altı manat, əlli beş qəpik) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 101804-722867/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 30 ay müddətinə, illik 26.5% dərəcəsi ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 19 iyun 2019- cu il tarixli, 101804-722867/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafıkini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 19 oktyabr 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5689.70 manat məbləğində əsas borc, 2436.85 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8126.55 (səkkiz min bir yüz iyirmi altı manat, əlli beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Krediti müqaviləsinin 5.4.3-cü və 5.4.6-cı bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 8.1-ci maddəsinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, cavabdehlər krediti müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmişlər və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 19.06.2019-cu il tarixli, 101804-722867/1 kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 30 ay müddətinə illik 26,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6500.00 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir; 19.06.2019-cu il tarixli, 101804-722867/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşımağı öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2019-cu il tarixli, 101804-722867/1 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh1 19.06.2019-cu il tarixdən 19.11.2021-ci il tarixədək hər ay 298,60 manat, sonuncu ay 19.12.2021-ci il 298,75 manat ödəməli idi; 19.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 19.06.2019-cu il tarixli, 101804-722867/1 saylı kredit müqaviləsi üzrə 19.10.2020-ci il tarixinə 5689,7 manat məbləğində əsas, 2436,85 məbləğində faiz borcu, ümumilikdə 8126,55 AZN məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə gecikmə 305 gün təşkil edir; İş materiallarına əlavə edilmiş 17.03.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 6521,2 borcunun 31.03.2020-ci il tarixinədək ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2265 nömrəli, 30.04.2021-ci il tarixli rəyinə əsasən hesabdan çıxarış məlumatlarına görə, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.06.2019-cu il tarixli, 101804-722867/1 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 19.10.2020-ci il tarixə 6013,81 manat əsas borc, 841,10 manat faiz borcu məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; İş materiallarına əlavə edilmiş 17.11.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 6500.00 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbində faiz borcu 2436,85 manat tələb edilsə də, verilmiş ekspert rəyi ilə faiz borcunun məbləği 841,10 manat göstərilmişdir. Müqavilənin bitmə tarixinə, yəni 19.10.2020-ci il tarixə faiz borcunun 841,10 manat olması ekspert rəyi ilə müəyyən edildiyindən, məhkəmə ekspert rəyini iş üzrə mötəbər sübut kimi qiymətləndirərək iddianın həmin hissədə qismən təmin olunmaı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2019-cu il tarixli, 101804-722867/1 saylı kredit müqaviləsinə əsasən 19.10.2020-ci il tarixə 5698,70 manat məbləğində əsas, 841,10 manat məbləğində faiz borcu, ümumilikdə 6530,8 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər X5 və X3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2019-cu il tarixli, 101804-722867/1 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5698,70 (beş min altı yüz doxsan səkkiz manat yetmiş qəpik) manat məbləğində əsas, 841,10 (səkkiz yüz qırx bir manat on qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 6530,8 (altı min beş yüz otuz manat səksən qəpik) manat və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar