Məhkəmə qərarları › İş №2(006)-113/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-113/2022

17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-113/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vətəndaşın əmlakına vurulmuş zərərin və vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vətəndaşın əmlakına vurulmuş zərərin və vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində və mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 3800 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması, vanna otağında tavanın təmir olunması, lambrinin, spotların, lampaların, qaz sobasının və ventilyatorun yenisi ilə əvəz olunması, mətbəxdə mala işləri, spotların və lampaların alınması və yenisi ilə əvəz olunması, dəhlizdə alçipanın, paduqanın yenisi ilə əvəz olunması, divar kağızlarının yapışdırılması, materialın satın alınması, onun çatdırılması, təmizlik işlərinin aparılması, evin bacasının binanın damına çıxarılması, həyət tərəfdən onun pəncərələrinin qarşısında inşa olunmuş tikilinin sökülməsi öhdəliyinin Cavabdeh1 və V.Z.Əliyevin öhdəsinə qoyulması, 583 manat məbləğində elektrik enerjisinin xərcləri kompensasiya olunması, həftə içi iş günlərində saat 23:00-dan saat 08:00-a qədər, bazar günlərində isə saat 23:00-dan saat 10:00-a qədər vaxt ərzində sakitliyə riayət olunması öhdəliyi Cavabdeh1 və V.Zəliyevin öhdəsinə qoyulması, 81 manat pul məbləğində məhkəmə xərcinin Cavabdeh1 və V.Z.Əliyevdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin sentyabr ayında o, ünvan 1 ünvanında yerləşən mənzilin əsaslı təmirini yerinə yetirmişdir. 18 ildir ki, o, bir mərtəbə yuxarıda 33 saylı mənzildə yaşayan qonşuları Cavabdeh1 və V.Z.Əliyevdən öz santexnikalarını təmir etməyi və onun evinə paslı, çirkli suyu axıtmamalarını xahiş etmişdir. Çox təəssüflər olsun ki, bu illər ərzində o, onlardan yalnız öz ünvanına hədəqorxu, təhqirlər, şərəf və ləyaqətini alçaldan sözlər və onun həyatı, yəni şəxsi məlumatlarının açıqlanması ilə bağlı ifadələr eşidir. İllər ərzində ona vurulan maddi və mənəvi ziyan növbəti şəkildədir: Zənifə Ələsgərov küçəsi tərəfindən inşa olunmuş eyvanda onlar mətbəx quraşdırmışlar. Santexnika boruları su axıdır və bunun nəticəsində su bütün divarlarına sızır. Divarın malası yarasız vəziyyətə düşmüş, bir sözlə ovulub tökülüb. Lambirində su yığılır və həmin yerdən də elektrik naqili keçir. O, hər dəfə spotları və lampaları dəyişmək məcburiyyətində qalır. Buna görə də, qısa qapanma və alışma halları baş verə bilər. Vanna otağında onlar tavanla paslı və çirkli suyu axıdırlar. Onun kafelinə və metlaxına ləkə düşür və təmizlənmir. Lambrin rəngini dəyişmişdir və yatmağa başlamışdır. Lambrindən yuxarıda elektrik naqili keçir. Spotlar, lampalar və ventilyator yararsız vəziyyətə gəlmişdir. Buna görə də, qısa qapanma və alışma halları baş verə bilər. Vanna otağında Cavabdeh1 və V.Z.Əliyev onun bacasını bağlamışlar. O, evini təmir edən zaman mənzildə işləyən usta bacasını açmaqla bağlı təkid etmişdir. Cavabdeh1 və V.Z.Əliyev bacanı bloka çıxardılar. Blokdan bütün toz onun vanna otağında toplanır və deşiyə də zibil atırlar. Onun vanna otağındakı qaz sobası paslanmış və ventilyasiyanın bağlı olması səbəbilə yararsız vəziyyətə düşmüşdür. Normativlərə əsasən bacanı çölə çıxarmaq qəti qadağandır. Santexnikanın yararsız halda olması səbəbilə onun dəhlizində alçipan, paduqa zədələnmiş və divar kağızları qopmuşdur. Onun xarici ölkədə səfərdə olmağı səbəbi ilə mənzilində olmadığı müddət ərzində Cavabdeh1 və Cavabdeh2 onun pəncərəsinin üzərində 3 metr qabağa gəlməklə qeyri-qanuni tikili inşa etmiş və pəncərənin qarşısında dörd qarmaq qoymuşdurlar. Bunun nəticəsində onun otağı daimi olaraq qaranlıqdır və o, gün ərzində elektrik lampasını yandırmaq məcburiyyətində qalır. Beləliklə də, o, elektrik enerjisinin istehlakına çoxlu miqdarda pul xərcləyir. Aylıq sərfiyyat ayda 300 Kvt-dan artıqdır. O, öz mənzilində istirahət etmək imkanına malik deyildir. Cavabdeh1 və Cavabdeh2 saat 23:00 sonra mebeli mənzilin içində sürüyərək səs salırlar. Onların nəvələri gecə saat 01:00-a kimi yatmır, qaçırlar. Bir dəfə az qala çil-çırağı yerə düşəcəkdi və indi onu asmağa qorxur və lampadan istifadə edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan İddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və həmçinin, iddia tələbinin təmini ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə digər Cavabdeh1 məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30.09.2020-ci il tarixli, 331 №-li Arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. İş materiallarına əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən verilən 120205 №-li Qeydiyyat vəsiqəsinə əsasən, bu barədə 11.07.2002-ci il tarixdə 30/1621 № ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 20.10.2020-ci il tarixli Aktdan görünür ki, 70 saylı MKİS-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 3 saylı binanın 31ci mənzilinin sahibəsi İddiaçı şikayət ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 2-ci mərtəbədə 33 saylı mənzildən su axını nəticəsində 31 saylı mənzilin dəhlizi, hamamı və mətbəxi yararsız hala düşmüşdür. Belə ki, 31-ci mənzilin dəhlizinin tavanı sarımtıl ləkələrə qərq olmuş, mətbəx mebeli və elektrik naqillləri sıradan çıxmışdır. Həmçinin, mənzilin hamamının tavanının bir qismi yararsız haldadır. 2-ci mərtəbədə yerləşən 33-cü mənzilin sahibəsi Cavabdeh1 xəbərdar edilsə də, o, buna əhəmiyyət verməmişdir. Ümumiyyətlə, mənzil yararsız vəziyyətdədir. İş materiallarında olan mənzilin bərpası üçün təmir işlərinin və əşyaların zərəri smetasından və foto-şəkillərdən görünür ki, mənzil yararsız vəziyyətə düşmüş və müəyyən məbləğdə maddi ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-819/2021 saylı, 09.02.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan 18.12.2020-ci il tarixli, 447 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 3 saylı evin, 31 saylı mənzilinin pəncərəsi qarşısında 33 saylı mənzilin sahibi tərəfindən mübahisəli tikilinin inşa olunması nəticəsində, 31 saylı mənzilin yaşayış otağına yeganə pəncərə vasitəsilə düşən təbii işığın qarşısının alınması ilə, mənzildən istifadə olunmasına müəyyən dərəcədə maneçilik törədilməsi müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 07.09.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 saylı çoxmərtəbəli yaşayış binasında baca xətləri yalnız havalandırma xətlərinə qaz ilə çalışan istənilən növ isitmə cihazlarının qoşulması qanunauyğun deyildir və insan həyat və sağlamlığı üçün təhlükəlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 01.07.2021-ci il tarixli, 10/890 №-li ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 31 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 545 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 3 saylı evin, 31 saylı mənzilindən su sızması nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 31 saylı mənzilinə ziyan dəymişdir. İş üzrə təyin edilmiş ekspert rəyinə əsasən mənzildə yaranan qüsurların aradan qaldırılması üçün görülməli təmin-bərpa işlərinin dəyərinin 545 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin həcmini nəzərə alaraq hesab edir ki, maddi zərərin ödənilməsi hissəsində iddia təmin edilərək dəymiş maddi zərərə görə 545 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “vanna otağında tavanın təmir olunması, lambrinin, spotların, lampaların, qaz sobasının və ventilyatorun yenisi ilə əvəz olunması, mətbəxdə mala işləri, spotların və lampaların alınması və yenisi ilə əvəz olunması, dəhlizdə alçipanın, paduqanın yenisi ilə əvəz olunması, divar kağızlarının yapışdırılması, materialın satın alınması, onun çatdırılması, təmizlik işlərinin aparılması, evin bacasının binanın damına çıxarılması, həyət tərəfdən onun pəncərələrinin qarşısında inşa olunmuş tikilinin sökülməsi öhdəliyinin Cavabdeh1 və V.Z.Əliyevin öhdəsinə qoyulması, 583 manat məbləğində elektrik enerjisinin xərcləri kompensasiya olunması, həftə içi iş günlərində saat 23:00-dan saat 08:00-a qədər, bazar günlərində isə saat 23:00-dan saat 10:00-a qədər vaxt ərzində sakitliyə riayət olunması öhdəliyi Cavabdeh1 və V.Zəliyevin öhdəsinə qoyulması, 81 manat pul məbləğində məhkəmə xərcinin Cavabdeh1 və V.Z.Əliyevdən tutulması barədə” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı həmin tələblərin təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 6 ünvanında yerləşən 31 saylı mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 545 (beş yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 6 ünvanında yerləşən 31 saylı mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 545 (beş yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar