Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1058/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdular və bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 1556/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmış, saxlanması üçün aliment qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1556/2021 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər uşaq üçün 170 manat, cəmi 340 manat aliment qət edilmişdir. İddiaçıya 340 manat alimentlə uşaqları saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyöun kəsilməsini istəyir. Ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Ona görə ki, Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manatdır. Uşaq böyüdükcə tələbatları daha da çoxalır. Göstərilənlərə əsasən, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1556/2021 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarının iddiaçının xeyrinə dəyişdirərək, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa hər ay 220 manat, cəmi 440 manat alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, aliment məbləğinin 235 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
4. Hazırki məhkəmə iclasında İddiaçı iddia tələbini və iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə edərək bildirmişdir ki, cavabdeh Əlı̇ yev Cəlal Elbrus oğlu ilə aralarında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 onun himayəsin verilmiş, onların saxlanması üçün bir uşaq üçün 170 manat, ümumilikdə 340 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin məbləğlə hazırda uşaqların ehtiyaclarını qarşılamaq mümkün deyildir. Hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manatdır. Hesab edir ki, alimentin həmin məbləğdə təyin edilməsi uşaqlarının haqqıdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir.
6. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh 14 oktyabr 2005-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından iki övladları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1556/2021 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış, onların saxlanılması üçün hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması tələb edir.
b) Mülki işin materialları:
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
11. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1556/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X2 arasında bağlanmış və 14 oktyabr 2005-ci il tarixində Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, akt qeydləri kitabındakı 874 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 iddiaçı X2 yanında qalmalarının müəyyən edilməsi, tərəflərin birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X5 verilməsi qət edilmişdir.
12. Mülki işin materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/16-02418№-li Arayışdan görünür ki, həmin tarixdə keçirilən mediasiya sessiyasında İddiaçı iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmiş, lakin Cavabdeh iştirak etməmişdir (Mediator:M.Elçin).
13. “AZEMİS” Elektron məhkəmə İnformasiya sistemindən edilən Cavabdeh aid gəlir məlumatları bölməsindən edilən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mütəxəssis vəzifəsində çalışır və aylıq 1000 manat məbləğində əmək haqqı alır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
15. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
16. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
17. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur.
22. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
23. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
24. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
26. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
27. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
28. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh işləyir, əmək haqqı məbləği isə 1000 manat təşkil edir.
30. Məhkəmə qanunvericiliyin tələblərini, İddiaçı tələb etdiyi alimentin miqdarını, həmçinin uşaqların mənafeyini və onların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment, habelə hər iki uşaq üçün ümumilikdə 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
31. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tutulan alimentin miqdarı Cavabdeh rəsmi iş yerindən əldə etdiyi gəlirin üçdə bir hissəsi ilə kifayət etmədiyindən geriyə qalan məbləğ hesablanmaqla minimum müəyyən edilən limitə çatdırılması baxımından sabit pul məbləğində tutulmalıdır. (1000:3=333 manat hissəvi, 470-333= 137 manat sabit məbləğ).
32. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment, habelə hər iki uşaq üçün ümumilikdə 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment tutulmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1556/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment, habelə hər iki uşaq üçün ümumilikdə 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.