Məhkəmə qərarları › İş №2(006)-1001/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1001/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1001/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin oktyabr ayının sonu mənzil almaq üçün «Zamin Əmlak» alqı-satqı ofisinə müraciət etmişdir. 07.10.2019-cu ildə «Zamin Əmlak» alqı-satqı ofisinin təklifi ilə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mikrorayon, 54 saylı evin, 35 saylı mənzilini almaq qərarına gəlmişdir. Mənzilin qiymətini notarius və alqı-satqı şirkətinin xərcləri istisna olmaqla 40.000 manata razılaşmışlar. İddiaçı 07.11.2019-cu ildə həmin mənzilin alqı-satqısı üçün 500 manat məbləğində beh vermişdir. Həmin behi alqı-satqı şirkətinin vasitəsilə vermişdir. 12.11.2019-cu ildə Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3-cü mikrorayon, 54 saylı evin 35 saylı mənzilinin alqı-satqısına dair ilkin müqavilə bağlamışlar. Razılaşdıqları 40.000 manat məbləğində pulun müqavilədə qeyd edilən 37000 notariusun bankdakı depozit hesabına ödəmişdir. Elə həmin gün iddiaçı orda əlavə 2500 manat şəxsən ödəmiş (həmin pulun 2000 manatını mənzil ona təhvil verilənə qədər «Zamin Əmlak» şirkətində qalması ilə, 500 manatı isə xidmət haqqı kimi «Zamin Əmlak» şirkətinə ödənilməsi ilə razılaşdılar). 23.11.2019-cu il tarixdə Cavabdeh1 qeyd edilən mənzillə bağlı müəyyən əməliyyatların aparılması üçün iddiaçının həyat yoldaşı X3 notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Bundan başqa iddiaçı həmin mənzilə qeydiyyata düşmüşdür. 02.12.2019-cu ildə mənzilin aylıq krediti üçün «xxxx»-yə 170 manat pul ödəmişdir. Aralarında bağlanan ilkin müqavilənin şərtinə görə Cavabdeh1 1 ay müddətinə mənzili iddiaçıya təhvil verməli olmuşdur. Lakin 1 ay tamam olsa da, Cavabdeh1 mənzili təhvil verməkdən imtina etmişdir. Belə olan halda iddiaçı ya mənzili təhvil verməyi, ya da ödədiyi pulu geri qaytarmağı Cavabdeh1 tələb etmişdir. Alqı-satqıda iştirak edən «Zamin Əmlak» alqı-satqı şirkəti də dəfələrlə satıcıdan mənzili təhvil verməyi və ya pulu qaytarmağı tələb etmişdir. Lakin satıcı Cavabdeh1 və keçmiş həyat yoldaşı Cavabdeh2 (mənzildə Cavabdeh2 uşaqları ilə birlikdə yaşayırdı) nə mənzil təhvi verir, nə də mənzilin alqı-satqısı üçün ödədiyi pulu qaytarırdılar. 09.01.2020-ci ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 iddiaçının həyat yoldaşı İbrahim Qasımova qeyd edilən mənzilə dair əməliyyatlar aparmağa səlahiyyət verən etibarnaməni də ləğv etmişdir. Həmin an Cavabdeh1 tərəfindən aldadıldığını, onun məqsədinin ev satmaq deyil, iddiaçının alqısatqı üçün verdiyi puldan istifadə etmək olduğunu daşa düşmüşdür. Məcburiyyət qarşısında qalaraq ailə yaxınları olan vəkilə qeyd edilən məsələnin həlli bağlı müraciət etmişdir. Həmin vəkil Cavabdeh1lə danışdıqdan sonra Cavabdeh1 11.01.2020-ci ildə ilkin müqaviləniləğv etməyə və pulu qaytarmağa razılaşmışdır. 11.01.2020-ci ildə Cavabdeh1 nümayəndəsi Zaur Sevdimalıyev və keçmiş həyat yoldaşı Cavabdeh2 notariat orqanına gəlmişlər. Onlar ilkin müqavilənin ləğvi barədə müqavilə imzaladılar, lakin pulu bank vasitəsilə geri qaytarmaq məqamına çatanda Zaur və Günay bildirmişlər ki, 37000 manat tam deyil, onlarda 36600 manat pul var. Pul tam olmadığı halda isə heç cür ilkin müqaviləni ləğv etdirmək mümkün olmurdu. Cavabdeh1 çox çətinliklə razı saldıqları üçün 400 manata görə iddiaçı 36600 manatı götürməməyə risk etməmişdir. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq həmin an 400 manat borc götürüb ilkin müqaviləni ləğv elətdirmişdir. Beləliklə 11.01.2020-ci il tarixdə Cavabdeh1 36600 manat pulu iddiaçıya qaytarmışdır. Cavabdeh1 keçmiş həyat yoldaşı Cavabdeh2 bildirmişdir ki, beh kimi verilən 500 manatı, hazırki 400 manatı və iddiaçı tərəfindən mənzilin krediti üçün ödənilən 170 manatı iddiaçı mənzildən qeydiyyatdan çıxan kimi iddiaçıya ödəyəcək. Mənzilə alqı-satqısı üçün ödədiyi 2500 manatı isə «Zamin Əmlak» alqı-satqı şirkətində olduğu üçün həmin pulu 2500 manatı şirkət iddiaçıya qaytarmışdır. 12.01.2020-ci ildə iddiaçı Cavabdeh1 mənzilindən qeydiyyatdan çıxmış və bu barədə Cavabdeh1 də, onun keçmiş həyat yoldaşı Cavabdeh2 da məlumat vermiş və pulu qaytarmaqlarını tələb etmişdir. Cavabdehlər bugün-sabah desələr də, sonra iddiaçıya hər hansı bir pul qaytarmayacaqlarını və iddiaçı hara istəyir şikayət etməyini, heç kimdən çəkinmədiklərini bildirmişlər. Beləliklə, Cavabdeh1 alqı-satqısı üçün iddiaçının verdiyi 40000 manat məbləğində pulunu iki ay istifadə etmiş, sonradan nə evi, nə pulunu qaytarmaq istəməmiş, çox çətinliklə pulunun bir hissəsini 11.01.2020-ci ildə geri qaytarmış, lakin pulunun bir hissəsini, yəni 1070 manatını bu günə kimi qaytarmamışdır. Cavabdeh1 heç bir ev satmaq niyyəti olmamış, mənzilin ipotekada olmasından istifadə edərək mənzilin onun mülkiyyətindən çıxmayacağından əmin olduğuna görə gözdən pərdə asmaq üçün iddiaçının həyat yoldaşının adına mənzilə dair etibarnamə vermiş, məqsədilə nail olduqdqaytarmış, 0an sonra 4000 manatı ələ keçirtdikdən sonra etibarnaməni ləğv elətdirmiş, həmin puldan öz məqsədləri üçüq istifadə etmiş (faizə verilməsi barədə də məlumat var), məsələnin ciddiləşdiyini görən an 36600 manatı geri, 1070 manatı isə iddiaçı sübut edə bilməyəcəyini düşünərək qaytarmaqdan imtina etmişdir. Bu günə qədər də iddiaçının 1070 manatını qaytarmır. Həmin pul iddiaçı üçün böyük məbləğdir. Cavabdeh1 iddiaçıya, ailəsinə vurduğu mənəvi zərərin həddihüdudu yoxdur. Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 günahı ucbatından iddiaçı 5 aydır ki, iki uşaqla küçələrdə qalmışdır. İddiaçı Cavabdeh1 hərəkətləri barədə Xətai rayon Polis İdarəsinə müraciət etsə də, qeyd edilən məsələ ilə mülki qaydada müraciət etməli olduğunu izah etmişlər. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 artıq bir ilə yaxındır ki, iddiaçıya qarşı etdiyi hərəkətləri ilə ona mənəvi zərər vurmuşlar. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində əsəb, stres, mənəvi sarsıntı və iztirab keçirtmişdir. Göstərilənlərə əsasən iddiaçıya vurduğu maddi ziyana görə 1070 manat, mənəvi zərərə görə 900 manat, cəmi 1970 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyənləşdirilmiş qaydada bildirişlər göndərilsə də, bildiriş onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlər X8 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş və Ağcabədi rayon notariat ofisində təsdiq edilmiş 08.11.2019-cu il tarixli ərizəsindən görünür ki, özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə və stılmasına razıdır, etiraz etmir. İş materiallarında olan Bakı şəhəri 40 saylı notariat ofisində təsdiq edilmiş 12 noyabr 2019-cu il tarixli ilkin müqaviləsinin kserosurətindən görünür ki, «Satıcı» qismində Cavabdeh1 və (etibarnamə əsasında X1) «Alıcı» İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 54 saylı evin 35 nömrəli mənzilin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin satış qiyməti 67.000 manat məbləğində müəyyən edilmişdir. «Alıcı» İddiaçı tərəfindən 37.000 manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilir, yerdə qalan 30.000 manat məbləğin isə alqı-satqı müqaviləsi bağlandığı an ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər 22 il müddətinə əsas müqavilənin bağlanması barədə razılığa gəlmişlər. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 54 saylı evin, 35 saylı mənzili 1 aydan sonra İddiaçı istifadəsinə verməyi, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 54 saylı evin, 35 saylı mənzilin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən İddiaçı satılması, alqı-satqı müqaviləsinin bağlanmasını, mənzilin İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı yerdə qalan 30.000 manat məbləği hissə-hissə və ya birdəfəlik ödəyib Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 54 saylı evin, 35 saylı mənzilə dair alqı-satqı müqaviləsini bağlamağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş və Bakı şəhəri 18 saylı notariat ofisində rəsmiləşdirilmiş AR-İ seriyalı 936210 nömrəli, 23.11.2019-cu il tarixli etibarnaməyə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən mənzilə sərəncam verməyi, Notariat ofisində, «ASAN xidmət» Mərkəzində, aidiyyatı orqanlarda onu təmsil etməyi, DƏDRXİ-dən 1 saylı forma arayışı almağı, MKİS-dən 2 saylı forma arayışı almağı, kommunal xətlərin (su, işıq, qaz,telefon və s) çəkilməsi, ödənilməsi, plastik kartların alınması, kommunal xərclərin ödənilməsi barədə arayışları aidiyyatı idarələrdən almağı, əmlak satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, Bank əməliyyatlarını aparmağı, rüsumları ödəməyi, pulu almağı, buna dair müqaviləni müqaviləni imzalamağı, qeydiyyata salmağı, ərizə yazmağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri yerinə yetirməyi X3 22 il müddətinə, yəni 22.11.2041-ci il tarixədək etibar edilmişdir. İş materiallarında olan Cavabdeh1 (etibarnamə əsasında X5 imza etmiş) tərəfindən verilmiş və 2 saylı Bakı «ASAN xilmət» mərkəzində notariat ofisində təsdiq edilmiş 23.11.2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı ünvan 3 ünvanda yerləşən 35 saylı mənzilə qeydiyyata düşməsinə etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 54 saylı evin 35 saylı mənzilində 23.11.2019-cu il tarixdən qeydiyyatdadır. İş üzrə «xxxx» ASC-nin 02.12.2019-cu il tarixli xəzinə mədaxil orderin surətindən görünür ki, X5 tərəfindən 170 manat ipoteka və sığorta ödənişi edilmişdir. İş materiallarında Xətai RPİ-nin Təhqiqat Şöbəsinin 28.03.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən ev alqı-satqısı zamanı 40.000 manat pulunun ələ keçirilməsi barədə şikayətərizəsi daxil olmuşdur. Ev alqı-satqı prosesində Cavabdeh1 verdiyi etibarnamə əsasında satıcı qismində iştirak etmiş X2 ərzində göstərilən faktla əlaqədar izahat verərək Cavabdeh1 yaxın dostu olduğunu, eyni zamanda Cavabdeh1 Ağcabədi rayonunda hərbi hissədə işlədiyindən, Bakı şəhərinə mütəmadi gələ bilmədiyi üçün ev alqı-satqı prosesində iştirak etməsinin mümkünsüzlüyünü bildirmiş, ona görə də ona Cavabdeh1 tərəfndən verilmiş etibarnamə əsasında sözü gedən mənzilin alqı-satqı sənədlərini imzaladığını, bir müddət sonra tərəflər arasında alqı-satqının baş tütmadığından mənzilin satılması zamanı Rafiqin keçmiş həyat yoldaşı Cavabdeh2 ödənilmiş 40.000 manat pulun 38930 manatının ərizəçi İddiaçı qaytarıldığını, qalan 1070 manat məbləğin isə qısa müddət ərzində qaytarılacağını bildirmişdir. Mövcud sübutların tamlığı və mötəbərliyi, bir-biri ilə müqayisəli təhlilinə əsasən toplanmış materialda cinayət tərkibinin olması müəyyən edilmədiyindən və qüvvədə olan prosessual qanunvericilikdə nəzərdə tutulmuş araşdırma müddəti bitdiyindən material üzrə cinayət işinin başlanması rədd edilməli, göstərilən xüsusatla əlaqədar İddiaçı tələbinin mülki xarakterli olmasını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Beləliklə də, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında 12.11.2019-cu il tarixdə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 54 saylı evin 35 saylı mənzilinin alqı-satqısına dair ilkin müqavilə bağlanılmışdır. Tərəflərin razılaşdıqları 40.000 manat məbləğindən iddiaçı mənzilin alqı-satqısı üçün 500 manat məbləğində beh vermiş, ilkin müqaviləsinə əsasən 37000 manat məbləğində ödəniş etmiş, mənzilin aylıq krediti üçün «xxxx» ASC-yə 170 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanılmış ilkin müqavilənin şərtinə görə Cavabdeh1 1 ay müddətinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 54 saylı evin 35 saylı mənzili iddiaçıya təhvil verməli imiş, lakin Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmiş və mənzili təhvil verməkdən imtina etmişdir. Bu səbəbdən tərəflər 11.01.2020-ci ildə ilkin müqavilənin ləğv etməyə və pulu qaytarmağa razılığa gəlmişlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mənzilin alqı-satqısı üçün verilmiş 40.000 manatdan cavabdehlər 38930 manat pulu qaytarmışlar, lakin 1070 (500 manat məbləğində beh, ilkin müqavilənin ləğv edilməsi üçün borc götürmüş 400 manat və 170 manat banka ödənilmiş mənzilin aylıq krediti) manat qaytarılmamış qalmışdır. Bu səbəbdən iddiaçı vurulmuş 1070 manat maddi və 900 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanılmış ilkin müqaviləsində tərəf kimi məhz Cavabdeh1 çıxış etmişdir. Yəni Cavabdeh2 müqavilənin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh2 isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hazırki iddia tələbi üzrə Cavabdeh2 cavabdehlik daşımamasını nəzərə alaraq hesab edir ki, ona qarşı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respulikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 424.5-ci mdəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 12.11.2019-cu il tarixli daşınmaz əmlakın ilkin alqı-satqı müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən və bu səbəbdən ilkin alıq-satqı müqaviləsi pozulduğundan, iddiaçı müqavilənin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış ilkin müqavilə pozulduğundan, iddia tələbi vurulmuş maddi ziyana görə 1070 (500+400+170) manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində tələb tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş 900 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 900 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Cavabdeh1 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1070 (bir min yetmiş) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1070 (bir min yetmiş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar