Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1073/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 5.000 manat pul vəsaitinin və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1997-ci ildən ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və həmin ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yaşadığı ünvanda mənzillər ümumi mülkiyyətdə olmaqla bir neçə sakinin mülkiyyətində olmuşdur. 2004-cü ildə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi onun mənzili istisna olmaqla yaşadığı ünvandakı bütün mənzilləri satın alaraq sakinləri oradan köçürmüşdür. Ona məxsus olan mənzili almaq niyyətində olduğunu bildirdikdə satmaq istəmədiyini bildirmişdir. Ona məxsus mənzil 1-ci, cavabdehə məxsus mənzil isə 2-ci mərtəbədə yerləşir. Mənzilinin satılmasına razılıq vermədikdən sonra "xxxx" Şirkətinin qanuni təmsilçisi və direktoru olan X2 və digər şəxslər dəfələrlə mənzilin ikinci mərtəbəsindən onun mənzilinin üzərinə çirkab suları axıdaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Şəxsin qanunsuz hərəkətləri ilə bağlı mənzil-kommunal istismar idarəsinə bir neçə dəfə müraciət etsə də, bu şəxslər barəsində heç bir tədbir görülməmişdir. Bu səbəbdən də adıçəkilən şəxs bu əməllərindən əl çəkməmiş və üzərinə çirkab suları axıtmağa davam etmişdir. Bunun nəticəsində dəfələrlə öz hesabına mənzilini yenidən təmir etdirmiş və maddi ziyan görmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində cavabdeh təkrarən öz mənzilindən çirkab suları axıdaraq ona maddi zivan vurmuş, mənzilin bir hissəsinin təmiri tamamı ilə istifadəyə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh, onun yaşadığı mənzillərin mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyətdə un məmulatları sexi açaraq, standartlara uyğun olmayan fəaliyyət göstərmiş və bunun nəticəsində də həyətdə yanğın çıxmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2001-ci il tarixli 000405 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, iddiaçı, ünvan 2 ünvanında yerləşən 14,2 kv.metr qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət növü ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli V-01/05/62 saylı, xx.xx.2022-ci il tarixli V-01/05/66 saylı və xx.xx.2023-cü il tarixli V-01/05/22 saylı məktublardan müəyyən olunur ki, mütəxəssislər tərəfindən ünvanda aparılan araşdırmalar zamanı həqiqətən də su sızmanın yuxarı mərtəbənin sanitar-qovşağından baş verdiyi müəyyən edilmiş və cavabdehdən qısa müddət ərzində su sızmasının qarşısının alınmasının təmin edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3548/2023 saylı qərarından aşağıdakılar müəyyən olunur: İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətdə olan Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-ün girişində yerləşən, ümumi istifadədə olan 6 kv.m. sahəsi olan sanitar qovşağın və aynabəndin altında yerləşən sahənin əvvəlki qeyri-təcrid vəziyyətə gətirilərək, ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi, həmçinin hüquqi şəxs olan iddiaçının mülkiyyətində olan ümumi sahəsi 15 kv.m. köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi, həmin mənzildə və həmin ünvanda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən aparılaraq konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi və əldən çıxmış fayda kimi 10000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus əmlakların üstünə çirkab suların axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması, habelə ondan vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə isə 6000 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)- 548/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin mülkiyyətçilərin ümumi istifadəsində olan həyətyani sahədə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyanı sahədən çıxarılması, ilkin iddia tələblərinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-233/2021 nömrəli qətnaməsi ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)-548/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(102)-2395/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-233/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)- 331/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə” tələblərin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməklə, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh İddiaçı qarşı irəli sürdüyü ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə” tələblərin qismən təmin edilməsi, Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-də yerləşən və cavabdeh İddiaçı məxsus sahəyə girişdən sağda, daşıyıcı divarda (sahəsi 4 kv.metr olan mübahisəli sanitar qovşağa) açılmış qapı boşluğunun cavabdeh İddiaçı hesabına bağlanması və ümumi sahəsi 4 kv.metr təşkil edən sanitar qovşağın ümumi istifadəyə qaytarılması, apellyasiya baxışının predmeti olan qalan hissədə iddianın rədd edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmeti olan qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3548/2023 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)-331/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilmiş, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh İddiaçı qarşı iddiası “Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-də yerləşən və cavabdeh İddiaçı məxsus sahəyə girişdən sağda, daşıyıcı divarda (sahəsi 4 kv.metr olan mübahisəli sanitar qovşağa) açılmış qapı boşluğu cavabdeh İddiaçı hesabına bağlansın və ümumi sahəsi 4 kv.metr təşkil edən sanitar qovşaq ümumi istifadəyə qaytarılsın.” hissəsində təmin edilməmişdir. Məhkəmə tərəfindən baxış keçirilərkən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üzərində cavabdehə məxsus mənzilin yerləşdiyi, iddiaçıya məxsus sanitar qovşağının üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyi, oraya - sanitar qovşağına yerli baxış keçirilən zaman döşəmədə, qapıdan sağ tərəfdə suyun sızması, iddiaçıya məxsus mətbəxin üzərində cavabdehə məxsus mətbəxin olması, iddiaçıya məxsus mətbəxin tavanında su sızması nəticəsində ləkələrin mövcud olması, sanitar qovşağına daxil olan zaman qapının üzərində taxtanın və onun ətrafının nəm çəkməsi, ikinci mərtəbədə cavabdehə məxsus olan mənzildə kirayəçinin yaşaması, iddiaçı tərəfindən ona məxsus sanitar qovşağının girişində qapının kənarında olan sızma nəticəsində yaranmış suyun silindikdən təxminən 10 dəqiqə sonra yenidən əmələ gəlməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3165 saylı ekspert rəyindən görünür ki, ünvan 43, 8 saylı (1-ci mərtəbə yerləşən) mənzildə olan qüsarları, həmin qüsurların su sızmaya xarakterik olduğunu, eləcə də, baxış zamanı su sızmanın davam etdiyini və həmçinin İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti idarəsi tərəfindən verilmiş məktublarını nəzərə alaraq, Asəf Zeynallı küçəsi, ev 14/33, mənzil 8 ünvanındakı iaşə obyektinə (mənzilə) su sızmanın yuxarı mərtəbənin sanitar-qovşağından və mətbəxində baş verdiyi müəyyən olunur. Lakin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus ünvan 4 ünvanı, 2-ci mərtəbədə yerləşən yaşayış sahəsinin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Həmçinin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, su sızma su, kanalizasiya boru xətlərində qəza yaranması və ya sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 8 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 440,0 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3548/2023 saylı qərarı ilə müəyyən olunmuş hallardan göründüyü kimi ünvan 5 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəsi 4,0 kv.m. təşkil edən sanitar qovşağın yerləşdiyi sahə əvvəllər yararsız və baxımsız olmuş, evin həmin zamandakı sakinlərinin razılığı və “İçəri Şəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun 29 may 1998-ci il tarixli məktubuna əsasən hazırda cavabdehin (hazırki iş üzrə iddiaçının) mülkiyyətində olan 14,2 kv.m. qeyri-yaşayış sahəsində fəaliyyət göstərən mağazaya verilmiş, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təmir olunaraq, istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə aktları ilə müəyyən olunan halları, həmçinin iddiaçının mübahisə predmeti olan sanitar qovşağın yerləşdiyi sahəyə 20 ildən artıq fasiləsiz və etirazsız sahiblik etməsini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı həmin sahəyə, onunla bağlı hər hansı hüquqpozmalara qarşı iddia qaldırmaqda gözlənilən subyektiv hüquqa malikdir. Dəymiş ziyanla bağlı məhkəmə qeyd edir ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, istifadə etdiyi mənzilə dəymiş ziyanın məhz cavabdehin təqsiri üzündən (su axıdılması nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, iş materiallarında olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinin xx.xx.2022-ci il tarixli V-01/05/62 saylı, xx.xx.2022ci il tarixli V-01/05/66 saylı və xx.xx.2023-cü il tarixli V-01/05/22 saylı məktublarından, ekspert rəyinin məzmunundan və məhkəmə tərəfindən keçirilmiş baxış zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçıya məxsus mənzilə maddi ziyan dəymiş və həmin ziyan cavabdehin mənzilindən su sızması nəticəsində dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən ekspert rəyləri ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki, ekspert rəyləri hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdurlar. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 10/3165 saylı ekspert rəyi ilə müəyyən edilmiş 440 manat məbləğində maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasının müəyyən edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, göstərilən halın 2019-cu ildə məhkəmə araşdırmasının predmeti olmuş, sonrakı məhkəmə araşdırmalarının (yuxarı instansiya məhkəmələri) predmeti olmamışdır. Həmin vaxtdan 3 ildən artıq olmaqla xeyli müddət keçməsini və həmin müddət ərzində mübahisəli halın (su sızması) baş verməsinin mümkün olmasını nəzərə aldıqda, dəymiş ziyanla bağlı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar hazırki işə münasibətdə preyudisial əhəmiyyət daşıya bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə vurulan maddi zərərin əvəzi olaraq 440 manat və ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehdən, qalan 50 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə vurulan maddi zərərin əvəzi olaraq 440 manat və ödənilmiş 80 manat dövlət rüsumu cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, 50 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1073/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1073/2023
21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver