Məhkəmə qərarları › İş №2(006)-1099/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1099/2021

17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1099/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81,mənzil 48-49 ünvanında yaşayır, pasport qeydiyyatı isə ünvan 2 ünvanıdır. Cavabdehin 4-cü mərtəbədəki, 56 saylı mənzildən onun mənzilinə axıdılan su, koridoru, otaqları, hamamı, demək olar ki, bütün divarları və mətbəxi, mebeli, pal-paltar, yorğan-döşək yığılan yeri, döşəmələri yararsız hala salıb. Bəzi yerlərdə elektrik xətti artıq sıradan çıxıb, işıqlar yanmır, rozetkalar işləmir. Su sızması tez-tez davam edir. 2020-ci il sentyabrın axırlarında sonuncu dəfə yuxarıdakı 4-cü mərtəbənin sahibi olan cavabdeh kranları açıq qoyub xəstəxanaya getdiyini iddiaçıya məhkəməyə təqdim etdiyi şəkilləri çəkərkən etiraf etdi. Cavabdeh Əlverdi qızının səhlənkarlığı və hərəkətsizliyi nəticəsində baş vermiş deliktə görə ziyanın dəyəri olan vəsaiti tam olaraq ödəyəcəyini bildirmişdir. İddiaçı mənzildəki fəsadların şəklini cavabdehin iştirakı ilə çəkmişdir. Cavabdeh özü də ziyanı ödəyəcəyini bildirsə də, təmir-bərpa işlərinə hələ ki, heç bir vəsait verməyib. Bina kooperativ bina olduğu üçün, MKİS-nə aidiyyəti olmadığı üçün subasma ilə əlaqədar mənzildəki vəziyyət barədə akt və ya arayış MKİS-dən əldə etmək mümkün olmadığından, kooperativ binanın komendatının iştirakı ilə akt tərtib etməli olmuşlar. Akt tərtib edilərkən, baxışda və fotoşəkillər çəkiləndə cavabdeh və komendant da iştirak ediblər. Cavabdeh vurduğu ziyanı ödəyəcəyini bildirsə də,sözünə əməl etmir. 4-cü mərtəbədəki 56 saylı mənzildən su sızmaları, daha doğrusu su axıdılması nəticəsində iddiaçının mənzilinin otaqlarının tavanları və döşəmələri də yararsız hala salınıb. İddiaçının mənzilinə, ümumilikdə 10000 (on min) manat məbləğində maddi ziyan dəymişdir. Su hal-hazırda da ara-sıra sızmağa davam edir. Evin həmin hissələrdə tavanı və divarları hələ də nəmdir. Təmir işləri aparmaq mümkün deyil. Həmin nəm və islanmış divardan elektrik naqilləri keçir, çoxu da artıq işləmir. Akt tərtib edilən günü də divarlar və tavan nəm idi. Hər zaman qısa qapanma və yanğın hadisəsi baş verə bilmək təhlükəsi vardır. İddiaçının mənzili təmirdən çıxmışdır. Cavabdehin təqsiri üzündən iddiaçı mənzilində istədiyi kimi istirahət edə bilmir. Cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi hələ də davam etməkdədir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81 nömrəli, 12 mərtəbəli binada yerləşən, 48 və 49 saylı mənzillərə həmin binadakı 56 saylı mənzildən su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 10000 (on min) manat maddi zərər, dövlət rüsumu olaraq 31 manatın Cavabdeh Əlverdi qızından tutularaq mülkiyyətçi İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbinə etiraz edərək, bildirmişdir ki, baş vermiş hadisə onun təqsiri ucbatından baş verməmişdir. Belə ki, onun da mənzilinə yuxarı mərtəbədəki mənzillərdən su damır. Bununla belə iddiaçının mənzilinə su axması nəticəsində baş vermiş ziyanla bağlı bir neçə dəfə mənzilin təmirinə maddi köməklik etmişdir. Hazırki dəymiş ziyanla bağlı məbləğ həddindən artıq şişirdilmişdir. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.10.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.096 ha torpaq sahəsində yerləşən 81 nömrəli, 12 mərtəbəli binada yerləşən 86.33 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 48;49 nömrəli mənzillər tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 550 nömrəli reyestr kitabının 50641 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1363/2020 nömrəli, 16.09.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı əmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 767 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2021 nömrəli, 23.02.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/1449 nömrəli, 09 iyul 2021ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 nömrəli, 12 mərtəbəli binada yerləşən 48-49 saylı mənzillərə yuxarı 52 saylı mənzilindən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 nömrəli, 12 mərtəbəli binada yerləşən 48-49 saylı mənzillərdə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3253 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81,mənzil 48-49 ünvanına Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81, 52 saylı mənzilindən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, Cavabdeh su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 3253 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 nömrəli, 12 mərtəbli binada yerləşən 48-49 saylı mənzillərə yuxarı 52 saylı mənzilindən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 nömrəli, 12 mərtəbli binada yerləşən 48-49 saylı mənzillərdə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3253 manat məbləğində müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 3253 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 3253 manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3283 (üç min iki yüz səksən üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar