Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-911/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə “əldən çıxmış faydanın tutulması” hissəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.07.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixdə hər gününü 40(qırx) manat hesablamaqla vəsaitin alınıb onlara verilməsi, 22.07.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixə hər gününü 1(bir)manat dayanacaq haqqı hesablamaqla alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil hazırki iddia üzrə bildirmişdir ki, adları çəkilən iddiaçılar hüquqlarını təmsil etdiyi şəxsə qarşı eyni iddia tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. Belə ki, əvvəlki iddia ərizəsində tələb belə olmuşdur: 4600 manat maddi ziyan; 22.07.2018-ci il tarixdən qətnamə qəbul edilən tarixədək hər gün üçün 40 manat olmaqla 9.600 manat pul; 22.07.2018-ci il tarixdən qətnamə qəbul edilən tarixədək hər gün üçün 1 (bir) manat olmaqla, cəmi 250 manat duracaq haqqı. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 10.04.2019-cu il tarixli qətnaməsi ilə bu iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4.600 (dörd min altı yüz) manat maddi zərər, 250 manat ekspertiza xərci və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(103)-9123/2019 saylı (sədrlik edən və məruzəçi hakim Ş.Məhərrəmova) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hüquqi xidmətə görə 600 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıların xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə apellyasiya şikayəti təmin edilməmişdir. Sözü gedən qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd edilməlidir ki, həmin qətnamə üzrə təmin olunmuş 4.600 manat maddi ziyan, 250 manat ekspertiza xərci, 30 manat dövlət rüsumu və 600 manat hüquqi xidmətə görə pul vəsaiti Cavabdeh alınıb iddiaçılara verilmiş və icra sənədi tam icra olunmuşdur. Hazırki iddia tələbinə diqqət edilərsə məlum olar ki, əvvəlki iddia tələbi ilə eynilik təşkil edir. Əvvəlki iddia tələbini qaldıran və ona cavab verməli olan tərəflər də eyni şəxslərdir. Əvvəlki iddia tələbində və hazırki iddia tələbində iddiaçılar tərəfindən cavabdehə qarşı irəli sürülən pul tələbi eyni predmet və eyni əsas üzrədir. Göründüyü kimi, məhkəmənin icraatında olan mülki iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində öz əksini tapmış tələbdir. Qeyd olunanları nəzərə alaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 22.07.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixədək hər günü 40 (qırx) manat hesablamaqla vəsaitin və həmin dövrə hər günü 1 (bir) manat dayanacaq haqqı hesablamaqla alınıb iddiaçılara verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Raon Məhkəməsinin 2(005)-911/2021 saylı, 22 fevral 2021-ci il tarixli iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(103)-4178/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qərardad qismən, iddia tələbinin 22.07.2021-ci il tarixdən başlayaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə qiymət verilmiş müddətdən sonrakı müddətə görə cavabdehdən iddiaçıların xeyrinə pulun tutulması hissəsində icraata xitam verilməsi hissəsində qərardad ləğv edilməsi və həmin hissədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməsi, iddia tələbinin 22.07.2021-ci il tarixdən başlayaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə qiymət verilmiş müddətdə görə cavabdehdən iddiaçıların xeyrinə pulun tutulması barədə hissəsində işin icraatına xitam verilməsi hissədə qərardad dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia iddia tələbinin əsassız olduğunu, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 10.04.2019-cu il tarixli qətnaməsi ilə bu iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4.600 (dörd min altı yüz) manat maddi zərər, 250 manat ekspertiza xərci və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(103)-9123/2019 saylı (sədrlik edən və məruzəçi hakim Ş.Məhərrəmova) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hüquqi xidmətə görə 600 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıların xeyrinə ödənilməsi qət edilmiş, qalan hissədə apellyasiya şikayəti təmin edilməmişdir. Fərdi sahibkar X2 tərəfindən 28.08.2019-cu il tarixdə, 005 №-li arayışdan görünür ki, İddiaçı1, həqiqətən 10.08.2015-ci il tarixindən Fərdi sahibkar X1 ofisində (VÖEN **********) Operator-dispetçer vəzifəsində çalışır və onun vəzifə maaşı 180,0 (bir yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şəxs iddia ərizəsində tələb etdiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı1 və İddiaçı2 hazırkı iddiası əsassızdır, iddiaçılar iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, həmin sübutların mötəbərliyini əsaslandıra bilməmişdir. Beləliklə təqdim edilmiş sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əldən çıxmış faydanın tutulmasına dair iddiası rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-911/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-911/2021
08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver