Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1015/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO QSC «xxxx» KB-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO QSC «xxxx» KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “xxxx” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/128920/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 2841.84 (iki min səkkiz yüz qırx bir, 84) manat məbləğində əsas borc, 1189.82 (min yüz səksən doqquz, 82) manat məbləğində faiz borcu, 2117.79 (iki min yüz on yeddi, 79) manat məbləğində cərimə borcu, 418.86 (dörd yüz on səkkiz, 86) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6568.31 (altı min beş yüz altmış səkkiz, 31) manat məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC “xxxx" KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/128920/15 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 2841.84 (iki min səkkiz yüz qırx bir, 84) manat məbləğində əsas borc, 1189.82 (min yüz səksən doqquz, 82) manat məbləğində faiz borcu, 2117.79 (iki min yüz on yeddi, 79) manat məbləğində cərimə borcu, 418.86 (dörd yüz on səkkiz, 86) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6568.31 (altı min beş yüz altmış səkkiz, 31) manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 4.4.5-ci bəndində isə göstərilir ki, “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir. Eynilə Kredit Müqaviləsinin 4.4.8-ci bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir’’. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hesab edir ki, iddiaçı “xxxx” QSC KB Mülki Məcəllənin 373.2.-ci maddəsində qeyd olunmuş müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürməklə məhkəməvə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı “xxxx” QSC KB tərəfindən Cavabdeh qarşı irəli sürülmüş kredit müqaviləsindən irəli gələn mübahisə ilə bağlı iddia tələbinə dair Nəsimi rayon məhkəməsinin icraatında olan 2(006)-1015/2021 saylı iş üzrə iddia müddətinin ötürüldüyünə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. QSC «xxxx» KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/128920/15 saylı kredit müqaviləsinə əsasən borc verən (iddiaçı) borc alana (cavabdehə) 24 ay müddətinə, illik 28% hesablanmaqla 5000 manat məbləğində kredit xətti açmağı, borc alan isə müəyyən olunmuş qrafik əsasında kredit məbləğini və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən “borc alan” bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün “Kreditora” vaxtında qaytarılmayan məbləğin illik bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş faizi miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. LPO QSC «xxxx» KB tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, QSC “xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/128920/15 saylı Kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 2841,84 manat məbləğində əsas borc, 1189,82 manat məbləğində faiz borcu, 2117,79 məbləğində cərimə borcu, 418,86 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 6568,31 manat məbləğində borcu yaranmışdır. Ödəniş qəbzindən (№678932675) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/128920/15 saylı kredit müqaviləsinin və həmin müqaviləyə əlavənin (ödəniş cədvəli) surətindən görünür ki, QSC “xxxx” Kommersiya Bankı borcalan Cavabdeh 24 ay müddətinə illik 28% dərəcəsi ilə 5000 manat məbləğində kredit xətti açmağı, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh isə ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 2841,84 manat məbləğində əsas borc, 1189,82 manat məbləğində faiz borcu, 2117,79 məbləğində cərimə borcu, 418,86 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 6568,31 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 (iyirmi) manat məbləğinədək azaldılmalıdır. Çünki 2841,84 manat əsas borc məbləğinə münasibətdə 20 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Belə ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2 və 377.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, iddiaçının müvafiq iddia ərizəsi məhkəməyə göndərilməsi üçün poçta xx.xx.2020-ci il tarixdə verilmiş, bununla da iddiaçı 3 illik iddia müddətini ötürməmişdir. Çünki Mülki-Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2841,84 manat məbləğində əsas borc, 1189,82 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, 418,86 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 4470,52 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manatı məbləğində pul Cavabdeh tutularaq iddiaçı LPO QSC «xxxx» KB-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 2841,84 manat, faiz borcu üzrə 1189,82 manat, cərimə borcu üzrə 20 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 418,86 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manatı, cəmi 4490,52 manat məbləğində pul Cavabdeh tutularaq LPO QSC «xxxx» KB-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1015/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1015/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver