Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1018/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təhkim edilmiş 3 ədəd ev siqnal ötürücüsünün dəyəri olan 324 (üç yüz iyirmi dörd) manat 96 (doxsan altı) qəpik pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdeh Rzayev X3 rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə təqsirli bilinmiş və 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmuşdur. 18.01.2020-ci il tarixdə böyük icra məmuru Nəsimi Abuşov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və cıza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası təhvil verilmiş və 3 ədəd ev siqanl ötürücüsü onun yaşadığı ünvana quraşdırılmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh cəza müddəti başa çatdığından onun üzərindən açılmış elektron qolbaq və elektron nəzarət vasitəsinin digər elementləri aidiyyəti üzrə Elektron monitorinq idarəsinə təhvil verilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş 3 ədəd ev nəzarət stansiyalarının (ev siqnal ötürücüsü) enerji vilkaları əridilmiş və yenidən yapışdırılmışdır. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından 3 ədəd ev nəzarət stansiyaları yararsız vəziyyətə düşmüş və onlara maddi zərər dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş 1 ədəd ev nəzarət stansiyasının (ev siqanl ötürücüsü) qiyməti 108,32 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki mübahisələndirilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)- 235/2019 saylı 24 oktyabr 2019-cu il tarixli Hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə təqsirli bilinmiş və 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan 18.01.2020-ci il tarixli Protokola əsasən, məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş, mobil qurğu və enerji adapteri təhvil verilmiş, yaşadığı ünvana 3 ədəd ev siqnal ötürücüsü quraşdırılmışdır. 18.01.2021-ci il tarixində elektron nəzarət dəstinə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş 3 ədəd ev nəzarət stansiyanının enerji vilkaları əridilmiş və yenidən yapışdırılmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxs tərəfindən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında AR NK-nin 10.04.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda o, yenisi ilə əvəz edilə bilər. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və iddia ərizəsində göstərilən 324,96 manat məbləğində vurulmuş maddi ziyan cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh təhkim edilmiş 3 ədəd ev siqnal ötürücüsünün dəyəri olan 324 (üç yüz iyirmi dörd) manat 96 (doxsan altı) qəpik pul məbləği ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1018/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1018/2022
18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver