Məhkəmə qərarları › İş №2(005)-93/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-93/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-93/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinə məxsus “Toyota Camry” markalı “** PF ***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 13124 (on üç min yüz iyirmi dörd) manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 26.12.2020-ci il tarixdə saat 22 radələrində lizinq müqaviləsi üzrə sahiblik və istifadəsində olduğu “Kia Soul” markalı "**-SP-***” dövlət qeydiyyat nişanlı avtomaşını ilə stop nişanının tələblərini pozaraq hərəkətdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinə məxsus “Toyota Camry” markalı “** PF ***” dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. Hadisə ilə əlaqədar aparılan araşdırmalar nəticəsində Cavabdeh1 12 01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticədə iddiaçının avtomobilinə külli miqdarda ziyan dəymişdir. Dəymiş ziyanın məbləği, müstəqil ekspert Rüstəm Babayev tərəfindən verilmiş zərərin hesablanması aktına əsasən 18.124 (on səkkiz min yüz iyirmi dörd) manat təşkil edir. “Kıa Soul” markalı “** SP ***” dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığı üçün avtomobilə dəymiş zərərin 5.000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Avtomobilə dəymiş zərərin ödənilməyən hissəsinin ödənilməsindən ötrü cavabdehə müraciət edilsə də, müxtəlif bəhanələr ilə ödəniş edilməklə vurmuş olduğu zərərin nəticələrinin aradan qaldırılmasından yayınmışdır. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilən normalardan da göründüyü kimi mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi Cavabdeh1 26.12.2020-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi “Kia Soul” markalı “** SP ***" dövlət qeydiyyat nişanlı avtomaşını ilə stop nişanının tələblərini pozaraq hərəkətdə olan Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinə məxsus "Toyota Camry" markalı "** PF ***" dövlət qeydiyyat nişanlı avtomaşını vurması nəticədə iddiaçının avtomobilinə külli miqdarda ziyan dəymişdir. İddiaçı Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinə məxsus “Toyota Camry" markalı “** PF ***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 13124 (on üç min yüz iyirmi dörd) manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilmiş məbləğlə razı deyil, avtomobilə dəymiş zərər şişirdilmişdir. Halbuki «Auto Box” servisin 29.12.2020-ci il tarixli qüsur aktında “Toyota Camry” minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8700,0 manat müəyyən edilmişdir. Həmin akt hadisədən sonra tərtib edilmişdir. İddiaçının təqdim etdiyi qüsur aktları ziddiyyətlidir, real zərəri əks etdirmir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməmiş, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbində cavabdeh olaraq cəlb olunmasını qəbul etmir. Mülki işlə bağlı heç bir öhdəliyi yoxdur. Buna görə də, iddianın ona aid olan hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəylərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AC seriyalı, 691850 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2016-cı il buraxılışlı “Toyota Camry” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülkiyyətindədir; Babayev Rüstəm (Fiziki şəxs Vöen: **********)–nin tərtib etdiyi 12.02.2021-ci il tarixli Qüsur Aktında avtomobilin hansı detallarının təmir edilməsi və yenisi ilə əvəzlənməsi göstərilmiş, “Toyota Camry” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 18124 manat müəyyən edilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatın surətinə əsasən "xxxx" ASC tərəfindən 08.04.2020-ci il tarixli, PPA********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə “Toyota Camry” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibinin mülki məsuliyyəti sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5.000 manat, sığorta müqaviləsinin qüvvədə olma müddəti 1 il qeyd edilmişdir. 22.06.2018-ci il tarixli avtomobil nəqliyyatı idarəsinin təhvil-təslim aktından görünür ki, “Toyota Camry” minik markalı, 2016-cı il buraxılış, JTBBF4FK103034532 şassi nömrəli, ağ mirvari rəngli, **-PF-*** dövlət qeydiyyat nömrəli avtomobil X5 təhvil verilmişdir. Vəliyev Qiyas (Fiziki şəxs Vöen: **********)–nin tərtib etdiyi 04.06.2021-ci il tarixli Qüsur Aktında avtomobilin hansı detallarının təmir edilməsi və yenisi ilə əvəzlənməsi göstərilmiş, “Toyota Camry” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 13028.00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 29.12.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatının surətinə əsasən “Toyota Camry” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı zərər 8500 manat məbləğində müəyyən edilmişdir; 08.02.2021-ci il tarixli sığorta aktının surətinə əsasən "xxxx" ASC ilə sığortalı X6 arasında bağlanan PXA200906636 saylı sığorta şəhadətnaməsi əsasında “Kia Soul” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil 5.000 manat məbləği həddində sığortalanmış, "xxxx" MMC-nin qiymətləndirmə aktına əsasən “Toyota Camry” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 8500 manat məbləğində müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2021-ci il tarixli, 9/7750-8/2719 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə, “**********" VÖEN-nin 12.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı, “Toyota Camry” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16002,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2021ci il tarixli, 9/4591 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə, fiziki şəxs Rüstəm Babayev tərəfindən tərtib edilmiş 12.02.2021-ci il tarixli və fiziki şəxs Qiyas Vəliyev tərəfindən tərtib edilmiş 04.06.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Toyota Camry” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16002,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, "xxxx" servisin 29.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı Toyota Camry” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8700,0 manat müəyyən edilir. Nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 26.12.2020-ci il tarixdə saat 22 radələrində lizinq müqaviləsi üzrə sahiblik və istifadəsində olduğu “Kia Soul” markalı "**-SP-***” dövlət qeydiyyat nişanlı avtomaşını ilə stop nişanının tələblərini pozaraq hərəkətdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinə məxsus “Toyota Camry” markalı “** PF ***” dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. Cavabdeh1 12 01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Tərəflərin mübahisələndirdiyi hal zərərin məbləği ilə bağlıdır. Məhkəmə ekspert rəylərində göstərilmiş məbləğləri araşdıraraq «Auto Box” servisin 29.12.2020-ci il tarixli qüsur aktında göstərilmiş məbləği və bunun əsasında verilmiş ekspert rəyini mötəbər hesab edir. Belə ki, həmin akt hadisədən (26.12.2020-ci il tarixdə) 3 gün sonra tərəflərin iştirakı ilə tərtib edilmiş, həmin vaxt tərəflər zərəri mübahisələndirməmişdir. “Kıa Soul” markalı “** SP ***” dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığı üçün avtomobilə dəymiş zərərin 5.000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində əsasən 24.12.2021-ci il tarixli, 9/7750-8/2719 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən "xxxx" servisin 29.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Toyota Camry” minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8700,0 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatları cəmi 200 manat təşkil edir. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı X5 "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Belə olan halda, iddiaçının xeyrinə tutulmalı olan məbləğ 3700 manat müəyyən olunmalıdır.( Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, göründüyü kimi, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törədilmiş yol-nəqliyyat hadisəsində iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulması tam sübuta yetirilir. Hadisə törədilən zaman Cavabdeh1 lizinq müqaviləsi üzrə sahiblik və istifadəsində olduğu “Kia Soul” markalı "**-SP-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Məhkəmə iddia üzrə cavabdehləri ayrı-ayrılıqda nəzərdən keçirib, “Kia Soul” markalı "**-SP-***” dövlət qeydiyyat nişanlı avtomobilin hadisə törədilən zaman etibarlı olan etibarnamə əsasında idarə etməsini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 törətdiyi bu mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və bu səbəbdən Cavabdeh1 tərəfindən “Toyota Camry” minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi Cavabdeh1 tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2021-ci il tarixli, 9/7750-8/2719 saylı rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Toyota Camry” minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən həmin rəydə göstərilmiş 8700 manat məbləği əsas götürülməli, həmçinin, sığorta orqanı tərəfindən iddiaçıya ödənilmiş 5000 manat bu məbləğdən çıxılmalı (8700– 5.000=3.700), qalan 3.700 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf Cavabdeh2 MMC-ni formal olaraq cavabdeh qismində göstərmiş, ona qarşı hər hansı tələb yönəltməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 yol nəqliyyat hadisəsi zamanı iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə dəymiş zərər olaraq 3700 manat iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinə məxsus “Toyota Camry” markalı “** PF ***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3700 (üç min yeddi yüz) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xeyrinə tutulsun. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 200 (iki yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar