Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1003/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.000 manat pul vəsaiti və ödənilmiş 136 manat dövlət rüsumu olmaqla, cəmi 15.136 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X14 özünə məxsus olan ünvan 1 ünvanda yerləşən evini 81000 manata satdığı üçün qudaları X12 və X5 yanında cavabdehlə razılaşaraq xx.xx.2022-ci il tarixdə 40000 manat pulu beh kimi vermişdir. Həmin vaxt evin divarı boyasız, çardaqsız, təmirsiz olmuşdur. Qalan pulu da təmirdən sonra verəcəyi barədə cavabdehlə razılaşmışdırlar. Həmin vaxt cavabdeh özü ona demişdir ki, onun öz ustaları vardır, materialların və ustanın əl haqqı pulunu verəcəyi təqdirdə özü təmir etdirəcəkdir. Cavabdehə ayrı-ayrı vaxtlarda çardaq üçün 7000 manat, kombi sistemi üçün 2800 manat, evin arxasında olan 1 sot torpağın qonşudan alınması üçün 1000 manat, 1 maşın mişar daşı üçün 820 manat, evin həyətindəki balaca su hovuzu, plastik hamam və tualet qapıları üçün 1100 manat, mansara çıxan pilləkən üçün 1000 manat, darvaza üçün 1900 manat üstəgəl balkonun altındakı dəmir üçün pul xərcləmişdir. Hətta cavabdehin qapısında onun materialı vardır. O, usta pulunu həmişə Hafizə vermişdir. Bir müddət sonra evə gedəndə görmüşdür ki, Hafiz onu aldadır, evin təmirində irəliləyiş yoxdur. Cavabdehdən niyə evin hazır olmadığını soruşduqda isə müxtəlif bəhanələr gətirərək 15-20 gün vaxt istəmişdir. 2 ay sonra yenidən evə getmiş və yenə görmüşdür ki, cavabdeh evi təmir etdirməmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh onun evə verdiyi 40000 manat pulu geri qaytararaq evi ucuz qiymətə satdığı üçün geri qaytarmaq istədiyini ona demişdir, ancaq evin təmiri üçün xərclədiyi 15000 manat pulu qaytarmaqdan yayınmışdır. Dəfələrlə təmir üçün xərclədiyi 15000 manat pulu cavabdehdən tələb etmiş, ancaq qaytarmamışdır. Sonra məcbur qalıb polisə şikayət etmiş və Gəncə şəhər 1-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmışdır. Cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona izah edilmişdir ki, onlar arasında olan mübahisə mülki xarakteri olduğundan məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçı X6 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Daşkəsən rayonunda yaşayır və Gəncədən ev almaq istəmişdir. Buna görə də qudasına müraciət etmişdir, çünki özü Gəncə şəhərini yaxşı tanımır. Cavabdehi onun vasitəsi ilə tanımışdır. Cavabdeh ilk olaraq evi ona 75.000 manata təklif etmişdir. O, gedib evə baxarkən görmüşdür ki, ev ancaq divarlardan və damdan ibarətdir. Cavabdeh ona bildirmişdir ki, ona bir az vaxt və bir də pul lazımdır ki, evi hazır vəziyyətə gətirsin. Cavabdeh ona bildirmişdir ki, evi 15 günə hazır edəcək. Daha sonra cavabdehlə yerli çıxmışlar və buna görə də cavabdeh, evin qiymətini 2.000 manat aşağı salmışdır. Bundan sonra o, cavabdehə 10.000 manat pul vermişdir. Pulu verərkən yanında makler, qudası və cavabdeh özü olmuşdur. Pul cavabdehin evində sonuncuya verilmişdir. Daha sonra o, cavabdehə 20.000 manat pul vermişdir. Daha sonra isə 10.000 manat pul, ümumilikdə 40.000 manat pul vermişdir. O, cavabdehə demişdir ki, bu evin təmiri 15 günə başa gəlməz, cavabdehə 2 ay vaxt verdiyini bildirmişdir. Oğlu ona zəng edərək bildirmişdir ki, evin qarşısında çardaq düzəltmək lazımdır. O da, öz növbəsində cavabdehə bildirmişdir ki, evin qarşısında çardaq düzəltsin. Cavabdeh ümumi hesablama aparmış və ona bildirdikdən sonra cavabdehə çardaq üçün 5.000 manat pul vermişdir. Sonra istilik sisteminə görə cavabdehə 2.800 manat, həyətin arxasında qonşuya məxsus 7 sot torpaq sahəsini alıb ona verməsi üçün 1.000 manat, mansarda çıxmaq üçün pilləkən düzəltməsi üçün 1.000 manat, 2.000 manat usta üçün əlmuzdu, hamam və sanitar qovşaq üçün 3 ədəd 600 manat dəyərində qapı sifariş vermiş, istilik siteminin aparatlarının yığılması üçün yerin hazırlanması ilə bağlı 500 manat, balkon tikmək üçün ustalara 70 manat, zeşt üçün 100 manat, 4 və ya 5 razetka üçün 370 manat, darvaza üçün 1.900 manat, hasarın çəkilməsi üçün hədiyyə olaraq bir maşın dəyəri 820 manat olan mişar daşı alıb vermişdir. Bir müddət keçdikdən sonra o, evə gəlmiş və görmüşdür ki, evdə təmir işləri getmir və ustalar çıxıb getmişlər. O, cavabdehdən bu barədə soruşduqda ona bildirmişdir ki, evi ona çox ucuz qiymətə satmışdır. Ona demişdir ona 120.000 manat pul verməlidir. Bundan sonra o, cavabdehə bildirmişdir ki, onun buna gücü çatmayacaq. Daha sonra onlar öyrənmişlər ki, cavabdeh evi onlardan başqa şəxslərə də satmışdır. Bu hadisə çoxdan olduğu üçün bəziləri yadından çıxıb deyə, iddia ərizəsində 15.000 manat pul tələb etdiyi halda, hazırda dediyi məbləğ 15.000 manatdan çox çıxır. Cavabdeh ona 40.000 manat pul qaytarmışdır. O, ona görə cavabdehə imza etdirməmişdir ki, cavabdeh ona qaimələri verirdi. İmza etdirdiklərini evə görə vermişdir, lakin imza etdirmədiklərini öz xərci ilə təmir etdirdiyi üçün cavabdehə imza etdirməmişdir. Oğlu ona demişdir ki, evi qaytarmasın, əlavə pul versin. O da, maklerlə birgə axşam cavabdehin evinə gəlmiş və cavabdehə bildirmişdir ki, 2.000 və ya 3.000 manat əlavə pul versin cavabdehə, ev ona qalsın. Cavabdeh bununla razılaşmamışdır. Darvaza ilə bağlı pulu cavabdehə vermişdir. O, evi almaq fikrindən daşınmamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını tamamən cəfəng ifadələrlə əsaslandırmışdır. İddia ərizəsində qeyd edilənlərin işin həqiqi halları ilə heç bir bağlılığı yoxdur. Belə ki, o, hazırki iş üzrə İddiaçı əvvəllər tanımamış və aralarında hər hansı münasibətləri olmamışdır. Onlar Cahangir adlı makler vasitəsi ilə tanış olmuşlar. Onların arasında olan şifahi razılaşmaya əsasən o, özünə məxsus olan torpaq sahəsində tikintisini davam etdirdiyi iki mərtəbəli, mansardlı evin tikintisini başa çatdırmağı öhdəsinə götürmüşdür. İddiaçı isə tikinti başa çatdıqdan sonra həmin evi 81.000 manat məbləğində pula satın almağı öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən İddiaçı ilk olaraq ona 10.000 manat beh vermişdir. Bundan sonra isə ayrı-ayrı vaxtlarda 20.000 manat və xırda məbləğlərlə birlikdə 10.000 manat olmaqla, ümumilikdə 40.000 manat beh vermişdir. Bununla bağlı onlar öz aralarında sadə yazılı formada əqd imzalamışlar. Həmin əqdin məzmununda da verilən pul məbləğinin məqsədi beh olaraq və evin tikintisinə sərf ediləcəyi qeyd edilmişdir. Daha sonra İddiaçı öz qudası Hümbət Kərimovla birlikdə ona müraciət edərək artıq evi almaq istəmədiyini, vermiş olduğu behi geri qaytarmasını tələb etmişdir. O, İddiaçı bunun səbəbini soruşduqda sonuncu ona Gəncə şəhəri Bağmanlar qəsəbəsində daha yaxşı ev tapdığını, həmin evi almaq istədiyini bildirmişdir. O, iddiaçıya aralarında olan sövdələşmənin iddiaçı tərəfindən əsassız yerə pozulduğu, bunun nəticəsində ona maddi ziyan dəyəcəyini, etmiş olduğu hərəkətlərin vicdanlı olmadığını bildirsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı ona təkidlə Bağmanlar qəsəbəsində tapmış olduğu evi almaq üçün təcili pul lazım olduğunu, ona vermiş olduğu ümumilikdə 40.000 manat pulu qaytarmasını tələb etmişdir. O, iddiaçıya evin layihəsinə dəyişiklər edərək iddiaçının zövqü ilə etdiyini, bu səbəbdən də başqa şəxsə satmaqda çətinlik çəkəcəyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Hətta iddiaçı onun barəsində polisə də şikayət etmişdir. Polisin müvafiq qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı münasibət və davranışlarından təngə gələrək iddiaçıya 40.000 manat pul qaytarmışdır. O, iddiaçıya 40.000 manat məbləğində pulu qaytararkən iddiaçı ondan əlavə məbləğ tələb etməmişdir. Hətta o, aralarında olan sadə yazılı əqdin məzmununda 10.000 manat və 20.000 manat beh məbləğləri qeyd edilməsinə baxmayaraq, İddiaçı əksinə olaraq vicdanlılıq nümayiş etdirərək ona qarşı heç bir sübutu olmadığı halda əlavə olaraq xırda məbləğlərlə vermiş olduğu cəmi 10.000 manat behi də hesablayaraq ümumilikdə İddiaçı 40.000 manat pul qaytarmışdır. Həmçinin bildirir ki, əqddə göstərilən 10.000 manat puldan 2.000 manat hissəsini həmin günün axşamı makler kimi Cahangirə vermişdir. Cahangir özü də bu sövdələşmə ilə bağlı ondan 2.000 manat pul aldığını təsdiqləyir. Lakin buna baxmayaraq o, maklerə vermiş olduğu 2.000 manat pulu da öz vəsaiti hesabına iddiaçıya qaytarmışdır. İddiaçı aralarında olan münasibətlərə vicdansız yanaşmasının daha bir bariz nümunəsi ondan ibarətdir ki, aralarında sadə yazılı formada tərtib edilmiş əqdin imzalar qrafasından sonra əlavə və başqa xətlə özündən uydurduğu məbləğlər qeyd etmişdir. Hansı ki, həmin məbləğlərin hansı məqsədlər və nə vaxt qeyd edilməsinin ona heç bir aidiyyatı yoxdur. Hesab edir ki, həmin sadə yazılı formada olan əqdin iddiaçıdan tələb edilərək məhkəmə iclasında araşdırılması işin həqiqi hallarının və onun iddiaçı ilə aralarında olan münasibətlərə necə vicdanla yanaşmasının ortaya çıxacağına real kömək edəcəkdir. Bir daha qeyd edir ki, o, aralarında olan münasibətlərə vicdansız yanaşmış olsaydı, iddiaçı ilə aralarında olan sadə yazılı əqddə qeyd edilmiş 10.000 + 20.000 = 30.000 manat puldan əlavə iddiaçıya heç bir məbləğdə pul qaytarmazdı. Halbuki, aralarında olan razılaşmanın iddiaçı tərəfindən pozulmasına baxmayaraq, qanunvericiliyin tələblərinə əsasən behin qaytarılmayacağı şəraitində, iddiaçıya vermiş olduğu 10.000 manat, 20.000 manat və əlavə olaraq xırda məbləğlərlə 10.000 manat daxil olmaqla, cəmi 40.000 manat pul qaytarmışdır. Halbuki, aralarında olan razılaşmanı iddiaçı özü pozduğu üçün o, qanunvericiliyin tələblərinə əsasən behi qaytarmamalı idi. Lakin o, vicdanlı hərəkət edərək iddiaçının behini qaytarmamalı olduğu halda qaytarmışdır. İddiaçının qanunsuz hərəkətləri nəticəsində isə ona külli miqdarda maddi ziyan dəymişdir və o, bununla bağlı ayrıca məhkəmədə iddia qaldıracaq. Belə ki, o, evi iddiaçının istəyinə uyğun olaraq iddiaçının istədiyi üslubda dəyişiklər etdirmişdir. Zövqlər müxtəlif olduğu üçün o, iddiaçının istədiyi üslubla tikmiş olduğu evə hazırda yeni bir müştəri tapmaqda böyük çətinliklə üzləşmişdir. İddiaçı isə şəhərin başqa qəsəbəsindən, yəni Bağmanlar qəsəbəsində başqa ev tapdığını və həmin evi almaq üçün ona vermiş olduğu behi geri tələb edib alaraq ona ikiqat ziyan vurmuşdur. İddiaçı ilə aralarında razılaşma olmuşdur. O, iddiaçı ilə evi 81.000 manata razılaşmışdır. İddiaçı ona həmin puldan beh kimi 10.000 manat məbləğində pul vermişdir. İddiaçı ona ümumilikdə 30.000 manat pul vermişdir. Bu aralarında olan əqddə öz əksini tapmışdır. O, iddiaçıya 40.000 manat pul qaytarmışdır. O, polisdə 40.000 manat qaytarması ilə bağlı izahat vermişdir. O, Yaşar adlı şəxsə evi 93.000 manata təklif etməmişdir, elə bir halın baş verməsini xatırlamır. Gəncə Şəhər Məhkəməsində dindirilmiş şahidlərdən yalnız Cahangiri dəvət etmişdir. Çardaq sonradan düzəldilmişdir. Evin içində hamam və sanitar qovşaq var idi. İddiaçı evə görə ona 10.000 manat və 20.000 manat beh vermişdir. O, iddiaçıya 30.000 manat behə görə, 10.000 manat isə çəkdiyi xərcə görə pul qaytarmış, lakin buna dair sübutu yoxdur, maklerin isə bundan xəbəri vardır. İddiaçı tərəfindən evə təxminən 10.000 manat pul xərclənmişdir. Onun iddiaçıya hal-hazırda borcu yoxdur. Əksinə iddiaçı ona külli miqdarda ziyan vurmuşdur. O, iddiaçıdan 30.000 manat beh almışdır. Gəncə şəhər Polis İdarəsində hazırki işlə bağlı izahat vermişdir. Gəncə Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətində texniki və qrammatik səhv olaraq 40.000 manat beh aldığı yazılmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, cavabdehin izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı qeyd edir ki, 40.000 manat beh verilmişdir, lakin məhkəmənin nəzərinə çatdırır ki, ortada 40.000 manat pul olmuş, onun 30.000 manatı beh kimi verilmişdir. Bununla bağlı iş materiallarında ödəniş qəbzi vardır. 20.000 manat bir dəfə, 10.000 manat isə növbəti dəfə ödənilmişdir. 10.000 manatın isə ödənilməsi barəsində heç bir sübut yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxs iddiaçıya 40.000 manat pul qaytarmışdır. Həmin 40.000 manat pulun 30.000 manatı beh kimi verilmiş pul, digər 10.000 manat isə əlavə çəkilmiş xərclərlə bağlı iddiaçıya qaytarılmışdır. İddiaçı qeyd edir ki, aralarında 81.000 manata razılaşmışlar. Düzdür, tərəflər aralarında 81.000 manata razılaşmışlar, lakin daha sonra iddiaçı gəlmiş və bildirmişdir ki, o, Gəncə şəhərinin Bağmanlar adlanan hissəsindən daha yaxşı ev tapdığı üçün bu hissəsindən ev almaq istəmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə instansiyasının iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, Hafizi evin satıcısı kimi, Səyəddini isə evin köhnə alıcısı kimi tanımışdır. 2022-ci ilin noyabr ayında makler vasitəsilə Hafizin evinə baxmağa gəlmişdir. Hafiz ona demişdir ki, ev satılıb, qaytarılıb. Hafiz evi ona 91000 manata təklif etmişdir, o isə beh kimi 28000 manat, 3000 manat sonra da 4000 manat olmaqla, ümumilikdə 35000 manat pul vermiş, 8000 manat da əlavə xərc şəkmişdir. Ancaq Hafiz evi 20 günə təhvil verməli olduğu halda təhvil verməmişdir. Səyəddini də evin yanında görmüşdür, həmin evin təmiri üçün xərclədiyi pulu alacağı olduğunu ona demişdir. Evi niyə qaytardığını soruşduqda isə Səyəddin evin satışının yubadıldığını, ev sahibinin verdiyi sözə əməl etmədiyini bildirmişdir. X11 nə qədər pul almalı olduğunu bilməmişdir. O, evi alanda evin çardağı olmuşdur. Hafiz evi 80000 manatdan artıq qiymətə satmışdır Səyəddinə. Əvvəlki məhkəmə instansiyasının iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, iddiaçı Səyəddin qudasıdır. Hafizi də ev alqısatqısına görə tanımışdır. Evi almaq üçün Səyəddin Hafizə beh kimi 40000 manat pul vermişdir. Evin təmiri üçün də hər dəfə az-az olmaqla, ümumilikdə 15000 manat Hafizə pul vermişdir. Sonra isə cavabdeh onlara 40000 manat pulu qaytarmışdır, amma təmir üçün verdikləri 15000 manat pulu qaytarmamışdır. Çardağın təmiri üçün 5000 manat pulu Hafizə məhz onun özü aparıb vermişdir. Çardağın tikintisi üçün ümumi neçə manat pul xərcləndiyini isə bilmir. Evi Hafiz özü təmir etdirdiyi üçün bütün təmir işlərinin pulu Hafizə verilmişdir. Əvvəlki məhkəmə instansiyasının iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Səyəddin qudasıdır, Hafizi də evi alanda tanımışdır. Cavabdeh evi Səyəddinə 81000 manata, 20 günə tam təmirli vəziyyətdə satacağını demişdir. Onlar elə həmin vaxt təmirin 20 gün yox, 1-2 ay çəkəcəyini demişdirlər. 2 ay sonra evə baxmağa getdikdə Hafiz ustanın qaçıb işləmədiyinə görə təmiri yekunlaşdıra bilmədiyini demişdir. X18 ümumi 53000 manat pul vermişdir. Çardağı təmir etdirməyə isə behdən əlavə pul vermişdir. Ümumi təmirə nə qədər xərc çəkildiyini bilməmişdir. Əvvəlki məhkəmə instansiyasının iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, Səyəddini həmkəndlisi kimi, Hafizi isə evində usta kimi işləyəndə tanımışdır. Hafiz öz yaşadığı evi təmir etmişdir, sonra onu evinin qarşısında tikdirdiyi evi təmir etmək üçün çağırmışdır. Hafiz evi satdığını, evin yeni sahibinin çardaq qurmaq istədiyini demişdir. Evin yeni sahibi də Səyəddin idi. Evdə ilk olaraq çardağı tikməyə başlamışlar, sonra eyvanın altının dəmirini düzəltmiş, isti döşəmə çəkmişdir. Evin ikinci mərtəbəsindən mansarda çıxan pilləkənin dəmir konstruksiyasını yığmış, qaynaq və bənna işlərini də görmüşdür. Çardaq üçün əl haqqı istədikdə isə Hafiz evin sahibi gəldikdə pulu ondan alıb verəcəyini demişdir. Çardağa görə 1400 manat əl haqqı almışdır. Çardağın material pulu isə təxmini 6000 manat olardı. Pilləkən üçün 500 manat əl haqqı almış, onun material pulu isə 400-500 manat arası olardı. Səyəddin təmir işlərinin gec getməyindən şikayətlənmişdir, hətta nahar fasiləsində evə getməsinlər deyə bir neçə dəfə onlara 10 manat yemək pulu vermişdir. Əvvəlki məhkəmə instansiyasının iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, Hafizin öz evinin çardağını təmir etmişdir, həmin vaxtdan Hafizi tanımışdır. Səyəddini isə Hafizin satdığı evin çardağını düzəldəndə tanımışdır. Bir gün Hafiz evin yeni sahibinin onlara yemək pulu verdiyini dedikdə bilmişdir ki, evin yeni sahibi Səyəddindir. Çardağı qurmaq üçün onlar evə gələndə artıq material alınmışdır. Çardağa görə əl haqqı olaraq Hafizdən 1400 manat pul almışdır, ancaq pulu istəyəndə Hafiz “Qoy evin yiyəsi gəlsin, pulu mənə versinki, mən də sizə verim.” demişdir. O, pulu həmişə Hafizdən almışdır. Pul istəyəndə Hafiz Səyəddini gözləmişdir. Ev sahibi Səyəddin olduğuna görə pilləkənin xərcini də Səyəddin çəkmişdir. Pilləkənin dəmirini yığmaq üçün 800-900 manat xərc çəkmək lazımdır. Ümumi çardağa çəkilən xərci bilməmişdir, ancaq materialın bazar qiyməti təxmini 4000-5000 manat olardı. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri Gülüstan qəsəbəsi adlanan ərazidə makler kimi fəaliyyət göstərir. X1 vasitəsi ilə ona zəng edib evin olub-olmaması barədə məlumat almışdır. Bundan öncə də Cavabdeh ona evini satmasını, alıcı olacağı təqdirdə ona məlumat verməsini xahiş etmişdir. Sayəddin qudası ilə gəlmişdir. O, sonunculara evi göstərmişdir. Onlar da evi bəyənmişlər və öz aralarında şərtləşmişlər. Bundan başqa qeyd edir ki, Sayəddin və Hafis tanış çıxmışlar. Onun yanında 10.000 manat beh verilmişdir, o da bunun şahidi olmuşdur. Daha sonra o, çıxıb getmişdir. Onların aralarında narazılığın yaranması səbəbini bilmir. 2 ay yarım keçdikdən sonra Hafiz onu çağırmış və bildirmişdir ki, bunlar razılaşmanı pozmuşlar. Hafiz ona Sayəddinin oğlunun whatsapp vasitəsi ilə atdığı səsə qulaq asdırmışdır. Həmin səsdə deyilirdi ki, «bizim pulumuzu qaytar, Bağmandan ev tapmışıq». 2 həftə sonra Sayəddin onu çağırmiş və o, Sayəddinlə görüşərkən sonuncuya bildirmişdir ki, oğlu Hafizə səs atıb ki, onlar Bağmandan ev tapmışlar, pulu qaytarsın. Sayəddin ona bildirmişdir ki, onun bundan xəbəri yoxdur və Bağmandan ev tapmayıblar. Bundan başqa qeyd edir ki, Hafisin Sayəddinə 40.000 manat qaytarmasını onlar arasında gedən danışıqlar zamanı eşitmişdir. Lakin 40.000 manat qaytarmasının şahidi olmamışdır. Onun şəkəri var, buna görə də hadisləri tez unudur. Onun yanında beh kimi 10.000 manat pul verilmişdir. Bundan başqa onun yanında heç bir məbləğ nə verilib, nə də ki alınmışdır. Tərəflər arasında münasibətlərin pozulması ona iki ay yarım sonra məlum olmuşdur. Tərəflər arasında münasibətlərin pozulması səbəbini Sayəddin ona izah etməmişdir. O, makler kimi çalışır. Sayəddini şəxsən deyil, Hümbət vasitəsi ilə tanımışdır. Hafizi tanıyır, qonşusudur. Hafiz özü ona demişdir ki, ev satır. Hafiz evi 85.000-90.000 manat civarında satırdı. Hümbət ev almaq üçün müraciət etmişdir. Hümbətin onun nömrəsini hardan aldığını dəqiq bilmir. Bu hadisələrin nə vaxt olduğu dəqiq yadında deyil. Onunla danışandan sonra onun yanına Hümbət və qudası Sayəddin gəlmişlər. Sonuncular onun yanına gələndən sonra bir başqa evi, daha sonra isə Hafizin evini göstərmişdir. Digər evin qiyməti 110.000 manata idi. Hümbət və qudası Sayəddin evi bəyəndilər və almaq qərarına gəldilər. Şərtləşmədə iştirak etməmişdir. Şərtləşmənin hansı formada baş verməli olduğunu bilmir, o, şərtləşmədə iştirak etməmişdir. Ev yarımçıq idi, darvaza qoyulmalı, kafel vurulmalı, naves qoyulmalıydı, qalan məsələləri dərinliyinə qədər bilmir. Onun yanında alıcı satıcıya 10.000 manat beh vermişdir. O da şahid olmuş və imza etmişdir. Bundan sonra tərəflərin arasında baş verən danışıqlardan xəbəri yoxdur. 40.000 manat pul verilməsini alıcı, satıcı və Hümbətdən eşitmişdir. Qaytarmasının şahidi olmamışdır. Darvaza qoyulması, naves vurulması və s. işlərinin müəyyən hissəsini alıcı, müəyyən hissəsini isə satıcı görməli idi, dəqiq bilmir. Kafeli Hafiz vurmalıydı. Navesi kimin vurmalı olduğunu dəqiq bilmir. O, makler kimi polisdə izahat vermişdir. Sayəddin onun yanında Hafizdən təxmini 12.000 neçə yüzsə pul tələb edirdi, dəqiq deyə bilmir. İsmayıl adlı şəxsi tanıyır. İsmayıl ikinci alıcıdır. İsmayılı dostlarının vasitəsi ilə tanıyır. Ev İsmayıla səhv etmirsə 91.000 manata satılmalıydı. Sayəddinin Hafizdən tələb etdiyi 12.000 manatın qaytarılması barədə məlumatı yoxdur. Hafiz ona bildirmişdir ki, Sayəddinlə pozuluşmuşdur, ona görə də yeni alıcı gətirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadəsini dinləyib, əvvəlki məhkəmə iclasında ifadə vermiş şahid ifadələrini nəzərdən keçirib, eləcə də, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «Metak» şirkətin loqosu olan bloknot vərəqində yazılmış əlyazmadan görünür ki, tərəflər iddia ərizəsində qeyd olunan yeni tikilini (ünvan 2 ünvanda yerləşən) 81.000 manata alğı-satqı etməyi razılaşdırmış, Cavabdeh iddiaçı X2 10.000 manat beh almışdır. Tam hazır olması üçün kombi istilik sistemi, kolonka qızdırıcı, hovuz pilləkənin (fıstıq) yığılması, evin qabaq hissəsinin rənglənməsi işləri görüləcək, həyətin içinin yeri metlax olacaq, hasarı çəkiləcək. Həmin əlyazmanı satan, alan, həmçinin şahid Məmmədov Cahangir imzalamışlar. Həmin sənədin arxasında Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 19.00-da Sayəddin və Hümbətdən (qudasından) 20000 manat almasını o, X6 və Kərimov Hümbət imzaları ilə təsdiq etmişlər. Qeyd edilən yazıların ardınca isə imzalarla təsdiqlənməyən beh 5000, 2000 naves tikintisi, 1000 torpaq, 820 daş, 2800 kombi, 600 domik, 500 qapı, 370 montaj, 230 naves, cəmi 13320 manat qeyd aparılmışdır. - 27 yanvar 2023-cü il tarixli HK-1/159 saylı material üzrə Gəncə şəhər 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X3 müraciətinə əsasən tərəflərin izahatları alınmış, Cavabdeh verdiyi izahatında evə görə Səyəddinin 10000, 20000, daha sonra da 10000, ümumilikdə 40000 manat pul verdiyini, sonradan Səyəddinin ona evi bəyənmədiyini, Hafiz də ondan aldığı 40000 manat pulu qaytardığını, pulu geri qaytardıqdan təxminən iki gün sonra onlar yenidən gələrək əlavə 10000 manat verərək evi almaq istədiklərini, lakin Hafiz onunla razılaşmadığını, Səyəddin evin təmiri üçün Hafizin vasitəsilə müxtəlif ustalara müxtəlif vaxtlarda gördürdüyü işin dəyərində əlavə olaraq 5500 manata qədər pul verdiyini, bundan əlavə olaraq evin təmiri üçün lazım olan avadanlıqlar və çardağın özü və dam örtüyü üçün təxminən 6200 manata qədər pul xərclədiyini, Sayəddin Zeynalovun ona başqa pul vermədiyini, Səyəddin evin təmiri üçün ümumilikdə təxminən 11.700 (on bir min yeddi yüz) manat əlavə pul xərclədiyini, ona görə də Səyəddinə pul qaytarmaq niyyətinin olmadığını bildirmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 81000 manata iddiaçıya satmağı razılaşmış, həmin evdə və evin həyətində digər işlərin görülməsindən sonra alğı-satqı ediləcəyi ilə bağlı şifahi razılığa gəlmişlər. Şifahi razılığı sadə yazılı formada vərəqə qeyd etməklə, görülməli olan işlərin nədən ibarət olacağını, evin razılaşdırılmış alğı-satqı dəyərini göstərmiş, bunun müqabilində iddiaçıdan ilkin beh olaraq 10000 manat məbləğində pul almışdır. Daha sonra isə cavabdeh iddiaçıdan 20000 manat, sonra isə 10000 almış və ümumilikdə aldığı 40000 manatı beh kimi qiymətləndirmişdir. Həmçinin müəyyən edilmişdir ki, ev satışa çıxarılarkən yarımçıq təmir vəziyyətdə olmuş və iddiaçının razılığı ilə yerdə qalan təmirinin və çardağının iddiaçının (alıcının) zövqünə uyğun olaraq təmir edilməsi üçün cavabdeh təmir işlərinin iddiaçının hesabına aparılmasını öz üzərinə götürmüşdür. Lakin tərəflər arasında olan alqı-satqı razılaşması baş tutmadığından cavabdeh iddiaçıdan aldığı 40000 manat behi iddiaçıya qaytarmışdır. Bu narazılığı iddiaçı cavabdehin ondan təmir tikinti üçün aldığı 15000 manat müqabilində işləri vaxtında görməməsi ilə, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın iddiaçının başqa evi bəyənməsi səbəbindən pozulması ilə izah etmişlər. İddiaçı onun tərəfindən cavabdehə həmin vaxt 40.000 manat beh verilməsini göstərsə də, əvvəlki məhkəmə instansiyasında və polisdə verdiyi izahatlardan fərqli olaraq cavabdeh hazırda behin məbləğinin 30000 manat olmaqla, qalan 10.000 manat isə evə çəkdiyi xərcə görə pul olmasını göstərmişdir. İddia tələbinə əsasən cavabdeh tikinti təmir işlərinin aparılmasına görə iddiaçıdan aldığı 15000 manat pulu qaytarmamış, cavabdeh həmin pulu qaytarmamasını müxtəlif səbəblə əlaqələndirərək gah çəkilən xərcin yarı dəyərinin onun tərəfindən xərcləndiyini, gah da 12000 manat xərcləndiyini və alqı-satqı razılaşmasının cavabdeh tərəfindən pozulmasını göstərərək ona zərər dəyməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. - 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırki mübahisənin predmeti tərəflər arasında olan şifahi razılaşmanın kim tərəfindən pozulduğu ilə bağlı məsələ olmasa da, məhkəmə cavabdehin verilən behi vicdanlılıq prinsipə əsasən qaytardığını bildirməsi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, qeyd edilən prinsipə əsasən əgər razılaşma cavabdeh tərəfindən pozulmamışdırsa, o, qanunvericiliyə əsasən iddiaçıya behi qaytarmamaqda haqlı olardı. Lakin cavabdehin beh məbləğini iddiaçıya qaytarmaqla, faktiki olaraq razılaşmanın özünün tərəfindən pozulduğunu etiraf etməsi (etirafedici hərəkət) həmin evin sonradan ikinci alıcıya daha artıq məbləğə təklif edilməsində özünü göstərir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə beh məbləğindən əlavə evin təmiri üçün çəkilmiş xərcin nə qədər olması və cavabdeh tərəfindən bu məbləğin qaytarılmaması ilə bağlı olmuş və araşdırma zamanı məhkəmədə müəyyən edilmiş faktiki hallar ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı 40.000 manat məbləği evin razılaşdırılmış satış qiymətinin bir hissəsi olaraq beh şəklində 3 dəfəyə ödənilmiş məbləği olmuşdur. Başqa sözlə, cavabdehin behin məbləğinin 30000 manat deyil, 40000 manat olması onun polisdə verdiyi izahatının məzmunu ilə təsdiq edilir. Məhkəmə həmçinin hesab edir ki, tərəflərin aralarında narazılıq yaranandan sonra, cavabdeh iddiaçıya qaytardığı 40.000 manat məbləğindəki pulun 30000 manatın beh olmaqla qalan 10000 manatın isə evin təmiri üçün çəkilmiş xərclər olmasına dair izahatı da heç bir mötəbər sübutlar təsdiqini tapmamışdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən cavabdehin polisdə beh məbləğindən əlavə evin təmiri üçün 11700 manat pul xərcləndiyini etiraf etməsini də nəzərə alır. Belə ki, evin təmirinin cavabdehin öz vəsaiti hesabına deyil, iddiaçının hesabına aparılmasını tərəflər və iş üzrə ifadə vermiş şahidlər də təsdiq etmişlər. Lakin iddiaçı evin təmiri üçün cavabdehə məhz 15000 manat verməsini sübut edə bilməmişdir. Hətta onun qudalarının ifadələrində belə evin təmiri üçün cavabdehə verilmiş vəsaitlə bağlı fərqli rəqəmlər göstərilmişdir. Belə ki, X7 qudası Səyəddinin Hafizə ümumi 53000 manat pul verməsini, ümumi təmirə nə qədər xərc çəkildiyini bilməməsini göstərsə də, şahid X12 ifadəsində evin təmiri üçün hər dəfə az-az olmaqla, ümumilikdə 15000 manat Hafizə pul verilməsini amma onun təmir üçün verdikləri 15000 manat pulu qaytarmamasını göstərmişlər. Tərəflər arasında imzalanmış sadə yazılı formada olan sənədin arxasında da imzalarla təsdiqlənməyən tikinti işləri və materiallarla bağlı cəmi 13320 manat qeyd aparılması bu məbləğin məhz 15000 manat olmamasına bir növ dəlalət edir. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh görülməli işlərə görə iddiaçıdan aldığı məbləğ polisdə sərbəst qaydada verdiyi izahatında etiraf etdiyi kimi 11.700 manat olmuşdur ki, həmin məbləğ də qaytarılmış 40000 manata aid deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh iddiaçının vəsaiti hesabına 11.700 manat həddində əsassız varlanmış, iddiaçıya məxsus pulu qaytarmamaqla həm də onun hüquqlarını pozmuşdur. Belə ki, həmin pul vəsaitinin cavabdehdə qalmalı olması ilə bağlı hər hansı müqavilə əsası və yaxud digər qanuni əsas yoxdur. Göründüyü kimi, iddiaçı cavabdehin onun hesabına əsassız yerə məhz 15000 manat məbləğində varlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.700 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 125 manat 10 qəpik hissəsi (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) Cavabdeh iddiaçı X3 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.700 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 125 manat 10 qəpik hissəsi (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) Cavabdeh iddiaçı X3 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1003/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1003/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver