Məhkəmə qərarları › İş №2(006)-1133/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1133/2024

19.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1133/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Salman Cəfər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmlak" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 6-da yerləşən 10,2 sot torpaq sahəsi və üzərindəki tikili cavabdeh tərəfindən yararsız hala salındığından, cavabdeh "xxxx" MTK-nın üzərinə kompensasiya olaraq ona 4 otaqlı mənzil ayırması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 6-da yerləşən 10,2 sot torpaq sahəsi və üzərindəki tikili ona məxsus olmuşdur. Həmin torpaq üçün vergi də tərəfindən ödənilmişdir. Bakı şəhər Bələdiyyəsinin və Bakı şəhər Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 161 saylı məktubu, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin hesabat və texniki pasportu həmin daşınmaz əmlakın ona məxsus olduğunu təsdiq edir. Həmin ünvanda 2011-ci ilin əvvəllərinədək onun həyətyanı sahəsi və evi var idi. 2011-ci ilin ortalarından 2012-ci ilin yazınadək işləmək üçün Rusiya Federasiyasına getdi və geri qayıtdıqdan sonra isə Bakıda olduğundan, həmin ünvana gedib əmlakına baş çəkə bilməmişdir. Bu yaxınlarda həmin yerə baxış keçirdikdə əmlakının dağıdıldığını və yararsız hala salındığını aşkar etdi. Apardığı araşdırmalarla müəyyən etdi ki, bunu cavabdeh "xxxx" MTK etmişdir. Hazırda başqa əmlakı olmadığı üçün kompensasiya olaraq cavabdehin ona 4 otaqlı mənzil verməsini tələb edir. Bu səbəbdən də məhkəməyə müraciət edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, onun cavabdeh "xxxx" MTK-ya qarşı “əmlak tələbinə dair” iddia ərizəsi üzrə mülki iş icraatdadır. Hal-hazırda iş üzrə cavabdeh "xxxx" MTK-nın əsl cavabdeh "xxxx" ilə əvəz olunması zərurəti yaranmışdır. Bu səbəbdən, mülki iş üzrə cavabdeh "xxxx" MTK-nın əsl cavabdeh "xxxx" ilə əvəz edilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında vəsatət təmin edilmiş, cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir və eyni tarixli 2(012)-4366/2023 saylı qərardad ilə mülki işin ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, həmin yerdə mövcud olmuş tikilini baxılması üçün bir şəxsə həvalə etmişdir, sonradan isə həmin tikili baxımsızlıqdan sökülmüşdür. Hazırki cavabdeh həmin ərazidə tikinti işləri aparmamışdan çox əvvəl ona məxsus tikili baxımsızlıq ucbatından sökülmüşdür. Uzun illər ölkə xaricində olduğundan və səhhəti ilə əlaqədar həmin yerin aqibəti ilə maraqlana bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbində göstərilən məzmunda çıxış edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, izahatında bildirmişdir ki, hazırki iddaçının bildirdiyi yer də daxil olmaqla müəyyən edilmiş ərazi müvafiq sərəncam əsasında təmsil etdiyi cəmiyyətin istifadəsinə tikinti məqsədilə verilmişdir. Təmsil etdiyi cəmiyyət tərəfindən hazırki günədək həmin ərazidə heç bir söküntü işləri aparılmamışdır. Ərazi sərəncam əsasında onlara verildikdən sonra həmin ərazidə yaşayan şəxslərin siyahısı alınmış, həmin siyahıda hazırki iddiaçının adı olmamışdır. Sonradan iddiaçı həmin ərazidə bina tikiləcəyini eşidib, gəlib müraciət etmiş, lakin həmin torpağa hər hansı hüququ olmadığından onun müraciətinə cavab verilməsi mümkün olmamışdır. İddiaçı özü də bilir ki, təmsil etdiyi cəmiyyət tərəfindən nə iddiaçının tikilisi, nə də hər hansı başqa yerin söküntüsü aparılmamışdır. İş materialları: Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 09.2003-cü il tarixə Qanlı gölün qərb sahilində ev 6 ünvanında yerləşən tikilinin sahibi İddiaçıdur.Həmin tikili 1991-ci ildə tikilmişdir, inventarlaşdırma tarixi 09.03 (yəni sentyabr 2003-cü il). Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 007934 nömrəli qəbzindən görünür ki, İddiaçı Qanlı gölün qərb sahili ev 6 ünvanında yerləşən torpaq sahəsi üçün 2001-2002, 2003-cü illər üçün torpaq vergisi ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********43 nömrəli məktubunda göstərilmişdir ki, Yasamal rayonu, Qanlı gölün qərb sahili ünvanında yerləşən 6 nömrəli evə dair fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarında mövcuddur. Yasamal rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 161 nömrəli məktubu isə arxiv materiallarında aşkar edilməmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 217 saylı məktubundan görünür ki, Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarındakı (Qanlı Gölün şimal-qərb hissəsi) 25,61 ha ərazi Bakı şəhəri İcra hakimiyyətinin xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamı ilə mövcud tikililərin köçürülməsi və yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASCnin istifadəsinə verilmişdir. "xxxx" ASC müvafiq dövlət qurumları ilə birlikdə ərazidəki mövcud qeyri-qanuni sənədsiz tikililərə baxış keçirərək sahələri ölçülmüş, sahiblərinin iştirakı ilə aktlaşdırılmışdır. Həmin ərazidə X1 məxsus yaşayış və qeyri-yaşayış sahəsi mövcud olmamışdır. Onun iddia tələbi tamamilə əsassızdır, iddia ərizəsini də qanunvericiliyin tələbini pozaraq məhkəməyə müraciət etmişdir. Həmin ərazidə tikinti işləri "xxxx" ASC aparır, "xxxx" MTK-nın həmin layihə ilə heç bir əlaqəsi yoxdur, odur ki, həmin mülki işin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri İcra hakimiyyətinin xx.xx.2021-ci il tarixli 340 saylı Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi barədə sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsəilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 47 saylı məktubundan görünür ki, Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarındakı (Qanlı gölün şimal qərb hissəsi) 25.61 ha ərazi Bakı şəhər İcra Hakimiyyətinin 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamı ilə mövcud tikililərin köçürülməsi və yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASCnin istifadəsinə verilmişdir. "xxxx" ASC müvafiq dövlət qurumları ilə birlikdə ərazidəki mövcud qeyri-qanuni sənədsiz tikililərə baxış keçirərək sahələri ölçülmüş, sahiblərinin iştirakı ilə aktlaşdırılmışdır. Həmin ərazidə X1 məxsus yaşayış və qeyri-yaşayış sahəsi mövcud olmamışdır. "xxxx" ASC-yə Bakı şəhər İcra Hakimiyyətinin 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamı ilə həmin torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi məqsədilə ASC-yə ayrılana qədər onlarda olan məlumata görə həmin yerdə X1 məxsus yarımçıq tikili mövcud olmuşdur və həmin tikili müvafiq dövlət qurumları tərəfindən sökülmüşdür. "xxxx" ASC tərəfindən həmin ərazidə X1 məxsus heç bir tikili mövcud olmadığına görə qeydə alınmamışdır. Onun iddia tələbi tamamilə əsassızdır. Odur ki, həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 21 saylı arayışdan görünür ki, Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında 22 saylı MKİS-in ərazisində İddiaçı məxsus tikili, yaşayış və ya qeyri-yaşayış sahəsi mövcud deyil. Onun ad, soyadı həmin ərazisində yaşayan sakinlərin siyahısında yoxdur. Adıçəkilən vətəndaş tərəfindən MKİS-ə heç bir ödəniş olmamışdır.MKİS tərəfindən vətəndaşa heç bir sənəd verilməyib. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru V.V.Babanlı tərəfindən İddiaçı ünvan 3 ünvanındakı fərdi yaşayış evinin çəpər qonşusu Naib tərəfindən sökülməsini və torpaq sahəsinin yararsız hala salınmasını göstərdiyi ərizəsi üzrə toplanmış materiallar üzrə cinayət işinin başlanması xx.xx.2013-cü il tarixli qərarla rədd edilmişdir. Tətbiq edilən qanunvericilik: Mülki Məcəllənin: 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin qiymətləndirməsi: Hazırki iddia tələbinə əsasən iddiaçı ona Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair 2003-cü ilin sentyabr ayına olan hesabat sənədinə və Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 007934 nömrəli qəbzinə istinad edərək ünvan 3 ünvanındakı tikilinin hazırki iddia tələbi üzrə cavabdeh "xxxx" ASC tərəfindən sökülməsini iddia edərək cavabdeh tərəfindən ona 4 otaqlı mənzilin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi kimi Yasamal rayonu, “Qanlı gölün” qərb sahilində xüsusi mülkiyyətdə olmayan torpaq sahəsində qeydiyyat xaratkerli hesabat sənədi onun adına qeyd edilmiş özbaşına tikili mövcud olmuşdur.Lakin məhz iddiaçının özünün də bildirdiyi, habelə Yasamal RPİ-nin 28-ci PB-nin xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından da müəyyən edildiyi kimi həmin tikili artıq 2011-ci ildə baxımsızlıqdan sökülmüş və kənar şəxslər tərəfindən zibil sahəsi kimi istifadə edilməyə başlanılmışdır. Həmin qərarın məzmunundan aydın olur ki, hazırki iş üzrə iddiaçı həmin tikilinin o zamankı qonşusu tərəfindən sökülməsi haqqında şikayət etmiş, həmin qərarla mübahisənin mülki xarakterli olması bildirilməklə şəxsə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi hazırda cavabdeh tərəfindən sökülməsi iddia edilən tikili artıq 10 ildən artıq müddətdir ki, mövcud deyildir. Məhkəmə iddiaçının vaxtilə mövcud olmuş, hətta özbaşına tikili hesab edilsə də, həmin tikilinin onun əmlakı kimi qeydiyyata alınacağına dair gözlənti hüququnu qəbul edir. Lakin iddiaçı həmin əmlakın saxlanmasına zəruri səy göstərməmiş, tikilinin baxımsızlıqdan məhvinə biganə yanaşmışdır. Məhkəmə qanunun analogiyası baxımından iddiaçının vaxtilə mövcud olmuş tikiliyə olan hüquqlarının əmlak hüququ kimi nəzərdən keçirsə də, eyni analogiyanı əmlakın məhvi nəticələrinə də tətbiq etməklə bu nəticəyə gəlir ki, artıq məhv olmuş əmlak üzərində hər hansı hüquqların həyata keçirilməsi mümkün olmadığı kimi, əmlak sahibinin özünün səhlənkarlığı ucbatından məhv olmuş əmlakın məhvi bağlı təqsiri olmayan şəxsə qarşı iddia irəli sürülməsi də əsassızdır. Hazırki iş üzrə cavabdeh olan Cəmiyyətin heç bir təqsirli davranışı və həmin davranışdan irəli zərər və səbəbnəticə əlaqəsi mövcud deyildir. Mülki hüququn müəyyən etdiyi tənzimləməyə əsasən bu və ya digər şəxsə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edilməsi üçün cavabdehlik daşıyan şəxs hüquqazidd əməl törətməli, onun törətmiş olduğu əməl təqsirli olaraq törədilməli, törədilmiş əməl nəticəsində digər şəxsə zərər dəyməlidir. Hazırki halda isə iddiaçı tərəfindən istinad olunan əməllər cavabdeh tərəfindən törədilməmişdir və ümumiyyətlə Cəmiyyətə qarşı kompensasiya olaraq 4 otaqlı mənzilin iddiaçıya verilməsi öhdəliyinin qoyulması tələbi ilə çıxış edilməsi üçün cavabdeh tərəfindən hər hansı təqsirli və hüquqazidd əməlin törədilməsi öz təsdiqini tapmır. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmlak" tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmlak" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar