Məhkəmə qərarları › İş №2(005)-97/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-97/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-97/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: artıq ödənilmiş pul məbləğinin qaytarılması, iddia müddətinin tətbiqi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh “Bank of Baku» ASC-yə qarşı “artıq tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh “Bank of Baku» ASC-yə qarşı “artıq tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan artıq əlavə alıb vurduğu zərər kimi 1555 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə Cavabdeh 2000 ABŞ dolları kredit götürmüşdür. Bank işçisi ilə belə razılaşmışdırlar ki, ABŞ dolları rəsmiləşdirərək də bankdan ona kredit milli pulla manatla verilmişdir və ödəmə cədvəlini də manatla tərtib etmişdirlər. O, zaman hesablayıb ona cəmi faizi ilə birlikdə 3800 manat ödəməli olacağını bildirdilər. Beləliklə, ödəmə cədvəlinə uyğun olaraq 3800 manat ödəyəndən sonra pensiyasından özbaşına olaraq pul tutulmasına başlamışdırlar və ondan 5155 manat pul tutulmuşdur. Hazırda da pulun pensiyasından tutulması davam etdirilir. Bundan başqa, elə həmin bankdan yenə yaranmış ehtiyacla bağlı 2000 ABŞ dolları ilə əvvəlkindən beş ay sonra kredit götürüb ona görə də faizi ilə birlikdə dörd mindən artıq pul ödəmişdir. Baxmayaraq ki, ondan bu qədər pullar tutulub cavabdehin nümayəndəsi bu kreditlə heç bir bağlılığı olmayan qızını banka dəvət edib, bununla da onun ailəsinə narazılıq salmışlar. Hazırda da özünün başqa gəlir yeri olmadığından pensiyasından tutmalar davam etdirilir ki, bununla da əmlak hüququnun pozulması davam etdirilir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən ondan artıq alıb vurduğu zərər kimi 10000 ABŞ dollarının alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, krediti ABŞ dolları ilə götürmüşdür və dollarla aldığına görə kompensasiya verilməmişdir. Cavabdehlə aralarında iki müqavilə bağlanılıb və ödənişləri də etmişdir. 2014-cü ildə kredit götürmüşdür və 2016cı ilin əvvəlində banka yaxınlaşarkən ona bildirmişlər ki, hələ kredit ödənişi bitməmişdir. Ondan sonra ona aydın olmuşdur ki, bank ondan əlavə məbləğ tutur. Dəfələrlə digər qurumlara müraciət etmişdir və oradan bildirmişlər ki, bu barədə məhkəməyə müraciət etməlidir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində konkret hansı kredit müqaviləsi üzrə və hansı miqdarda artıq tutulma və ya ödəniş etdiyini göstərməmişdir. Məhkəmə iclasında isə İddiaçı bütün müqavilələr üzrə artıq ödəniş və ya tutulma olduğunu bildirmiş və mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmişdir. Bir neçə dəfə ekspertiza keçirildikdən sonra İddiaçı bildirmişdir ki, xx.xx.2014-cü il tarixli, CC0872910 saylı müqavilə üzrə artıq tutulma olduğundan mühasibatlıq ekspertizasının keçirilməsini istəmiş və məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən xx.xx.2014-cü il tarixli, CC0872910 saylı müqavilə üzrə 207.21 ABŞ dolları artıq ödəniş edildiyi müəyyən edilmişdir. Ekspert belə nəticəyə gələrkən İddiaçı eyni zamanda iki aktiv kredit müqaviləsi olduğunu və səhvən ödəniş etdiyini nəzərə almamışdır. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi İddiaçı CC0872910 saylı müqavilə üzrə xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə müvafiq olaraq ödəniş etdiyi 165.73 və 119.15 ABŞ dolları ödənişlər xidməti məktublara əsasən düzəliş edilərək İddiaçı digər ME3538510 saylı kredit müqaviləsi üzrə hesabına köçürələrək borcundan silinmişdir. Ekspert isə bu düzəlişləri nəzərə almadan 165.73 və 119.15 ABŞ dolları məbləğləri CC0872910 saylı müqavilə üzrə ödəniş kimi qeyd etmişdir. Bu isə son nəticədə müqavilə üzrə artıq ödəniş kimi görsənmişdir. Halbuki yuxarıda da qeyd etdikləri kimi İddiaçı iki aktiv kredit müqaviləsi olduğundan ödəniş terminallarında ödəniş edərkən hesabları səhv qeyd etmişdir. Beləliklə də ME3538510 saylı kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğ CC0872910 saylı müqaviləyə ödənilmişdir. Bu yanlışlıq sonradan xidməti məktubla düzəliş edilərək ME3538510 saylı kredit müqaviləsi üzrə hesaba köçürülmüşdür. Beləliklə də, İddiaçı CC0872910 və ME3538510 saylı müqavilələr üzrə “Bank of Baku" ASC-yə heç bir artıq ödənişi olmamışdır. Digər tərəfdən İddiaçı 2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə ödənişləri mübahisələndirir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Müqavilənin müddəti 2016-cı il tarixdə başa çatmışdır. İddiaçı isə 2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə də 3 illik iddia müddəti ötürülmüşdür. Beləliklə də hesab edir ki, hazırki mübahisə üzrə 3 illik iddia müddəti tətbiq edilməklə iddia ərizəsi təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının 3 aktiv kredit müqaviləsi vardır. Bu kreditlərə olan borcları tam ödənilmədiyinə görə iddiaçının pensiyasından tutmalar baş verir. Hər üç kredit 17 oktyabr 2019-cu il tarixdə götürülmüşdür. Həmin kreditlər üzrə icra qeydləri mövcuddur. Artıq ödəmə kimi qeyd olunan məbləğlər vətəndaşın başqa kreditinə ödənilmiş məbləğdir. İddiaçının eyni anda iki nəğd krediti olduğuna görə, həmin hesabdan çıxarışda göstərilsə də, sonradan altında düzəliş yazılıb. İddiaçının eyni anda iki krediti olduğuna görə terminalda ödəniş edərkən başqa kreditinə görə ödənişi edib. İddiaçı banka yaxınlaşıb ərizə yazmaqla həmin düzəliş həyata keçirilib, lakin bank tərəfindən sənəd təqdim edilməsinə baxmayaraq ekspert bu halı nəzərə almayıb. Ekspert qarşısında “faiz borcu üzrə nə qədər ödəniş edilmişdir” sualı qoyulmuşdur, lakin ekspert nəticə hissəsində artıq ödənişin olmasını qeyd edib, halbuki məhkəmə tərəfindən qoyulmuş suala cavab verməli idi. Hesab edir ki, bu rəy əsassızdır və nəzərə alınmamalıdır. Eyni zamanda iddia tələbinə etiraz və iddia müddətinin ötürülməsi barədə ərizə təqdim etmişlər. İddiaçının özünün də qeyd etdiyi kimi onun 2016-cı ildən xəbəri olub ki, artıq ödənişlər olunub. O iddia müddətini ötürmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ASC və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, illik 23.9% olmaqla, 2000 ABŞ dolları kredit məbləğinin verilməsinə dair CC0872910İ39C saylı kredit müqaviləsi bağlanmışdır. - Cavabdeh ASC və İddiaçı arasında bağlanmış 20 may 2015-ci il tarixli MM/40516/51/10 saylı kredit sazişindan görünür ki, İddiaçı 18 ay müddətinə, illik 22.90% olmaqla, istehlak məqsədləri üçün 1025 ABŞ dolları məbləğində nəğd pul krediti verilməsi razılaşdırılmışdır. - Cavabdeh ASC və İddiaçı arasında bağlanmış 23 may 2015-ci il tarixli CD/47267/51/10 saylı kredit sazişindan görünür ki, İddiaçı 11 ay müddətinə, illik 32% olmaqla, 1055 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. - Cavabdeh ASC və İddiaçı arasında bağlanmış 15 noyabr 2017-ci il tarixli RD/97037/60 saylı kredit sazişindan görünür ki, İddiaçı 20 ay müddətinə, illik 15% olmaqla, 1713,27 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. - Cavabdeh ASC və İddiaçı arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli FR/87599/71 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, sonuncuya restrukturizasiya olunmuş əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1% olmaqla, 1043,08 manat kredit verilmişdir. - Cavabdeh ASC və İddiaçı arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli FR/87664/71 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, sonuncuya restrukturizasiya olunmuş əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1% olmaqla, 114,68 manat kredit verilmişdir. - Cavabdeh ASC və İddiaçı arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli BF/87641/71 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, sonuncuya restrukturizasiya olunmuş əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1% olmaqla, 694,14 manat kredit verilmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən reyestrdə 8İ-13200 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixdə aparılmış icra qeydindən görünür ki, Cavabdeh ASC-nin xeyrinə İddiaçı BF/87641/71 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 696,21 manat və 20 manat dövlət rüsumu məbləğin tutulması təklif edilmişdir. - Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən reyestrdə 8İ-11327 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixdə aparılmış icra qeydindən görünür ki, Cavabdeh ASC-nin xeyrinə İddiaçı FR/87664/71 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 112,44 manat və 20 manat dövlət rüsumu tutulması təklif edilmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən reyestrdə 8İ-18801 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixdə aparılmış icra qeydindən görünür ki, Cavabdeh ASC-nin xeyrinə İddiaçı FR/87599/71 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1004,91 manat və 20 manat dövlət rüsumu tutulması təklif edilmişdir. - Cavabdeh xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 17:15-də 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 17:16-da 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 17:17-də 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 16:03-də 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 16:02-də 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 16:01-də 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 14:43-də 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 14:44-də 1 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 480289 saylı müştəri kodu üzrə saat 14:46-da 47 azn kredit ödənişi ödənilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə arayışla müraciət edərək bildirmişdir ki, bankla İddiaçı arasında çoxlu sayda kredit müqaviləsi bağlanmışdır. Bu kreditlərdən bəziləri vaxtında icra edilmədiyindən problemli kredit kateqoriyasına düşmüşdür. Həmin kreditlər üzrə İddiaçı ilə Cavabdeh ASC arasında “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq xx.xx.2019-cu il tarixdə FR/87664/71, BF/87641/71 və FR/87599/71 saylı güzəştli kredit müqavilələri bağlanmış və özü tərəfindən imzalanmışdır. Beləliklə də, İddiaçı güzəştli kredit müqavilələrinə imza etməklə əvvəlki kredit müqavilələri üzrə Cavabdeh ASC qarşısında olan öhdəliklərini tam qəbul etmişdir. Belə olan halda hər hansı artıq ödənilmiş məbləğin geri tələb edilməsindən söhbət gedə bilməz və bu tələb əsassızdır. Hal-hazırda xx.xx.2019-cu il tarixli, FR/87664/71, BF/87641/71 və FR/87599/71 saylı güzəştli kredit müqavilələri üzrə ödənişlər vaxtında icra edilmədiyi üçün notariusa müraciət edilməklə müvafiq olaraq icra qeydləri çıxarılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4166 saylı ekspert rəyindən görünür ki, iş materiallarından göründüyü kimi, Cavabdeh ASC ("kreditor") ilə İddiaçı ("borcalan") arasında xx.xx.2019-cu il tarixdə FR/87664/71, BF/87641/71 və FR/87599/71 saylı güzəştli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə görə borcalana illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə 1.043,08 manat, 114,68 və 694,14 manat, cəmi 1.8519 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, “Bank of Baku" ASC-də olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi İddiaçı tərəfindən yuxarıda qeyd edilmiş kredit müqavilələri üzrə Cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 206,89 manat məbləğində ödəniş aparılmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə Nərimanov rayon məhkəməsindən daxil olmuş İddiaçı məxsus "xxxx" ASC-də yerləşən ******************** saylı hesabdan çıxarışdan göründüyü kimi, həmin hesabdan "Bank of Baku” ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixdə 129,89 manat, xx.xx.2022-ci il tarixdə 134,31 manat, xx.xx.2022-ci il tarixdə 134,31 manat, xx.xx.2022-ci il tarixdə 134.31 manat, cəmi 532,82 manat pul vəsaiti tutulmuşdur. Lakin, təqdim edilmiş iş materiallarında İddiaçı, ona məxsus hesabdan pul vəsaitlərinin Cavabdeh ASC-nin xeyrinə tutulması barədə hər hansı ödəniş tapşırığı, razılıq ərizəsi və ya sərəncamı öz əksini tapmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla, təqdim edilmiş iş materialları əsasında, ekspert qarşısında qoyulmuş “İddiaçı ilə cavabdeh "Bank of Baku» ASC arasında bağlanmış kredit müqavilələri üzrə ayrı-ayrılıqda artıq ödəməsi varmı, əgər varsa həmin məbləğlər nə qədər təşkil edir və hansı kredit müqaviləsi üzrədir?” sualına cavab vermək mümkün olmadı. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5916 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2019cu il tarixli FR/87664/71, BF/87641/71 və FR/87599/71 saylı güzəştli kredit müqavilələri üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixli BF/87641/71 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 875,81 manat, faiz borcu üzrə 0,00 manat. xx.xx.2019-cu il tarixli BF/87641/71 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 107,83 manat, faiz borcu üzrə 0.00 manat. xx.xx.2019-cu il tarixli FR/87599/71 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 691,29 manat faiz borcu üzrə 0,00 manat. xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə Nərimanov rayon məhkəməsindən daxil olmuş İddiaçı ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli MM/40516/51/10 saylı, xx.xx.2015-ci il tarixli CD/47267/51/10 saylı və xx.xx.2017-ci il tarixli kredit sazişlərinin surətləri və həmin sazişlər üzrə hesabdan çıxarışlar üzərində ekspertiza tədqiqatı aparılmış və həmin kreditlərin tam ödənildiyi və borcalan tərəfindən kreditlər üzrə artıq məbləğin ödənilmədiyi müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan, İddiaçı məxsus “Azərbaycan Beynəlxalq Bankı" ASC-də yerləşən ******************** saylı hesabdan çıxarışdan göründüyü kimi, həmin hesabdan Cavabdeh ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixdə 129,89 manat, xx.xx.2022-ci il tarixdə 134,31 manat, xx.xx.2022-ci il tarixdə 134,31 manat, xx.xx.2022-ci il tarixdə 134.31 manat, cəmi 532,82 manat pul vəsaiti tutulmuşdur. Lakin təqdim edilmiş iş materiallarında İddiaçı ona məxsus hesabdan pul vəsaitlərinin “Bank of Baku" ASC-nin xeyrinə tutulması barədə hər hansı ödəniş tapşırığı, razılıq ərizəsi və ya sərəncamı öz əksini tapmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1368 saylı ekspert rəyindən görünür ki, İş materiallarında olan hesabdan çıxarış materiallarından göründüyü kimi İddiaçı tərəfindən 02.04 2014-cü il tarixli, CC0872910İ39C saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə xx.xx.2015-ci il tarixədək 2.624,50 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Həmin məbləğin 2.000,00 ABŞ dolları əsas, 417,29 ABŞ dolları faiz borcundan silinir və nəticədə 207,21 ABŞ dolları məbləğində artıq ödəniş yaranır. Rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC0872910İ39C saylı kredit müqaviləsi üzrə borcalanın kredit qarşısında öhdəlikləri xx.xx.2015-ci il tarixdə ödənildiyi və 207,21 ABŞ dolları artıq ödəniş məbləği yarandığı müəyyən edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1368 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən istifadə edilmiş 2000 ABŞ dolları məbləğində kreditə görə xx.xx.2014-cü tarixdən etibarən iş materiallarında olan maliyyə arayışının tərtib olunduğu tarixədək, yani xx.xx.2015-ci tarixədək Cavabdeh ASC-yə cəmi 2624,50 ABŞ dolları məbləğində ödənişlər edilmişdir ki, hazırki ekspertiza tədqiqatı ilə həmin məbləğin 417,29 ABŞ dolları məbləğində faiz borcuna 2.207.21 ABŞ dolları məbləğində olan hissəsini əsas borca silinməsi müəyyən olunur. Beləliklə, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cu il tarixli CC0872910İ39C saylı kredit müqaviləsinə əsasən İddiaçı “Bank of Baku" ASC-yə 207,21 ABŞ dolları məbləğində artıq vəsait ödənilmiş olduğu müəyyən edilir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh ASC və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, illik 23.9% olmaqla, 2000 ABŞ dolları kredit məbləğinin verilməsinə dair CC0872910İ39C saylı, 20 may 2015-ci il tarixdə 1025 ABŞ dolları, 23 may 2015-ci il tarixdə 1055 ABŞ dolları, 15 noyabr 2017-ci il tarixdə 1713,27 manat məbləğində kredit verilməsi barədə müqavilələr bağlanmışdır. razılaşdırılmışdır. Həmçinin tərəflər arasında xx.xx.2019-cu il tarixdə FR/87664/71, BF/87641/71 və FR/87599/71 saylı güzəştli kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə görə borcalana - iddiaçıya illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə 1.043,08 manat, 114,68 və 694,14 manat, cəmi 1.8519 manat məbləğində kredit verilmişdir. Cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 206,89 manat məbləğində ödəniş aparılmışdır. xx.xx.2019-cu il tarixli, FR/87664/71, BF/87641/71 və FR/87599/71 saylı güzəştli kredit müqavilələri üzrə ödənişlər vaxtında icra edilmədiyi üçün notariusa müraciət edilməklə borcun ödənilməsinə dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müvafiq icra qeydləri aparılmışdır. Hazırda iddiaçı bank tərəfindən ondan artıq pul tutulduğunu bildirərək, artıq ödənilmiş pulun alınıb ona qaytarılması barədə iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Cavabdeh ASC-yə kredit müqavilələri üzrə artıq məbləği ödənilib-ödənilmədiyini müəyyən etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və iş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin rəylərindən görünür ki, İddiaçı ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli MM/40516/51/10 saylı, xx.xx.2015-ci il tarixli CD/47267/51/10 saylı və xx.xx.2017-ci il tarixli kredit sazişlərinin surətləri və həmin sazişlər üzrə hesabdan çıxarışlar üzərində ekspertiza tədqiqatı aparılmış və həmin kreditlərin tam ödənildiyi və borcalan tərəfindən kreditlər üzrə artıq məbləğin ödənilmədiyi, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC0872910İ39C saylı kredit müqaviləsi üzrə borcalanın kredit qarşısında öhdəliklərinin xx.xx.2015-ci il tarixdə ödənildiyi və 207,21 ABŞ dolları artıq ödəniş məbləği yarandığı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh ASC-yə xx.xx.2014-cü il tarixli, CC0872910İ39C saylı kredit müqaviləsi üzrə 207,21 ABŞ dolları artıq ödəniş edildiyi müəyyən edilmişdir. Bununla belə mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, iddia ərizəsinə iddia müddətini tətbiq etməklə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. -375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə, 20 may 2015-ci il tarixdə 18 ay müddətinə, 23 may 2015-ci il tarixdə 11 ay müddətinə, 15 noyabr 2017-ci il tarixdə 20 ay müddətinə, xx.xx.2019-cu il tarixdə 60 ay müddətinə ödənilməsi şərtilə kredit müqavilələri bağlanmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqavilələri üzrə artıq ödəniş edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Əksinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5916 saylı ekspert rəyindən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli BF/87641/71 saylı kredit müqaviləsi üzrə banka 875,81 manat əsas, xx.xx.2019-cu il tarixli BF/87641/71 saylı kredit müqaviləsi üzrə 107,83 manat əsas, xx.xx.2019-cu il tarixli FR/87599/71 saylı kredit müqaviləsi üzrə 691,29 manat əsas borcu vardır. Həmin müqavilələr üzrə borcun ödənilməsinə dair icra qeydləri aparılmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC0872910İ39C saylı kredit müqaviləsi üzrə 207,21 ABŞ dolları artıq ödəniş məbləği yarandığı müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, 02 aprel 2014-cü il tarixli müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə öhdəliyin icra müddəti 02 aprel 2016-cı il tarixdə bitmişdir. Həmçinin iddiaçı məhkəmə araşdırması zamanı 2016-cı ilin əvvəlində banka yaxınlaşdıqdan sonra bankın ondan əlavə məbləğ tutulduğunu bildiyini bildirmişdir. Bununla belə iddiaçı xx.xx.2022-ci ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətini ötürməyinin üzürlü səbəblərinə dair halları göstərməmiş və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyinin normaları baxımından kredit müqaviləsindən irəli gələn hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən yazılı ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin rədd edildiyi nəzərə alınmalı və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “Bank of Baku» ASC-yə qarşı “cavabdehdən 10000 ABŞ dollarının alınıb iddiaçıya qaytarılması” tələbinə dair iddiası təmin təmin edilməməli. Eyni zamanda ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. VI. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh “Bank of Baku» ASC-yə qarşı “cavabdehdən 10000 ABŞ dollarının alınıb iddiaçıya qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar