Məhkəmə qərarları › İş №2(005)-909/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-909/2024

17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-909/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı (“TƏBİB” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh PHŞ-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət tərəfindən iddiaçıya verilməsi nəzərdə tutulmuş şəkərsalıcı dərmanların, eləcə də özünənəzarət vasitələrinin verilməsini təmin etmədiyi üçün vurulmuş 5590 (beş min beş yüz doxsan) manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsəslandırılmışdır ki, İddiaçı 2006-cı il ildən Bakı şəhəri X2 Publik Hüquqi şəxsin tərkibində olan 1 №-li poliklinikada (əvvəllər 8 №-li şəhər poliklinikası) İİ tip diabetli şəkər xəstəsi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 №-li Qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən müayinələrin) həcmi inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı vasitələrin, özünənəzarət vasitələrinin siyahısı və miqdarının və şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı” Qaydalarında şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan dərman və özünənəzarət vasitələrinin illik miqdarı göstərilmişdir. Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə təsdiq edilmiş Qaydalara görə İİ tip şəkər xəstələrinə 2 aya 1 qutu qanda şəkəri təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 ədəd olmaqla), sidikdə şəkəri təyin etmək üçün 3 aya 1 qutu (1 qutuda 50 ədəd olmaqla) vizual test çubuqları verilməlidir. İddiaçı bildirir ki, təkcə bir dəfə 2009-cu ilin avqust ayında ona 1 qutu, içərisində 25 ədəd olmaqla qanda şəkəri təyin etmək üçün test çubuqları verilmiş və iddiaçıya məxsus tibbi kitabçada qeydiyyat aparılmışdır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalar barədə məlumatı olmadığı üçün özünənəzarət vasitələrinin verilməsini poliklinikadan tələb etməmişdir və uzun illərdir ki, öz şəxsi vəsaiti hesabına əldə etmişdir. Hal-hazırda satış şəbəkələrində 25 ədədli test çubuqlarının 1 qutusunun qiyməti 12 manat 50 qəpikdir. 50 ədədli test çubuqların qiyməti 25 manat təşkil edir. Qaydalara görə iki aydan bir 50 ədədli 1 qutu verilməli olduğu nəzərə alınsa, il ərzində 6 qutu edir. Deməli, 6x25 manat = 150 manat, 2006-cı ildən qeydiyyatda olduğu üçün 17 ildə pulsuz verilməli olan, lakin verilmədiyi üçün öz şəxsi vəsaiti hesabına əldə etdiyi test çubuqların dəyəri 150 manat x 17 il = 2550 manat təşkil edir. Təqribən bir o qədər də sidikdə şəkərin miqdarını müəyyən edən test çubuqların qiyməti təşkil edir. Verilməyən qlukometrlərin qiyməti isə (iddiaçıda olan məlumata görə 3 ildən bir verilməlidir) 45 manat (ədədin qiyməti) x 6 = 270 manatdır. Ölkədə olan şəkərli diabet xəstələrinin qeydiyyatda olan sayına uyğun olaraq dövlət büdcə vasitələri hesabına aldığı şəkər salıcı dərman vasitələrini xəstələrə pulsuz verilməsi üçün poliklinikalara bölüşdürür. İddiaçı bildirir ki, dövlət tərəfindən ayrılmış dərman onun əmlakı hesab edildiyi üçün ona çatdırılmalı idi. Pensiyaçı olduğuna görə tibb müəssisəsinə getmədiyi hallarda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 20-ci maddəsinə əsasən dərmanlar yaşadığı ünvana göndərilməlidir. 2023-cü ilin mart ayından halhazırkı vaxta qədər pulsuz verilməli olan dərmanların dəyəri isə 10 (ayların sayı) x 22 manat = 220 manat təşkil edir. Deməli, pulsuz verilməsi nəzərdə tutulmuş, lakin tibb müəssisəsi tərəfindən verilmədiyi üçün öz vəsaiti ilə əldə etdiyinə görə iddiaçıya vurulmuş zərərin ümumi məbləği 2550 manat + 2550 manat + 270 manat + 220 manat = 5590 manat təşkil edir. Vurulmuş zərərin könüllü ödənilməsi barədə 1 nömrəli poliklinikanın rəhbərliyinə, TƏBİB-ə və X2 X4 təkliflər göndərilsə də, onlar tərəfindən heç bir addım atılmamışdır. Daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək iddiaçıya vurulmuş maddi zərərin, yəni 7750 azn pul, ödədiyi 74 azn dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması, eləcə də əlavə ödədiyi dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında “TƏBİB” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə EMİS vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddiası əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Tibb Mərkəzinə qarşı tələbi tam əsassızdır. Belə ki, iddiaçı ötən il cənab Baş Nazirə, “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi”nə, Baş Prokurorluğa və digər dövlət qurumlarına şikayətlər edib. Ona şikayətləri üzrə cavablar verilsə də, iddiaçı əsassız iddialarından əl çəkməyərək bu dəfə Nərimanov Rayon Məhkəməsində Cavabdeh PHŞ-dən xeyrinə 5590 manat pul tutulması barədə iddia qaldırıb. İddiaçı İİ tip şəkərli diabet xəstəliyinə görə, endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır. 1 nömrəli Poliklinikaya müraciət etdiyi zaman ay ərzində bir dəfə imtiyazlı dərmanlarla təmin edilib. xx.xx.2023-cü ildə vətəndaş yenidən pulsuz dərmana görə, müraciət etmiş, həkim xəstəyə vaxtından çox qabaq pulsuz dərman üçün müraciət etdiyini bildirmişdir. xx.xx.2023-cü ildə vətəndaş şöbə müdirinə yaxınlaşıb həkimin ona pulsuz resept yazmadığını bildirmiş və başqa həkimə keçilməsini tələb edib. İmtiyazlı dərman aptekdə olmayandan heç bir həkim pulsuz resept yaza bilmir. Nərimanov rayonu üzrə imtiyazlı aptek 4 nömrəli şəhər poliklinikasının tabeliyindədir. Hər ay qeydiyyatda olan “Şəkərli diabet” xəstələrinin sayına uyğun olaraq imtiyazlı dərman qlükometr, qlükometr üçün çöplərə tələbnamə yazılır. İddiaçı müraciət etmədiyi dövlər üzrə həmin dərmanları pul əvəzini istəyir. Cavabdeh 1 nömrəli Poliklinika şöbəsi olaraq həkim yalnız müraciət edən xəstəyə pulsuz resept yazır 30 gündə bir dəfədən artıq olmayaraq. Nazirlər kabinetinin 13 may 2005-ci il tarixli 87 № qərarına uyğun olaraq, pulsuz resept əsasında dərman Bakı Baş Səhiyyə Mərkəzinin tabeçiliyində olan 4 nömrəli şəhər poliklinikası tabeliyindəki aptek tərəfindən verilir. Göründüyü kimi həmin dərmanlar Cavabdeh PHŞ-də olmur və Mərkəz olaraq həmin dərmanlara bağlı sərəncam vermək hüququ yoxdur. Yalnız müraciət edən xəstəyə pulsuz resept yaza bilər ayda bir dəfə. 4 nömrəli şəhər poliklinikasında olan imtiyazlı aptek Bakı Baş Səhiyyə Mərkəzinin tabeçiliyindədir. İddiaçı etiraza cavab ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, maddi zərərin ödənilməsi haqqında iddia tələbi xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etirazın verilməsi prosessual müddətin pozulması ilə verilmişdir. Belə ki, MPM-nin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını bildirməlidir. İddiaya etirazın cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində imzalandığını nəzərə alaraq heç bir səbəb və əsas göstərilmədən etiraz təqribən 30 gün gecikmə ilə verilmişdir. Etiraz ərizəsində qeyd edilir ki, iddiaçı Azərbaycan Respublikasının Baş Nazirinə, Baş Prokurorluğa, Tibbi Ərazi Bölmələri idarəetmə Birliyinə etdiyi şikayətlərə cavab almasına baxmayaraq əsassız iddialardan əl çəkmir. 1-cisi qeyd edilən təşkilatlardan aldığı cavablarda iddiaçının iddialarının əsassız olması barədə heç bir qeyd yoxdur (aldığı cavabları təqdim edə bilər). 2-cisi həmin orqanlara etdiyi müraciətlərdə TƏBİB və X2 PHŞ-də ehtimal olunan korrupsiyanın araşdırılması tədbir görülməməsi iddiaçının günahı deyil. xx.xx.2023-cü il tarixində həqiqətən də 1 №-li poliklinikada şöbə rəisi Ş.Məmmədovanın qəbulunda olmuşdur. Lakin etiraz ərizəsində qeyd edildiyi kimi pulsuz dərman resepti yazılması üçün deyil “Əhalinin sağlamlığının qorunması” haqqında qanunun 51-ci maddəsinə uyğun olaraq sonradan təyin olunmuş və xidmətindən narazı olduğu müalicə həkiminin (əvvəllər başqa həkimin xidmətindən yararlanmışdır) dəyişdirilməsini tələb etmişdir. Şəkərli diabet xəstələrinə pulsuz dərmanların verilməsi 4 №-li poliklinikada yerləşən aptek tərəfindən verilir. Lakin dərman və özünə nəzarət vasitələrin həmin aptekdən pulsuz əldə olunmasına hüquq verən resept X2 PHŞ-in tabeliyində olan 1 №-li poliklinikada yazılır. Resept təqdim etmədən 4 №-li poliklinika pulsuz dərman və digər vasitələr buraxmaq səlahiyyətinə malik deyil. Cavabdehin etiraz ərizəsini imzalayan nümayəndəsi məhkəməyə təqdim olunmuş iddia ərizəsinin məzmunu ilə yaxşı tanış olmadığını hesab edir. Çünki iddiaçının əsas iddia tələbi AR Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 №-li Qərarına əsasən şəkərli diabet xəstəsi kimi iddiaçıya pulsuz yazılmalı olan, qanda və sidikdə şəkəri təyin edən test çubuqları qeydiyyatda olduğu müddətdə yazılmadığı üçün öz şəxsi vəsaiti ilə əldə etdiyinə görə iddiaçıya vurulmuş maddi ziyanla bağlıdır. Etiraz ərizəsində isə test çubuqlarının pulsuz əldə edilməsi üçün pulsuz reseptin yazılmamasının səbəbi barədə bir kəlmə belə yoxdur. Etiraz ərizəsində qeyd edilənlərin hal-hazırkı mübahisə predmetinə, eləcə də iddia tələbinin mahiyyətinə aidiyyəti yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları 8 saylı Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2006-cı il tarixli ambulator xəstənin tibbi kartasından görünür ki, İddiaçı İİ tip şəkərli diabet xəstəsidir. Cavabdeh PHŞ tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə müalicə həkimi Xəyalə Qarayeva tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış pulsuz resept tərəfinizdən Nərimanov rayon üzrə imtiyazlı dərman aptekindən alınmışdır. Qeyd edilir ki, imtiyazlı dərman və vasitələr üçün pulsuz reseptlər ayda 1 dəfə olmaqla yazılır və 4 nömrəli poliklinikanın tabeliyində olan imtiyazlı aptekdən təmin edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1”nin xx.xx.2024-cü il tarixli, 347/KEŞ nömrəli rəyinə əsasən, İddiaçı xx.xx.2009-cu il tarixdən Cavabdeh PHŞ-nin tabeliyində olan 1 saylı poliklinikasında (əvvəllər 8 saylı şəhər poliklinikası) “Şəkərli diabet 11 tip” diaqnozu ilə dispanser qeydiyyatdadır və ona təyin edilmiş diaqnoz düzgün olmuşdur. İddiaçı Cavabdeh PHŞ-nin tabeliyində olan 1 saylı poliklinikada (əvvəllər 8 saylı şəhər poliklinikası) müntəzəm olaraq ona imtiyazlı şəkər əleyhinə preparatlar yazılmışdır. Resept blankında qeyd olunan dərman preparatlarının təyinatı “Şəkərli diabet İİ tip” xəstəliyinə uyğundur. İddiaçı düçar olduğu “Şəkərli diabet” xəstəliyi uzun sürən xroniki gedişli xəstəlikdir. “Şəkərli diabet” xəstəliyi ilə qeydiyyatda olan xəstələrə təyinata uyğun olaraq qlükometr test çubuğu təyin oluna bilər və bunun üçün tələbnamənin yazılması zəruridir. "xxxx" MMC-nin ƏEM/İ 19-424/24 saylı ekspert rəyinə əsasən, şəkərli diabet xəstəliyində istifadə olunan qlükometr üçün test çubuğunun 1 paketinin Azərbaycan üzrə: minimum bazar dəyəri 15,80 manat, maksimum bazar dəyəri 29,60 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: iş üzrə İddiaçı İİ tip şəkərli diabet xəstəsidir. İş üzrə cavabdeh X2” PHŞ iddiaçıya ünvanladığı məktubda göstərir ki, xx.xx.2023-cü il tarixdə müalicə həkimi Xəyalə Qarayeva tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış pulsuz resept tərəfinizdən Nərimanov rayon üzrə imtiyazlı dərman aptekindən alınmışdır. Qeyd edilir ki, imtiyazlı dərman və vasitələr üçün pulsuz reseptlər ayda 1 dəfə olmaqla yazılır və 4 nömrəli poliklinikanın tabeliyində olan imtiyazlı aptekdən təmin edilir. İş üzrə keçirilmiş tibbi-ekspertin rəyi ilə müəyyən edilir ki, iddiaçının resept blankında qeyd olunan dərman preparatlarının təyinatı “Şəkərli diabet İİ tip” xəstəliyinə uyğundur. Digər tərəfdən, rəydə qeyd olunur ki, «şəkərli diabet” xəstəliyi ilə qeydiyyatda olan xəstələrə təyinata uyğun olaraq qlükometr test çubuğu təyin oluna bilər və bunun üçün tələbnamənin yazılması zəruridir. İddiaçı diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan dərman və özünənəzarət vasitələrinin illik miqdarı göstərilmiş, tibb müəssisəsi tərəfindən verilmədiyi üçün öz vəsaiti ilə əldə etdiyinə görə iddiaçıya vurulmuş zərərin ümumi məbləği 2550 manat + 2550 manat + 270 manat + 220 manat = 5590 manat təşkil edir. Vurulmuş zərərin könüllü ödənilməsi barədə 1 nömrəli poliklinikanın rəhbərliyinə, TƏBİB-ə və X2 X4 təkliflər göndərilsə də, onlar tərəfindən heç bir addım atılmadığından vurulmuş zərərin əvəzinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edir, göstərir ki, Cavabdeh 1 nömrəli Poliklinika şöbəsi olaraq həkim yalnız müraciət edən xəstəyə pulsuz resept yazır, 30 gündə bir dəfədən artıq olmayaraq, Nazirlər kabinetinin 13 may 2005-ci il tarixli 87 № qərarına uyğun olaraq, pulsuz resept əsasında dərman Bakı Baş Səhiyyə Mərkəzinin tabeçiliyində olan 4 nömrəli şəhər poliklinikası tabeliyindəki aptek tərəfindən verilir. Göründüyü kimi həmin dərmanlar Cavabdeh PHŞ-də olmur və Mərkəz olaraq həmin dərmanlara bağlı sərəncam vermək hüququ yoxdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Zərərin əvəzinin odənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin odənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə munasibətdə cavabdeh tərəfindən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması müəyyən olunduğu təqdirdə zərərin əvəzinin ödənilməsi ücün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1”nin xx.xx.2024-cü il tarixli, 347/KEŞ nömrəli rəyinə əsasən iddiaçıya təyin edilmiş diaqnozun düzgün olduğu, İddiaçı Cavabdeh PHŞ-nin tabeliyində olan 1 saylı poliklinikada (əvvəllər 8 saylı şəhər poliklinikası) müntəzəm olaraq ona imtiyazlı şəkər əleyhinə preparatlar yazıldığı, resept blankında qeyd olunan dərman preparatlarının təyinatı “Şəkərli diabet İİ tip” xəstəliyinə uyğun olduğu, İddiaçı düçar olduğu “Şəkərli diabet” xəstəliyi uzun sürən xroniki gedişli xəstəlik olduğu müəyyən olunmuş, həmçinin “Şəkərli diabet” xəstəliyi ilə qeydiyyatda olan xəstələrə təyinata uyğun olaraq qlükometr test çubuğu təyin oluna biləcəyi və bunun üçün tələbnamənin yazılmasının zəruri olduğu vurğulanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə X3 diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası: 1-ci bəndinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicəprofilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinoloji dispanserində qeydiyyata alınırlar. 2-ci bəndinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır. 3-ci bəndinə görə pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır. 4-ci bəndinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır. 5-ci bəndinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicəprofilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir. Məhkəmə hesab edir ki, verilmiş iddia tələbi üzrə Cavabdeh PHŞ-nin hərəkət və ya hərəkətsizlik etməsi, təqsirli olması, bunun nəticəsində iddiaçıya zərər vurulması sübut olunmur. Məhkəmə yuxarıda qeyd olunanlara və ekspert rəyinə əsaslanaraq qeyd edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, müvafiq qanunvericilik normalarından da göründüyü kimi şəkərli diabet xəstələrinə pulsuz dərmanlar həkimin resepti əsasında müalicə müəssisəsinin müqavilə bağladığı aptek vasitəsilə verilə bilər. Cavabdeh PHŞ-nin həkimi tərəfindən iddiaçıya resept təmin olunarkən həkim səhvinə yol verməsi, dərmanlarda natamamlıq olması iş üzrə keçirilmiş ekspert rəyi ilə inkar olunur. Digər tərəfdən, hazırki mülki işdə isə iddiaçının maddi zərərin ödənilməsini tələb etdiyi dövr ərzində müvafiq şəhər poliklinikasına müraciət etməsi faktı öz əksini tapmamış, iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı (“TƏBİB” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh PHŞ-yə qarşı (“TƏBİB” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertizanın dəyəri olaraq 300 (üç yüz) manat pul vəsaiti cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar