Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1079/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər LPO "xxxx" Kommersiya Bankı QSC və LPO "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun silinməsi, borcun olmaması barədə məlumatın mərkəzləşdirilmiş reyestrdə qeyd olunması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər LPO "xxxx" Kommersiya Bankı QSC və LPO "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun silinməsi, borcun olmaması barədə məlumatın mərkəzləşdirilmiş reyestrdə qeyd olunması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyun 2010-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış cəmi 12172,37 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Həmin məhkəmə araşdırması zamanı həmin kredit müqaviləsinin tərəfindən imzalanmadığı və həmin müqavilə üzrə ona hər hansı kredit məbləği təqdim edilmədiyi müəyyən olunmuşdur. Məhz həmin əsaslarla Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə bankın iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020 və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-cı il tarixli qərarları ilə qüvvədə saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilmişdir ki, iddiaçının cavabdeh banka hər hansı borcu yoxdur. Həmin hal AR MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən preyudisialdır və işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin olmayan borcuna görə cavabdeh bankın təqdim etdiyi rəsmi məlumatlar əsasında Azərbaycan Kredit Bürosu MMC tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə iddiaçının cavabdehə xx.xx.2010-cu il tarixli müqavilə əsasında 12172,37 manat məbləğində borcunun olması barədə qeydlər edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində edilmiş bu əsassız qeydlər ona bir sıra süni əngəllər yaradır və öz hüquqlarından səmərəli istifadə etməyinə mane olur. Belə ki, kredit tarixçəsində borc məbləği olduğundan ipoteka ilə daşınmaz əmlak əldə etmək hüququndan istifadə edə bilmir. İddiaçı bununla bağlı Mərkəzi Banka rəsmi müraciət etsə də, Mərkəzi Bankın cavab məktubunda bununla bağlı İcra şöbəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd olunan məktubu əsas götürüb Xətai Rayon İcra Şöbəsinə müraciət etsə də, iddiaçının barəsində icra sənədinin icra şöbəsinə daxil olmadığı göstərilmişdir. Ona görə də qeyd olunan borcun kredit tarixçəsindən silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Hər bir kəs özünə məxsus subyektiv hüquqlardan istifadə edə və onları həyata keçirə bilər. Lakin hüquqların həyata keçirilməsi zamanı sui-istifadəyə yol verilməsi qadağandır. Hüquqlardan sui-istifadə mülki hüquq münasibəti iştirakçısı olan səlahiyyətli şəxsin özünə məxsus subyektiv hüquqları, hüquqların həyata keçirilməsi üçün nəzərdə tutulan həddi aşmaqla gerçəkləşdirməsi başa düşülür. Yəni bu zaman şəxs həmin hüquqa sahib olsa da, onu düzgün formada həyata keçirmir. Bu zaman başqa şəxslərin hüquq və mənafelərini əsaslı şəkildə pozur. Hüquqlardan sui-istifadə əslində hüquq pozuntusunun xüsusi bir formasıdır. Bundan əlavə, iddiaçıya hesablanmış 12172,37 manat məbləğində borc qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasından əlavə müddətin keçməsi əsası ilə də silinməli, öhdəliyə xitam verilməlidir. İşin faktiki və hüquqi hallarına əsasən hesab edilir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Göstərilənlərə əsasən, İddiaçı ilə QSC "xxxx" KB arasında imzalanmış 07 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə arayışın İddiaçı və Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi vəzifəsinin və İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə mərkəzləşdirilmiş kredit reyestrində göstərilən 12172.37 manat borcun silinməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə qanunsuz hesablanmış 12172.37 manat borcun silinməsi, İddiaçı qanunsuz olaraq 12172.37 manat borcun hesablanması və həmin borcun mərkəzləşdirilmiş reyestrdə qeyd olunması barədə ləğv prosesində olan QSC "xxxx" KBnin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında cavabdeh QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, hazırki mübahisəli borcla bağlı 3 instansiya məhkəməsinin qərarları mövcuddur. Hər üç instansiya məhkəmələri adı çəkilən kredit müqaviləsinin onun tərəfindən imzalanmadığı və ona heç bir kreditin verilmədiyi müəyyən etmişdir və qəbul edilmiş qərarlar qanuni qüvvəsini almışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları:
7. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-857/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Xətai rayon İcra şöbəsinin icraatına daxil olmamışdır.
8. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 21 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Müraciətdə qeyd edilən məsələnin həlli müvafiq qanunvericiliklə Mərkəzi Bankın səlahiyyətlərinə adi edilməmişdir. Müraciətdə göstərilən məsələ ilə bağlı icra orqanlarına və ya Ədliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilmişdir.
9. Mülki işin materiallarında olan Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli çıxarışda İddiaçı aktiv öhdəlikləri üzrə kreditin məbləğinin 4999.5 manat, kreditin qalığ məbləğinin 4999.5 manat, faiz məbləğinin isə 6429.05 manat olduğu qeyd olunmuşdur.
10. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(011)-857/2020 saylı qətnaməsinə əsasən iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir.
11. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5912/2020 saylı qətnaməsinə əsasən iddiaçı QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-898/2021 saylı Qərarına əsasən isə iddiaçı Ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5912/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(011)-857/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-yə 12172.37 manat məbləğində borcunun olmaması müəyyən edilmişdir. Lakin hazırda iddiaçının mərkəzləşdirilmiş kredit reyestrində aktiv borc öhdəliyi mövcuddur. Hazırda iddiaçı borcunun olmaması barədə arayışın verilməsi və borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, borcunun silinməsini və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edir. Cavabdeh iddia tələbi ilə razı deyildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
16. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir.
18. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
19. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.
20. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz.
21. Məhkəmə qeyd edir ki, LPO "xxxx" KB QSC ilə İddiaçı arasında kredit müqaviləsinin və həmin müqavilə üzrə Q.Səbinənin banka borcunun olub-olmaması ilə əlaqədar daha əvvəl məhkəmə mübahisəsi olmuş və bankın hazırki iş üzrə iddiaçıya qarşı borcun qaytarılması tələbi ilə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir ki, İddiaçı və Bank arasında kredit müqaviləsi bağlanmamış və iddiaçının banka borcu mövcud deyildir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
22. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi borcun olmaması barədə arayışın iddiaçıya və Azərbaycan Respublikası Mərkəzi Bankına verilməsi vəzifəsinin və iddiaçının adında göstərilən 12172.37 manat borcun silinməsi vəzifəsinin cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması hissəsində qismən əsaslıdır və həmin hissələrdə tələb qeyd edildiyi kimi cavabdeh bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun yox, bankın üzərinə qoyulmaqla təmin edilməlidir.
23. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə müəyyən edilmişdir ki, “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir.
24. Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur.
25. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.
26. Hazırki iş üzrə cavabdeh "xxxx" KB QSC ləğv prosesində olmasına baxmayaraq, hal-hazırda iddia üzrə tələb olunan hərəkətləri özü həyata keçirə bildiyindən və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində Bankın ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondunun vəzifələri sırasında həmin hallar nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə borcun olmaması barədə arayışın iddiaçıya verilməsi, həmçinin iddiaçının adında göstərilən 12172.37 manat məbləğində borcun silinməsi vəzifəsi cavabdeh LPO "xxxx" KB QSC-nin üzərinə qoyulmalıdır.
27. Bundan başqa, “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
28. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
29. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
30. Məhkəmə əlavə olaraq qeyd edir ki, mülki işin materiallarında olan reyestr məlumatlarına əsasən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan onun adının Mərkəzi Kredit Reyetsrindən çıxarılması üçün borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyetsrinə göndərilməsi vəzifəsi də cavabdeh LPO "xxxx" KB QSC-yə həvalə edilməlidir.
26. Məhkəmə iddia tələbinin digər cavabdeh LPO "xxxx" Kommersiya Bankı QSCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə qeyd edir ki, iddiaçının həmin cavabdehə münasibətdə tələbləri əsassızdır və təmin edilməməlidir. Həmçinin hazırki iddia tələbi üzrə iddiaya cavab verməli subyektiv cavabdeh olmamışdır.
27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə arayışın İddiaçı verilməsi, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə mərkəzləşdirilmiş kredit reyestrində göstərilən 12172.37 manat məbləğində borcun silinməsi və həmçinin, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçının borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilməsi vəzifəsi cavabdeh LPO "xxxx" Kommersiya Bankı QSC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə və cavabdeh LPO "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.