Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-108/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus “Şkoda Fabia” markalı, 90MK781 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulan maddi zərərlərə görə 2050 manat maddi zərər əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı1 ödənilməsi və vurulmuş mənəvi zərərlərə görə də 5000 manat olaraq dəyərləndirdikləri mənəvi zərər əvəzinin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, 17 noyabr 2022-ci il tarixdə, axşam saatlarında, təqribən 20:00-21:00 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ünvanında, sərxoş vəziyyətdə, İddiaçı1 məxsus, “Şkoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kapot qapağını əzməklə, sol qabaq faranı sındırmaqla və sol qapısını əzərək avtomobilə ümumilikdə 2050 manat məbləğində maddi zərər vurmuşdur. Eləcə də Cavabdeh1 digər cavabdehlərlə birlikdə onları ətrafda xeyli insanların olduğu halda ağır forma söyüşlərə, təhqirlərə məruz qoymaqla ağır iztirablar yaşatmış (təcili yardım çağırılmış, müalicəyə məruz qalmışlar, dərmanlar alınmışdır) və nəticə etibarı ilə də onlara ağır mənəvi zərər vurmuşdur. Bu baş verənlərlə əlaqədar Bakı şəhəri, Nəsim RPİ-nin 19-cu PŞ-də araşdırma aparılmış və cavabdehlərin əməlləri Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Cavabdehlərin inzibati məsuliyyəti ilə yanaşı, onların mülki məsuliyyəti də yaranıb. Hesab etmişlər ki, avtomobilə dəymiş zərərin əvəzi, mənəvi zərərin əvəzi isə onlara müştərək olaraq cavabdehlərin müştərək hesabına ödənilməlidir. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, Cavabdeh1 avtomobilin mühərrik hissəsinin örtüyünə, sol ön qapısına və sol ön işığına təpiklə zərbələr vurmaqla onlara maddi ziyan vurmuşdur. Ekspert rəyində göstərilən məbləğ dəymiş ziyanın məbləğini əks etdirmişdir. Digər cavabdehlər isə onlara mənəvi zərər vurmuşlardır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında qeyd etdi ki, ekspert rəyi il razı deyil, dəymiş zərərin məbləği çox şişirdilmişdir. O, ancaq avtomobilin qapısına yüngül təpiklə zərbə endirmişdir. Məhkəmə iclasında cavabdehin nümyəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, nəqliyyat vasitəsinə ümumiyyətlə baxış keçirilməmiş və iş materiallarında obyektivliyinə şübhə doğuran qüsür aktına əsaslanaraq rəy verilmişdir. Onu heç qüsur aktı da adlandırmaq olmaz, onu sadəcə iddiaçı tərəfindən təqdim edilmiş arayış hesab etmək olar. Həmçinin 2011-ci il buraxılışlı avtomobilin 1 qapısının rənglənməsi və dəmirçi işlərinin görülməsinə görə 1700 manatdan çox məbləğdə vəsaitin müəyyən edilməsi hər hansı məntiqə sığmır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibinin olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 232.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 xx.xx.2022-ci il tarixdə nəvəsinin kiçik toy yığıncağı səbəbi ilə qızının yaşadığı ünvan 1 ünvanına qonaq getmiş, yığıncaq zamanı bir qədər spirtli içki qəbul etmiş, daha sonra siqaret çəkmək məqsədi ilə binanın həyətinə düşmüşdür. Bu zaman qonşuluqda yaşayan bir nəfər şəxs həyətdə dayanmış ağ rəngli avtomobilin arxa yük yerinin qapısını açan şəxsə yaxınlaşaraq həmin şəxsin qucağında olan azyaşlı uşağı öpmək istəmiş, lakin əvvəlcədən həmin ailə ilə aralarında baş vermiş anlaşılmazlığa görə qucağında uşaq olan şəxs digər şəxsi itələyərək özündən uzaqlaşmışdır. Avtomobilin arxasında dayanmış qadın həmin şəxsə onun ünvanına nalayiq ifadələr işlədərək sakit durmasını istəmiş, bu zaman kürəkəni ilə birlikdə bir qədər kənarda dayanmışdır. Bundan sonra həmin şəxslərlə aralarında mübahisə yaranmış, mübahisə zamanı tanımadığı bir nəfər şəxs onun baş nahiyəsinə vurmuş və hadisə yerindən uzaqlaşmışdır. Daha sonra əsəblərini cilovlaya bilmədiyi üçün mübahisə etdiyi ailəyə məxsus avtomobilin mühərrik hissəsinin örtüyünə və sol ön qapısına təpiklə zərbələr endirmişdir. İş materiallarında olan “Qaynaqçı” KM tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş “Zərər aktı”ndan görünür ki, dövlət nömrə nişanı ** MK ***, buraxılış ili 2011ci il mühərrik: CFN 205557, Ban:TMBED45J2B3173636, Şassi nömrəsiz olan “Şkoda Fabia“ minik markalı avtomobilə dəymiş zərər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 3132-ci məhəllədə yerləşən “Qaynaqçı“ kiçik müəssisəsinin avtomobillərə texniki xidmət sexində bazar qiymətinə uyğun olaraq 2050 manat qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(006)-69/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli qədər - 2050 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)- 477/2023 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(006)-69/2023 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi əldə edilmiş məlumata əsasən “Şkoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı1 məxsusdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmamışdır. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qaynaqçı” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Şkoda Fabia” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1770 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Cavabdeh tərəfin vəsatətinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iş üzrə ilkin məhkəmə-trasoloji, təkrar məhkəmə yol nəqliyyat hadisələri və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü-cü il tarixli rəydən görünür ki, baxışa təqdim olunmuş “Skoda Fabia” markalı avtomobil təmir olunduğundan hadisə zamanı avtomobilin zədələnmiş hissələrini müəyyən etmək mümkün olmamışdır. Skoda avtoservis mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis arayışına əsasən (yəni avtomobilin üzərində təmir işləri aparıldığından) tədqiqata təqdim edilmiş “Skoda Fabia" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı üzərində olan zədələnmiş hissələrini və zədələrin xarakterini müəyyən etmək mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, “Qaynaqçı" kiçik müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Şkoda Fabia" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1770,00 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/6663 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi təsdiq edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti- 420 manat; təmir-bərpa işlərinin qiyməti-1350 manat. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş tədqiqatının dəyəri 210 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir (xx.xx.2024-cü il tarixli 2(102)-135/2024 nömrəli qərar) . İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh1 təqsirli olduğu qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş, həmin hadisə nəticəsində İddiaçı1 əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iş materiallarında olan ekspertiza rəylərinə əsaslanaraq hesab etmişdir ki, həmin rəylər sübut kimi qəbul edilməlidir. Bununla bağlı məhkəmə baxışı zamanı Cavabdeh1 mübahisələndirdiyi əsas halın (avtomobilin yan qapısına ziyan vurulmasına görə hesablanmalı zərərin əvəzinin tutulmalı olması) araşdırılması üçün iddiaçı tərəfin təqdim etdiyi video yazıya baxış keçirilərkən, hadisə zamanı zərbənin nəinki qapıya, avtomobilin mühərrik hissəsinin örtüyünə və sol ön işığına endirilməsi izlənilməklə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.201-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 məhkəmə iclasında yalnız qapıya zərbə vurmasını bildirsə də, Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi ilkin izahatında avtomobilin mühərrik hissəsinin örtüyünə və sol ön qapısına təpik vurmasını etiraf etmiş, məhkəmə baxışı zamanı video yazıya baxış keçirilərkən isə həmçinin zərbənin avtomobilin sol ön işığına endirdiyi də sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən törədilmiş delikt nəticəsində İddiaçı1 əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli və müvafiq olaraq iddia tələbi həmin hissədə qismən təmin olunmaqla “Skoda Fabia" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı avtomobilə dəyən zərərin əvəzi kimi, 1770 manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 digər cavabdehlərlə birlikdə onları ağır söyüşlərlə, təhqirlərə məruz qoymaqla iztirablar yaşatdıqlrından 5000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən alınaraq onlara ödənilməsi” barədə hissəsinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçılara mənəvi zərər dəyməsinin nədə ifadə edilməsi müəyyən olunmamaqla, sübut kimi təqdim edilmiş alınmış dərmanlara dair qəbzlər dəymiş mənəvi ziyanla səbəbli əlaqə yaratmır. Odur ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 260 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 1770 manat tutularaq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 260 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-108/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-108/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver