Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5736/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi, təkzibin verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işgüzar nüfuzun müdafiəsi, təkzibin verilməsi və maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin Cavabdeh, Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndələri X9 və X3, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2386/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun müdafiəsi, təkzibin verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı barəsində etdiyi əsassız şikayətlərlə bağlı müraciət etdiyi dövlət orqanlarına, şikayətləri işqlandırılmış mətbuat orqanları vasitəsi ilə aşağıdakı məzmunda təkzib verilməsi və həmin İddiaçındən yazılı şəkildə üzr istənilməsi; - “Mən Cavabdeh İddiaçı barəsində etdiyim şikayətlər dövlət orqanları tərəfindən araşdırılmış, araşdırmanın nəticələri məni tam qane etmiş və həmin araşdırma zamanı müəyyən edilmişdir ki, mənim şikayətlərim tamamilə əsassızdır və ona görə də İddiaçındən üzr istəyirəm”, Cavabdeh əsassız şikayətləri nəticəsində İddiaçınə vurulmuş maddi ziyanın qarşılığında 50.000 manat, məhkəməyə ödənilmiş 240 manat dövlət rüsumunun, cəmi 50.240 manat məbləğin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş bütün lisenziya və xüsusi icazələr tərəflərindən alınmışdır. Müəssisənin fəaliyyət göstərdiyi obyekt qeyri-yaşayış obyektidir. Cəmiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçınə özəl tibb fəaliyyəti göstərməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, Fövqalədə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli lisenziyaları ilə təmin edildikdən sonra 2025-ci ilin yanvar ayının 9-dan fəaliyyətə başlamışdır. Müəssisə fəaliyyətə başlayar-başlamaz Cavabdeh barələrində böhtan xarakterli məlumatlarla dövlət və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Dövlət qurumlarına olan müraciətlər araşdırılmış və cavabdehin dediklərinin şər və böhtan olduğu öz təsdiqini tapmışdır. Buna baxmayaraq Cavabdeh mətbuat vasitəsi ilə də İddiaçı barəsində şər-böhtan xarakterli məlumatların dərc edilməsinə nail olmuşdur. Belə ki, iddiaçının şər və böhtan xarakterli məlumatları 1new.az saytında, APA və Real TV-lərdə işıqlandırılmışdır. Cavabdeh şər və böhtan xarakterli məlumatları TV-lərin tək youtube kanallarında 30 min nəfərədək baxış sayı olmuşdur ki, bu da İddiaçı təsərrüfat fəaliyyəti və s. funksiyalar barədə yanlış məlumatlar yaymış, nəticədə onların işgüzar nüfuzuna ciddi mənfi təsir göstərmişdir. Hətta cavabdeh xx.xx.2025-ci il tarixdə daha da irəliyə gedərək müəssisənin qarşısında iğtişaş törətməyə cəhd etmişdir. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixdə təxminən 13:25 radələrində fəaliyyət göstərdikləri ünvan 1 ünvanına Rəhimə Abbasova, Maya Sultanova, Gülnarə Hüseynova və X4 ilə birlikdə müəssisələrinə hücum çəkərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdirlər. Bununla bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət etmişlər və bölmədə aparılan araşdırma zamanı məlum olmuşdur ki, adları qeyd edilən şəxslərin müəssisə ilə bağlı heç bir şikayəti yoxdur, cavabdehin müəssisələrini nüfuzdan salmaq məqsədi ilə ajataj yaratmaq məqsədi ilə həmin şəxsləri dəvət etdiyi müəyyən edilmişdir. Cavabdehin təkidi ilə müəssisələrinin qarşısında toplaşaraq fəaliyyətlərinə maneə olan şəxslər bunları öz izahatları ilə də təsdiq etmişdirlər. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə, Fövqalədə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və s. qurumlara əsassız şikayətlər etmişdir ki, həmin şikayətlər araşdırılarkən müəssisənin normal fəaliyyəti təşkil edilə bilməmişdir. Belə ki, iddiaçının əsassız şikayətlərindən biri havalandırma və tibbi avadanlıqların normadan artıq şüalandırması ilə bağlı olduğundan həmin avadanlıqlara və cihazlara müvafiq baxışlar keçirilərkən təbii olaraq həmin cihaz və avadanlıqlar xidmət göstərmədiyi üçün gəlir əldə etmir. Əksinə yoxlama prosesləri üçün əlavə xərclər (enerji, aşınma və amortizasiya xərcləri) yaranır ki, bu da nəticədə müəssisənin gəlirlərinə ciddi təsir edir. Cavabdeh tərəfindən mülkiyyətdən maneəsiz istifadəyə qanunsuz üsul və vasitələrlə müdaxilələr edilir, dövlət orqanlarına yazdığı əsassız şikayətlərə müəssisə olaraq vaxt ayrılır ki, bu da müəssisənin normal fəaliyyət göstərməsinə, insanlara xidmət etməsinə və nəticədə gəlirlərinin kəskin azalmasına təsir edir. Ona görə də hesab edirlər ki, müəssisələrinə cavabdehin vurduğu zərər bu üç ay müddətində 50.000 manat civarında qiymətləndirilməlidir.
3. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, cavabdehin şikayət etdiyi və mətbuatda qarayaxma apardığı birinci rüb ilə müqayisədə MMC-nin gəlirləri ikinci rübdə daha çox, yəni 167.139,95 manat daha çox olmuşdur. Çünki, İddiaçı MMC-ə qarşı cavabdeh tərəfindən qarayaxma konpaniyası mətbuatda işıqlandıqdan sonra razılaşdırılmış həkimlər gəlməkdən imtina etmişdir. Çünki, artıq cəmiyyətdə şayiələr yayılmışdı ki, İddiaçı MMC bağlanacaqdır. Ona görə də həkimlər həmin vaxtı risk edib gəlməmişdirlər. Sonrada onlar cavabdehə qarşı məhkəmə vasitəsi ilə şikayət verdikdən və dövlət qurumlarından İddiaçı MMC barəsində şikayətlərin əsasız olması təsdiq edildikdən və həmin sənədlər həkimlərə təqdim edildikdən sonra komandaları tam formalaşmağa başladı. Bu da onu sübut edir ki, cavabdehin onlara qarşı etdiyi şikayətlər iddiaçının gəlirlərinə əhəmiyyətli təsir göstərmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2386/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia təmin edilməmişdir.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəyməsi məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Cavabdehə İddiaçı MMC-nin bütün sənədlərinin tam qaydasında olması sübut olunsa da, şikayətlərindən əvvəl sənədlər ona tək və ikinci dəfə özünün vəkili ilə gələndə təkrar tanış olması üçün şərait yaradılsa da, o, qərəzli şəkildə yenidən şikayət edərək iddiaçının fəaliyyətini iflic vəziyyətinə gətirmişdir. Əslində cavabdehin bu hərəkətləri şantaj yolu ilə həmin binada yerləşən əmlakını iddiaçının alması üçün təzyiq üsulu idi. Cavabdeh rəhbərlik ilə görüşdə bildirmişdir ki, onun evinin qiyməti bu xəstəxanaya görə aşağı düşüb. Buna görə şikayət edib kompensasiya almaqla bağlı şantaj xarakterli hərəkətlər etmişdir. Cavabdeh hər bir sənədin və normaların qaydasında olmasını bildiyinə baxmayaraq etdiyi şikayətlər qərəzli xarakter daşımışdır. Ona görə də mülki hüquq pozuntusuna qəsdən yol verdiyi açıq aşkardır. Məhkəmə qeyd etmişdir ki, guya AR Səhiyyə Nazirliyindən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən araşdırmalar zamanı müəyyən olmuşdur ki, İddiaçı MMC-nin səsburaxması normadan artıq olmuşdur. Birincisi Cavabdeh evində aparılan səs küy normalarının yoxlanışı həmin səs küyün İddiaçı MMC-ə məxsus olması nə ilə müəyyən edilmişdir. Yoxlama Cavabdeh evində niyə aparılmışdır? Həmin yoxlama tədbirlərinə İddiaçı MMC-nin nümayəndələri niyə cəlb edilməmişdir? Həmin səsölçən cihaz standartlara uyğun sertifkatlaşdırılmışdırmı? Məhkəmə bunları araşdırmamışdır ki, bu da qətnamənin qanuniliyinin və əsaslılığını ciddi şübhə altına atır. Odur ki, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, onların yaşadığı yeni binanın alt mərtəbələri bütünlüklə MMC tərəfindən istifadə edilir, həmin sahədə uzun müddət səs-küylü təmir işləri aparılmış, sonradan isə onlara məlum olmuşdur ki, həmin sahədə yüksək şüalanması olan rentgen və güclü radiasiyaya səbəb olan avadanlıqlar quraşdırılır, bu səbəbdən də onlar həyat və sağlamlıqları baxımından narahat olmuşlar, iddiaçı MMC fəaliyyət sahəsi və orada yerləşdirilən avadanlıqlarla bağlı sakinlərə heç bir məlumat verməmiş, məcbur qalıb səlahiyyətli dövlət orqanlarına müraciət etmişlər ki, həyat və sağlamlıqlarının təhlükəsizliyini təmin etsinlər, onların MMC-in fəaliyyətinə mane olmaq və ya onun nüfuzuna xələl gətirmək kimi bir niyyətləri olmamışdır.
8. Məhkəmə kollegiyasının iclasında FHN-nin Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi Z.Əhmədov bildirdi ki, onlar vətəndaşların müraciətlərinə əsasən müvafiq yoxlama və araşdırmalar aparmışlar, yoxlamalarla MMC-in istifadə etdiyi avadanlıqların mövcud qanunvericiliyin tələblərinə cavab verdiyi, onların ətraf mühit və insanların sağlamlığı üçün təhlükənin olmadığı vəziyyətdə istifadə edildiyi müəyyən olunmuş və buna müvafiq olaraq şəhadətnamələr verilmişdir. Mübahisənin həllini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
9. Məhkəmə kollegiyasının iclasında FHN-nin Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi İ.Süleymanov da eyni məzmunlu izahat verdi.
10. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi C.Bəşirov qeyd etdi ki, onlar da daxil olmuş müraciət əsasında MMC-in fəaliyyət göstərdiyi ünvanda müvafiq araşdırmalar aparmışlar, həm MMC-in daxilində, həm də ətrafda səs- küyün yol verilən normada olması yoxlanılmış, ümumən pozuntu olmamış, bununla belə axşam saatlarında normanın aşması halları müəyyən olunmuşdur, axşamlar səsin sakinləri narahat etməməsi üçün MMC-yə təlimat verilmişdir, onlarda olan məlumata görə iddiaçı bu qaydaya əməl edir, mübahisənin həllinə gəldikdə isə bunu məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
11. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, gəlmiş tərəflərin buna dair fikrini dinləyən məhkəmə kollegiyası həmin vəsatətin təmini üçün əsasların olmadığı qənaətinə gəlmişdir.
12. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
13. Cavabdeh və ünvan 2 ünvanında yaşayan digər sakinlər tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətin surətindən görünür ki, klinikanın yaşayış binasının zirzəmisində (-1-ci (mənfi bir) mərtəbə) maqnit-rezonans, şüa diaqnostika və kompüter tomoqrafiyası avadanlıqları quraşdırılmışdır. Quraşdırma üçün xüsusi otaqların hazırlanmasına baxmayaraq, bu vəziyyət Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 3 saylı qərarı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə Dair Normativ Sənədləri Sistemi, Yaşayış Binaları Layihələndirmə Normalarının” 4.11-ci maddəsinin son paraqrafına ziddir. Həmin paraqrafda qeyd olunur: “Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbələrinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir”. Eyni tələblər 7 aprel 2009-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və 16 aprel 2009-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydaları” sənədində də öz əksini tapmışdır. Sözügedən qaydaların 3.26-cı maddəsində aydın şəkildə göstərilir ki: “Şüa diaqnostikası şöbələrinin (kabinetlərinin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının yaşayış binalarında, təhsil və sosial xidmət müəssisələrində yerləşdirilməsi qadağandır.” Bundan əlavə, klinikanın yerləşdiyi binanın yaşayış sahələrinə yaxın olması və quraşdırılan tibbi avadanlıqların fəaliyyəti zamanı yüksək səslərin yaranması ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Bu tip avadanlıqların işlədilməsi zamanı yaranan səs və vibrasiya, binada yaşayan sakinlər üçün əhəmiyyətli narahatlıq yarada bilər və bu da Azərbaycan Respublikasının normativ sənədlərinə uyğun olaraq, yaşayış sahələrində təyin olunan səs-küy və vibrasiya normalarının pozulmasma səbəb ola bilər. Azərbaycan Respublikasının “Yaşayış binalarında səs-küy və vibrasiya ilə əlaqədar tələblər” və digər müvafiq normativ aktlarına əsasən, bu cür avadanlıqların yerləşdirildiyi yerlər üçün xüsusi səs-küy izolyasiyası tələbləri mövcuddur. Həmçinin, bu tip cihazların işlədilməsi zamanı səs-küy müəyyən limitləri aşmamalıdır, əks halda sakinlərin həyat keyfiyyəti və sağlamlığına mənfi təsir göstərməsi mümkündür. Nəzərə alınsa ki, qeyd olunan klinika tibbi müəssisədir, belə avadanlıqların quraşdırılması və istismarı üçün müvafiq icazələrin əldə edilməsi və qanunvericilikdə nəzərdə tutulan normaların təmin edilməsi məcburidir.
14. İddiaçı MMC-nin direktoru Nümayəndə2 tərəfindən Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ilə birlikdə Rəhimə Abbasova, Maya Sultanova, Gülnarə Hüseynova və Fəxrəddin adlı şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlayıb məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülməsini xahiş etmişdir.
15. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İddiaçı MMC-nin direktoru Nümayəndə2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı yaranmış məsələnin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Ərizədə qeyd olunan xüsusatlara əsasən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur.
16. Cavabdeh tərəfindən Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynova ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, cavabdeh öz izahatında barəsində olan şikayətdə göstərilən hərəkətlərin heç birini etmədiyini və şikayətdə göstərilən tarixdə klinikanın qarşısında həm televiziya əməkdaşları, həm də orada quraşdırılmış kameralar vasitəsi ilə video-çəkilişlər aparılmışdır.
17. X7, X4, X5 və X10 tərəfindən Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynova ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatların surətindən görünür ki, onların İddiaçı ilə bağlı heç bir şikayəti yoxdur. Cavabdeh təklifi ilə sadəcə müəssisənin qarşısında toplaşmışlar.
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X17 tərəfindən “İctimai səhiyyə və xəstəliklərə nəzarət” şöbəsinin müdirinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh və digərlərinin yaşadıqları Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 binanın mənfi bir mərtəbəsində İddiaçı MMC-in tibb müəssisəsinin maqnit rezonans şüa diaqnostika və kompüter tomoqrafiya avadanlıqlarının qurulmasından, digər mərtəbələrdə isə ambulator və stasionar müayinə-müalicə, o cümlədən şüa diaqnostika kabinetlərinin yerləşdirilməsindən, avadanlıqların istismarı zamanı səs və vibrasiyadan yaranan narazılıq barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən xx.xx.2024-cü il tarixli, 3-28/2- 10205/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-28/2-279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-28/2-Kol-1141-31-853/2025 nömrəli məktubla daxil olmuş eyni məzmunlu kollektiv şikayət ərizələrinə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də baxılmışdır. Şikayətin araşdırılması məqsədi ilə, xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 şikayətçi Cavabdeh (mənzil 17/18) və Ş.Əsgərovanın (mənzil 30) mənzillərinin yataq otaqlarında aparılmış ölçmələrin nəticələrinə əsasən, səsin səviyyəsi 40 dBA və 39 dBA (norma 35 dBA) olaraq, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları"na əsasən binaların (mənzillərin) yaşayış otaqları üçün müəyyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur. Səs-küy səviyyəsinin yol verilən həddən artıq olduğunu nəzərə alaraq, həmçinin "Atmosfer havasının mühafizəsi haqqında" Qanunun 24.2-ci bəndinə və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71ci maddəsinə əsasən aidiyyəti üzrə tədbir görülməsi üçün tərəflərindən xx.xx.2025-ci il tarixli, 3-28-15/2-O-42-77 nömrəli məktubla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunmuş və şikayətçilərə bu barədə həmin məktubla məlumat verilmişdir. Şikayət ərizələrində qeyd olunan digər məsələlər ilə bağlı bildirilir ki, İddiaçı MMC-nin klinikası yuxarıda göstərilən ünvanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən alınmış xx.xx.2024-cü il tarixli Eİ-1058/2024 nömrəli Lisenziya əsasında özəl tibb fəaliyyəti ilə məşğul olur, həmçinin klinikada yerləşən 1 ədəd Mindray Digieye 350 tipli rentgen aparatının və 1 ədəd “Toshiba Aquilion 64 tipli kompüter tomoqrafiya aparatının istismarına dair Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik” pasportu verilmişdir. Göstərilənləri nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10-cu maddəsinə əsasən aidiyyəti məsələlər üzrə müvafiq dövlət qurumlarına müraciət etməkləri tərəflərindən şikayətçilərə xx.xx.2025-ci il tarixli, 3-28-15/2-O-42-81 nömrəli məktubda tövsiyə olunmuşdur.
19. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan, səs və titrəmənin müayinə protokolu və vətəndaşların müraciətinin surətindən görünür ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanda Cavabdeh və digərlərinin yaşadıqları binanın aşağı mərtəbələrində fəaliyyət göstərən “Harmoniya” klinikasının istismarı zamanı mənzillərə daxil olan səsküydən yaranan narazılıq barədə Səhiyyə Nazirliyindən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-yə daxil olmuş kollektiv şikayət ərizəsi araşdırılmışdır. xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 şikayətçi Cavabdeh (mənzil 17/18) və Ş.Əsgərovanın (mənzil 30) mənzillərinin yataq otaqlarında aparılmış ölçmələrin nəticələrinə əsasən, səsin səviyyəsi müvafiq olaraq 40 dBA və 39 dBA (norma 35 dBA) müəyyən edilmiş nəticələr, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"na əsasən binaların (mənzillərin) yaşayış otaqları üçün müəyyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur. Səs-küyün müayinə nəticələri göstərir ki, “Harmoniya” klinikasının fəaliyyəti zamanı ətraf mühiti və atmosfer havasını zərərli fiziki amil olan səs-küylə çirkləndirir və bu çirklənmə amili vətəndaşların evlərinə daxil olaraq, onların narahatlığına səbəb yaradaraq sağlamlığına mənfi təsir göstərir. Məlumdur ki, "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 501 nömrəli Fərmanına uyğun olaraq "Atmosfer havasının mühafizəsi haqqında" Qanunun 24.2.-ci maddəsinə görə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini, həmçinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 173 nömrəli Fərmanına uyğun olaraq “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71-ci maddəsinə görə ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, atmosfer havasının və ətraf mühitin səsküylə çirkləndirilməsi yolu ilə insan sağlamlığına təhlükə yarada bilən və çirklənmə mənbəyi olan “Harmoniya” klinikasının fəaliyyəti barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
20. Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci məktubdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə daxil olmuş 03 fevral 2025-ci il tarixli 3-18/1-Kol-843- 42/25 nömrəli şikayət (əlavə olunur) əsasında NRFTDA-da tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixində İddiaçı MMC-də plandankənar yoxlama tədbiri keçirilmiş və PK- 25/070 nömrəli yoxlama aktı tərtib olunmuşdur. Verilmiş yoxlama suallarına əsasən pozuntu aşkar edilməmişdir.
21. Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən 18-xx.xx.2025-ci il tarixlərində İddiaçındə ionlaşdırıcı şüalanma mənbələrinin istismar şəraitinin radiasiya təhlükəsizliyi üzrə qanunvericilik aktlarının tələblərinə uyğunluğunu təftiş etmək məqsədilə plandankənar yoxlama tədbiri keçirilmişdir. Sözügedən məktuba əlavə edilmiş yoxlama tədbirinin nəticələri üzrə qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli PK-25/070 nömrəli yoxlama aktına əsasən müəssisədə pozuntu aşkar olunmamışdır.
22. Mülki iş materiallarına əlavə edilmiş foto-şəkillərdən və video-görüntülərdən görünür ki, Cavabdeh və digər sakinlər İddiaçı barəsində Real TV-yə, APA TV-yə və “1news.az” xəbər portalına müraciət etmişdir. Sözügedən xəbər portalları da öz növbəsində Cavabdeh və digər sakinlərin müraciəti əsasında araşdırma aparmış və həmin müraciət mediada işıqlandırmışdır.
23. İddiaçı barəsində 2025 yanvar vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən hospital həmin dövr ərzində 7.155,61 manat ;2025 fevral vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən həmin dövr ərzində 64.328,29 manat; 2025 mart vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən həmin dövr ərzində 71.921,84 manat;.2025 aprel vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən həmin dövr ərzində 78.144,42 manat ;2025 may vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən hospital həmin dövr ərzində 94.744,56 manat;2025 iyun vergi dövrünü əhatə edən əlavə dəyər vergisinin bəyannaməsinə əsasən hospital həmin dövr ərzində 113.199,90 manat 18% ƏDV ilə cəlb olunan əməliyyat etmişdir. Tətbiq edilən maddi hüquq normaları:
24. Azərbaycan Respublikası Konstitusiyası Maddə 39.İ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Maddə 39.İİ. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Maddə 57.İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqlarına hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq hüququ da aid edilmişdir. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun:
26. 1.0.1-ci maddəsinə əsasən ətraf mühitə dair informasiya – torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlardır;
27. 1.0.2-ci maddəsinə əsasən ətraf mühitə dair informasiya obyektləri – əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, yaşıllıqların, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilər qərar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanların, sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri ətraf mühitə dair informasiya obyektləri sayılır;
28. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar.
29. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti.
30. Qanunun 1.1.3-cü maddəsinə əsasən media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs;
31. Həmin qanunun 1.1.8-ci maddəsinə əsasən informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media;
32. Qanunun 4.1.1-ci maddəsinə əsasən media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək media sahəsində dövlətin əsas vəzifələridir.
33. Qanunun 13.1-ci maddəsinə əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
34. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
35. Qanun 25.1-ci maddəsinə əsasən media subyektləri aşağıdakılardır: 25.1.1. audiovizual media subyektləri; 25.1.2. çap mediası subyektləri; 25.1.3. onlayn media subyektləri; 25.1.4. informasiya agentlikləri.
36. Qanunun 77.2-ci maddəsinə əsasən mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:
37. 77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;
38. 77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
39. 77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müəssisə, təşkilat və qeyrihökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
40. 77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun:
41. 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Hazırkı apellyasiya şikayəti üzrə iddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən hüquqdan sui-istifadə nəticəsində iddiaçının işgüzar nüfuzu zərər görmüşdür ki, məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi qətnamənin konstitusiyanın da tələblərinə zidd olması açıq aşkar görsənir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Məhkəmə Cavabdeh müraciət etmək hüququnu nəzərə almış, lakin iddiaçının bu müraciətlər nəticəsində və Cavabdeh hüquqdan suiistifadə nəticəsində gördüyü zərəri nəzərə almamışdır.
47. Rayon məhkəməsi iddiaçının iddia tələblərini təmin etməyərək işgüzar nüfuzuna zərər vurulması dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının onun yaşadığı binanın aşağı mərtəbələrində müxtəlif tibbi müayinələrin aparılması məqsədilə quraşdırılmış tibbi avadanlıqlarım və onların işlək vəziyyətdə olmasını təmin edən müxtəlif ləvazimatların və havalandırma sistemlərinin quraşdırılmasının müvafiq icazəni verən dövlət orqanlarında qeydə alınmasının və cavabdehin sağlamlığına zərər vurması faktının müəyyən edilməsi məqsədilə müraciəti iddiaçının işgüzar nüfuzunu zədələmək mahiyyəti daşıması kimi dəyərləndirilməməlidir. Cavabdehin və digər sakinlərin mübahisələndirilən müraciətlərinin mahiyyəti məhz iddiaçı hüquqi şəxsin qanunla tənzimlənməsi nəzərdə tutulmuş fəaliyyəti barədə məlumat almaqdan ibarət olmuş və zərurət yaranacağı təqdirdə bu fəaliyyətin araşdırılmasından irəli gəlmişdir. Dövlət orqanlarının iddiaçının fəaliyyətini plandankənar yəni məhz cavabdehin müraciəti əsasında yoxlaması onun fəaliyyətinə zərər vurulması kimi qiymətləndirilə bilməz.
48. İlk növbədə qeyd etmək lazımdır ki, işgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimadın qazanmasından sonra yaranır. Belə ki, hər hansı subyektin müəyyən müddət ərzində müxtəlif sahələrdə biznes və ya digər peşəkar fəaliyyətlə məşğul olması, yerli və xarici bazarda tanınması, ticarət dövriyyəsinə malik olması, müvafiq əmtəə nişanları adı altında məhsullar istehsal etməsi, işlər görməsi, xidmətlər göstərməsi, biznes reytinqlərində yerlər tutması, həmin subyekt barədə çoxsaylı müsbət xarakterli tərəfdaş və müştəri rəylərinin, nəşrlərin mövcudluğu onun işgüzar nüfuzunu formalaşdırmış olur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: -məlumatın vətəndaşların şərəf və ləyaqətinin, təşkilatların işgüzar nüfuzunun ləkələməsi; -həmin məlumatların doğru olmaması; -bu məlumatların yayılması.
50. Plenum Qərarına və bununla bağlı oturuşmuş məhkəmə praktikasına görə də bu cür iddiaların keçərliliyi üçün həmin halların hər üçünün, həm də eyni vaxtda mövcud olması mütləq şərtdir.
51. Eyni zamanda iddiaçının müvafiq dövr üzrə həkim işçiləri cəlb edə bilməmələrinə və gəlirlərin az olmasına dair dəlilləri də öz növbəsində tamamilə əsassızdır. İddiaçı tibbi xidmətlər göstərən müəssisə olmaqla sahibkarlıq fəaliyyəti subyektidir və sahibkarlıq fəaliyyətinə başlayan heç bir subyekt dərhal və mütləq şəkildə yüksək gəlir əldə edəcəyini güman edə bilməz. İstənilən tibb müəssisəsinin tanınması, habelə pasient-müştəri toplaması müəyyən zaman tələb edir. Üstəlik də hazırda ölkədə kifayət qədər tanınmış və artıq müəyyən nüfuza malik tibb müəssisələrinin mövcudluğu fonunda iddiaçının yanvar ayında başladığı fəaliyyətdən iyul ayında əldə etdiyi gəlirləri gözləməsi məntiqəuyğun hesab edilə bilməz.
52. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzuna xələl gətirən məlumatların yayıldığını iddia etməsinə baxmayaraq, iddia tələbi ilə bağlı biri digərini tamamlayan, əsaslı və şübhədənkənar sübutlar təqdim etmədiyindən, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbini rədd edən rayon məhkəməsinin gəldiyi qənaətin əsaslandırması ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslıdır.
53. Məhkəmə kollegiyasının qənaətinə görə bu məsələdə hər hansı əks yanaşma vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və birbaşa hüquqi qüvvəyə malik olan - təhlükəsiz yaşamaq hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, fikir və söz azadlığı hüququ, eləcə də müraciət etmək hüququ kimi fundamental hüquqlarının praktik və effektiv hüquqdan, nəzəri və xəyali hüquqa çevrilməsi demək olardı ki, bunun da yolverilməz olduğu aşkardır.
54. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
57. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
58. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzuna xələl gətirən məlumatların yayıldığını iddia etməsinə baxmayaraq, iddia tələbi ilə bağlı biri digərini tamamlayan, əsaslı və şübhədənkənar sübutlar təqdim etmədiyindən, iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılmasında cavabdehin təqsiri müəyyən edilmədiyindən, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəydiyi təsdiq olunmadığından, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:
59. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2386/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.