Məhkəmə qərarları › İş №2(005)-978/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-978/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-978/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: Tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, “X2” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 8997nkCNTRb/23 saylı krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 26% dərəcəsi ilə 28000 manat məbləğində krеdit vеrilmişdir. Müqaviləyə əsasən “X2 ” ASC borcalan Cavabdeh kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 27266,01 manat əsas, 4308,43 manat faiz, 167,19 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 31741,63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 185,70 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 28000 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 noyabr 2024, cümə tarixinə "xxxx" KB ASC-yə 27266,01 manat əsas, 4308,43 manat faiz, 167,19 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 31741,63 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış,lakin bu danışıqlar(pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin etiraz ərizəsi və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməsinə (o cümlədən SMS-bildiriş göndərilməsinə) baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 28000 manat məbləğində kredit xətti açılmışdır. - "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 29 noyabr 2024-cü il, cümə tarixinə "xxxx" KB ASC-yə 27266,01 manat əsas, 4308,43 manat faiz, 167,19 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 31741,63 manat borcu yaranmışdır. - xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Ofertaya (bank xidmətlərinə dair) əsasən, ”Bank” “Müştəri”yə SMS bildirişdə qeyd olunan məbləğdə,müddətdə,illik faiz dərəcəsində kredit limiti ayırır,ona bank hesabı (cari,kredit) açır və ödəniş kartı təqdim edir, ”Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyöun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. - xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsinin surətindən görünür ki, Cavabdeh "xxxx"KB ASC-nin rəsmi internet səhifəsində (https://Unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olduğu və bütün şərtləri ilə razı olduğuna, bütün öhdəlikləri vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyinə dair ərizəni öz imzası ilə təsdiq etmişdir. - "xxxx" KB ASC tərəfindən Cavabdeh göndərilmiş 24 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 8997nkCNTRb/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 sentyabr 2024-cü il tarixinə 27266,01 manat əsas borc, 3047,63 manat faiz borcu, 62,65 manat cərimə borcu olmaqla, cəmi 30376,29 manat borcunun 3 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 17 yanvar 2024-cü il tariхli, 8997nkCNTRb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə-27.266,09 manat, faiz borcu üzrə 2.844,18 manat; xx.xx.2025-ci il tarixə əsas borc üzrə 27.266,09 manat, faiz borcu üzrə 7.117,38 manat müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 185,70 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər İşə baxan məhkəmənin mövqeyi: Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə əsas və faiz borc məbləğinin tutulması hisəsində onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində əsas borc məbləği 27266,01 manat tələb edilir. Ekspert rəyi ilə də əsas borcun həmin həddə olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə iddia ərizəsində qeyd edilən əsas borcun cavabdehdən tutulmasını ədalətli hesab edir. Faiz borcunun məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Faiz borcunun məbləğinə münasibətdə isə məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi 01 may 2025-ci il tarixli rəyi əsas götürərək hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 2.844,18 manat yaranmış faiz borcu tutulmalıdır. Məhkəmə göstərilən nəticəyə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, 27266,01 manat məbləğində əsas borca 167,19 manat cərimə borcunun hesablanması ədalətli və ağlabatandır və həmin hissədə də iddia tələbi təmin edilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 27266,01 manat əsas borc, 2.844,18 manat məbləğində faiz borcu, 167,19 manat cərimə borcu olmaqla, ümumilikdə 30277,38 manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu təmin olunmuş hissəyə mütənasib olaraq bölüşdürülməli, 185,70 manat dövlət rüsumunun 10 manatı Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 95 manatı Cavabdeh, 5 manatı isə “X2” ASC-dən dən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************,X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tariхli,8997nkCNTRb/23 saylı müqaviləyə əsasən 27266,01 manat əsas borc, 2.844,18 manat məbləğində faiz borcu, 167,19 manat cərimə borcu olmaqla, ümumilikdə 30277,38 (otuz min iki yüz yetmiş yeddi manat 38 qəpik) manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 185,70 manat məbləğində dövlət rüsumunun 10 (on) manatı Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 95 manatı Cavabdeh, 5 manatı isə isə “X2” ASC-dən dən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************,X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar