Məhkəmə qərarları › İş №2(006)-106/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-106/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-106/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdeh2 nümayəndəsi (vəkili) - Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (Spero Hospital) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə (Spero Hospital) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən düzgün diaqnoz qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci 1200 manat, əməliyyatdan sonrakı aylar əmək qabiliyyətini itirməyə görə 2000 manat, bu aylar ərzində müxtəlif müayinələr, müalicələr, dərman preparatlarının alınmasına görə 800 manat, cəmisi 4000 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehdə həkim cərrah oftolmoloq Cavabdeh2 sağ gözünün katarakta əməliyyatını etmiş, lakin 19,5 dərəcəli linza əvəzinə 21,5 linza qoymaqla gözünü daha da şikəst etmişdir. Nəticəsə ona 4000 manat ziyan yetirmişdir. Cavabdeh öz həkimlik vəzifələrinə səhlənkar yanaşmaqla onu düzgün müayinə və müalicə etməmiş və düzgün diaqnoz və linza qoymamaqla onun səhhətinə bərpa olunmaz zərər yetirmişlər ki, bu da maddi cəhətdən onun külli məbləğdə ziyana düşməsi ilə nəticələnmişdir. Belə ki, düzgün diaqnoz və linza qoymama və müalicə etməmə nəticəsində əməliyyat olunma xərci 1200 manat, əməliyyatdan sonrakı aylar əmək qabiliyyətini itirməyə görə 2000 manat, bu aylar ərzində müxtəlif müayinələr, müalicələr, dərman preparatlarının alınmasına görə 800 manat, cəmisi 4000 manat ziyan cavabdeh tərəfindən ona zərər yetirilmişdir. Bundan başqa, bunları təsdiq edən hər bir sübutu və sənədi vardır. Onda sual olunur ki, cavabdeh niyə görə indiyə kimi məsuliyyətə cəlb olunmamışdır. Bütün bunların nəticəsində ağır xəstəliyə tutularaq hal-hazırda da həkim nəzarətində müalicələr alır. Bunun nəticəsində ağır və müxtəlif xəstəliklərə düçar olmuşdur. Lakin ona dəymiş maddi və mənəvi ziyan indiyə kimi ödənilməmiş və təqsirkarlar məsuliyyətə cəlb edilməmişlər. Bütün bunlar isə şahid ifadələr, xəstəlik sənədləri və sairə ilə də tam sübut olunmuşdur. Hal-hazırda, ağır xəstəlikdən əziyyət çəkir və sağlamlığımı itirmişdir. Belə ki, səhhətində çoxlu problemləri vardır. Bütün əmlaklarını satıb müalicəsinə sərf etməklə hal-hazırda imkansız bir durumda göstərilən ünvanda xəstə kimi yaşamağa məcbur olmuşdur. Xəstəliyi ilə əlaqədar ağır maddi vəziyyətə düşmüşdür. Bunun da əsas səbəbkarı ona dəymiş maddi ziyanı ödəməyən cavabdehdir. Vəziyyəti maddi cəhətdən o qədər ağırdır ki, artıq həkimə gedə bilmir. Hal-hazırda ailəsi onun himayəsindədir. Hətta kommunal pulunu belə ödəməyə maddi imkanı yoxdur. Bunun da əsas səbəbi onun ağır xəstəliyi və maddi və mənəvi zərbələr almasıdır. Həmin hadisədən sonra onun həyatı demək olar ki, bir tükdən asılı vəziyyətdə qalmışdır. Keçirdiyi stress nəticəsində hələ də təcili yardımın köməyindən istifadə edir. Cavabdeh öz peşə borclarını layiqincə yerinə yetirməməklə özlərinin həkim səhvləri nəticəsində səhhətinə vurduqları maddi və mənəvi ziyana və öhdəliklərinə görə maddi və mənəvi və cinayət məsuliyyətinə cavabdehlik daşıyırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1nə (Spero Hospital) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkili) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Məhkəmə sorğusuna əsasən Cavabdeh1 (Spero Hospital) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SM-17 saylı cavab məktubundan görünür ki, İddiaçı klinikaya xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Pasiyent oftalmoloq X2 tərəfindən tam müayinə olunaraq hər iki gözdə qocalıq kataraktı aşkar edilmişdir. xx.xx.2021-ci il tarixində X2 tərəfindən xəstənin sağ gözündə Fako+İol əməliyyat icra edilmişdir. Xəstəyə Amerikanın AMO şirkətinin EYEHANCE markalı süni linzası implantasiya edilmişdir. Əməliyyat fəsadsız keçmiş, görmə itiliyi əməliyyatdan sonra 0,7-0,8 (70-80%) olmuşdur. Bu da xəstəyə normal və məhdudiyyətsiz əmək və həyat fəaliyyətinə davam etməsinə imkan verir. Əməliyyat üçün klinikaya 1200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X1» X3 xx.xx.2022-ci il tarixli KEŞ-460 saylı ekspert rəyindən görünür ki, “Spero Mospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müavinələrədn sonra ona “Hər iki gözdə qocalıq katarakta” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2021-ci il tarixdə “OD Fako+İOL” cərrahiyyə əməliyyatı icra edilərək süni linza implantasiya edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə İddiaçı əməliyyatdan öncə hər hansı bir yan xəstəliklərin olub-olmaması haqqında qeydiyyat aparılmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda VisOD=0.1; Vis OS=0.1 olduğu, cərrahi baxımdan fəsadın olmadığı müəyyən edilmişdir. Hal-hazırda sağ gözdə YAQ lazer olunması və sol gözdə Fako+İOL cərrahiyyə əməliyyatının icrası məsləhət görülür. Belə ki, bu cür əməliyyatlardan sonra büllur arxası kapsıl bulanır və YAQ lazer əməliyyatı ilə aradan qaldırılır. EDOF linzalarda bir gözdə mini-mono Vision qərarı təyin edilmiş diaqnoza uyğun olaraq düzgün qərar olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X1» X3 xx.xx.2022-ci il tarixli 991 saylı ekspert rəyindən görünür ki, İddiaçı adına “Spero Hospitalıda tərtib edilmiş tibbi sənədlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə klinikaya müraciət etmişdir. Aparılmış müayinələrdən sonra ona “Hər iki gözdə qocalıq katarakta" diaqnozu düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə onun üzərində “OD Fako+lOL" cərrahiyyə əməliyyatı icra edilərək süni linza implantasiya edilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə əməliyyatdan öncə onda hər hansı bir yan xəstəliklərin olubolmaması haqqında qeydiyyat aparılmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda icra edilmiş cərrahiyyə əməliyyatının fəsadının olmadığı müəyyən edilmişdir. Hal-hazırda sağ gözdə YAQ lazer olunması və sol gözdə Fako+lOL cərrahiyyə əməliyyatının icrası məsləhət. Belə ki, bu cür əməliyyatlardan sonra büllur arxası kapsul bulanır və YAQ lazer əməliyyatı ilə aradan qaldırılır. EDOF linzalarda bir gözdə mini-mono Vision qərarı düzgün qərar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh1nə (Spero Hospital) müraciət etmişdir. İddiaçıda aparılmış müayinələrdən sonra ona “Hər iki gözdə qocalıq katarakta" diaqnozu təyin edilmiş və xx.xx.2021-ci il tarixdə iddiaçının üzərində “OD Fako+lOL" cərrahiyyə əməliyyatı icra edilərək süni linza implantasiya edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdehlər tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, onun səhhətinə dəymiş zərərin məhz cavabdehlərin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə qərardadlarına əsasən verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X1" X3 xx.xx.2022-ci il tarixli KEŞ-460 saylı və xx.xx.2022-ci il tarixli 991 saylı ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, EDOF linzalarda bir gözdə mini-mono Vision qərarı düzgün qərar olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar