Məhkəmə qərarları › İş №e-2(006)-2386/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2386/2025

25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2386/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, iddiaçının qanuni təmsilçisi X4, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi, təkzibin verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi, təkzibin verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı barəsində etdiyi əsassız şikayətlərlə bağlı müraciət etdiyi dövlət orqanlarına, şikayətləri işqlandırılmış mətbuat orqanları vasitəsi ilə aşağıdakı məzmunda təkzib verilməsi və həmin İddiaçındən yazılı şəkildə üzr istənilməsi; - “Mən Cavabdeh İddiaçı barəsində etdiyim şikayətlər dövlət orqanları tərəfindən araşdırılmış, araşdırmanın nəticələri məni tam qane etmiş və həmin araşdırma zamanı müəyyən edilmişdir ki, mənim şikayətlərim tamamilə əsassızdır və ona görə də İddiaçındən üzr istəyirəm”, Cavabdeh əsassız şikayətləri nəticəsində İddiaçınə vurulmuş maddi ziyanın qarşılığında 50.000 manat, məhkəməyə ödənilmiş 240 manat dövlət rüsumunun, cəmi 50.240 manat məbləğin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaradılan bir tibb müəssisəsidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunda sahibkarlığın inkişafına yaratdığı imkandan istifadə edərək vətəndaşların sağlamlığının keşiyində layiqincə durmağı əsas hədəf kimi müəyyən etmişlər. Qanunla müəyyən edilmiş bütün lisenziya və xüsusi icazələr tərəflərindən alınmışdır. Müəssisənin fəaliyyət göstərdiyi obyekt qeyri-yaşayış obyektidir. Cəmiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçınə özəl tibb fəaliyyəti göstərməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, Fövqalədə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli lisenziyaları ilə təmin edildikdən sonra 2025-ci ilin yanvar ayının 9-dan fəaliyyətə başlamışdır. Müəssisə fəaliyyətə başlayar-başlamaz Cavabdeh barələrində böhtan xarakterli məlumatlarla dövlət və hüquq mühafizə orqanlarına müraciəıt etmişdir. Dövlət qurumlarına olan müraciətlər araşdırılmış və cavabdehin dediklərinin şər və böhtan olduğu öz təsdiqini tapmışdır. Buna baxmayaraq Cavabdeh mətbuat vasitəsi ilə də İddiaçı barəsində şər-böhtan xarakterli məlumatların dərc edilməsinə nail olmuşdur. Belə ki, iddiaçının şər və böhtan xarakterli məlumatları 1new.az saytında (https://1news.az/news/**********3007725-Novootkryvshayasya-v-Bakuklinika-obvinyaetsya-v-narushenii-ekologicheskikhsanitarnyk hnorm-FOTO), APA (https://www.youtube.com/watch?v=fbku0ETİ4Qk) və Real (https://www.youtube.com/watch?v=Xj9csQn2F2c) TV-lərdə işıqlandırılmışdır. Cavabdeh şər və böhtan xarakterli məlumatları TV-lərin tək youtube kanallarında 30 min nəfərədək baxış sayı olmuşdur ki, bu da İddiaçı təsərrüfat fəaliyyəti və s. funksiyalar barədə yanlış məlumatlar yaymış, nəticədə onların işgüzar nüfuzuna ciddi mənfi təsir göstərmişdir. Hətta cavabdeh xx.xx.2025-ci il tarixdə daha da irəliyə gedərək müəssisənin qarşısında iğtişaş törətməyə cəhd etmişdir. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixdə təxminən 13:25 radələrində fəaliyyət göstərdikləri ünvan 1 ünvanına özü ilə birlikdə Rəhimə Abbasova, Maya Sultanova, Gülnarə Hüseynova və X2 ilə müəssisələrinə hücum çəkərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdirlər. Bununla bağlı Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət etmişlər və bölmədə aparılan araşdırma zamanı məlum olmuşdur ki, adları qeyd edilən şəxslərin müəssisələri ilə bağlı heç bir şikayəti yoxdur, cavabdehin müəssisələrini nüfuzdan salmaq məqsədi ilə ajataj yaratmaq məqsədi ilə həmin şəxsləri dəvət etdiyi müəyyən edilmişdir. Cavabdeh təkidi ilə müəssisələrinin qarşısında toplaşaraq fəaliyyətlərinə maneə olan şəxslər bunları öz izahatları ilə də təsdiq etmişdirlər. Ona görə də bununla bağlı hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdehin müəssisələrinə qarşı hərəkətləri bununla da yetinməmişdir. Bakı şəhər İcra Hakimiyyətinə, Fövqalədə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və s qurumlara əsasız şikayətlər etmişdir ki, həmin şikayətlər araşdırılarkən müəssisənin normal fəaliyyəti təşkil edilə bilməmişdir. Belə ki, iddiaçının əsassız şikayətlərindən biri havalandırma və tibbi avadanlıqların normadan artıq şüalandırması ilə bağlı olduğundan həmin avadanlıqlara və cihazlara müvafiq baxışlar keçirilərkən təbii olaraq həmin cihaz və avadanlıqlar xidmət göstərmədiyi üçün gəlir əldə etmir. Əksinə yoxlama prosesləri üçün əlavə xərclər (enerji, aşınma və amortizasiya xərcləri) yaranır ki, bu da nəticədə müəssisənin gəlirlərinə ciddi təsir edir. Cavabdeh tərəfindən mülkiyyətdən maneəsiz istifadəyə qanusuz üsul və vasitələrlə müdaxilələr edilir, dövlət orqanlarına yazdığı əsassız şikayətlərə müəssisə olaraq vaxt ayrılır ki, bu da müəssisənin normal fəaliyyət göstərməsinə, insanlara xidmət etməsinə və nəticədə gəlirlərinin kəskin azalmasına təsir edir. Ona görə də hesab edirlər ki, müəssisələrinə cavabdehin vurduğu zərər bu üç ay müddətində 50.000 manat civarında qiymətləndirilməlidir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, cavabdehin şikayət etdiyi və mətbuatda qarayaxma apardığı birinci rüb ilə müqayisədə MMC-nin gəlirləri ikinci rübdə daha çox, yəni 167.139,95 manat daha çox olmuşdur. Çünki, İddiaçı MMC-ə qarşı cavabdeh tərəfindən qarayaxma konpaniyası mətbuatda işıqlandıqdan sonra razılaşdırılmış həkimlər gəlməkdən imtina etmişdir. Çünki, artıq cəmiyyətdə şayiələr yayılmışdı ki, İddiaçı MMC bağlanacaqdır. Ona görə də həkimlər həmin vaxtı risk edib gəlməmişdirlər. Sonrada onlar cavabdehə qarşı məhkəmə vasitəsi ilə şikayət verdikdən və dövlət qurumlarından İddiaçı MMC barəsində şikayətlərin əsasız olması təsdiq edildikdən və həmin sənədlər həkimlərə təqdim edildikdən sonra komandaları tam formalaşmağa başladı. Bu da onu sübut edir ki, Cavabdeh onlara qarşı etdiyi şikayətlər iddiaçının gəlirlərinə əhəmiyyətli təsir göstərmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, klinikaya cavabdeh tez-tez gəlib şikayət edirdi, hər dəfə bunu həkimlər görürdü, həkimlər klinikada işləmək istəməyib çıxıb getdilər. Yanvar-fevral-mart aylarında heç kəsi işə götürə bilməmişlər. Gəlirləri kəskin şəkildə azalıb. Bu gün belə gəlib işləmək istəyən adam tapmaq olmur, daimi iş yeri kimi baxmırlar. İddia ərizəsində maddi ziyan 50.000 manat olaraq göstərilmişdir. Birinci və ikinci rüblərdə olan gəlir fərqlərinə diqqət yetirilsə, əslində ziyan 100.000 manatdır. Lakin, dəymiş ziyanın 50%-nin ödənilməsini istəyirlər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X9 çıxışında bildirdi ki, onlar iddiaçını klinikaya dəvət etmişlər və özlərində olan sənədlərin hamısını ona özü təqdim etmiş və göstərmişdir. Gigiyenik pasport, lisenziya, izolyasiya haqqında sənədləri təqdim etmişdir. Binanın 4 mərtəbəsi klinikaya aiddir, 5-ci mərtəbədən yaşayış başlayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və öz izhatında bildirdi ki, klinika açılan gündən bütün qonşular narahat idilər ki, klinikadakı radiologiya şöbəsi onların sağlamlığına zərər vura bilər. Hətta bu narahatçılıq yayda başlamışdı. Onların “WhatsApp” sosial şəbəkəsində qrupları var, Səbinə xanım qrupu idarə edir. O, iyul-avqust ayında bütün qonşuları aşağı dəvət eləmişdi ki, kimin narahatçılığı varsa, gəlib bildirsin. Həmin gün onun işi çıxdığından iştirak edə bilməmişdi. Klinikada səs-küy başladı, ventilyasiya quraşdırıldı və özü biraz araşdırma aparmış və öyrənmişdir ki, qanunvericiliyə əsasən, yaşayış binasının birinci mərtəbəsində belə bir qurğu quraşdırmaq olmaz. Bunu qonşulara bildirmişdir. Qonşu Afaq xanım jurnalistdir və o, təklif etdi ki, medianı bura toplasın, amma özü müsahibə vermək istəmirdi. Sonuncu istədi ki, o, müsahibə versin. Cavabdeh də işi ilə əlaqədar televiziyada görünmək istəmədi. Təklif etmişdir ki, yazılı müraciət yazsınlar. Həkim Pərviz bəylə də görüşləri olub və son görüşüdə bildirdi ki, müraciət yazırsınızsa, həkimə bir də müraciət yazmasınlar. Bunu qəbul etdi. Bir neçə gün sonra 3-4 gün ventilyasiya işlədi və evdə səs-küydən dayana bilmirdilər. Bundan sonra Afaq xanıma medianın gətirilməsini qəbul etdiyini demişdir. Orqanlara daha öncədən müraciət etmişlər, rəsmi cavab almadı. Özü Səhiyyə Nazirliyinə zəng etmiş və ona bildirmişlər ki, məktub Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. Mərkəz ilə də əlaqə saxlamışdır. Mərkəzdən gəlib bir neçə evdən nümunə götürdülər. Pozuntu aşkarladılar və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib küçədəki səs-küy səviyyəsini də ölçdülər. Amma, rəsmi cavab gəlmədi. Onların müraciət etməsində 2 istəyi vardı. Birinci səs-küy, ikinci də müvafiq dövlət orqanları onlara desin ki, vəziyyət standartlara uyğundur və sakinlərin səhhəti üçün təhlükə yoxdur.Ona sənədlərin təqdim edilməsinə gəldikdə isə o, həmin sənədlər üzrə mütəxəssis deyil, o istəmişdir ki, məhz aidiyyəti orqanlar ona klinikanın fəaliyyətinin qanuni olması barədə məlumat versnilər. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etmədi və öz izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia edilir ki, guya müəssisəyə həkim cəlb olunmaması cavabdehin vətəndaş mövqeyi ilə çıxış edərək verdiyi şikayətlər və ya yayılan məlumatlarla bağlı olmuşdur. Lakin, iddiaçının “böhtan” adlandırdığı məlumatların Nərmin xanım tərəfindən yayıldığı iddiası əsassızdır, çünki təqdim olunmuş sübutlar arasında belə bir faktın sübutunu verən heç bir hüquqi sənəd yoxdur. Həmçinin Nərmin xanım bu məsələdə tək olmamış, yaşayış binasının digər sakinləri ilə birlikdə hərəkət etmişdir. Bu, müraciətlərin şəxsi qərəz və ya düşmənçilik deyil, ictimai narahatlıq səbəbilə verildiyini göstərir. Nərmin xanım bu məsələdə tək deyil, yaşayış binasının digər sakinləri ilə birlikdə hərəkət etmişdir. Bu da onu göstərir ki, müvafiq müraciətlər şəxsi düşmənçilik və ya qərəz əsasında deyil, ictimai narahatlıq səbəbilə edilmişdir. İddiaçının öz ərizəsində bildirdiyi kimi, guya cavabdehin müraciətləri səbəbilə müəssisənin normal fəaliyyəti təmin olunmayıb. Lakin, bu barədə nə məhkəməyə, nə də digər aidiyyəti orqanlara hər hansı sənəd və sübut təqdim edilməmişdir. Əgər belə bir hal olmuşdursa, müəssisə bunu aktlaşdırmalı, hüquq-mühafizə və tənzimləyici orqanlara rəsmi müraciətlər etməli idi. Lakin bu cür addımların heç biri atılmayıb. Klinikada fəaliyyətin dayandırılması halında heç bir akt və ya protokol tərtib olunmamışdır, bu isə onun sübut olunmamış və hüquqi qüvvəsi olmayan iddia olduğunu göstərir. Həkimlərin işə gəlməməsinin səbəblərinin cavabdehin və ya digər sakinlərin şikayətləri ilə əlaqələndirilməsi nə hüquqa, nə də məntiqə sığmır. Həkimlərin bir müəssisədə işləməkdən imtinası onların şəxsi qərarıdır və bu qərarların cavabdehlə əlaqələndirilməsi yalnız fərziyyə xarakteri daşıyır. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən alınmış məktubun ünvanlandığı şəxs cavabdeh deyil, birbaşa iddiaçının özüdür. Cavabdeh həmin məktubun və yoxlama nəticələrinin mövcudluğundan xəbərsiz olmuşdur. Əgər yoxlamalar nəticəsində fəaliyyətin davam etdirilməsinə heç bir maneə olmadığı müəyyən edilmişdirsə, bu zaman iddiaçı həmin sənədləri narazı qalmış sakinlərə təqdim etməli idi, lakin o, bunu etməmişdir. Bu da qarşılıqlı anlaşılmazlıqların və narazılığın davam etməsinə səbəb olmuşdur. Maddi ziyanın cavabdehin hərəkətləri ilə bağlı olması barədə heç bir hüquqi və ya iqtisadi əsaslandırılmış sübut təqdim edilməmişdir. Müəssisənin dövriyyəsinin ilk aylarda aşağı olması tamamilə təbiidir, çünki yeni yaranmış biznesin tədricən formalaşması və gəlir axınının getdikcə artması normal bazar şəraitində baş verir. MMC xx.xx.2023-cü il tarixində qeydiyyatdan keçmiş və xx.xx.2024-cü il tarixindən fəaliyyətə başlamışdır. Beləliklə, müəssisənin fəaliyyətə yeni başlaması fonunda ilk aylarda dövriyyənin aşağı olması bazar iqtisadiyyatının təbii dinamikasına uyğun gələn adi bir prosesdir və bu hal cavabdehin hərəkətləri ilə əlaqələndirilə bilməz və cavabdehlə heç bir hüquqi və ya məntiqi əlaqəsi yoxdur. Cavabdehin və digər sakinlərin müvafiq dövlət orqanlarına müraciəti Azərbaycan Respublikasının Konstitusiyası ilə onlara verilmiş hüquqdur. Cavabdehin hərəkətləri yalnız ictimai maraqların və qanunçuluğun təmin olunmasına yönəlmişdir. Bu müraciətlər fərdi maraqlardan deyil, ümumi ictimai narahatlıqdan irəli gəlmişdir və hüquqi baxımdan tam legitimdir. Yuxarıda qeyd olunan halları, iddiaçının təqdim etdiyi arqumentlərin əsassız olduğunu, eləcə də Cavabdehin qanun çərçivəsində hərəkət etdiyini nəzərə alaraq, iddia tələbinin əsassız hesab edilərək rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2025-ci il tarixli, **********26 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 241 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh və ünvan 2 ünvanında yaşayan digər sakinlər tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətin surətindən görünür ki, klinikanın yaşayış binasının zirzəmisində (-1-ci (mənfi bir) mərtəbə) maqnit-rezonans, şüa diaqnostika və kompüter tomoqrafiyası avadanlıqları quraşdırılmışdır. Quraşdırma üçün xüsusi otaqların hazırlanmasına baxmayaraq, bu vəziyyət Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 3 saylı qərarı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə Dair Normativ Sənədləri Sistemi, Yaşayış Binaları Layihələndirmə Normalarının” 4.11-ci maddəsinin son paraqrafına ziddir. Həmin paraqrafda qeyd olunur: “Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbələrinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvə-maqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir”. Eyni tələblər 7 aprel 2009-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və 16 aprel 2009-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydaları” sənədində də öz əksini tapmışdır. Sözügedən qaydaların 3.26-cı maddəsində aydın şəkildə göstərilir ki: “Şüa diaqnostikası şöbələrinin (kabinetlərinin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının yaşayış binalarında, təhsil və sosial xidmət müəssisələrində yerləşdirilməsi qadağandır.” Bundan əlavə, klinikanın yerləşdiyi binanın yaşayış sahələrinə yaxın olması və quraşdırılan tibbi avadanlıqların fəaliyyəti zamanı yüksək səslərin yaranması ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Bu tip avadanlıqların işlədilməsi zamanı yaranan səs və vibrasiya, binada yaşayan sakinlər üçün əhəmiyyətli narahatlıq yarada bilər və bu da Azərbaycan Respublikasının normativ sənədlərinə uyğun olaraq, yaşayış sahələrində təyin olunan səs-küy və vibrasiya normalarının pozulmasma səbəb ola bilər. Azərbaycan Respublikasının “Yaşayış binalarında səs-küy və vibrasiya ilə əlaqədar tələblər” və digər müvafiq normativ aktlarına əsasən, bu cür avadanlıqların yerləşdirildiyi yerlər üçün xüsusi səs-küy izolyasiyası tələbləri mövcuddur. Həmçinin, bu tip cihazların işlədilməsi zamanı səs-küy müəyyən limitləri aşmamalıdır, əks halda sakinlərin həyat keyfiyyəti və sağlamlığına mənfi təsir göstərməsi mümkündür. Nəzərə alınsa ki, qeyd olunan klinika tibbi müəssisədir, belə avadanlıqların quraşdırılması və istismarı üçün müvafiq icazələrin əldə edilməsi və qanunvericilikdə nəzərdə tutulan normaların təmin edilməsi məcburidir. Sonda qeyd olunan məsələyə diqqət yetirilməsi və qanun pozuntusunun araşdırılması xahiş edilmişdir. İddiaçı direktoru Nümayəndə2 tərəfindən Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ilə birlikdə Rəhimə Abbasova, Maya Sultanova, Gülnarə Hüseynova və Fəxrəddin adlı şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlayıb məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İddiaçı direktoru Nümayəndə2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı yaranmış məsələnin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Ərizədə qeyd olunan xüsusatlara əsasən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. Cavabdeh tərəfindən Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynova ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, cavabdeh öz izahatında barəsində olan şikayətdə göstərilən hərəkətlərin heç birini etmədiyini və şikayətdə göstərilən tarixdə klinikanın qarşısında həm televiziya əməkdaşları, həm də orada quraşdırılmış kameralar vasitəsi ilə video-çəkilişlər aparılmışdır. X5, X2, X3 və X7 tərəfindən Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynova ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatların surətindən görünür ki, onların İddiaçı ilə bağlı heç bir şikayəti yoxdur. Cavabdeh təklifi ilə sadəcə müəssisənin qarşısında toplaşmışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X14 tərəfindən “İctimai səhiyyə və xəstəliklərə nəzarət” şöbəsinin müdirinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh və digərlərinin yaşadıqları Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 binanın mənfi bir mərtəbəsində İddiaçı MMC-in tibb müəssisəsinin maqnit rezonans şüa diaqnostika və kompüter tomoqrafiya avadanlıqlarının qurulmasından, digər mərtəbələrdə isə ambulator və stasionar müayinə-müalicə, o cümlədən şüa diaqnostika kabinetlərinin yerləşdirilməsindən, avadanlıqların istismarı zamanı səs və vibrasiyadan yaranan narazılıq barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən xx.xx.2024-cü il tarixli, 3-28/2- 10205/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-28/2-279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-28/2-Kol-1141-31-853/2025 nömrəli məktubla daxil olmuş eyni məzmunlu kollektiv şikayət ərizələrinə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də baxılmışdır. Şikayətin araşdırılması məqsədi ilə, xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 şikayətçi Cavabdeh (mənzil 17/18) və Ş.Əsgərovanın (mənzil 30) mənzillərinin yataq otaqlarında aparılmış ölçmələrin nəticələrinə əsasən, səsin səviyyəsi 40 dBA və 39 dBA (norma 35 dBA) olaraq, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"na əsasən binaların (mənzillərin) yaşayış otaqları üçün müəyyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur. Səs-küy səviyyəsinin yol verilən həddən artıq olduğunu nəzərə alaraq, həmçinin "Atmosfer havasının mühafizəsi haqqında" Qanunun 24.2-ci bəndinə və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71ci maddəsinə əsasən aidiyyəti üzrə tədbir görülməsi üçün tərəflərindən xx.xx.2025-ci il tarixli, 3-28-15/2-O-42-77 nömrəli məktubla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunmuş və şikayətçilərə bu barədə həmin məktubla məlumat verilmişdir. Şikayət ərizələrində qeyd olunan digər məsələlər ilə bağlı bildirilir ki, İddiaçı MMC-nin klinikası yuxarıda göstərilən ünvanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən alınmış xx.xx.2024-cü il tarixli Eİ-1058/2024 nömrəli Lisenziya əsasında özəl tibb fəaliyyəti ilə məşğul olur, həmçinin klinikada yerləşən 1 ədəd Mindray Digieye 350 tipli rentgen aparatının və 1 ədəd “Toshiba Aquilion 64 tipli kompüter tomoqrafiya aparatının istismarına dair Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik” pasportu verilmişdir. Göstərilənləri nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10-cu maddəsinə əsasən aidiyyəti məsələlər üzrə müvafiq dövlət qurumlarına müraciət etməkləri tərəflərindən şikayətçilərə xx.xx.2025-ci il tarixli, 3-28-15/2-O-42-81 nömrəli məktubda tövsiyə olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində qeyd etmişdir ki, “Müəssisəmiz fəaliyyətə başlayar başlamaz Cavabdeh barəmizdə böhtan xarakterli məlumatlarla dövlət və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Dövlət qurumlarına olan müraciətlər araşdırılmış və cavabdehin dediklərinin şər və böhtan olduğu öz təsdiqini tapmışdır. Buna baxmayaraq Cavabdeh mətbuat vasitəsi ilə də İddiaçı MMC barəsində şər-böhtan xarakterli məlumatların dərc edilməsinə nail olmuşdu.” Bununla bağlı bildirmək istərdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Bu səbəbdən cavabdehin dövlət orqanlarına etdiyi müraciətlər ona Konstitusiya ilə verilmiş hüquqlar çərçivəsində idi. Bundan əlavə qeyd etmək istərdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtan anlayışı verilmişdir. Belə ki, həmin maddəyə əsasən böhtan - yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələnməsi və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasıdır. Cavabdeh isə öz müraciətində, sadəcə olaraq, narahatlıq hissi ilə maqnit-rezonans, şüa diaqnostika və kompüter tomogqrafiyası avadanlıqların yaşayış binalarında quraşdırılmasının qanuna uyğun olub-olmamasını və İddiaçı MMC tərəfindən klinika üçün quraşdırılmış avadanlıqların yerləşdiyi yaşayış binanın sakinlərinə verən səs-küy və vibrasiya normalara riayət olunub-olmamasının aydınlaşdırmaqdan ibarətdir. Bundan əlavə, qeyd etmək istərdi ki, dövlət orqanlarına müraciət təkcə Cavabdeh etməmişdir, əksində digər sakinlər ilə birlikdə müraciət hazırlayaraq və imzalayaraq təqdim etmişlər. Bu səbəbdən, iddiaçı tərəfindən qeyd olunan məqamlar tamamilə əsassızdır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, “..., iddiaçının şər və böhtan xarakterli məlumatları 1new.az saytında, APA və Real TVlərdə işıqlandırılmışdır. Cavabdeh şər və böhtan xarakterli məlumatları TV-lərin tək youtube kanallarında 30 min nəfərədək baxış sayı olmuşdur ki, bu da İddiaçı MMC-nin təsərrüfat fəaliyyəti və s. funksiyalar barədə yanlış məlumatlar yaymış, nəticədə bizim işgüzar nüfuzuma ciddi mənfi təsir göstərmişdi”. Bununla bağlı bildirmək istərdi ki, cavabdehin və digər sakinlərin müraciətlərinin informasiya əldə etmək məqsədi ilə edilməsini nəzərə alaraq, xəbər saytları və digər TV-lər tərəfindən yayılmış məlumatlara və onların düzgünlüyünə cavabdehin heç bir aidiyyəti yoxdur və müvafiq olaraq heç bir məsuliyyət daşımır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, “... cavabdeh xx.xx.2025-ci il tarixdə daha da irəliyə gedərək müəssisəmizin qarşısında ixtişaş törətməyə cəhd etmişdi. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixində təxminən 13:25 radələrində fəaliyyət göstərdiyimiz ünvana özü və digər sakinlər ilə birlikdə müəssisəmizə hücum çəkərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdirlər. Bununla bağlı Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət etdik və bölmədə aparılan araşdırma zamanı məlum olmuşdur ki, adları qeyd edilən şəxslərin müəssisəmizlə bağlı heç bir şikayəti yoxdur, cavabdeh müəssisəmizi nüfuzdan salmaq məqsədi ilə ajataj yaratmaq məqsədi ilə həmin şəxsləri dəvət etdiyi müəyyən edilmişdir. Cavabdeh təkidi ilə müəssisəmizin qarşısında toplaşaraq fəaliyyətimizə maneə olan şəxslər bunları öz izahatları ilə də təsdiq etmişdirlər.” Bununla bağlı bildimək istərdi ki, iddiaçı cavabdeh və yaşayış binanın digər sakinlərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1.-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmasına və onları cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq şikayət vermişdir. Nəticədə, Nəsimi RPİ-nin 21-ci PB tərəfindən iddiaçıya verilən xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, şikayət olunan şəxslərin əməllərində cinayət tərkibi mövcud deyildir. Bundan əlavə, şikayət olunan şəxslərin izahatlarında digər sakinlərin Nərmin Osmalının təkidi ilə deyil, əksinə, birinin izahatına əsasən göstərilmişdir ki, cavabdehin dəvəti ilə, digərlərində isə göstərilmişdir ki, sadəcə bir neçə şəxsin toplaşması ilə maraqlanaraq onlara yaxınlaşmışdır. Beləliklə, cavabdeh İddiaçı MMC-ni nüfuzdan salmaq məqsədi ilə ajataj yaratmaq məqsədi ilə həmin şəxsləri dəvət etdiyi müəyyən edilməmiş, hətta izahat verən şəxslərin izahatlarında belə bu məsələ öz əksini tapmamışdır. Bu səbəbdən, iddiaçının cavabdehə qarşı etdiyi iddialar heç bir sübutlara əsaslanmır və yalnız formal mülahizələrdən ibarətdir. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, “Cavadehin müəssisəmizə qarşı hərəkətləri bununla da yetinməmişdi. Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və s. qurumlara əsasız şikayətlər etmişdir ki, həmin şikayətlər araşdırılarkən müəssisənin normal fəaliyyəti təşkil edilə bilməmişdir. Belə ki, iddiaçının əsassız şikayətlərindən biri havalandırma və tibbi avadanlıqların normadan artıq şüalandırması ilə bağlı olduğundan həmin avadanlıqlara və cihazlara müvafiq baxışlar keçirilərkən təbii olaraq həmin cihaz və avadanlıqlar xidmət göstərmədiyi üçün gəlir əldə etmir. Əksinə yoxlama prosesləri üçün əlavə xərclər (enerji, aşınma və amortzasiya xərcləri) yaranır ki, bu da nəticədə müəssisənin gəlirlərinə ciddi təsir edir.” Bununla bağlı bir daha qeyd etmək istərdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Vətəndaşın müraciəti əsasında aparılan yoxlamalar nəticəsində müəssisənin normal fəaliyyətinin təşkil edilə bilməməsi isə - cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh öz hüquqlarından istifadə etdiyi zaman, digər subyektlərin hüquq və azadlıqlarını məhdudlaşdırılması faktı müəyyən olunsa idi, dövlət orqanları bununla bağlı cavabdehə müvafiq cavab məktubu təqdim edərdi. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, “Cavabdeh müəssisəmizin işgüzar nüfuzuna zərər vurduğuna görə tam qaydada məsuliyyət daşımalıdır.” Bununla bağlı bildirmək istərdi ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, İddiaçı MMC-nin işgüzar nüfuzuna məhz cavabdeh tərəfindən zərər vurulması faktı öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçının tələbləri əsassızdır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 07 saylı Qərarına əsasən “hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yalnış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.” Bununla bağlı bildirmək istərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 07 saylı Qərarında birbaşa olaraq qeyd olunub ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Bu səbəbdən iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etdiyi məqamların heç bir hüquqi əsası yoxdur. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, “Cavabdeh tərəfindən mənim mülkiyyətimdən maneəsiz istifadəyə qanunsuz üsul və vasitələrlə müdaxilələr edilir, dövlət orqanlarına yazdığı əsassız şikayətlərə müəssisə olaraq vaxt ayrılır ki, bu da müəssisənin normal fəaliyyət göstərməsinə, insanlara xidmət etməsinə və nəticədə gəlirlərinin kəskin azalmasına təsir edir.” Bununla bağlı qeyd etmək istərdi ki, cavabdeh heç bir qanunsuz əməl törətməmiş, Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş hüquqlardan istifadə etmiş, müəssisənin fəaliyyətinə müdaxilə etmək marağı heç bir zaman olmamışdır. Cavabdehin və digər sakinlərin dövlət orqanlarına etdiyi müraciətlər qanun çərçivəsində olmuş və yalnız müəssisənin Azərbaycan Respublikasının sanitariya-epidemioloji salamatlığı haqqında qanunvericiliyinə və müəssisə tərəfindən yaşayış sahəsinin ətrafında quraşdırılmış avadanlıqların ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normalarına uyğun olub-olmaması ilə bağlı olmuşdur. Əlavə olaraq qeyd etmək istərdi ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşları xəstələnmə dərəcəsi, epidemioloji vəziyyət və radiasiya şəraiti, ətraf mühitin vəziyyəti və bunların insan sağlamlığına təsiri, aparılmış gigiyena ekspertizalarının, digər xüsusi ekspertizaların nəticələri, dövlət orqanlarının və vəzifəli şəxslərin qəbul etdiyi, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan qərarlar haqqında tam, düzgün və pulsuz məlumat almaq hüququna malikdirlər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin icraatında olan e-2(006)-2386/2025 nömrəli iş üzrə İddiaçı MMC tərəfindən işgüzar nüfuzun müdafiəsinə dair təqdim edilmiş ərizəsinə etiraz etmiş və həmin ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan, səs və titrəmənin müayinə protokolu və vətəndaşların müraciətinin surətindən görünür ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanda Cavabdeh və digərlərinin yaşadıqları binanın aşağı mərtəbələrində fəaliyyət göstərən “Harmoniya” klinikasının istismarı zamanı mənzillərə daxil olan səs-küydən yaranan narazılıq barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-yə daxil olmuş kollektiv şikayət ərizəsi araşdırılmışdır. xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 şikayətçi Cavabdeh (mənzil 17/18) və Ş.Əsgərovanın (mənzil 30) mənzillərinin yataq otaqlarında aparılmış ölçmələrin nəticələrinə əsasən, səsin səviyyəsi müvafiq olaraq 40 dBA və 39 dBA (norma 35 dBA) müəyyən edilmiş nəticələr, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"na əsasən binaların (mənzillərin) yaşayış otaqları üçün müəyyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur. Səs-küyün müayinə nəticələri göstərir ki, “Harmoniya” klinikasının fəaliyyəti zamanı ətraf mühiti və atmosfer havasını zərərli fiziki amil olan səs-küylə çirkləndirir və bu çirklənmə amili vətəndaşların evlərinə daxil olaraq, onların narahatlığına səbəb yaradaraq sağlamlığına mənfi təsir göstərir. Məlumdur ki, "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 501 nömrəli Fərmanına uyğun olaraq "Atmosfer havasının mühafizəsi haqqında" Qanunun 24.2.-ci maddəsinə görə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini, həmçinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 173 nömrəli Fərmanına uyğun olaraq “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71-ci maddəsinə görə ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, atmosfer havasının və ətraf mühitin səs-küylə çirkləndirilməsi yolu ilə insan sağlamlığına təhlükə yarada bilən və çirklənmə mənbəyi olan “Harmoniya” klinikasının fəaliyyəti barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci məktubdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə daxil olmuş 03 fevral 2025-ci il tarixli 3-18/1-Kol-843-42/25 nömrəli şikayət (əlavə olunur) əsasında NRFTDA-da tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixində İddiaçı MMC-də plandankənar yoxlama tədbiri keçirilmiş və PK-25/070 nömrəli yoxlama aktı tərtib olunmuşdur. Verilmiş yoxlama suallarına əsasən pozuntu aşkar edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən 18-xx.xx.2025-ci il tarixlərində İddiaçındə ionlaşdırıcı şüalanma mənbələrinin istismar şəraitinin radiasiya təhlükəsizliyi üzrə qanunvericilik aktlarının tələblərinə uyğunluğunu təftiş etmək məqsədilə plandankənar yoxlama tədbiri keçirilmişdir. Sözügedən məktuba əlavə edilmiş yoxlama tədbirinin nəticələri üzrə qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli PK-25/070 nömrəli yoxlama aktına əsasən müəssisədə pozuntu aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən və video-görüntülərdən görünür ki, Cavabdeh və digər sakinlər İddiaçı barəsində Real TV-yə, APA TV-yə və “1news.az” xəbər portalına müraciət etmişdir. Sözügedən xəbər portalları da öz növbəsində Cavabdeh və digər sakinlərin müraciəti əsasında araşdırma aparmış və həmin müraciət mediada işıqlandırmışdır. İddiaçı barəsində 2025 yanvar vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən hospital həmin dövr ərzində 7.155,61 manat ;2025 fevral vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən həmin dövr ərzində 64.328,29 manat; 2025 mart vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən həmin dövr ərzində 71.921,84 manat;.2025 aprel vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən həmin dövr ərzində 78.144,42 manat ;2025 may vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən hospital həmin dövr ərzində 94.744,56 manat;2025 iyun vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən hospital həmin dövr ərzində 113.199,90 manat 18% ƏDV ilə cəlb olunan əməliyyat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının : 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 39-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. İİ hissəsinə əsasən hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqlarına hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq hüququ da aid edilmişdir. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ətraf mühitə dair informasiya – torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlardır; 1.0.2-ci maddəsinə əsasən ətraf mühitə dair informasiya obyektləri – əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, yaşıllıqların, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilər qərar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanların, sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri ətraf mühitə dair informasiya obyektləri sayılır; “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3-cü maddəsinə əsasən, mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz.Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından aydın olduğu kimi iddiaçı hüquqi şəxs 2023-cü ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alındıqdan və fəaliyyət istiqaməti üzrə 2024-cü ildə müvafiq lisenziya əldə etdikdən sonra 2025-ci ilin yanvar ayında faktiki olaraq tibb müəssisəsi kimi fəaliyyətə başlamışdır. Müəssisənin fəaliyyət göstərdiyi məkan çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbələrini əhatə etdiyindindən və tibb müəssisəsinin tibbi avadanlıqlarının yaratdığı səs-küy, habelə radiasiya-şüalanma məsələləri bina sakinlərində müəyyən təşviş yaratdığından hazırki iş üzrə Cavabdeh belə demək olarsa, təşkilatçılığı ilə sakinlərin kütləvi müraciəti aidiyyəti dövlət orqanlarına, xx.xx.2025-ci il tarixli poçt qəbzinə əsasən müəyyən edildiyi kimi Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayevə və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova göndərilmişdir. Bundan sonrakı mərhələdə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ilkin olaraq xx.xx.2025ci il tarixdə cavabdehin mənzilində müvafiq ölçmə işləri aparılmışdır. Ölçmə işləri nəticəsində normativlərin pozuntusu aşkar edildiyindən cavabdeh bundan sonrakı mərhələdə media subyektlərinə qeyd edilən məsələnin işıqlandırılması məqsədilə müraciət etmiş və sakinlərin narazılıqları,habelə bərabərlik prinsipinə riayət edilməklə eyni media subyektində iddiaçının da mövqeyi öyrənilərək tam açıq şəkildə işıqlandırılmış, iddiaçı müvafiq fəaliyyətinin qanuni əsaslarla həyata keçirilməsinə dair tənzimləyici sənədləri də media subyekti vasitəsilə ictimaiyyətə açıqlamışdır. Bu hissədə iddia tələbinin dəlilləri ilə bağlı qeyd etmək zəruridir ki, Cavabdeh və digər sakinlərin mediadakı çıxışlarına cavab olaraq tibb müəssisəsinin də mövqeyi bərabər şəkildə açıqlandığından artıq cəmiyyətdə aparılan qiymətləndirməyə görə cavabdehin təqsiri istisna edilməlidir. Məhkəmə iddia tələbinin hazırki iş üzrə Cavabdeh aidiyyəti dövlət qurumlarına müraciətinin əsassız olması nəticəsində iddiaçı hüquqi şəxs İddiaçı MMC-nin işgüzar nüfuzuna zərər vurulması dəlili ilə bağlı xüsusilə qeyd edir ki, iddiaçının onun yaşadığı binanın aşağı mərtəbələrində müxtəlif tibbi müayinələrin aparılması məqsədilə quraşdırılmış tibbi avadanlıqlarım və onların işlək vəziyyətdə olmasını təmin edən müxtəlif ləvazimatların və havalandırma sistemlərinin quraşdırılmasının müvafiq icazəni verən dövlət orqanlarında qeydə alınmasının və cavabdehin sağlamlığına zərər vurması faktının müəyyən edilməsi məqsədilə müraciəti iddiaçının işgüzar nüfuzunu zədələmək mahiyyəti daşıması kimi dəyərləndirilməməlidir. Cavabdehin və digər sakinlərin mübahisələndirilən müraciətlərinin mahiyyəti məhz iddiaçı hüquqi şəxsin qanunla tənzimlənməsi nəzərdə tutulmuş fəaliyyəti barədə məlumat almaqdan ibarət olmuş və zərurət yaranacağı təqdirdə bu fəaliyyətin araşdırılmasından irəli gəlmişdir. Dövlət orqanlarının iddiaçının fəaliyyətini plandankənar - yəni məhz cavabdehin müraciəti əsasında yoxlaması onun fəaliyyətinə zərər vurulması kimi qiymətləndirilə bilməz. Cavabdeh öz konstitusion hüquqlarından istifadə edərək müraciət etdiyi kimi, aidiyyəti dövlət orqanları da öz növbəsində qanunla müəyyən edilmiş səlahiyyətləri və vəzifələrini icra etmişlər. İddiaçının müvafiq dövr üzrə həkim işçiləri cəlb edə bilməmələrinə dair və habelə gəlirlərin az olmasına dair dəlilləri də öz növbəsində tamamilə əsassızdır. İddiaçı tibbi xidmətlər göstərən müəssisə olmaqla sahibkarlıq fəaliyyəti subyektidir və sahibkarlıq fəaliyyətinə başlayan heç bir subyekt dərhal və mütləq şəkildə yüksək gəlir əldə edəcəyini güman edə bilməz. Hamıya bəlli olan haldır ki, istənilən tibb müəssisəsəsinin tanınması, habelə pasient-müştəri toplaması müəyyən zaman tələb edir. Üstəlik də hazırda ölkədə kifayət qədər tanınmış və artıq müəyyən nüfuza malik tibb müəssisələrinin mövcudluğu fonunda iddiaçının yanvar ayında başladığı fəaliyyətdən iyul ayında əldə etdiyi gəlirləri gözləməsi məntiqəuyğun hesab edilə bilməz. Qeyd etmək lazımdır ki, işgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimadın qazanmasından sonra yaranır. Belə ki, hər hansı subyektin müəyyən müddət ərzində müxtəlif sahələrdə biznes və ya digər peşəkar fəaliyyətlə məşğul olması, yerli və xarici bazarda tanınması, ticarət dövriyyəsinə malik olması, müvafiq əmtəə nişanları adı altında məhsullar istehsal etməsi, işlər görməsi, xidmətlər göstərməsi, biznes reytinqlərində yerlər tutması, həmin subyekt barədə çoxsaylı müsbət xarakterli tərəfdaş və müştəri rəylərinin, nəşrlərin mövcudluğu onun işgüzar nüfuzunu formalaşdırmış olur. Məhkəmə iddia tələbinin maddi hüquq normasının dispozisiya şərtlərinə uyğunluğunu müəyyən etmir və bir daha vurğulayır ki, cavabdehin hər hansı təqsirli olaraq törətmiş olduğu hüquqazidd hərəkəti və bu hərəkəti nəticəsində isə iddiaçının işgüzar nüfuzunun zədələnməsi və ya maddi zərər vurulması halı müəyyən edilmir. Cavabdehin aidiyyəti dövlət orqanlarına məlumat əldə etmək və zərurət yaranacağı təqdirdə müvafiq tədbirlərin görülməsinə dair müraciətində onun tərəfindən yalan olduğunu bilə-bilə iddiaçının işgüzar nüfuzunu zədələyən və həqiqətə uyğun olmayan məlumatlar ifadə edilməmiş və bunun kütləvi yayılmasına yol verilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi, təkzibin verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi, təkzibin verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar