Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1019/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş 1 ədəd ev siqnal ötürücüsünün dəyəri 1.346,03 manat pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Zeynallı X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmə tərəfindən məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası onlara həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə böyük icra məmuru Nəsimi Abuşov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası təhvil verilmiş və 3 ədəd ev siqnal ötürücüsü onun yaşadığı ünvana quraşdırılmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və həmin avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İcra məmurunun təqdimatı ilə məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza digər cəza növü ilə əvəz edildiyindən, onun üzərindən açılmış elektron qolbaq və elektron nəzarət vasitəsinin digər elementləri aidiyyəti üzrə Elektron monitorinq idarəsinə təhvil verilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun enerji, səs düyməsi və ekranın bir hissəsi əridilmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu zədələnmiş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş mobil qurğunun dəyəri 1346,03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı böyük icra məmuru Nəsimi Abuşov tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iş üzrə qiyabi qətnamənin çıxarılmasına etiraz etmədikləri qeyd edilmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfin mülki işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1019/2022 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-42/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu və 1 ədəd enerji adapteri təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-42/2020 saylı hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “elektron nəzarət dəstinin vəziyyəti haqqında” texniki rəydən görünür ki, məhkum Cavabdeh üzərində olmuş elektron nəzarət dəstinin (mobil qurğunun) enerji, səs düyməsi və ekranın bir hissəsi əridilərək, elektron nəzarət dəstinin (mobil qurğunun) yararsız hala düşdüyü müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin məktubunda qeyd edilmişdir ki, elektron nəzarət vasitəsinin cəmi məbləği 1.346,03 manat təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cəzaların İcrası Məcəlləsinin 15-2-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-42/2020 saylı hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmiş, Cavabdeh cəza müddəti başa çatdıqdan sonra elektron nəzarət vasitəsi üzərindən çıxarılaraq digər avadalıqlarla birlikdə monitorinq idarəsinə təhvil verilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun enerji, səs düyməsi və ekranın bir hissəsi əridilərək, yararsız hala salınmışdır. Məhkəmə onu da qeyd edir ki, Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin maliyyə arayışına əsasən həmin zədələnmiş avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1.346,03 manat pul vəsaiti alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1.346,03 manat pul vəsaiti alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1019/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1019/2022
01.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver