Məhkəmə qərarları › İş №2(005)-994/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-994/2025

05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-994/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2116/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh o, iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılmaqla, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 300 manat məbləğində olmaqla, cəmi 600 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh o, X1 xeyrinə cəmi 216 manat aliment tutulması qət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2116/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh xarici ölkədə yaşayır və sahibkarlıqla məşğul olur. Kifayət qədər imkanı olsa da heç bir atalıq öhdəliyini yerinə yetirmir, hətta alimenti də vaxtı-vaxtında ödəmir. Uşaqlarının tələbatları, onların təlimtərbiyə və maddi öhdəlikləri ilə yalnız özü məşğul olur. Son 2 il ərzində ölkədə qida məhsullarının və əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və s. qiymətləri bir neçə dəfə artmışdır. Bunun nəticəsində maddi durumu dəyişmişdir. Uşaqlar orta məktəbdə təhsil alırlar. Onların getdikcə artan maddi tələbatlarını əvvəl təyin olunmuş minimum aliment məbləği ilə təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa heç bir tələbatını ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh xarici ölkədə yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur, gəlirləri yüksəkdir. Özü də alimentin artırılmasına etiraz etmir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, hər uşağa 300 manat ödəməyə razı olduğunu, xarici ölkəyə gedəcəyindən növbətə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1691/2015 saylı, xx.xx.2015ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı Sadiq qızı arasında 02 iyun 2011-ci il tarixdə bağlanmış 505 saylı akt qeydi ilə Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatına kimi saxlanması üçün Cavabdeh İddiaçı Sadiq qızının xeyrinə hər ay hər uşağa 108 manat sabit pul məbləğində olmaqla, cəmi 216 manat aliment tutulması qət edilmişdir; - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 322 nömrə ilə qeyd edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2116/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 193 manat müəyyən edilməsi qət edilmişdir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar analarının himayəsində saxlanmış və xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda iddiaçı ödənilən alimentin uşaqların xərclərinin ödənilməsi üçün kifayət etməməsinə, cavabdehin maddi vəziyyətinin yaxşı olmasına, gəlirlərinin artmasına əsaslanaraq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırki iş üzrə cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən alimentin artırılmasına etiraz etmədiyini, iddia tələbini qəbul etdiyini bildirmişdir. Bu baxımdan iddiaçı cavabdehin maddi və ailə vəziyyətində müvafiq dəyişikliyin baş verməsini sübut etmək vəzifəsindən azaddır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəfindən cavabdehin etirafının qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin etirafı qəbul edilməlidir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına aşağıdakı yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər; 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir; 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilən halları, cavabdehin alimentin məbləği ilə razı olmasını, iddia tələbini qəbul etməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarını nəzərə alaraq belə nəticəyə gəlir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı artırılmalı, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. Yəni 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0.87 mislində (345 x 0.87 = 300 manat) aliment tutulmalıdır. Hazırki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Artırılmış alimentin tutulması da həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2116/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.87 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-200, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2116/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.87 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar