Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-969/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh2 qarşı “yaşayış sahəsinə görə kompensasiyanın alınıb verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və iki uşağına, birgə nigah dövründə aldığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı sahəsindən istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 06.10.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Həmin nikahdan 20.06.2016-cı il təvəllüdlü qızı X5 və 28.02.2018-ci il təvəllüdlü oğlu X6 anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini onıların birgə nigah dövründə 2016-cı ilin oktyabr ayında almışlar. Həmin evi Qazax rayonu Qaymaqlı kəndində qeydiyyatda olan X2 almışlar. Bu barədə M.A.Qarayev notarial qaydada ərizə vermişdir. Həmin evin alınması üçün onun bacısı X3 7000 manat və 4500 ABŞ dolları miqdarında pulu Cavabdeh2 onun iştirakı ilə vermişdir. Həmin evə Cavabdeh1, X5, oğlu X6 və iddiaçı qeydiyyatdadır. 2016-cı ilin oktyabr ayından, yəni ev alınan gündən iddiaçı və ailə üzvləri həmin evdə yaşamışlar. Bütün cehizləri, mebel əşyaları və eləcədə özünün və qızının paltarları həmin evdədir. Cavabdeh2 ilə əvvəllər yaxşı olan münasibətləri pisləşmiş və ailənin dağılmasına səbəb olmuşdur. Təqribən 2018-ci ilin əvvəlində həyat yoldaşı Cavabdeh2 onu evdən qovmuşdur. Bundan sonra həyat yoldaşı onu bir daha evə buraxmamışdır. Sonradan həmin evə 2 dəfə getməyə cəhd etsə də cavabdehlər onu həmin evə buraxmamışlar. Qeyd edir ki, müvafiq məhkəmənin qərarı ilə boşanmışlar. Hal-hazırda uşaqları ilə birlikdə atasına məxsus evdə yaşayır. Həmin ev çox kiçikdir və yaşayış üçün yararsızdır. Hazırda cavabdehlərin icazə verməməsi səbəbindən qeyd olunan evdə yaşaya bilmir. Onun və uşaqlarının mənzil, yaşamaq və istirahət hüquqları pozulmaqda davam edir. Qeydiyyatda olduqları və birgə nigah dövründə aldıqları evdə yaşaya bilmirlər. Həmçinin orada qalmış yaşayış üçün zəruri olan paltar və əmlaklardan istifadə edə bilmirlər. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, iddia ərizəsinin xahiş edirəm hissəsindəki tələbi olan "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, ona və iki uşağına, birgə nigah dövründə aldığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı sahəsindən istifadə hüququnun verilməsi haqqında barədə qətnamə qəbul edəsiniz” sözlərini, "onun və iki azyaşlı uşağının yaşayış yeri olmadığı üçün, Cavabdeh2 15000 (on beş min) manat məbləğində pul kompensasiyasının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edəsiniz” sözləri ilə dəyişdirilməsini xahiş etmişdir. Eyni zamanda digər vəsatətində Cavabdeh1 cavabdeh olaraq iddia ərizəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə razı olmadığını bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 13.02.2020-ci il tarixdə verilmiş AZ-İ 348107 №-li nikahın pozulması haqqında şəahdətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin 02 ayının 13-cü günündə 76 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli 2(102)-3930/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarın təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3595/2018 saylı 10.09.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı uşaqla birlikdə mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3595/2018 saylı 10.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8105/2019 saylı 10.12.2019-cu il tarixli qətnaməsinin məzmunundan və surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh2 ilə Mirzəzadə (Quliyeva) Roza Telman qızı arasında 06.10.2015-ci il tarixdə bağlanmış 491 nömrə ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan uşaqları, 20.06.2016-cı il təvəllüdlü X5 və 28.02.2018-ci il təvəllüdlü X4 iddiaçı (anası) İddiaçı yanında qalması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10, ev 47B saylı evdən üçüncü şəxs Quliyeva (Mirzəzadə) Roza Telman qızının qeydiyyatdan çıxarılması vəzifəsinin Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2021-ci il tarixli, 2-1(103)- 1130/2021 saylı qərarının məzmunundan görünür ki, 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 55 saylı MKİS-in 12.08.2020-ci il tarixli, 55/10 arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu PY UA 38/10, 47 B saylı ev özü tikili evdir. Evin Nərimanov rayon 55 saylı MKİS-də heç bir sənədi yoxdur. Heç bir təşkilatın balansında deyildir. Fərdi tikildir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki işin hallarından görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yaşayış sahəsinə görə kompensasiyanın alınıb verilməsini cavabdehdən tələb etmişdir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3595/2018 saylı, 10.09.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı uşaqla birlikdə mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamədən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10, ev 47B saylı evdən üçüncü şəxs Quliyeva (Mirzəzadə) Roza Telman qızının qeydiyyatdan çıxarılması vəzifəsinin Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən qanuni qüvvəsini almış yekun məhkəmə aktlarından müəyyən olunmuşdur ki, İddiaçı qeyd edilən evə istifadə hüquqları yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, Mülki Məcəllənin tələbləri baxımından yaşayış sahəsinə dair kompensasiya vermək hüququ mülkiyyətçiyə məxsusdur. Hazırki iş üzrə İddiaçı ona qeyd edilən evə dair kompensasiya verilməsi tələbi ilə bağlı iddia verməkdə haqlı olmamışdlr.Həmçinin məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özbaşına tikili olduğu, evin mülkiyyətçisinin olmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh2 qarşı “yaşayış sahəsinə görə kompensasiyanın alınıb verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı “yaşayış sahəsinə görə kompensasiyanın alınıb verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-969/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-969/2021
29.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver