Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-936/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh aralarında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən 4000 manat məbləğində borc pul vermişdir. Həmin borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh 4.000 manat borcu xx.xx.2023-cü il tarixədək ona geri qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixdə aralarında bağlanmış müqavilənin dəyişdiriməsinə dair yenidən müqavilə bağlanaraq, tərəflərin razılığına əsasən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 3M-262 reyestrli kredit müqaviləsinin 2-ci bəndi dəyişdirilərək borcun xx.xx.2024-cü il tarixədək notariusun bankda açılan hesabı vasitəsilə ona geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərnə düşən öhdəlikləri yerinə yetirməmiş, borcunu müqavilə ilə nəzərdə tutulmuş vaxtda və qaydada ona geri ödəməmişdir. Hal-hazırda sözügedən müqavilə üzrə cavabdehin ona 4000 manat məbləğində borcu mövcuddur. Qeyd edir ki, tərəfindən dəfələrlə 4000 manat məbləğində borcu ona geri ödəməsi barədə cavabdehə müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən borc pulun tələbi ilə bağlı məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2023-cü il tarixinədək faizsiz 4000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış müqavilənin dəyişdirilməsinə dair müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2023cü il tarixdə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində rəsmiləşdirilmiş 3M-262 reyestri kredit müqavilənin bəndlərinə dəyişikliklər edilməsi barədə razılığa gələrək müqavilə bağlamışdırlar. Tərəflərin razılığına əsasən xx.xx.2023-cü il tarixdə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notarial ofisində rəsmiləşdirilmiş 3M-262 reyestrli kredit müqaviləsinin 2-ci bəndi dəyişdirilir və aşağıdakı kimi oxunur: “Borc alan” krediti xx.xx.2024-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borc verənə” qaytarmağı öhdəsinə götürür”. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə və xx.xx.2023-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmaya əsasən İddiaçı “borclu” Cavabdeh 4000 manat məbləğində borc verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu xx.xx.2024-cü il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini icra etməməsinə istinad edərək müqavilə üzrə yaranmış əsas borca görə 4000 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinədək, faizsiz 4000 manat məbləğində kreditin verilməsi notarial qaydada bağlanmış kredit müqaviləsi və bir neçə ay sonra bağlanılan “Müqavilənin dəyişdirilməsinə dair müqavilə” ilə (hər ikisi notarial qaydada və hər iki tərəfin şəxsən iştirakı ilə bağlanmışdır) təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Həmçinin cavabdeh məhkəmə iclası barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbini təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1 və 119.2-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 4000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilməli olan 60 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 4000 (dörd min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə dövlət rüsumu kimi ödənilməli olan 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-936/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-936/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver