Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-967/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh1 QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC-nin Mingəçevir filialı tərəfindən qanunsuz satılmış boyunbağı 42.10 qr, 585A; boyunbağı 11.40 qr, 585A; brilliant dəst 14.00 qr. 585A; dəst 6.40 qr. 585A; qolbaq 1.20 qr. 585A; tana (sırğa) 1.90 qr. 585A; tana (sırğa) 1.60 qr. 585A girov əşyalarının alqısatqısının ləğv edilməsi və tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 QSC-nin Mingəçevir filialı ilə xx.xx.2022-ci il tarixdə MNO156719-2022 saylı çərçivə kredit və girov müqaviləsi imzalanmışdır. Müqavilənin tələblərinə uyğun olaraq ona 60 ay müddətinə illik 45% dərəcəsi ilə 5 057.00 manat məbləğində kredit verilmişdir. Kreditin təminat üsulu kimi adları aşağıda qeyd edilən əmlakları girov götürmüşlər: Boyunbağı 42.10 qr, 585A; Boyunbağı 11.40 qr, 585A; Brilliant dəst 14.00 qr. 585A; Dəst 6.40 qr. 585A; Qolbağı 1.20 qr. 585A; Tana (sırğa) 1.90 qr. 585A: Tana (sırğa) 1.60 qr. 585A; Girovların cəmi dəyəri, 4598 manat. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq tərəfindən xx.xx.2022-ci il tarixdə 262 manat, xx.xx.2022-ci il tarixdə 200.00 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 140.00 manat və xx.xx.2022-ci il tarixdə 130 manat məbləğində ödəniş edilmişdir, cəmi olaraq tərəfindən 832 manat məbləğində ödəniş edilmişdir. 2022-ci ilin dekabr ayından etibarən səhhətində yaranmış problemlərlə əlaqədar kredit öhdəliyini bir müddət icra edə bilməmişdir. Belə ki, 2022-ci ilin dekabr aylarında səhhəti pisləşməyə başlamış və o səhhətində kəskin ağrılar baş verdiyi zaman Mingəçevir şəhər mərkəzi xəstəxanasına müraciət edərək müxtəlif müayinələrdən keçib. Müayinələr keçirildikdən sonra bilinib ki, onda xərçəng xəstəliyi yoxdur. Lakin ağrılar olduğu üçün təkrar müayinələr keçirilmiş və 24 aprel 2023-cü ildə cərrahiyə əməliyyatı keçirmişdir. 28 aprel 2023-cü il tarixdə evə buraxılmışdır. Xəstəliyi barədə Cavabdeh1 QSC-nin Mingəçevir filialının rəhbərliyinə və işçi heyətinə şifahi məlumat vermişdir və obyektiv səbəblərdən kredit öhdəliyini bir müddət gecikdirəcəyini bildirmişdir. 16 may 2023-cü il tarixdə yoldaşı Qoşqar Yaxyayev kredit öhdəliyini icra etmək və girov əşyalarının geri alınması üçün Cavabdeh1 QSC-nin Mingəçevir filialına müraciət etmişdir. Filialda bildirmişdilər ki, girov əşyaları satılmışdır. xx.xx.2022-ci il tarixli Çərçivə kredit və girov müqaviləsinin 9-cu bəndinin tələblərinə uyğun olaraq Girov predmetinə tutma yönəldilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 296.1-ci maddəsinin tələblərinə əsasən “Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə uyğun olaraq “Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir”. Mülki Məcəllənin 295, 296 və 297-ci maddələrinin, eləcə də “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun imperativ tələbləri olmasına baxmayaraq, Cavabdeh1 QSC-nin Mingəçevir filialının rəhbərliyi onun əmlakı üzərində, özbaşına və əsassız varlanmaq məqsədi ilə sərəncam vermiş və ona məxsus qızıl-zinət əşyalarını məhkəmə qərarı olmadan qanunsuz satmışdır. İddiaçı ərizəsi əsasında Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X5 bildirmişdir ki, iddiaçıya dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş, habelə iddiaçının özü onun razılığı olmadan qızılların satılmasına razılıq verməsi barədə ərizə təqdim etmiş, əşya satılmazdan əvvəl qiymətləndirici dəvət edilmiş, qızıllar qiymətləndirilmiş və daha sonra üçüncü şəxs tərəfindən əldə edilmişdir. İddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, MN0156719-2022 saylı “Çərçivə Kredit və Girov Müqaviləsi”ndən görünür ki, Cavabdeh1 QSC (borc verən) 60 ay müddətində (xx.xx.2027ci il tarixədək) 5057 manat məbləğində bərpa olunan krediti İddiaçı (borc alana) verməyi, borc alan isə təqdim edilmiş krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, borc verənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə görə, borc alanın bu müqavilə üzrə borc verən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində spesifikasiyası bu müqavilənin 2 nömrəli əlavəsində (bu müqavilə üzrə girov biletində) göstərilən qızıl-zinət (girov premeti) əşyaları çıxış edir. Müqavilənin 8.1-ci bəndinə əsasən, girov predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 4598 manat məbləğində müəyyən olunur; - İddiaçı imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, kredit ödənişinin ilk ayında 15 gündən çox aylıq ödənişini gecikdirdiyi halda, kreditin təminat olaraq qoyduğu qızıl-zinət əşyalarının ona xəbərdarlıq edilmədən satışa çıxarılmasına, satışdan əldə edilən vəsaitin kredit borcuna yönəldilməsinə heç bir etirazı olmadığını bildirmişdir; - Cavabdeh1 ASC-nin kredit hesabından çıxarışından görünür ki, İddiaçı xx.xx.2022ci il tarixli, MN0156719-2022 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 262 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 140 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 130 manat, xx.xx.2022-ci il tarixdə 90 manat olmaqla, 1042 manat ödəniş etmişdir; - xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcalan İddiaçı kredit borcunun olması, ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə girov əşyalarının satılması ilə borcun bağlanmasının təmin ediləcəyi bildirilmişdir; - Cavabdeh1 ASC-nin “Mingəçevir” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh1 ASC-nin inkossasiya meneceri X6 oglu, Cavabdeh1 ASC-nin inkossasiya meneceri X10 oglu, Cavabdeh1 ASC-nin Təchizat üzrə meneceri X3, Cavabdeh1 ASC-nin qiymətləndiricisi X4, filialın borcalanı İddiaçı iştirakı olmadan borcunun təminatı kimi xx.xx.2022-ci il tarixli MN0156719 saylı kredit (borc) və saxlanc müqaviləsi və AB00026328 saylı girov bileti üzrə xx.xx.2023-cü il tarixli aktda göstərilmiş qızıl-zinət əşyalarının Cavabdeh1 ASC-nin qiymətləndiricısi X4 tərəfindən yenidən qiymətləndirilərək, qızıl-zinət əşyalarını göstərilmiş qram və qiymətlə (4598 manat) Cavabdeh2 satın almasını və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsini imzaları ilə təsdiq etmişdirlər; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3813 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 06 adda qızıl-zinət əşyalarının 1 qramının 2023-cü ilin mart ayına olan tarixə 80 manat olduğu nəzərə alınaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6688 manat müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, çəkisi 83,6 qram olan, dəyəri 4598 manat qiymətləndirilmiş qızıl əşyalarını girov qoyaraq 36 ay müddətinə 5057 manat kredit götürmüşdür. İddiaçı cəmi 1042 manat ödəniş etmiş, 5457,18 manat borcu qalmışdır. Kredit üzrə borcun ödənilməsi gecikdirildiyindən qızıl-zinət əşyaları satılmış və 4598 manata alıcı Cavabdeh2 tərəfindən satın alınmışdır. Hazırda iddiaçı qızıl-zinət əşyaları satılarkən ona xəbərdarlıq edilmədiyinə və dəyərindən aşağı qiymətə satıldığına istinad edərək alğı-satqı müqaviləsinin ləğv edilməsini xahiş edir. Cavabdeh isə iddiaçıya dəfələrlə xəbərdarlıq məktubları göndərildiyinə, öhdəlik icra edilmədiyindən qızıl-zinət əşyalarının qiymətləndirilərək satıldığına, müqavilənin ləğv edilməsini iddiaçının tələb etmək hüququnun olmadığına istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 17-ci maddəsinə görə yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir (17.1). Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.(17.3-17.6) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi cavabdeh girov əşyalarının alğı-satqısını həyata keçirən zaman həmin əşyaların qiymətləndirilməsi düzgün aparılmamış, nəticədə əşyalar dəyərindən daha ucuz qiymətə özgəninkiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3813 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 06 adda qızıl-zinət əşyalarının 1 qramının 2023-cü ilin mart ayına olan tarixə 80 manat olduğu nəzərə alınaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6688 manat müəyyən edilmişdir. Qızıl-zinət əşyaları isə 4598 manata satılmışdır. Lakin iddiaçı onların qiymətləndirilməsi barədə aktın etibarsız hesab edilməsi ilə bağlı deyil, alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Mülki Məcəllənin 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Mülki Məcəllənin 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin ləğv edilməsi yalnız yuxarıdakı normalarda qeyd edilən üç halda mümkündür. Digər tərəfdən müqavilənin ləğvi barədə iddia qaldırmaq hüququ yalnız müqavilənin tərəflərinə məxsusdur, müqavilənin tərəfi olmayan şəxsin onun ləğvi barədə iddia irəli sürməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hətta iddiaçının əsl niyyətinin müqavilənin etibarsız hesab edilməsi olduğu qəbul edilsə belə iddianın təmin edilməsi mümkün deyildir. Belə ki, mübahisələndirilən qızıl-zinət əşyalarını alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh2 onu vicdanlı əldə edən hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Mülki Məcəllənin daşınar əşyalarla bağlı vicdanlı etməyə dair qaydaları müəyyən edən 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Hazırki iş üzrə qızıl-zinət əşyalarını satın alan Cavabdeh2 vicdanlı əldə edən olmamasına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-967/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-967/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver