Məhkəmə qərarları › İş №2(006)-1074/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1074/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1074/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Əmanətlərı̇ n Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin təsdiq edilməsi və pulun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Əmanətlərı̇ n Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin təsdiq edilməsi və pulun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 25 iyul 2022-ci il tarixdə 16.000 ABŞ dollarını depozit kimi Cavabdeh2 ASC-də yerləşdirmişdir. Bank ləğv edildikdən sonra iddiaçı Cavabdeh2 ASC-nin Baş ofisindən əmanətin çıxarışını götürüb təqdim etdi "xxxx"ya və orada məlum olmuşdur ki, iddiaçının kontraktında Cavabdeh2 ASC-nin möhürü yoxdur. Bundan sonra ADİF-ə ərizə ilə müraciət etdi ki, Cavabdeh2 ASC-nin Baş Ofisində yerləşdirdiyi 16.000 ABŞ dollarlıq əmanət müqaviləsinin surətinin verilməsində köməklik göstərsinlər. Onların cavabında bildirilir ki, kontraktın əslində də möhür yoxdur və əmanət barədə ancaq hesabdan çıxarış verə bilərlər. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh2 ASC ilə olan kontraktının təsdiq edilməsi və ADİF-in ona çıxarışda göstərilən həm depozitin, həm də faiz məbləğinin qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə 16.000 ABŞ dolları vəsaiti depozit olaraq yerləşdirmişdi. Bank ləğv edildikdən sonra o, əmanətlə bağlı oradan çıxarış olaraq "xxxx" ASC-yə yaxınlaşdı. Lakin oradan ona bildirildi ki, depozit müqaviləsində möhürü yoxdur. Daha sonra Cavabdeh2 ASC-yə müraciət edərək həmin müqavilənin bankda qalan nüsxəsinin surətinin verilməsini xahiş etdi. Lakin oradan ona bildirildi ki, müqavilənin əslində də möhür yoxdur. Bank bu səbəbdən depozitin ona qaytarılmasından imtina etdi. Hesab edir ki, yol verilmiş texniki yanlışlığa görə onun hüquqları pozulmamalıdır. Bundan əlavə, onun möhürlü depozit kitabçası vardır. O, məhkəmə prosesi zamanı onun surəti ilə cavabdeh banka müraciət etdi, lakin ona da münasibət bildirilmədi. Hesab edir ki, bank bununla onun hüquqlarını kobud surətdə pozmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ləğv prosesində olan Cavabdeh2 ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2022-ci il tarixli fiziki şəxs müddətli depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 2.50% ödənilməsi şərti ilə yerləşdirmişdir. Bank ləğv edildikdən sonra iddiaçı əmanətin qaytarılması ilə bağlı müraciət etsə də, müqavilədə Bankın möhürünün olmaması səbəbindən əmanətin qaytarılması mümkün olmamışdır. Hazırda iddiaçı onunla cavabdeh Bank arasında bağlanan müqavilənin təsdiq edilməsini və onun tərəfindən qoyulan əmanətin faizlərlə birlikdə ona geri qaytarılmasını tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Cavabdeh2 ASC və İddiaçı (əmanətçi) arasında bağlanan xx.xx.2022-ci il tarixli Fiziki şəxs müddətli depozit müqaviləsinə əsasən Bank əmanətçidən daxil olmuş pul məbləğini ******************** nömrəli cari hesaba qəbul etməyi və əmanəti cari hesabdan ******************** nömrəli əmanət hesabına köçürməyi, NMA8405 nömrəli əmanət kitabçası açmağı, əmanəti bu müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və bu müqavilənin şərtləri çərçivəsində hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

9. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 16.000 USD təşkil edir.

10. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bank əmanətçiyə illik 2.50% ödəyir.

11. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh2 ASC-nin Baş Ofisində yerləşdirdiyi 16.000 ABŞ dollarına dair əmanət müqaviləsinin surətinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

12. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 13.700 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 ASC-nin hesab nömrəsinə mədaxil edilmişdir.

13. Mülki işin materiallarında olan Cavabdeh2 ASC tərəfindən verilən əmanət kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən 16.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 ASC-nin hesabına mədaxil edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 946-cı maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir.

16. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir.

17. Həmin Məcəllənin 948.1-ci maddəsinə əsasən Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir.

18. Həmin Məcəllənin 953.1-ci maddəsinə əsasən əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.

19. Həmin Məcəllənin 953.2-ci maddəsinə əsasən Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir.

20. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən Bankla əmanətçi arasında bağlanmış bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması əmanət kitabçası ilə təsdiq edilsin. Bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Hazırki iş üzrə isə cavabdeh Əmanətlərin Sığortalanması Fondu əmanətçiyə, yəni hazırki iş üzrə İddiaçı əmanətin qaytarılmasından digər cavabdeh LPO Cavabdeh2 ASC ilə iddiaçı arasında bağlanan müqavilədə Bankın möhürünün olmaması əsası ilə imtina etmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bank kitabçası onun Banka xx.xx.2022-ci il tarixdə 12.000 ABŞ dollarını Banka məxaric etdiyini, eyni zamanda daha sonra isə 16.000 ABŞ dollarını isə mədaxil etdiyini təsdiqləyir. Göründüyü kimi hazırda iddiaçı Bankla onun arasında bağlanan müqavilənin təsdiq edilməsini tələb etsə də, həmin hissədə tələbin təmin edilməsinə zərurət qalmamışdır. Belə ki, hazırda bank kitabçasının olması iddiaçı ilə Bank arasında müqavilənin bağlanmasını təsdiq edir.

21. Bundan başqa, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.

22. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

23. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

24. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

25. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

26. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X4 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir.

27. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

28. Göründüyü kimi, bankla əmanətçi arasında illik 2.50% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2022-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir.

30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ikinci hissədə təmin edilməli, xx.xx.2022-ci il tarixli fiziki şəxs müddətli depozit müqaviləsinə əsasən iddiaçının Cavabdeh2 ASC-yə qoyduğu 16.000 (on altı min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 2.50% məbləğində, yəni 119.97 (yüz on doqquz dollar, doxsan yeddi sent) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 16119.97 (on altı min yüz on doqquz dollar, doxsan yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməlidir.

31. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli fiziki şəxs müddətli depozit müqaviləsinə əsasən iddiaçının Cavabdeh2 ASC-yə qoyduğu 16.000 (on altı min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 2.50% məbləğində, yəni 119.97 (yüz on doqquz dollar, doxsan yeddi sent) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 16119.97 (on altı min yüz on doqquz dollar, doxsan yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli fiziki şəxs müddətli depozit müqaviləsinə əsasən iddiaçının Cavabdeh2 ASC-yə qoyduğu 16.000 (on altı min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 2.50% məbləğində, yəni 119.97 (yüz on doqquz dollar, doxsan yeddi sent) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 16119.97 (on altı min yüz on doqquz dollar, doxsan yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar