Məhkəmə qərarları › İş №2(006)-109/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-109/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-109/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh LPO QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respulikasının Mərkəzi Bankı və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər LPO QSC “Bank Standard” KB-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respulikasının Mərkəzi Bankı və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər LPO QSC “Bank Standard” KB-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi, 2686.63 manat pulun Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemindən silinməsi və buna dair arayışın iddiaçıya verilməsi, iddiaçının kredit tarixçəsinin korlanmasının təkzib edilməsi barədə arayışın ona təqdim edilməsi öhdəliklərinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən 5000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)- 3807/2011 nömrəli qətnaməsi ilə QSC “Bank Standard” KB-nin xeyrinə 3542.59 manat məbləğində borcun və 10 manat dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli 2(103)-5751/2011 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-3807/2011 nömrəli qətnaməsi ləğv edilmişdir. Lakin hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına hələ də guya 2686.63 manat borcun olduğu müəyyən edilmiş və həmin borc silinməmişdir. İddiaçı bununla bağlı ərizə ilə Azərbaycan Respulikasının Mərkəzi Bankına, "xxxx" MMC-yə və Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, Mərkəzləşdirilmiş Kredit Reyestrində onun adına hələ də qalmış 2686.63 manat borcun silinməsini xahiş etmişdir. Həmin qurumlardan gələn cavab məktublarında iddiaçının məhkəməyə müraciəti etməli olduğu bildirilmişdir. Cavabdehlər tərəfindən iddiaçıya məlum olmayan səbəblərdən 2686.63 manat borcun Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemindən silinməməsi ona banklardan kredit ayrılmamasına zəmin yaradır. İddiaçı bank qarşısında olan öhdəliklərini 2011-ci il tarixdə icra etməsinə və Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli 2(103)-5751/2011 saylı qərardadının olmasına baxmayaraq, bununla bağlı cavabdehlər yaratdıqları vəziyyəti düzəltmək əvəzinə aidiyyəti olmayan cavablarla bundan imtina edirlər. Cavabdehlərin əsassız hərəkətləri nəticəsində iddiaçının kredit tarixçəsi korlanmış və banklardan kredit ayrılmasından imtina edilir. Odur ki, iddiaçı 2686.63 manat Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki, cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində digər banklar tərəfindən kreditlərin verilməməsi azmış kimi, üzrxahlıq etmək əvəzinə məhkəməyə üz tutmağı bildirirlər. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi, 2686.63 manat pulun Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemindən silinməsi və buna dair iddiaçıya arayışın verilməsi və iddiaçının kredit tarixçəsinin korlanmasının təkzib edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO QSC “Bank Standard” KB-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respulikasının Mərkəzi Bankının və "xxxx" MMC-nin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, proses iştirakçısını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, kreditor borcalana istehlak tələbatlarının ödənilməsi üçün illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə ödəmək şərtilə 5000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2008-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 5000 manat məbləğində pulu QSC “Bank Standard” KB-dən almışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5751/2011 nömrəli, 29 dekabr 2011-ci il tarixli qərardadından görünür ki, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3807/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər İddiaçı və X2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 67/53175 nömrəli, 13 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5751/2011 nömrəli, 29 dekabr 2011-ci il tarixli qərardadı Azərbaycan Respulikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respulikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB-yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1995-ci il tarixli, 236 nömrəli bank lisenziyası ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB-nin müflis elan edilməsi və banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır. Qanunvericiliyə əsasən, kredit tarixçəsi subyektinin yanlış hesab etdiyi məlumatın yoxlanılması və həmin məlumatda müvafiq düzəlişlərin edilməsi barədə kredit bürosuna və məlumat təchizatçısına müraciət etmək hüququ vardır. Göstərilən məsələlər ilə əlaqədar Fonda və "xxxx" MMC-yə müraciət edilməsi tövsiyyə edilmişdir. LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli 2(103)-5751/2011 saylı qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması üçün məlumat təchizatçısına (bank, BOKT və s.) müraciət edilmişdir. Məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda Büronun məlumat bazasına təqdim edilmiş məlumatlarda hər hansı yanlışlıq aşkar edilmədiyi qeyd olunmuşdur. Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onlar üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında hələ də yanlışlıq olduğu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və məhkəməyə müraciət etmək tövsiyyə olunur. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ilə QSC “Bank Standart” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinin, xx.xx.2008-ci il tarixli, **********/01 saylı zaminlik müqaviləsinin, kassa-məxaric orderinin, hesabdan çıxarışın, kredit almaq üçün banka müraciət olunması haqqında ərizənin və qeyd olunan müqavilə ilə əlaqədar olan digər sənədlərin əsli Əmanətlərin Sığortalanması Fondundan və ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankından tələb edilmişdir. Xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. LPO QSC “Bank Standard” KB tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sənədlərin əsllərinin tələb edilməsi ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına münasibətdə qeyd edilmişdir ki, iddiaçı QSC “Bank Standard” KB cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması tələbinə dair idda ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsinə qoşma sənədlərin siyahısında kredit müqaviləsinin, zaminlik müqaviləsinin və digər sənədlərin əsllərinin əlavə olunduğu qeyd olunmuşdur. Mülki iş üzrə xx.xx.2011-ci il tarixli, 2(011)-3807/2011 saylı qətnamə qət edilmişdir. “Azərbaycan Resublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair Təlimat”ın 119-cu bəndinə əsasən, zərf açıldıqda göndərmə məktublarında göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı aşkar edilərsə, bu barədə dərhal kargüzarlıq xidmətinin rəhbərinə məlumat verilir. Sənədlərin olmadığına dair müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi sənədi göndərənə təqdim edilir və ya göndərilir. Aktın digər nüsxəsi isə qəbul edilmiş sənədə əlavə olunur. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən belə bir akt tərtib edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən tələb olunan sənədlərin əslləri Bakı şəhəri Xətai Rayon Məhkəməsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2023-cü il tarixli 4/1152 nömrəli ekspert rəyindən görünür ki, əksləri ekspertizaya təqdim edilmiş, mülki işin 41-42-ci vərəqlərində QSC “Bank Standard” KB “Sahil” filialı ilə İddiaçı arasında bağlanmış olan 03 aprel 2008-ci il tarixli KMFŞ seriyalı ********** nömrəli kredit müqaviləsinin kserosurətinin 1-ci vərəqin sonundakı imza və 2-ci vərəqində “X4 Paşayev” qrafasından aşağıda yerləşən imza və QSC “Bank Standard” KB-nə aid olan 03 aprel 2008-ci il tarixli kassa məxaric orderinin kserosurətində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair 15 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 125 manat təşkil edir. İşin obyektiv və ədalətli baxılmasını təmin etmək məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2023-cü il tarixli 5/1586 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 aprel 2008ci il tarixli ********** nömrəli kredit müqaviləsinin surətində, 3 aprel 2008-ci il tarixli kassa məxaric orderinin surətində olan İddiaçı imzalarının montaj edilərək hazırlanması barədə təsdiqedici və ya inkaredici nəticəyə gəlmək mümkün olmadı. Ekspertiza xərclərinə dair 07 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 70 manat təşkil edir. xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 170 (bir yüz yetmiş) manat rüsum ödənilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən iddiaçıya istehlak tələbatlarının ödənilməsi üçün illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri lazımınca icra edilmədiyindən, bank tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi ilə əlaqədar çıxarılmış, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5751/2011 nömrəli, 29 dekabr 2011-ci il tarixli qərardadı ilə bank tərəfindən sübut qismində verilmiş sənədlərin əslləri məhkəməyə təqdim edilmədiyindən, həmin tələb baxılmamış saxlanılmışdır. İddiaçının adına mərkəzləşdirilmiş kredit reyestrində əks olunan borcun silinməsinə dair onun Azərbaycan Respublikasının Mərkəzi Bankına, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC-yə olan müraciətləri nəticəsiz qalmış, buna görə də o, məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı müqavilənin onun tərəfindən imzalanmadığını iddia edərək, banka heç bir borcunun olmamasına baxmayaraq, mübahisləndirdiyi kredit müqaviləsi ilə əlaqədar mərkəzləşdirilmiş kredit reyestrində onun adına borc yazılmasının hüquqlarını pozduğunu bildirərək, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə borcun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi, 2686.63 manat pulun Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemindən silinməsi və buna dair iddiaçıya arayışın verilməsi və iddiaçının kredit tarixçəsinin korlanmasının təkzib edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh LPO QSC “Bank Standard” KB isə iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi üzrə banka borcunun olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi üzrə tərəf olmadığından, Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs, yəni əsl cavabdeh deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. İddia tələbi ilə əlaqədar aparılmış məhkəmə araşdırmaları ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsini imzalamadığına və pulu özünün götürmədiyinə istinad edərək, müqavilənin etibarsız hesab edilməsini, bunun əsasında da mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişlərin edilməsini tələb etdiyindən, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən kredit müqaviləsi və onunla əlaqədar olan bütün sənədlərin əsllərinin təqdim edilməsi cavabdehlərdən tələb edilmiş, lakin bank tərəfindən təqdim edilmiş cavab məktubunda həmin sənədlərin əsllərinin 2011-ci ildə tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə verildiyi, sənədlərin həmin məhkəmədə olduğu bildirilmişdir. 2(103)-5751/2011 nömrəli həmin mülki işin Bakı Apellyasiya Məhkəməsində olduğu müəyyən edilərək, işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Beləliklə, 2(103)-5751/2011 nömrəli mülki işin materialları məhkəmə tərəfindən araşdırılan zaman qeyd olunan sənədlərin əsli həmin iş materiallarında olmaması aşkar edilmişdir. Bununla belə, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində kredit müqaviləsinin və kassa məxaric orderinin surətlərində olan imzaların iddiaçı tərəfindən icra edilməsinin müəyyən edilməsi mümkün olmuş, bu barədə ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Kredit müqaviləsini və kassa-məxaric orderini iddiaçının imzalamasının mötəbər sübutla öz təsdiqini tapması onu deməyə əsas verir ki, iddiaçı pulu bankdan götürmüş, lakin tam şəkildə geri ödənişini təmin etməmiş, buna görə də banka borcu yaranmışdır. Belə olan halda, iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinin etibarlı olması, yəni hüquqi nəticə yaratması faktı təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir. İddia tələbinin “müqavilə üzrə borcun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatın verilməsi, 2686.63 manat pulun Mərkəzləşdirilmiş Kredit Reyestrinin sistemindən silinməsi və buna dair iddiaçıya arayışın verilməsi, iddiaçının kredit tarixçəsinin korlanmasının təkzib edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” hissələri ilə əlaqədar isə məhkəmə qeyd edir ki, “müqavilənin etibarsız hesab edilməsi”nə dair ilkin tələbin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, qeyd olunan tələblər isə ilkin tələbdən törəyən tələblər olduğundan məhkəmə hesab edir ki, bu tələblər də təmin edilməməlidir (belə ki, iddiaçı borcunun olmamasını da müqaviləni imzalamaması və pulu götürməməsi ilə əsaslandırmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.2, 337.4-337.5-ci maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər LPO QSC “Bank Standard” KB-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 195 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə belə tələbin olubolmamasına bağlı deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO QSC “Bank Standard” KB-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 195 (bir yüz doxsan beş) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar