Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-923/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun, əldən çıxmış faydanın və gecikdirilmə üçün illik faizin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.000 ABŞ dolları əsas borca görə, 10.000 ABŞ dolları əldən çıxmış faydaya görə, 3.375 ABŞ dolları illik faizlərə görə və ödənilmiş dövlət rüsumunun tutularaq (ABŞ dollarının ödəniləcək günə məzənnəsi ilə) İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh 27 000 (iyirmi yeddi min) ABŞ Dolları (ödəniş günü manat məzənnəsi ilə) əsas borc, 10 000 (on min) ABŞ Dolları (ödəniş günü manat məzənnəsi ilə) əldən çıxmış fayda, 3375 (üç min üç yüz yetmiş beş) ABŞ Dolları (ödəniş günü manat məzənnəsi ilə) illik faiz və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 2016-cı ildən İbad Tanrıverdiyevi tanımış, həmin vaxtdan onunla mütəmadi görüşürmüş və aralarında səmimi münasibətlər yaranmışdır. İddiaçı 2017-ci ilin təxminən oktyabr ayının sonlarında İbad Tanrıverdiyevlə yenidən görüşərkən İbadın tanışı Cavabdeh da onunla birlikdə gəlmiş, Cavabdehlə həmin vaxtda tanış olmuşlar. Birlikdə oturduqları vaxtda Teymur söhbət əsnasında bildirmişdir ki, xarici ölkələrdən avtomobil gətirib Azərbaycanda və digər ölkələrdə satmaqla məşğul olur və bu işindən yaxşı qazanc əldə edir. Bir dəfə görüşərkən Teymur iddiaçıya təklif etmişdir ki, əgər ona müəyyən məbləğdə pul verərsə, xaricdən gətirib satdığı avtomobillərdən əldə etdiyi gəlirdən ona da verər. Teymura bu barədə ətraflı düşünüb cavab verəcəyini bildirmişdir. Bundan sonra, Teymurla görüşmüş və ona razılığını bildirmişdir. Teymur görüş zamanı ona bildirmişdir ki, 35.000 ABŞ dolları verərsə, avtomobil alıbsatdıqdan sonra ona 2.000 ABŞ dolları verəcəkdir. Teymurun bu təklifi onu şirnikləndirmiş və son nəticədə onun sonuncu təklifinə razılığını vermiş, qərara gəlmişdir ki, çalışdığı illər ərzində yığıb topladığı pulları Teymura versin. Topladığı pulları yığaraq təxminən 2018-ci ilin mart ayında dostu Fariz Bayramovla birlikdə Yasamal rayonunda "Kafe Park" adlanan kafedə Teymurla görüşərək ona 35.000 ABŞ dolları vermişdir. Teymur da ona bildirmişdir ki, yaxın günlərdə xarici ölkədən avtomobil alaraq gətirib sataraq ona qazanc kimi 2.000 ABŞ dolları verəcəkdir. Onların arasında olan söhbətdə dostu Fariz də iştirak etmişdir. Teymur gedəndən sonra Fariz onun kim olması ilə maraqlanmışdır. Farizə bildirmişdir ki, Teymuru dostu İbadın vasitəsilə tanımışdır, avtomobil alqısatqısı ilə məşğul olur. Fariz də demişdir ki, Teymurla birlikdə iş görmək üçün ona pul vermək istəyir. Farizə özü bildiyi kimi hərəkət etməsini demişdir. Aradan təxminən 15 gün keçmişdi, Fariz ona zəng vuraraq Teymurla görüşərək ona 15.000 ABŞ dolları pul vermək istədiyini bildirmişdir. Xahiş etmişdir ki, onunla birlikdə olsun, pulu Teymura onun yanında vermək istəyir. Farizlə razılaşaraq görüşmüşlər və yenə də Yasamal rayonunda yerləşən "Kafe Park" kafesinə getmişlər. Orada Teymurla görüşmüş, Fariz məqsədini bildirərək 15.000 ABŞ dollarını onun yanında Teymura vermişdir. Teymur isə bir ay ərzində avtomobil alaraq satıb onlara gəlir verəcəyinə söz vermişdir. Lakin, aradan xeyli müddət keçməsinə baxmayaraq Teymurdan heç bir xəbər olmamışdır. Bundan narahat olaraq Teymura zənglər vurmuşdur. Teymur ona xaricdə olduğunu bildirmiş, ondan dəqiq hansı ölkədə olduğunu soruşduqda hər dəfə bir ölkənin adını çəkmişdir. Teymur ona avtomobil almaq üçün getdiyini bildirmişdir. Beləliklə aradan xeyli vaxt keçsə də, Teymurdan bir xəbər olmamışdır. Bundan sonra, dostu Farizlə birlikdə 2018-ci ilin təxminən aprel-may aylarında Teymurla görüşmüşlər. Ondan pulları hara xərclədiyini soruşduqda Teymur onlara pullarla avtomobil aldığını, lakin gətirə bilmədiyini demişdir. Bildirmişdir ki, gətirib satan kimi onların pullarını qaytaracaq. Bundan sonra Teymur onlardan gizlənməyə başlamış, telefonlarına cavab verməmiş, görüşməkdən yayınmışdır. Yalnız telefon vasitəsilə mesaj yazaraq pulları qaytaracağına söz vermiş, ancaq vədlərinə əməl etməmişdir. Buna görə də Teymuru onunla tanış edən İbad Tarverdiyevlə görüşmüşdür. Ona hadisə barədə danışdıqda məlum olmuşdur ki, Teymur İbadı da aldadaraq ondan 55.000 ABŞ dolları pul almış indiyə kim qaytarmamışdır. Onlar aldadılaraq pullarını ələ keçirmiş Cavabdehlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin, bunun da nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Teymurla dəfələrlə əlaqə saxlayaraq pulunu tələb etdiyi vaxtlarda ona hissə-hissə pulundan qaytarmışdır. Hazırda Cavabdeh ona 27.000 ABŞ dolları borcu qalmışdır. Həmin pulu qaytarmaq fikrində deyildir. Həmçinin Teymurla görüşərkən ona pulları alması barədə sənəd istədikdə Teymur ona borc müqaviləsi yazaraq göstərmişdir ki, həqiqətən İddiaçı 2018-ci ilin mart ayının 28-də ümumilikdə 27.000 ABŞ dolları almış, borcunu 28 iyul 2019-cu il tarixdə qaytaracaqdır. Həmin müqaviləni ərizəsi əsasında araşdırma aparılan zaman istintaq orqanına təqdim etmişdir, qəbz materiala əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində toplanmış materiallar əsasında izahatı alınmış (24.12.2018-ci il) Cavabdeh bildirmişdir ki, “…Bundan sonra Elşad, İbadın yeznəsi Elnur məndən pullarını tələb etməyə başladılar, mən də Elnura hissə-hissə 16.500 ABŞ dolları özüm ödədim ki, İlyadan pulu geri aldıqda öz pulumu da götürərəm və Elnura 31.500 ABŞ dolları veriləsi pul qaldı, mən onlara dedim ki, qalan pulu da İlya həbs edildikdən sonra ödəyəcəyi təqdirdə İlyadan alıb onlara verəcəm, 16.500 ABŞ dollarını isə köməklik üçün onlara ödəyirəm, bundan əlavə Elşadın Pavelə göndərdiyi 35.000 ABŞ dollarından da öz şəxsi pulumdan 5.000 ABŞ dolları Elşada qaytardım. 5.000 manat Elşad mənə əvvəldən borclu qaldığından həmin borca çıxdım və hazırda Elşada 27.000 ABŞ dolları pul ödəməliyəm. Mən Elşada 27.000 ABŞ dollarını Pavel ödəsə də ödəməsə də özüm tərəfindən ödənilməsini öhdəliyimə götürürəm. Bunlardan başqa bildirmək istəyirəm ki, mən Fariz Bayramovdan 15.000 ABŞ dolları və İbad Tarverdiyev dən 55.000 ABŞ dolları almamışam bunlar yalan şər və böhtandır. Elşad mənim sözümlə qeyd etdiyim kimi Rusiya Federasiyasının Bryansk şəhərində yaşayan Pavel adlı şəxsə 35.000 ABŞ dolları göndərib. İbadın yeznəsi isə 48.000 ABŞ dolları pulu Ukrayna dövlətində yaşayan İlya adlı şəxsə göndərib, pulların kimin vasitəsi ilə göndərildiklərini mən hazırda xatırlamıram” qeyd olunmuşdur; Yasamal RPİ-nin İstintaq Şöbəsində toplanmış materiallar əsasında izahatı alınmış (05.03.2019-cu il) Cavabdeh bildirmişdir ki, “Elşad adlı şəxslə 2015-cı il tarixdə İadın vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən Kafe parkda tanış olmuşuq. Elşad tanışlığımız zamanı özünün Dövlət Gömrük Komitəsində işlədiyini mənə demişdi. Təxminən 2017ci ilin avqust ayında mənim Dövlət Gömrük Komitəsinin istintaq idarəsində Rusiya dövlətindən gətirdiyim avtomobil ilə müəyyən problemlər olduğundan, bu barədə Elşadanan telefon vasitəsi ilə əlaqə saxlayaraq, mənə köməklik etməsini xahiş etdim. Elşad 10.000 manat qarşılığında mənə Gömrük Komitəsində olan problemimi həll edəcəyini bildirdi. Həmin ərəfələrdə mən İran İslam Respublikasında olduğuma görə həyat yoldaşım Kamilla Məmmədova dedim ki, 10.000 manat pul düzəldib Elşada versin və Kamillə pulu düzəldib mənə bu barədə dedikdən sonra mən də Elşada dedim. Elşad da dostu Farizə deyib Fariz mənim evimə gedərək həyat yoldaşım Kamilladan 10.000 manat pulu götürüb bildiyimə görə Elşada verib. Lakin Elşad pulu götürdükdən sonra mənim Gömrük Komitəsinin İstintaq dərəsində olan işimi həll etmədi, həmin işi özüm həll etdim və Elşad məndən yəni həyat yoldaşımdan götürdüyü 10.000 manat puldan 5.000 manat mənə qaytarıb bu gün ki tarixədək 5000 manat pulumu geri qaytarmayıb. 2017-ci ilin dekabr ayında biz Elşadla söhbət əsnasında 35.500 ABŞ dollara Ukrayna dövlətində yaşayan Buşkin Ruslan adlı şəxsin səhv etmirəmsə, 2016-cı il buraxılışlı “Range Rover markalı avtomobilin satıldığını dedim faktiki sözü gedən avtomobili almağa imkanımın olmadığından, ona avtomobili şərikli alaraq, İran İslam Respublikasında Barat adlı şəxsə sataraq gəlir əldə edəcəyimizi dedim. Elşad mənim təklifimlə razılaşdı və aramızda baş tutan sövdələşməyə əsasən avtomobil almaq üçün 35.000 ABŞ dolları pulu Elşad ödədi. 10.000 ABŞ dolları pulu isə mən Ruslan Buşkinə özüm göndərmişəm. Bildirmək istəyirəm ki, 10.000 ABŞ dolları pulu Ruslana Moskva şəhərində olan zaman göndərdim. Elşad isə 25.000 ABŞ dolları pulu Ruslan adlı necə özü göndərib və hansı vasitə ilə göndərdiyindən xəbərim yoxdur. 2017-ci il tarixdə dekabr ayının 30-31 tarixində Ruslan sözü gedən “Range Rover” markalı avtomobil ilə Ukrayna dövlətinin sərhədini keçərək, Azərbaycana 02.01.2018-ci ıl tarixdə avtomobili gətirdi. Həmin tarixdə bayram olduğuna görə avtomobili İran İslam Respublikasına apara bilmədik. 05.01.2018-ci il tarixdə Elşadın tanışı X3, X11-İran sərhəd keçmə məntəqəsində avtomobili keçirən zaman, avtomobilin oğurluq olmasına şübhə olduğuna görə Gömrük idarəsinin əməkdaşları tərəfindən saxlanılır və Gömrük Komitəsinin İstintaq İdarəsində Ruslan və Valeh barəsində araşdırma başlayır, avtomobil cərimə meydançasına yerləşdirilir. Təxminən 8 ay müddətində araşdırma davam etdi məni də şahid qismində həmin iş üzrə dindirilmişdir. Xaçmaz rayon məhkəməsində işə baxıldı, sonunda avtomobilin oğurluq olduğu sübuta yetdi, buna görə də İnterpol və Sığorta şirkətinin əməkdaşları tərəfindən avtomobili götürüb Ukrayna dövlətinə geri apardılar. Baş vermiş hadisə ilə bağlı bildirmək istədiklərim bunlardır” qeyd olunmuşdur; Yasamal RPİ-nin İstintaq Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 10 mart 2019-cu il tarixli qərarının surətinə əsasən X4, X5 və X1 birgə ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Yasamal RPİ-nin İstintaq Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 10 mart 2019-cu il tarixli qərarı Yasamal Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli Qərarı ilə ləğv edilmişdir. Yasamal RPİ-nin İstintaq Şöbəsinin cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 27 iyul 2019-cu il tarixli qərarının surətinə əsasən X4, X5 və X1 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; 28.03.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış, Cavabdeh və İddiaçı tərəfindən imzalanmış borc müqaviləsinin kserosurətində “Mən Cavabdeh 28.03.2019-cu il tarixdə İddiaçı ümumillikdə 27.000 ABŞ dolları pulu borca aldım. 28.07.2019-cu il tarixdə borcumu tam şəkildə geri qaytaracağıma söz verirəm” qeyd olunmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2838/2019 saylı, 19.07.2019-cu il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7088/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli Qərardadının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2838/2019 saylı mülki iş üzrə qəbul etdiyi 19 iyul 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2838/2019 saylı, 19 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır; İş materiallarına əlavə edilmiş 07.12.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə avtomobil almaq üçün aralarında borc münasibəti olmuş, ümumilikdə 27.000 ABŞ dolları borcunun qalmasını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində toplanmış materiallar əsasında izahatı alınmış iş üzrə Cavabdeh qəbul etmişdir. Məhkəmə Cavabdeh sonradan ifadəsində ziddiyyətli izahat verərək - BBPİ-də dəvət olunduğu zaman qorxduğunu, yalandan Pavel adlı şəxsə pul göndərildiyini və Elşadın 35 min ABŞ dolları pulu avtomobil almağı üçün göndərdiyini bildirmişdir. Cavabdeh tərəf həmin pulu aldığını əvvəl etiraf etmiş, sonradan ziddiyyətli izahat verməklə həmin ifadəni yalandan verdiyini qeyd etmişdir. Cavabdeh verdiyi izahatlarla onun İddiaçı borcunun olması sübut olunmuşdur. Cavabdeh 24.12.2018-ci il tarixli izahatının ona hər hansı fiziki və ya psixoloji təzyiq göstərməklə verilməsini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 27.000 ABŞ dolları pul cavabdehə iddiaçı tərəfindən verilmişdir. Bu halını cavabdeh tərəf məhkəmədə iştirak etməklə mübahisələndirməmişdir, əlyazma ilə yazılmış qəbz kserosurət olmaqla Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbinə uyğun olmasa belə, iş materiallarında olan digər sübutlarla Cavabdeh hüquq mühafizə orqanlarında verdiyi izahatla müəyyən olunmuşdur ki, onun iş üzrə İddiaçı 27 000 ABŞ dolları borcu qalmışdır. İddiaçı həmin qəbzə və verilmiş izahatlara istinadən cavabdehin ona borcunun olduğunu bildirir və qeyd edilən məbləği cavabdehdən tələb edir. Məhkəmə baxışı zamana İddiaçı Cavabdeh arvadı ilə danışıqlarını və Cavabdeh 28.03.2019-cu il tarixdə yazdığı qəbzin icra olunma videosunu məhkəmə təqdim etsə də, məhkəmə həmin sübutların qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada əldə olunmasını istinad edərək sübut kimi qəbul etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləğ vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavaddehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27000 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “10 000 (on min) ABŞ Dolları (ödəniş günü manat məzənnəsi ilə) əldən çıxmış fayda, 3375 (üç min üç yüz yetmiş beş) ABŞ Dolları (ödəniş günü manat məzənnəsi ilə) illik faiz” tutulmasına münasibətdə qeyd edir ki, həmin hissədə iddia təələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, iddiaçı avtomobilin zərər dəyməsi ilə əlaqədar ona vurulmuş zərər (əldən çıxmış fayda) olaraq cavabdehdən 10 min ABŞ dollları məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən və ya həmin gəlirdən məhrum olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında müqavilə münasibətləri olmadığından iddia tələbinin “ 3375 (üç min üç yüz yetmiş beş) ABŞ Dolları (ödəniş günü manat məzənnəsi ilə) illik faiz” tutulması hissəsi də əsassızdır və rədd olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27000 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-923/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-923/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver