Məhkəmə qərarları › İş №2(006)-1017/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1017/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1017/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) - Nümayəndə Məmmədəli oğlunun, Cavabdehin nümayəndəsi - X3, Cavabdehin nümayəndəsi - X6 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 olmaqla cavabdeh “X24 Sanayi və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X24 Sanayi və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Ford Transit Xüsusi Təyinatlı'’ markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 22393 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,18 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 məhkəmənin təşəbbüsü ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin nəqliyyat vasitəsini idarə etməsi üçün X14 8 iyun 2022-ci il tarixli etibarnamə vermişdir. Rəcid Bağırov nəqliyyat vasitəsini 13 iyun 2022-ci il tarixində saat 18:15 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 14-cü kilometrində idarə edərkən, cavabdehə məxsus “HOVO ZZ3327N3847E” markalı **- JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Kamaz 5511" marxalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşmasından sonra “HOVO ZZ3327N3847E” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Rəcid Bağırovun idarə etdiyi ona məxsus “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş və ona məxsus avtomobil dərəyə yuvarlanaraq istismara yararsız hala düşmüşdür. Hadisə nəticəsində Rəcid Bağırov ağır xəsarətlər aldığına görə, həm cavabdehə məxsus “HOVO ZZ3327N3847E” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü olan X13, həm də “Kamaz 5511” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü olan X9 barəsində AR Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Daha sonra qeyd edilən şəxslər Rəcid Bağırovun sağlamlığına vurulan zərərin əvəzini tam şəkildə ödəmiş, onlar barışdığına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X10 “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərarı əsasında hər iki şəxs barəsində başlanmış ********* nömrəli cinayət işinə xitam verilmişdir. Avtomobilinə vurulmuş real zərərin həcminin müəyyənləşdirilməsi məqsədi ilə müstəqil ekspertə müraciət etmişdir. Müstəqil ekspert X11 tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli 290722/FŞ nömrəli “İlkin Rəy”ə və 22FŞ saylı “Qiymətləndirməyə dair Hesabatda əsasən, ona məxsus Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 22393 manat müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Məmmədəli oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi X15 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AC seriyalı 517831 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının adına qeydiyyata alınmışdır. AD seriyalı 501925 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HOVO ZZ3327N3847E” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1963-cü ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli 3 uşaq atası, «X24 Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı nümayəndəliyində sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan X8 ilk dəfə cinayət törətməsini, səmimi peşmançılıq hissləri keçirməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, eləcə də Cahangir Ağayevin ictimai təhlükəli olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin Qərarın məzmunundan müəyyən olunur ki, aparılmış ibtidai araşdırma ilə müəyyən edilmişdir ki, X13 13 iyun 2022-ci ildə saat 18.15-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “HOWO ZZ3327N3847E” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 14-ciü kilometrliyində, Gəndob istiqamətindəki hərəkət hissəsi ilə 20-25 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını -ördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, qarşıdan əks istiqamətdə hərəkətdə olub yolayırıcmda 25-30 km/saat sürətlə sola dönmə əməliyyatı edərək onun hərəkət zolağına çıxan X4 idarə etdiyi “Kamaz 5511” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra “HOWO ZZ3327N3847E” markalı yük avtomobili sola istiqamətlənib qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan X12 20 km/saat sürətlə idarə etdiyi “Ford Transit” markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Ford Transit” markalı avtomobilin sürücüsü Rəcid Bağırovun sol diz qapağının sınığı, sol incik sümüyünün yuxarı 1/3-nin açıq sınığı, sağ bazu və sağ dirsək oynağının əzilməsi, sağ baldırın çoxsaylı sıyrılmış yaraları, sağ baldırın deşilmiş yarası, qarnın küt travması kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərialmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. 290722/FŞ nömrəli Qiymətləndirməyə dair hesabatdan görünür ki, “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 23000 manat, qalıq dəyəri 2000 manat və dəymiş zərərin həcmi 22393 manat təşkil edir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli O-AP-20230700 saylı məktubdan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış cavabdehə məxsus olan HOWO markalı, 99JT749 d.q.n avtomobilin iştirakı ilə 13.06.22-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “FORD TRANSİT” markalı 90ZS831 d.q.n avtomobil və dəmir çəpərlərə ziyan dəymiş, eyni zamanda X18 ağır xəsarət almışdır. Yol nəqliyyat hadisəsinin törədilməsində "KAMAZ" yük markalı, 38BC166 d.q.n. avtomobil və sığortalı avtomobillərin sürücüləri təqsirkar olduğundan və 5000 manat məbləğində sığorta məbləği zərərçəkən şəxslər arasında mütənasib qaydada nəzərə alındığından “FORD TRANSİT” markalı 90ZS831 d.q.n avtomobilə dəymiş ziyana görə Sığorta ödənişi zərər məbləğinin 50%-i həddində, yəni 4836 manat həyata keçirilirmişdir. X1 ağır dərəcəli xəsarətinə görə 1500 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/724 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Transit Xüsusi Təyinatlı markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin detalların zədələnməsini və təmirə (yaxud dəyişdirilməyə) ehtiyacı olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1724 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən 2001-ci il buraxılışlı “Ford Transit Xüsusi Təyinatlı" yük markalı, ** ZS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15750,0 (22500,0 m - 30%) manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiqatı müəyyən olundu ki, 13 iyun 2022-ci il tarixində saat 18:15 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 14-cü kilometrində cavabdehin əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçisi (sürücüsü) X8 idarə etdiyi cavabdehə məxsus “HOVO ZZ3327N3847E” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə iddiaçıya məxsus “Ford Transit Xüsusi Təyinatlı” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş (hadisədə cavabdehin işçisi X13 təqsirli bilinmişdir) və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir. Belə olan halda bu, iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin məsuliyyəti ilə bağlı məhkəmə qeyd ki, X13 cavabdeh ilə bağlanmış əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyindən, yəni cavabdehin işçisi olduğundan, zərəri əmək vəzifələrinin icrası zamanı vurduğundan cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı maddi ziyana görə cavabdehdən 22393 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1724 nömrəli ekspert rəyi ilə nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 15750,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 4836 manat sığorta ödənişi nəzərə alınmaqla, “Ford Transit Xüsusi Təyinatlı” markalı **- ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyana görə 10914 manat (15750-4836) cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus “Ford Transit Xüsusi Təyinatlı'’ markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi 10914 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 157,18 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehdən, qalan 50 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus “Ford Transit Xüsusi Təyinatlı'’ markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 10914 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 157,18 manat “X24 Sanayi və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği “X24 Sanayi və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, qalan 50 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar