Məhkəmə qərarları › İş №2(005)-902/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-902/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-902/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı “İddiaçı”ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ”İddiaçı” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 ( otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 11300 ( on bir min uç yüz ) manat məbləğində kredit verilmiş və bununla bağlı «Azər - Türk Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixinə əsas borcu 8891.09 manat, faiz borcu 809.85 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 9700.94 (doqquz min yeddi yüz manat 94 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Kredit Müqaviləsinin 1.1.3-cü maddəsinə əsasən hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5% dəbbə hesablanır. Kredit Müqaviləsinin 3.2-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər bu Xidmət müqaviləsi və Bu Xidmət Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə Xidmət Müqavi ələrinin Standard Şərtləri” ilə tənzimlənir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh “İddiaçı" ASC-nin xeyrinə 8891.09 (səkkiz min səkkiz yüz doxsan bir manat 09 qəpik) manat əsas, 809.85 (səkkiz yüz doqquz manat 85 qəpik) manat faiz, cəmi 9700.94 (doqquz min yeddi yüz manat 94 qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh “İddiaçı" ASC-nin xeyrinə 8891.09 (səkkiz min səkkiz yüz doxsan bir manat 09 qəpik) manat əsas, 1188,76 (min yüz səksən səkkiz manat 76 qəpik) manat faiz, cəmi 10075,85 (on min yetmiş beş manat 85 qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək mülki işə iştirakı olmadan baxılıb təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqavilədən görünür ki, kreditor borcluya illik 23 % olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 11300 manat məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 09xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə əsas borcu 8891,09 manat, faiz borcu 809,85 manat olmaqla, cəmi 9700,94 manat təşkil edir. İş materiallarında olan xx/xx-3905 N-li, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcu 5 iş gününədək ödəməsi üçün xəbərdar edilmiş əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 437,42 manat, son ay üçün isə 437,40 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 23% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 11300 manat məbləğində kredit vermişdir. Cavabdeh “İddiaçı”ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş həmin məbləğdə pulu almışdır. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuş və bunun nəticəsində 10075,85 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi 8891,09 manat əsas və 1184,76 manat faiz borcu, ümumilikdə 10075,85 manat məbləğində borc məbləği ilə bağlı əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən 8891,09 manat əsas, 1184,76 manat faiz borcu, ümumilikdə 10075,85 (on min yetmiş beş manat, 85 qəpik) manat və ödənilmiş 30,40 manat dövlət rüsumu ”İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar