Məhkəmə qərarları › İş №2(006)-1120/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1120/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1120/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı ("xxxx" mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" KB ASC-nin arasında bağlanmış 1101tkSTB2/14 saylı və 2211nkSLY/15 saylı kredit müqavilələri üzrə 01.03.2019-cu il tarixdə banka yaranmış 739 manat 63 qəpik və 764 manat 28 qəpik məbləğində əsas kredit borcu üzrə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə bağlı dövlət zəmanəti ilə təmin edilmiş illik faiz dərəcəsi 1 % olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit xəttinin açılması (restrukturizasiya olunması) vəzifəsinin cavabdeh "xxxx" KB ASC-yə həvalə edilməsi; onunla "xxxx" KB ASC-nin arasında bağlanmış 07.04.2014-cü il tarixli (illik faiz dərəcəsi 27 % olmaqla 24 ay müddətinə 2.500 manat məbləğində) 2001nkSTB2/14 saylı kredit müqaviləsi «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanında öz əksini tapmadığı üçün bu adda olan kreditin onun adından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" KB ASC arasında 07.04.2014-cü il tarixdə illik faiz dərəcəsi 27 % olmaqla 24 ay müddətinə 2.500 manat məbləğində 2001nkSTB2/14 saylı kredit və illik faiz dərəcəsi 27 % olmaqla 500 manat limitli 1101tkSTB2/14 saylı kredit kartı rəsmiləşdirilmişdir. Kredit kartının limiti sonradan 1.000 manatadək artırılmışdır. 15.07.2015-ci il tarixdə isə illik faiz dərəcəsi 29 faiz olmaqla 24 ay müddətinə 818 ABŞ dolları məbləğində 2211nkSLY/15 saylı kredit rəsmiləşdirilmişdir. Sonradan kredit ödəmələrində manatın devalvasiyası ilə əlaqədar olaraq problemlər yaranmışdır. Bununla əlaəqadar olaraq "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli 2(071)- 871/2015 saylı məhkəmə əmri ilə "xxxx" ASC-nin ona qarşı «kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi» tələbinə dair iddiası təmin edilərək, 07.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 972 manat, faiz üzrə 68,85 manat, cərimə üzrə 12,59 manat, cəmi isə 1.056,78 manat və 20 manat ödənilmiş pul vəsaitinin cavabdeh ondan bankın xeyrinə tutulması əmr edilmişdir. Ölkə üzrə yaranmış kredit ödəmə problemlərinin çoxluğu ilə əlaqəadar olaraq hökumət tərəfindən tədbirlər görülmüşdür. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq, baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan fərmanın icrası ilə əlaqdar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiya məbləği 1101tkSTB2/14 saylı və 2211nkSLY/15 saylı kredit müqavilələrinə yönləndirilmiş, eyni zamanda restrukturizasiya olunmalı kredit siyahısına əlavə edilmişdir. Digər "xxxx" KB ASC tərəfindən 07.04.2014-ci ildə verilmiş 2500 manat 2001nkSTB2/14 saylı kredit müqaviləsi isə heç bir əsas göstərilmədən bu siyahıya əlavə edilməmiş və kompensasiya məbləği nəzərdə tutulmamışdır. Onun Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı sorğuya cavab olaraq 19 oktyabr 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki: Mərkəzi Kredit Reyestrindən əldə olunmuş məlumata əsasən vətəndaş İddiaçı Əmrah oğlunun 07.04.2014-cü il tarixdə rəsmiləşmiş 2.500 manat məbləğindəki kreditinə dair aktiv qalıq borc öhdəliyi aşkar edilmədiyindən Fərman çərçivəsində restrukturizasiyaya şamil edilməmişdir. Qeyd edir ki, bu günə qədər "xxxx" KB ASC tərəfindən əmək haqqından 2018-ci ildə 200+90+90=380 manat, 2019-cu ildə 50+30=80 manat, 2021-ci il tarixdə isə 230 manat vəsait, ümumilikdə əmək haqqından 690 manat pul vəsaiti tutulmuşdur. Fərmanın icrası ilə əlaqədar dəfələrlə kredit borcunun restrukturizasiya olunmaqla, onunla yeni kredit müqaviləsinin bağlanılması barədə "xxxx" ASC-yə və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. Hər dəfə cavab olaraq bildirilmişdir ki, «Vətəndaşların banklara müraciət etməsinə zərurət yoxdur. Hazırda güzəştlərdən faydalanacaq müştərilərin siyahısı hazırlanır. Banklar bu siyahılar üzrə öz müştərilərinə müraciət edəcəkdir. Eyni zamanda, hər bir vətəndaş kompensasiya ödənişləri ilə bağlı yaradılacaq reyestrdə öz adının olub-olmamasını yoxlaya biləcəkdir». Bu məqsədlə elektron kabinetə baxış keçirdikdə, onun da 739,63 manat və 764,28 manat məbləğində kredit borcunun restrukturizasiya olunması barədə təklifin qeydiyyatda mövcud olduğu məlum olmuşdur. Bu təkliflə əlaqədar olaraq o, dəfələrlə banka müraciət etmişdir. Bank ona müraciətlərin çoxluğunun, texniki yenilənmələrin şəbəkə yüklülüyü ilə əlaqəar maillərə gec cavab verildiyini və müraciətinin hələ qüvvədə olub-olmadığını soruşmuşdur. 09.10.2019-ci il tarixli elektron formada rəsmi qaydada banka etdiyi müraciətə cavab olaraq müraciətinin qüvvədə qalmasını və kredir borclarında əlaqəadar müqavilənin restrukturizasiya edilərək yenilənməsini istədiyini bildirmişdir. Müsbət cavab ala bilmədiyindən, bankın hərəkətsizliyindən müxtəlif dövlət qurumlarına müraciət etmişdir. Onun Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müraciətə 22.09.2020-ci il tarixli cavabında, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmandan irəli gələrək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla 27 mart 2019-cu il tarixdə Qaydalar təsdiq edildiyi bildirilmişdir. Qaydaların 6.16-cı bəndinə əsasən fizki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqavilələrinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabr ayının 31dək nəzərdə tutulmuşdur. Eyni məzmunlu cavab Azərbaycan Respublikası Milli Məclisinə 25.09.2020-ci il tarixli müraciətinə cavab olaraq Mərkəzi Bank tərəfindən 19.10.2020-ci il tarixli məktubla bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun iddiası təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən mənim barəmdə sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış kredit müqavilələrinə dair qeydlər daxil edilmiş, habelə həmin bank tərəfindən bu müqavilələr barəsində ləğv olunmuş Maliyyə Bazarlarında Nəzarət Palatasına vaxtında məlumatlar təqdim olunmuşdur. Məlum Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi nəzərdə tutulmuş, bununla bağlı onun 01.03.2019-cu il tarixədək "xxxx" KB ASC-yə olan 739,63 manat və 764,28 manat məbləğində əsas kredit borcunun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 illik güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması barədə «Problemli kreditlərin kompensasiyası»nın elektron qeydiyyatı aparılmışdır. Bu hal onu təsdiq edir ki, ona ayrılmalı olan güzəştli kredit vəsaiti də əvvəlcədən nəzərə alınmaqla 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi nəzərdə tutulmuşdur ki, bu halda cavabdehin imtinasını əsassız hesab edir. Eyni zamanda nəzərə alınmalıdır ki, o, məhz 31.12.2019-cu il tarixədək dəfələrlə şifahi və rəsmi qaydada yeni kredit müqaviləsinin bağlanması üçün banka müraciət etmişdir. Qeyd edir ki, cavabdeh "xxxx" KB ASC qərəzli şəkildə Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş fərmanı və bu fərmandan irəli gələn öhdəlikləri icra etmir. Halbuki, fərman çərçivəsində banklara dəymiş zərər dövlət tərəfindən tam şəkildə qarşılanıb. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə elmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasəıı hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hacıqabul rayon Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli 2(071)-871/2015 saylı məhkəmə əmrindən görünür ki, "xxxx" ASC-nin İddiaçı qarşı «kreditin və ona hesablanmış faizlərin qaytarılması» tələbinə dair ərizəsi təmin edilmiş, 972 manat 29 qəpik əsas borc, 68 manat 85 qəpik faiz, 12 manat 59 qəpik cərimə, 3 manat 05 qəpik komisyon olmaqla, cəmi 1.056 manat 78 qəpik pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. "xxxx" KB ASC-nin İddiaçı ünvanladığı 13.10.2020-ci il tarixli SKİED/6351 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Banklar Assosiasiyasına ünvanladığı 05 oktyabr 2020-ci il tarixli məktubuna (müraciətinə) Bank tərəfindən baxılmışdır. Bildirilmişdir ki, ona "xxxx" KB ASC-də 07.04.2014-cü il tarixdə, illik faiz dərəcəsi 27 % olmaqla 24 ay müddətinə 2.500 manat məbləğində 2001nkSTB2/14 saylı kredit və illik faiz dərəcəsi 27 % olmaqla, 500 manat limitli 1101tkSTB2/14 saylı kredit kartı rəsmiləşdirilmişdir. Kredit kartının limiti, sonradan 1000 AZN-dək artırılmışdır. 15.07.2015-ci il tarixdə isə illik faiz dərəcəsi 29 % olmaqla, 24 ay müddətinə 818 ABŞ dolları məbləğində 2211nkSLY/15 saylı kredit rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqavilələri və təqdim edilmiş ödəniş şərtləri onun tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 2019-cu il 28 fevral tarixli fərman (Fərman) imzalanmışdır. Fərmanla bağlı hesablanmış kompensasiya məbləği Palata tərəfindən 1101tkSTB2/14 və 2211nkSLY/15 saylı kredit müqavilələrinə yönləndirilmiş, həmçinin restrukturizasiya olunmalı kreditlər siyahısına əlavə edilmiş, lakin bu güzəştdən istifadə edilməmişdir. Digər 2001nkSTB2/14 saylı kredit müqaviləsi isə bu siyahıda olmadığından, qalıq borcun fərman çərçivəsində restrukturizasiya edilməsi üçün Apellyasiya Komissiyasına müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunmuş fərmana əsasən vaxtı keçmiş kreditlərin restrukturizasiyası hal-hazırda qüvvədə olmadığından, ona, fərman çərçivəsində deyil, yalnız cari şərtlərlə güzəştli restrukturizasiya təklif oluna bilər. "xxxx" KB ASC-nin İddiaçı ünvanladığı 07.11.2019-cu il tarixli məktubundan görünür ki, "xxxx" KB ASC ilə onun arasında bağlanmış 1101tkSTB2/14 saylı 07.04.2014 tarixli, 2211nkSLY/15 saylı 15.07.2015 tarixli kredit müqaviləsi üzrə qalıq borcunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən 1 illik güzəşt müddəti olmaqla 5 il müddətinə restrukturizasiyası nəzərdə tutulmuşdur. Yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün şəxsiyyət vəsiqəsi ilə "xxxx" KB ASC-yə yaxınlaşması xahiş olunmuşdur. Bunun üçün Bankın Baş Ofisinə, 11 saylı Dərnəgül filialına və ya Regionlardakı istənilən filiallara müraciət edə biləcəyi; yeni güzəştli müqavilə bağlayacağı halda əvvəlki kredit müqaviləsi üzrə hesablanan faiz və cərimə borclarının tam olaraq silinəcəyi; qalıq əsas borcun isə 1 illik güzəşt müddəti nəzərə alınmaqla, illik faiz dərəcəsi 1 % olmaqla 5 il müddətinə heç bir komissiya tutulmadan restrukturizasiya olunacağı; Restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə məhkəmə və ya icra işinə dərhal xitam veriləcəyi; qeyd edilən güzəştlərdən yararlanmaq üçün son tarixin 31.12.2019-cu il tarixi olduğu bildirilmişdir. 22 noyabr 2021-ci il tarixli 02/21UB saylı müqavilədən görünür ki, "xxxx" KB ASC tərəfindən siyahıda sadalanan şəxslərlə bağlanmış kredit müqavilələri üzrə tələb hüququ "xxxx" MMC-yə satılmışdır. Həmçinin tərəflər arasında eyni tarixli təhvil-təslim aktı imzalanaraq, müqavilənin 1.1-ci bəndinə əsasən siyahını özündə əks etdirən 1 ədəd disk "xxxx" KB ASC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı 19 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı "xxxx" KB ASC ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisindən 29 sentyabr 2020-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Vətəndaşın müraciətində qeyd edilən məsələ ilə əlaqədar bank tərəfindən təqdim edilmiş məlumata əsasən bildirilmişdir ki, bankla vətəndaş İddiaçı arasında 07 aprel 2014-cü il tarixdə 2500 manat məbləğində nağd pul krediti müqaviləsi və limiti 500 manat məbləğində olan kart krediti rəsmiləşdirilmiş, sonradan həmin müqavilə üzrə kredit kartının limiti 1000 manatadək artırılmışdır. Eyni zamanda 15 iyul 2015-ci il tarixdə vətəndaş İddiaçı ilə bank arasında 818 ABŞ dolları məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Sözügedən bankla vətəndaş İddiaçı arasında rəsmiləşdirilmiş xarici valyutadakı kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşdüyündən kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ona 409,31 manat məbləğində kompensasiya ayrılmışdır. Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetrnə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Hesablanmış kompensasiya məbləği proporsional qaydada ilk növbədə vətəndaşın 01 mart 2019-cu il tarixinə həmin bank qarşısında 10 gündən artıq gecikməsi olan 07 aprel 2014-cü il tarixində rəsmiləşdirilmiş kart krediti və 15 iyul 2015-ci il tarixində rəsmiləşdirilmiş xarici valyutadakı kredit borclarının azaldılmasına yönəldilmişdir. Bildirilmişdir ki, Fərmana əsasən 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Vətəndaş İddiaçı 07 aprel 2014-cü il tarixində rəsmiləşdirilmiş kart krediti və 15 iyul 2015ci il tarixində rəsmiləşdirilmiş xarici valyutadakı kreditləri Fərmanın əhatə dairəsinə düşmüş və cəmi 1503.91 manat məbləğindəki qalıq əsas kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Bank tərəfindən təqdim edilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, həmin kredit müqavilələri üzrə qalıq əsas kredit borcları restrukturizasiya olunması üçün vətəndaş İddiaçı SMS bildiriş göndərilsə də, vətəndaş tərəfindən bu güzəştdən istifadə edilməmişdir. Fərmana əsasən Portalın yaradılması üçün Mərkəzi Kredit Reyestrindən əldə olunmuş məlumatlarda vətəndaş İddiaçı 07 aprel 2014-cü il tarixində rəsmiləşdirilmiş 2500 manat məbləğindəki kreditinə dair aktiv qalıq borc öhdəliyi aşkar edilmədiyindən Fərman çərçivəsində restrukturizasiyaya şamil edilməmişdir. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya "nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilmişdir ki, bank tərəfindən təqdim edilmiş məlumata əsasən sözügedən kreditlərlə bağlı Fərmana əsasən restrukrurizasiya müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmasa da, bankdaxili şərtlərə uyğun olaraq güzəştli restrukturizasiya mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, borcun iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş, icrası məcburi olan məhkəmə əmri mövcuddur; bank iddiaçı ilə müqavilə bağlayaraq restrukturizasiya həyata keçirilməsində maraqlı olmuş, bank tərəfindən iddiaçıya vaxtında məktub ünvanlanaraq 2019-cu ilin dekabrın 31-dək restrukturizasiya ilə bağlı banka müraciət etməsini xahiş etmiş, lakin iddiaçı banka 2019-cu ilin dekabrın 31dək restrukturizasiya ilə bağlı müraciət etməmişdir. Məlumdur ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. İddiaçı ilə "xxxx" KB ASC-nin arasında bağlanmış 07.04.2014-cü il tarixli (illik faiz dərəcəsi 27 % olmaqla 24 ay müddətinə 2.500 manat məbləğində) 2001nkSTB2/14 saylı kredit müqaviləsi «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanında öz əksini tapmadığı üçün bu adda olan kreditin onun adından silinməsi ilə bağlı məhkəmə qeyd edir ki, kreditin MKR-də olmamasıöhdəliyə xitam verilməsi üçün əsas deyildir. Eyni zamanda iş materiallarında olan 22.11.2021-ci il tarixli müqavilədən görünür ki, qeyd edilən müqavilə üzrə tələb hüququ "xxxx" MMC-yə satılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar