Məhkəmə qərarları › İş №2(006)-1045/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1045/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1045/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X15 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 19 dekabr 1991-ci il tarixdə SSRİ X25 rayonun Xudat şəhər Əmanət Kassasına 40 min (qırx min) rubl əmanət qoymuşdu. Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli, 602 nömrəli məlum fərmanını nəzərə alaraq, 2012-ci ilin iyun ayında fərmanda qeyd olunmuş bütün qaydalara, tələblərə riayət etməklə, əmanətlərə görə hesablanacaq birdəfəlik kompensasiya pulunuzu almaq məqsədilə SSRİ Əmanət Bankının varisi Kapital Bank ASC-in Xaçmaz rayon Kapital Bank filialna rəsmi ərizə ilə müraciət etmişdir. Kapital Bank ASC-in Xaçmaz Bank filialın əməkdaşları rəsmi ərizələrini qanunsuz olaraq qəbul etmədən geri qaytararaq, xx.xx.1991ci il tarixdən sonra qoyulan əmanətlərə görə birdəfəlik kompensasiyanın verilmədiyini bildirərək, qanunla verilməli birdəfəlik kompensasiya pulunu iddiaçıya qaytarmamışdır. Kapital Bank ASC-in Xaçmaz Bank filialı rəhbərliyin qanunsuz hərəkətlərindən narazı qaldığına görə sistematik olaraq, dəfələrlə aidiyyəti Dövlət orqanların rəhbərlərinə, o cümlədən 10 avgust 2012-ci il tarixdə Xaçmaz Bank filialın rəhbərliyinə rəsmi müraciət etsə də, həmin bankın rəhbərliyi qanunvericilik tələblərini bilərəkdən kobudca pozmaqla müraciətlərinə 6 aydan sonra, yəni 20 fevral 2013-cü il tarixdə cavab verərək, bir daha rəsmən bildirmişdir ki, onun 10 avgust 2012-ci il tarixli müraciəti əsasında Xaçmaz Bank filialın arxiv bazasında araşdırılma aparılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, onun əmanət hesabları xx.xx.1991-ci il tarixli qərardan sonra açılmış, ona görə də həmin tarixdən sonra açılan əmanətlərə görə birdəfəlik kompensasiya verilmir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 602 nömrəli fərmanında açıq-aydın bir tələb olaraq qeyd edilmişdir ki, xx.xx.1992-ci ilədək banka qoyulmuş bütün əmanətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına birdəfəlik kompensasiyalar verilir. Azərbaycan Respublikası Prezdentinin 14 mart 2012-ci il tarixli, 602 nömrəli fərmanında qeyd edilmiş tələblərə, qaydalara əsaslanmaqla dəfələrlə, sistematik olaraq, pozulmuş Konstitusiya hüquqlarının bərpası məqsədilə Kapital Bank ASC-in rəhbərliyinə, digər dövlət orqanların rəhbərlərinə müraciət etsə də, Kapital Bank ASC-in rəhbərliyi ona bir-birindən fərqli cavablar göndərməklə, onun haqlı-əsaslı tələbinin həlli istiqamətində heç bir təşəbbüs göstərməyərək, qanunla iddiaçıya verilməli birdəfəlik kompensasiya pulu Kapital Bank ASC tərəfindən qaytarılmamışdır. Göstərilənlərə əsasən, 19 dekabr 1991-ci il tarixdə SSRİ X25 rayonun Xudat şəhər Əmanət kassasında qoyulan 40 min (qırx min) rubl əmanətinə görə 2500 manat (iki min beş yüz manat) birdəfəlik verilməli kompensasiya pulunun SSRİ Əmanət Bankının qanuni varisi Cavabdeh ASC-dən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra Cavabdeh ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək 19 dekabr 1991-ci il tarixdə SSRİ X25 rayonunun Xudat şəhər Əmanət kassasında qoyduğu 40 min (qıxr min) rubl əmanətinə görə 2500 manat (iki min beş yüz manat) birdəfəlik verilməli kompensasiya pulunun SSRİ Əmanət Bankının qanuni varisi Cavabdeh ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, bu qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi Cavabdeh Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Bank) bu Qaydaların qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin (bundan sonra – birdəfəlik ödəmə) verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd əlavə olunmalıdır. Sözügedən Qaydaların 4.3-cü bəndinə əsasən Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının əmanət kitabçası yoxdur, onun tərəfindən itirilmişdir. Bu səbəbdən Banka müraciət etmiş və həmin müraciətə cavab olaraq təqdim edilmiş xx.xx.2012-ci il tarixli məktub ilə ona xx.xx.2012-ci il tarixədək Bankın Xaçmaz rayon filialına müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən prosedurlara 5 №-li əlavəsinə uyğun olaraq əmanətçi tərəfindən tərtib edilən ərizədə Bank tərəfindən hər hansı bir qeydin aparılmaması və həmin ərizənin iddiaçıda olması onu deməyə əsas verir ki, iddiaçı Bankın Xaçmaz rayon filialına ərizə ilə müraciət etmiş, lakin ərizəsində verdiyi məlumatlar öz təsdiqini tapmadığı üçün əmanət (bank) kitabçasını əvəz edən sənədin verilməsi ilə bağlı prosedurun davam etdirilməsi mümkün olmamışdır. Belə ki, Qaydalara əsasən ərizədə verilən məlumatlar öz təsdiqini tapsa idi həmin ərizə Xüsusi Komissiyaya göndərilərdi və sonuncunun qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilərdi. Məhkəmənin nəzərinə çatdırılır ki, hal-hazırda Bank tərəfindən aparılmış araşdırma nəticəsində məlumat bazasında iddiaçı tərəfindən təqdim edilən məlumatlara uyğun əmanət hesabı aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən bildirilən onun şəxsi əmanət hesabının mövcud olmasını təsdiq edən heç bir sübut mövcud deyil. Belə olan halda isə onun tərəfindən hazırki Banka qarşı irəli sürülmüş iddia tələbinin heç bir əsası və sübutu mövcud deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanının 5-ci bəndinə əsasən birdəfəlik ödəmələr Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi əsasında dövlət büdcəsindən maliyyələşdirilirdi və maliyyələşdirmə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi” Qaydalarının 4.6-cı bəndinə əsasən, birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır. Həmin müddət isə daha sonra uzadılmamışdır. Bu səbəbdən hal-hazırda hazırki iddia tələbi ilə Banka qarşı müraciət edilməsi başa düşülən deyil. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə 19 dekabr 1991-ci il tarixdə SSRİ X25 rayonunun Xudat şəhər Əmanət kassasında qoyduğu 40 min (qıxr min) rubl əmanətinə görə 2500 manat (iki min beş yüz manat) birdəfəlik verilməli kompensasiya pulunun qaytarılması tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Daha sonra İddiaçı iddia tələbinin məzmununun dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi 40 min rubl əmanətə görə 2.500 manat birdəfəlik kompensasiya pulunun verilməsi tələbinin, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli, 602 saylı Fərmanının tələblərinə əsasən birdəfəlik ödəmənin verilməsi tələbi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, İddiaçı 09 dekabr 1991-ci il tarixdə SSRİ Əmanət Bankının, Xaçmaz rayonun 3447 saylı Əmanət Bank şöbəsinin 011 nömrəli Xudat şəhər filialında adına açılan 07900313 nömrəli əmanət hesabına 40 min rubl əmanət yerləşdirmişdir. Azərbaycan Respublikası prezdentinin 14 mart 2012-ci il tarixli fərmanını nəzərə alaraq, fərmanda qeyd edilən bütün qaydalara əməl edilərək, Cavabdeh ASC-in Xaçmaz rayon filialına müraciət etsə də, bank ona verilməli 2500 manat, birdəfəlik ödəməni verməyərək rəsmən onu aldatmışdır. Belə ki, Cavabdeh ASC-nin rəhbərliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər dövlət organlarına edilmiş sistematik müraciətləri heç bir nəticə verməmiş və iddiaçıya verilməli birdəfəlik ödəmə verilməmişdir. Təkrarən, 10 avgust 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezdentinin 14 mart 2012-ci il tarixli fərmanında qeyd edilmiş qaydalara əsaslanmaqla, iddiaçı Cavabdeh ASCnin Xaçmaz bank şöbəsinin rəhbərliyinə rəsmi ərizə ilə müraciət etsə də, bank rəhbərliyi ona birdəfəlik ödəməni verməyərək, 6 aydan sonra, 20 fevral 2012-ci il tarixli 274 saylı bildiriş göndərərək bildirmişdir ki, İddiaçı bildirişi itmişdir. Onların 10 avqust 2012-ci il tarixli müraciəti əsasında arxivin bazasında araşdırma aparılmış və araşdırma nəticəsində iddiaçının adına olan əmanət kitabçası xx.xx.1991-ci il tarixli qərardan sonra açıldığından həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmır. Cavabdeh tərəf həmin məktubla faktiki olaraq iddiaçının adına həqiqətən hesab olduğunu və depozit qoyulduğunu etiraf edir. Bundan başqa bank tərəfindən bildirilmişdir ki, həmin dövrə aid əmanətçilərə məxsus bütün sənədlər məhv edilmişdir. Hesab edir ki, bu qanunsuzdur. Bank əmanətçiyə məlumat vermədən, ona əmanətini qaytarmadan ona məxsus sənədləri məhv edə bilməz və bununla bağlı məsuliyyəti birbaşa bank daşıyır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X19 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddiaçının iddiasına əsasən o, Cavabdeh ASC-yə əmanət yerləşdirmiş və bununla bağlı ona əmanət kitabçası verilmişdir. Lakin daha sonra özünə də məlum olmayan şəraitdə onu itirmişdir. Əmanətlərin qaytarılması ilə bağlı prezident fərmanın əsasən əmanət kitabçası itirilərsə, əmanət yerləşdirən şəxs bununla bağlı banka müraciət etməli idi. Bank tərəfindən bankda tutuşdurma aparılmalı, nəticə müsbət olarsa, bank tərəfindən xüsusi komissiyaya müraciət edilməli və araşdırmanın nəticəsi müsbət olduğu təqdirdə isə əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd verilməlidir. Həmin sənəd əsasında da əmanətçiyə əmanətlə bağlı birdəfəlik ödəmə verilməlidir. Lakin iddiaçı tərəf bu prosedurlardan keçməmiş və bununla bağlı müddəti ötürmüşdür. İddiaçı iş materiallarına bununla bağlı müraciəti əlavə etsə də, orada bankın heç bir qeydi yoxdur. Həmin ərizənin əmanət kitabçasız və onu əvəz edən sənəd əlavə edilmədən bank tərəfindən qəbul edilməsi isə mümkün deyildir. Ola bilsin ki, həmin ərizə əsasında bankda tutuşdurma aparılmış və tutuşdurma müsbət olmadığından xüsusi komissiyaya müraciət olunmamışdır. Belə ki, bankın sistemində hər bir əmanətçiyə aid məlumatlar saxlanılır. Əgər şəxs heç vaxt əmanət qoymayıbsa və ya əmanətçi əmanətini artıq götürübsə, həmin elektron sistemdə onunla bağlı məlumat olmur. Bundan başqa iddiaçı tərəf bankın bildirişinə istinad etsə də, həmin məktub da hazırki hesab barəsində yazılmamışdır. İddiaçının bankda başqa hesabları da olmuşdur ki, bunu özü də etiraf edir. Həmin cavab sadəcə ümumi xarakter daşımış və ərizəçi ərizəsində kompensasiya qeyd etdiyindən kompensasiya ilə bağlı ona cavab verilmiş və həmin cavabın prezidet fərmanında qeyd edilən birdəfəlik ödəmə ilə əlaqəsi olmamışdır. Bundan başqa, prezidentin adıçəkilən fərmanına əsasən birdəfəlik ödəmə dövlət büdcəsindən ödənilir, yəni bununla bağlı bankın heç bir marağı yoxdur. Buna görə də, əsassız olaraq kompensasiyanın verilməsindən imtina etməsi bankın marağında deyil. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və onun ailə üzvlərinin Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının müxtəlif rayon filiallarında əmanətləri olmuşdur. Hazırda iddiaçı xx.xx.1991-ci il tarixdə SSRİ X25 rayon Xudat şəhər Əmanət Kassasına 40.000 rubl əmanət qoyduğunu iddia edərək, həmin əmanət üzrə 2.500 manat məbləğində birdəfəlik ödəmənin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-nin Xaçmaz rayon filialına ünvanlanan Ərizədən görünür ki, A.Firuzənin Xaçmaz rayon 3447 nömrəli Əmanət Bankı şöbəsində 011 nömrəli filialda xx.xx.1992-ci il tarixədək açılmış 07900313 nömrəli əmanət hesabı vardır. Bu əmanət hesabını ərizə verilən tarixə bağlayıb, əmanət qalığının və fərdi birdəfəlik ödəmə məbləğinin ona ödənilməsini xahiş etmişdir.

10. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-nin Xaçmaz rayon şöbəsinin idarə heyətinin sədrinə ünvanlanan xx.xx.2012-ci il tarixli Ərizədən görünür ki, tərəfindən 19 dekabr 1991-ci il tarixdə Xaçmaz rayon Xudat şəhərində mövcud olmuş SSRİ-nin Dövlət Əmanət kassasında 40 min rubl pul əmanəti qoymuşdu. Əmanət kitabçasını itirdiyinə görə ona verilməli olan kompensasiyanı ala bilmir. Araşdırılma aparılmaqla, tərəfindən naməlum şəraitdə itirdiyi əmanət kitabçasını əvəz edən dublikat kitabça verilməklə, ona çatası kompensasiya pulunun verilməsinə aidiyyəti üzrə sərəncam verilməsini xahiş etmişdir.

11. Mülki işin materiallarında olan Cavabdeh ASC-nin Xaçmaz rayon filialı tərəfindən X7 ünvanlanan xx.xx.2013-cü il tarixli, 274 nömrəli məktubdan görünür ki, onun xx.xx.2012-ci il tarixli müraciəti əsasında arxivin bazasında araşdırma aparılmışdır və araşdırma nəticəsində adına olan əmanət kitabçası xx.xx.1991-ci il tarixli qərardan sonra açılmışdır və həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmır.

12. Mülki işin materiallarında olan Cavabdeh ASC-nin Xaçmaz rayon filialı tərəfindən X9 ünvanlanan xx.xx.2013-cü il tarixli, 273 nömrəli məktubdan görünür ki, onun xx.xx.2012-ci il tarixli müraciəti əsasında arxivin bazasında araşdırma aparılmışdır və araşdırma nəticəsində adına olan əmanət kitabçası xx.xx.1991-ci il tarixli qərardan sonra açılmışdır və həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmır.

13. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-nin sədrinə ünvanlanan xx.xx.2012-ci il tarixli Ərizədən görünür ki, o, Xaçmaz rayonu SSRİ X26 şəhər bank filialındakı əmanət kassasında 40 min rubl əmanət qoymuşdur. Pezidentin 14 mart 2012-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının vətəndaşlarına birdəfəlik pul ödəmələri verilməkdədir, ancaq o, 2012-ci ilin iyun ayında X28 əməkdaşlarına ona çatası birdəfəlik kompensasiya almaqdan ötrü rəsmi ərizə ilə müraciət etsə də, onun ərizəsini qəbul etməyərək geri qaytarmamış, xx.xx.1991-ci il tarixdən sonra qoyulan əmanətlərə kompensasiyanın verilməməsi barədə şifahi məlumat verərək, qanunla qorunan Konstitusiya hüquqlarını kobudca pozaraq, onu məlum fərmandan yararlanmaq imkanından məhrum etmişdir. Ona məxsus əmanət kitabçasının naməlum şəraitdə itirdiyinə görə əmanət kitabçasını əvəz edən sənədin verilməsi bir də qanunla ona çatası birdəfəlik kompensasiya pulunun ona qaytarılması barədə X28 rəhbərliyinə göstəriş verilməsi üçün aidiyyəti üzrə sərəncam verməsini xahiş etmişdir.

14. Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli 602 nömrəli Fərmanı və bu Fərmanla təsdiq edilmiş Qaydalara əsasən fərdi birdəfəlik ödəmələrin alınması ilə bağlı əmanətçilərin müraciətləri 31 dekabr 2012-ci il tarixədək Bank tərəfindən qəbul edilir. Yuxarıda qeyd edilmiş hüquqi aktlara uyğun olaraq xüsusi kompensasiya hesabı üzrə əmanət kitabçası olmadığı üçün ona ünvan 6 ünvanda yerləşən X27 rayon filialına xx.xx.2012-ci il tarixədək müraciət etməyi tövsiyə olunmuşdur.

15. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi agentliyi tərəfindən X7 ünvanlanan 24 oktyabr 2022-ci il tarixli əmanətlərin indeksləşdirilməsi barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 602 nömrəli “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqında” Fərmanı yalnız 01 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi Cavabdeh ASC-nin əmanətçiləri olan və həmin bankın hüquqi varisi Cavabdeh ASC-də şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə şamil edilirdi. Adıçəkilən Fərmanın 3-cü bəndinə əsasən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayıb və 2013-cü il 31 dekabr tarixində başa çatmışdır. Eyni zamanda, məlumat üçün qeyd edilir ki, əmanətçi pul islahatları (AR Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 №li və 11 dekabr 1993-cü il tarixli 58 №li Fərmanlarına əsasən xx.xx.1994-cü il tarixdən 10 rubl=1 AZM; 7 fevral 2005-ci il tarixli 189 N-li Fərmana əsasən xx.xx.2006-cı il tarixdən 5000 AZM=1 AZN) nəzərə alınmaqla şəxsiyyətini təsdiq edən sənəd və əmanət kitabçası təqdim etməklə əmanətinin müraciət tarixinə olan qalığını Cavabdeh ASC-nin müvafiq filialından ala bilər.

16. Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» 14 mart 2012-ci il tarixli 602 №-li fərmanına və Fərmanla təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydalarına əsasən həyata keçirilmişdir. Proses 2012-ci ilin iyun ayının 1-də başlamış və 2013-cü il 31 dekabr tarixində başa çatmışdır. Qaydaların 4.1 maddəsinə əsasən birdəfəlik ödəmənin alınması üçün əmanətçi əmanət hesabını bağlamaq barədə banka ərizə ilə müraciət etməli idi. Qaydaların maddəsinə əsasən Banka təqdim edilən əmanət (bank) kitabçasında olan məlumatların Bankda olan sənədlərdəki məlumatlarla tutuşdurulması zamanı öz əksini məlumatlar üzrə əmanətçiyə birdəfəlik ödəmənin verilməsi həyata keçirilmişdir. Birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət (orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olmuş Xüsusi Komissiya tərəfindən keçirilmişdir. Birdəfəlik ödəmələrin verilməsinə dair Xüsusi Komissiyanın qəbul etdiyi qərarlar Bank üçün məcburi xarakter daşımışdır. Əmanətçi Xüsusi Komissiyanın qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərdi. Müraciətə əlavə edilmiş 5 №-li əlavədə Bankın qeydləri əks olunmamışdır, əlavə olaraq məsələ ilə bağlı tərəfindən Xüsusi Komissiyaya müraciətə dair sənədlər əlavə edilməmişdir. Xüsusi kompensasiya hesabları ilə bağlı bildirilir ki, qeyd edilən hesablar SSRİ Prezidentinin 1991-ci il 22 mart tarixli УП-1708 Fərmanına əsasən açılmışdır. Belə ki, qeyd edilən Fərmana əsasən əmanət hesablarının 01 mart 1991-ci il tarixinə olan qalıqlarına 40 faiz həcmində kompensasiya hesablanmış və kompensasiyanın 200 rubldan artıq hissəsi xüsusi hesablara köçürülməklə ödənilmişdir. 01 mart 1991-ci il tarixdən sonra açılan hesablara kompensasiya hesablanmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimata əsasən sənədlər 5 il müddətinə saxlanılır. Saxlama müddəti bitmiş sənədlər ləğv edildiyi üçün ətraflı araşdırma aparılması mümkün olmamışdır. Əlavə olaraq, aparılmış araşdırma nəticəsində keçmiş X25 rayon şöbəsinə aid məlumat bazasında təqdim etdiyi məlumatlara uyğun olan əmanət hesabı aşkar edilməmişdir.

17. Mülki işin materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3600/2023 saylı qərardadına əsasən iddiaçılar X5, İddiaçı, X8 Cavabdeh ASC-yə qarşı “X12 tərəfindən Xaçmaz rayonunun Xudat şəhər Əmanət Kassasında qoyulmuş 40 min rubl, İddiaçı tərəfindən qoyulmuş 40 min rubl, X11 tərəfindən qoyulmuş 20 min rubl əmanətlərinə görə birdəfəlik kompensasiya pulunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

16. Mülki işin materiallarında olan izahatdan görünür ki, iddiaçının nümayəndəsi X6 yazaraq bildirmişdir ki, Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, Qusar şəhər sakini X6 ailə üzvlərinin adına SSRİ X25 rayonun Xudat şəhər Əmanət kassalarında və aşağıdakı ünvanlarda ailə üzvlərinin adlarına mövcud olmuş əmanətləri şəxsən yerləşdirmişdir. Quba şəhər Əmanət kassasında: anası İddiaçı adına xx.xx.1991-ci il tarixdə 40.000 rubl əmanət olmuş, lakin naməlum səbəblərdən Kapital Bank ASC-in rəhbərliyi həmin əmanətə görə hesablanaraq qaytarmalı 2500 manat kompensasiya pulunu qaytarmamışdır (hesab ********) 2-ci əmanət. Həyat yoldaşı X8 adına 40000 rubl əmanəti olmuş, lakin naməlum səbəblərdən Kapital Bank ASC-in rəhbərliyi həmin əmanətə görə hesablanaraq qaytarmalı 2500 manat kompensasiya pulunu qaytarmamışdır (hesab ********). X1 adına 20000 rubl əmanəti olmuş, lakin naməlum səbəblərdən Kapital Bank ASC-in rəhbərliyi həmin əmanətə görə hesablanaraq qaytarmalı 1500 manat kompensasiya pulunu qaytarmamışdır (hesab ********).

18. Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 2024/111/5479 nömrəli cavab məktubundan görünür ki, bank əməliyyat sistemində sorğuda qeyd edilən İddiaçı, X2, X3, X8, X10 adına Cavabdeh ASC-də 1990-1992-ci illər aralığında açılmış bank hesabları və həmin hesablarından əvvəl və sonra açılmış 5 ardıcıl hesablar üzrə axtarış aparılmış və heç bir nəticə aşkar edilməmişdir. Əlavə olaraq, həmin dövrə aid əmanətlər üzrə vəsaitləri qaytarılmış müştərilərə dair hesablarla bağlı məlumatlar bankda mövcud olmur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 602 nömrəli Fərmanının 4.1-ci bəndində qərara alınmışdır ki, birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olacaq Xüsusi Komissiyanın (bundan sonra – Xüsusi Komissiya) yaradılmasını təmin etsin.

20. Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» 14 mart 2012-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməlidir. Ərizəyə əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti, vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı kimi sənədlər əlavə olunmalıdır

21. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sənədləri Banka təqdim edən əmanətçilərin əmanət (bank) kitabçasında olan məlumatlar (bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və əmanət (bank) kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı və həmin məlumatların bank tərəfindən təsdiqi) Bankda olan sənədlərdəki məlumatlarla tutuşdurulur. Tutuşdurma zamanı məlumatlar öz təsdiqini taparsa, əmanətçiyə birdəfəlik ödəmənin verilməsi bu Qaydalara uyğun olaraq Bank tərəfindən həyata keçirilir.

22. Tutuşdurma zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə, əmanətçinin müraciəti əsasında bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiya tərəfindən araşdırma aparılır və müvafiq qərar qəbul edilir.

23. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir.

24. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır.

25. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiya həmin birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxır və bu işlərə ümumi nəzarəti həyata keçirir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir. Əmanətçi Xüsusi Komissiyanın qərarından qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

26. Məhkəmə hazırki iş üzrə qeyd edir ki, iddiaçı tələbini əsaslandıracaq əsas sübut olaraq Cavabdeh ASC-nin Xaçmaz rayon filialının xx.xx.2013-cü il tarixli məktubunu göstərmişdir. İddiaçı bildirmişdir ki, onun tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh ASCnin Xaçmaz rayon filialına müraciət edilmiş, həmin müraciətində göstərmişdir ki, o, əmanət kitabçasını itirmişdir, ona həmin əmanət kitabçasını əvəz edən dublikat verilməklə kompensasiya pulunun ödənilməsini xahiş etmişdir. Bank isə onun xx.xx.2012-ci il tarixli müraciətinə 20 fevral 2013-cü il tarixli cavabında əmanətçinin əmanətinin xx.xx.1991-ci il tarixli qərardan sonra açılmasını və həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmadığını bildirmişdir. Hazırda iddiaçı tələbini onunla əsaslandırır ki, Bank xx.xx.2013-cü il tarixli məktubunda onun adına əmanət olduğunu göstərmişdir, odur ki, hazırda bankın ondan əmanətin mövcudluğu ilə bağlı hər hansı təsdiqləyici sənəd tələb etməsi və onun adına əmanətin ümumiyyətlə mövcud olmadığı əsası ilə əmanətə görə kompensasiya ödənişindən imtinası əsassızdır.

27. İddiaçı istinadla bu məqamı xüsusilə vurğulamışdır ki, onun Bankın həmin rayon filialında əmanətinin mövcudluğu məhz filial müdirinin və baş mühasibin imzası ilə ona ünvanlanmış məktubla öz təsdiqini tapır. Bununla bağlı məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin vəsatəti əsasında sübutların təmin edilməsi barədə qərardad qəbul edilmiş və həmin qərardadın icrası ilə bağlı cavabdeh Bank tərəfindən verilən cavab məktubunda bildirilmişdir ki, bank əməliyyat sistemində sorğuda qeyd edilən İddiaçı, X2, X3, X8, X10 adına Cavabdeh ASC-də 1990-1992-ci illər aralığında açılmış bank hesabları və həmin hesablarından əvvəl və sonra açılmış 5 ardıcıl hesablar üzrə axtarış aparılmış və heç bir nəticə aşkar edilməmişdir. Əlavə olaraq, həmin dövrə aid əmanətlər üzrə vəsaitləri qaytarılmış müştərilərə dair hesablarla bağlı məlumatlar bankda mövcud olmur.

28. Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 07900313 hesab nömrəsinin ona bank tərəfindən verildiyini bildirmişdir, belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi Prosedurlara 5 nömrəli əlavədə (əmanətçi tərəfindən tərtib edilir) X4 3447 nömrəli Əmanət Bankı şöbəsində 011 nömrəli filialda xx.xx.1992-ci l tarixinədək açılmış 07900313 nömrəli əmanət hesabı olduğunu göstərmişdir. Həmçinin, həmin ərizəyə əlavə olaraq müraciət edən şəxs, yəni hazırki halda X12 şəxsiyyətini təsdiq edən sənədin surətini və ******* nömrəli əmanət kitabçasını da əlavə etdiyini ərizədə göstərmişdir. Lakin həmin ərizə müraciət edən şəxsin özündədir, yəni banka təqdim edilməmişdir və əlavənin kəsilmə xəttinin aşağı hissəsi- məxaric orderi hissəsi (bu hissə Mərkəzdən təsdiqnamə aldıqdan sonra doldurulur) isə də tam şəkildə qalmışdır.

29. Göründüyü kimi iddiaçı sənəddə iyun 2012-ci il qeyd edilən tarixdə Banka müraciət etdiyini bildirsə də, həmin sənədin banka təqdim edilmədiyi aydın olur, belə ki, sənədin hər hansı bir hissəsində bank tərəfindən qəbul faktı müəyyən edilmir.

30. İddiaçının istinad etdiyi digər bir hal ondan ibarət olmuşdur ki, ona Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilən cavabda Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən sənədlərin 5 il müddətinə saxlanılması və saxlama müddəti bitmiş sənədlər ləğv edildiyi üçün ətraflı araşdırma aparılmasının mümkün olmaması göstərilmişdir. İddiaçı bu halı əsas tutaraq iddia etmişdir ki, onun adına olmuş əmanətlə bağlı sənədlər əsassız olaraq məhv edilmişdir. Bu baxımdan onun hüquqları pozulmuş və hazırda o, hüquqlarını bərpa edə bilmir. Məhkəmə xatırladır ki, elə həmin məktubda son olaraq o da qeyd edilmişdir ki, şəxs tərəfindən təqdim edilmiş məlumatlara uyğunluq təşkil edən əmanət hesabı aşkar edilməmişdir. Bununla bağlı cavabdehin də nümayəndəsi izahatında bildirmişdir ki, hazırda da bankda əmanətlərini (kompensasiyasını) almamış şəxslərə və onların əmanət hesablarına dair məlumatlar saxlanılmışdır, yəni bank tərəfindən icra edilməmiş öhdəliklər üzrə hesablar bağlanmamışdır. Lakin hazırki iddiaçıya münasibətdə isə ümumiyyətlə hesab mövcud olmamışdır. Bank tərəfindən icra edilmiş, qaytarılmış əmanətlər üzrə isə hesablar bağlanmış və Təlimatla müəyyən edilən müddət keçdiyi üçün həmin sənədlər müvafiq qaydada məhv edilmişdir.

31. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Yəni ki, iddiaçıya məxsus hüquqların bərpası daha aşağı normativ sənəd olan Təlimatın tələblərinə uyğun qaydada bu və ya digər sənədlərin məhv edilməsindən asılı olmayaraq iddia müddətinin şamil edilmədiyi hüquqlardır və əsaslılığı sübuta yetiriləcəyi təqdirdə təmin edilməsi qaçınılmaz olardı. Lakin hazırki halda iddiaçının iddia tələbinin əsaslılığı şübhədənkənar sübutlar məcmusu ilə təsdiq olunmamışdır.

32. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

34. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

36. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

37. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçının həqiqətən də xx.xx.1991-ci il tarixdə SSRİ X25 rayon filialına 40.000 rubl əmanət yerləşdirməsi mötəbər sübutlarla öz təsdiqini tapmamış və məhkəmə tərəfindən sübutların təmin edilməsi barədə qərardada münasibətdə təqdim edilmiş bank məlumatına əsasən də iddiaçıya məxsus hər hansı bir hesabın (əmanətin) açılmadığı müəyyən edilmişdir. Yalnız iddiaçı ona bank əməkdaşı tərəfindən verilmiş məktuba istinad etmişdir ki, bu hal da onun əmanətinin həqiqətən mövcud olmasına əsas ola bilməz.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar