Məhkəmə qərarları › İş №2(006)-1103/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1103/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1103/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nizamettin oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Nizamettin oğluna qarşı «pul» tələbinə dair ilk iddiası; Cavabdeh Nizamettin oğlunun İddiaçı qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nizamettin oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.000 manat pulun Cavabdeh Nizamettin oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Atmaca X2 Fikrət Zakir oğluna qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında 23 may 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ilk iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə işbirlikləri olmuşdur. İşlərini daha yaxşı qurmaq üçün cavabdeh 2018-ci ildə ondan borc pul istəmişdir. 23 may 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq cavabdeh ondan 15.000 manat borc götürmüşdür. Həmin gün müqavilə imzalanmış və notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh 6 ay müddətində götürdüyü borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazıra kimi cavabdeh borcu qaytarmamış, hazırda isə qaytarmaqdan yayınır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Nizamettin oğlu qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, bu müqavilə əslində bir borc müqaviləsi deyildir. Bu müqavilə görünüş üçün bağlanılmışdır. Lakin İddiaçı aralarında olan iş danışmasının şərtlərini pozaraq varlanmaq (əsassız varlanma) məqsədi ilə ona qarşı belə bir iddia qaldırmışdır. Belə ki, o, Türkiyə Respublikasının vətəndaşıdır. Saç ustasıdır. 2002-ci ildə işləmək ücün Bakıya gəlmişdir. Tale elə gətirmişdir ki, burada ailə qurmuşdur. Sonra davamlı olaraq Bakıda qalaraq burada yaşamalı və işləməli olmuşdur. 2015-ci ildə İddiaçı ilə rastlaşmışdır. Onun «Turk Star» gözəllik salonu var idi. İddiaçı ona öz salonunda işləməyi təklif etmişdir. Cünki İddiaçı bilirdi ki, onun öz müştəriləri vardır və o, Fikrətə çoxlu pul qazandıra bilər. Ona görə də, Fikrət ona demişdir ki, Fikrətin salonunda işləyərək gələn müştərilərindən qazandığı pulun yarısını sonuncuya verməlidir və bunun ücün gərək aralarında borc müqaviləsi bağlasınlar. İddiaçı özü də iddiasında göstərmişdir ki, iş birlikləri olmuşdur. Yəni, borc müqaviləsində göstərilən məbləği guya o, Fikrətdən borc görtürmüşdür. Əslində isə belə bir borc olmamışdır. Onun İddiaçı salonunda işləməsi ücün həyat yoldaşı X1 ilə İddiaçı arasında ilk dəfə 14 iyun 2015-ci il tarixdə 9.000 manatlıq bir borc müqaviləsi imzalanmışdır. Həmin vaxt onun burada, yəni Azərbaycanda icazə müddəti başa çatdğı ücün həmin yalançı borc müqaviləsi ilk dəfə həyat yoldaşı ilə imzalanmışdır. 2018-ci ilin ilk aylarına kimi orada işləmişdir. İddiaçı aralarında olan razılaşmaları pozduğuna, qazancın daha cox hissəsini özünə götürdüyünə və məlzəmələri də ona aldırdığı ücün o, başqa bir salona keçmişdir. Lakin iki aydan sonra yenə İddiaçı salonuna qayıtmalı olmuşdur. Həmin vaxt İddiaçı yenə ona demişdir ki, burda işləyərək qazancının yarısını ona verməlidir. Buna görə də, daha böyük məbləğdə borc müqaviləsi imzalamalıdırlar ki, o, buradan başqa yerə gedə bilməsin. Və beləliklə məlum 23 may 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat kontorunda 15.000 manatlıq kredit müqaviləsi imzalamışlar. Beləliklə, 4 il yarım, yəni, 2020-ci ilin fevral ayınadək cavabdehə məxsus olan Səbail rayonu ərazisində yerləşən «Turk Star» gözəllik salonunda işləmişdir. Bu müddət ərzində işləyərək cavabdehə qazancının daha cox hissəsini - hər ay 2.500 manat pul vermişdir. «Turk Star» salonu müştərilərə xidmət ücün müxtəlif firmalardan salonda işlətmək ücün müəyyən məlzəmələr, alətlər alırdı (saç boyaları və sair). Həmin mallar gələrkən cavabdeh İddiaçı pulunu ona ödətdirirdi. Lakin bir gün həmin firmalardan gələn malların qiymətini öyrənmişdir. Bu vaxt ona məlum olmuşdur ki, İddiaçı həmin firmalardan gələn malları ikiqat bahasına ona satırmış. Belə olan halda, o, qərara gəlmişdir ki, belə bir adamla işləmək olmaz. Ona görə də, həmin yerdən işdən çıxmışdır. Bundan sonra o, başqa bir iş yeri tapmış və orada işləməyə başlamışdır. Lakin cavabdeh hər vəchlə onun işinə maneə olmağa çalışıraq ona işləməyə imkan vermir. Ona qarşı qaldırdığı əsassız iddia ilə də məqsədi onun işinə maneə olmaq və ona təsir etməkdir. Cavadeh «Türk Star» gözəllik salonunun sahibi İddiaçı onun Azərbaycan Respublikası qanunuvericiliyini bilməməsindən istifadə edərək onu qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan işləməyə cəlb etmişdir. Nəticədə onu aldadaraq, onunla borc müqaviləsi bağlamışdır. Cavabdeh İddiaçı ilə arasında bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun deyil və bu səbəbdən də onun etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Cavabdeh İddiaçı onun Azərbaycan Respublikasının qanunvericilyini bilmədiyini görərək, onu aldatmış, borc müqaviləsinə imza etdirmişdir. O, belə bir şərtlər nəzərdə tutan müqavilə bağlamaq niyyətində olmamış və belə bir müqavilə bağlamamışdır. Əqdin təməl qurucusu iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərinin davranışının psixi tənzimlənməsi prosesidir. O isə cavabdeh İddiaçı ilə mübahisələndirilən müqaviləni bağlamaq arzusu və istəyində olmamışdır. Elə bir niyyəti də olmamışdır. Eyni zamanda müqavilə Mülki Məcəllənin 339.2-339.3-cü maddələrinə əsasən də etibarsızdır. Həmin maddələrə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Kredit müqaviləsinin 1-ci bəndində yazılıb: Borc verən borc alana 15.000 mant məbləğində borc pul verir. Bu bənddən görünür ki, pulun verilməsi öz əksini tapmamışdır. Yəni pul «verildi» deyil, pul «verir» yazılmışdır. Bu da onu göstərir ki, pulun borc alana verilməsi öz əksini tapmamışdır. Bu o deməkdir ki, bu müqavilə bağlandığı andan etibarsızdır. Müqavildə pulun verilməsi və qəbul olunması əks olunmamışdır. Müqavilənin 2-ci bəndində yazılır: Borc alan krediti 23.11.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Yəni, cəmi 6 ay müddətinə qaytarmalıdır. Bu da onu göstərir ki, 15.000 manat pulun bu qısa müddətdə qaytarılması mümkün deyildir. Azərbayvcan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 420.1.1-ci maddəsinə görə təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddəalar etibarsız sayılır. Daha bir hal; əgər borc alan həmin borc pulu guya 23 noyabr 2018-ci ilədək qaytarmalı idisə və əgər həmin vaxtadək qaytarılmamışsa nəyə görə bu vaxtadək İddiaçı məhkəməyə müraciət etməmişdir. Bundan başqa İddiaçı onunla işləmək istəyən bir neçə şəxslə də eynilə bu cür borc müqavilələri bağlamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsaəsn bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olar, qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarında deyilir: Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Yenə həmin qərarda deyilir ki, qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yenə qeyd olunan qərarda deyilir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edib bilər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə görə notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün öhdəliyin icra predmetini saxlamağa borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius öhdəliyin icra predmetinin, pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir. Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini və qiymətli kağızları depozitə öhdəliyin icrası yerinin notariusu qəbul edir. Bakı şəhəri 5 saylı notariat kontorunun 28.10.2021-ci il tarixli və 1022 saylı məktubu və ona əlavə olunmuş 23.05.2018-ci il tarixli İddiaçı və Türkiyə vətəndaşı Cavabdeh arasında 3M reystrdə 368 saylı kredit müqaviləsinə dair notariat işində, pulun depozitə qoyulması öz əksini tapmamışdır. Bu hal da onu təsdiq edir ki, burada tərəflər arasında həqiqətən də borc pul verilməmiş və alınmamışdır. Müqavilə blankının aşağı hissəsinə diqqət yetirdikdə görünər ki, orada yazılmışdır ki, «15.000 manat pul aldım». Əgər müqavilə bütün şərtlərinə əməl olunmuşsa niyə o sözlər yazılmalı idi. Bu o deməkdir ki, burada hər hansı borc pul verilməmiş və alınmamışdır. Ona görə də, hesab edir ki, hazırda qaldırdığı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməli və ilk iddia tələbi ilə bir icraatda baxılaraq yekun məhkəmə qərarı qəbul edilməlidir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nizamettin oğlu məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın iddia müddəti tətbiq edilməklə rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia üzrə iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın iddia müddəti tətbiq edilməklə rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin (iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 23 may 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ilə Cavabdeh arasında 15.000 manat pul vəsaitinin 23 noyabr 2018-ci il tarixədək qaytarılması şərti ilə faizsiz olaraq borc verilməsinə dair borc müqaviləsi bağlanmışdır. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir və iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır. İlk iddia üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflər arasında borc müqaviləsi 23 may 2018-ci il tarixdə bağlanmışdır, ilk iddia üzrə iddiaçı iddia müddəti ərzində, 02 iyun 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, ilk iddia üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilə bilməz. İlk iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi verilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Nizamettin oğluna qarşı «pul» tələbinə dair ilk iddiası təmin edilməli, Cavabdeh Nizamettin oğlundan 15.000 manat borc tutularaq İddiaçı ödənilməli; Cavabdeh Nizamettin oğlunun İddiaçı qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Nizamettin oğluna qarşı «pul» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh Nizamettin oğlundan 15.000 manat borc tutularaq İddiaçı ödənilsin. Cavabdeh Nizamettin oğlunun İddiaçı qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar