Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-112/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin (rebrendinqdən öncə "xxxx" İKB ASC-nin) xeyrinə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan, Ağcəbədi şəhəri Nəsimi küçəsi 36 ünvanda 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 144 m2, yaşayış sahəsi 96,4 m2, yardımçı sahəsi 47,6 m2 olan 3 otaqlı fərdi yaşayış evinin öhdəliyin tam icra edilməsi səbəbindən yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" İKB ASCnin Bərdə filialı arasında 14 dekabr 2015-ci il tarixdə 12-Z2G1-2-0-1176-15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq ona məxsus ünvan 1 ünvanda 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 144 m2, yaşayış sahəsi 96,4 m2, yardımçı sahəsi 47,6 m2 olan 3 otaqlı fərdi yaşayış evi 36 ay müddətinə, yəni 14.12.2018-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. Götürülmüş kredit ABŞ dolları ilə olmuş, məlum devalivasiyadan sonra çətinliklər yaranmağa başlamış və beləliklə də onunla bank arasında əlavə razılaşmalar bağlanmışdır. Tərəflər arasında bağlanmış 25.01.2016-cı il tarixli əlavə sazişə əsasən həmin tarixdən etibarən məzənnə olaraq 1 ABŞ dolları 1,05 manat hesabı ilə razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 09.12.2016-cı il tarixli əlavə sazişə əsasən ipoteka müqaviləsinin müddəti 09.09.2022-ci il tarixədək uzadılmışdır. Onun tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər vaxtından əvvəl, yəni 09.09.2019-cu il tarixdə tam olaraq yerinə yetirilmiş və banka olan borc ödənilmişdir. Bununla bağlı "xxxx" İKB ASC-nin Bərdə filialı ona müvafiq olaraq hesabdan çıxarış təqdim etmişdir. Öhdəliyi tam icra etdiyini əsas götürüb ona məxsus yaşayış evinin yüklülükdən azad edilməsi barədə cavabdeh təşkilata müraciət olunmuş, lakin cavabdeh təşkilat əsassız olaraq onun hələ də banka borcunun olmasını əsas gətirməklə əmlakının yüklülükdən azad edilməsi üçün müvafiq razılıq məktubunu verməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X2 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (banka borcunun qalmamasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən (14.12.2015-ci il tarixli, 12- Z2G1-2-0-1176-15 saylı kredit müqaviləsi, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təminatı kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, həmçinin həmin kredit və ipoteka müqavilələrinə dair bağlanmış əlavə sazişlər, hesabdan çıxarış məlumatları və ekspret rəylərindən) görünür ki, iddiaçının bank qarşısında tam şəkildə icra edilməmiş öhdəliyi mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli 9/2201 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 14.12.2015-ci il tarixli, 12-Z2G1-2-0-1176-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 18.09.2019-cu il tarixə Əsas borc üzrə – 11.178,23 manat; Faiz üzrə – 62,07 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli 9/8059 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 14.12.2015-ci il tarixli, 12-Z2G1-2-0-1176-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 18.09.2019-cu il tarixə Əsas borc üzrə – 11.178,23 manat; Faiz üzrə – 62,07 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Göründüyü kimi, ipoteka predmetinin bank qarşısında yüklülüyü ilə təmin edilmiş kredit müqaviləsi üzrə öhdəlik tam şəkildə icra edilməmişdir. Bu səbəbdən, "xxxx" ASC-nin (rebrendinqdən öncə "xxxx" İKB ASC-nin) xeyrinə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə ona məxsus olan, Ağcəbədi şəhəri Nəsimi küçəsi 36 ünvanda 0,12 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 144 m2, yaşayış sahəsi 96,4 m2, yardımçı sahəsi 47,6 m2 olan 3 otaqlı fərdi yaşayış evinin öhdəliyin tam icra edilməsi səbəbindən yüklülükdən azad edilməsi barədə iddia tələbləri əsassız olmaqla, rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 10 manat 40 qəpik məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-112/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-112/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver